“Məni Möhlət edən tar oldu”
Tarix: 09.09.2013 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Xalq artisti Möhlət Müslümov:
“Gecə-gündüz Allaha dua edirəm ki, işğal altında olan torpaqlarımız azad olsun, mən və tarım o torpaqlarda mənəvi borcumuzu bütövlükdə ödəyək”

Müsahibimiz Prezidenti təqaüdçüsü, Azərbaycan Dövlət Televiziyasının Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblınn bədii rəhbəri, Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Möhlət Müslümovdur:

- Möhlət müəllim, bu yaxınlarda ömrün 60-cı ilinə qədəm qoydunuz. Bu ömür yolunda atdığınız addımlar sizə nəyi qazandırdı?
- Bu kəşməkəşli və çətin yolu keçmək mənim üçün çox asan olmadı. Bu yolda həm acı, həm də şirin xatirələrim var. Təbii ki, bu yol çox şərəfli yoldur. Keçdiyim yolu düşünəndə bir az qorxuram. Amma şərəf də duyuram ki, xalqımızın mədəniyyət dünyasının kimliyi olan tar alətinə mən də sahib olmuşam. Bu gün fərəh hissi ilə deyirik ki, “dünyanın şah aləti” adlandırılan “tar” bizim Azərbaycana məxsusdur. Mən bunu dəfələrlə vurğulamışam. Hər gün də deyirəm: bunun üçün mən dövlətimizə və Mehriban xanıma minnətdaram. Çünki, onun təşəbbüsü nəticəsində tar dünya alətləri səviyyəsinə çatdı və UNESCO tarı “Şah alət” elan etdi. Bu hadisə bir tarzən kimi məni çox sevindirdi və ruhlandırdı.
Mənim həyatımda tarın əvəzsiz rolu var. Çünki, məni Möhlət edən də tar oldu. Mən tarı həmişə uca tutmağa çalışmışam. Əgər mən tarı uca tutmağı bacarmışamsa, deməli, mən öz şəcərəmi, öz xalqımı uca tutmağı bacarmışam. Tarımla 40-dan çox ölkəni gəzmişəm. Dünyanın bir çox radiolarında, televiziyalarında müxtəlif ifalarım səslənir. Düşünürəm ki, tar mənə bu şöhrəti gətirdi, xalqıma da sevdirdi. Dövlətim isə mənə qiymət verdi.
-Bu gün sənətinizdə gördüyünüz işlər, Azərbaycan incəsənətində qoyduğunuz miraslar ürəyinizcədirmi?
- Təbii ki, ürəyimcədir. İndi mən əvvəlkindən də çox işləyirəm. İnanmazdım ki, mənim bu yaşda bu qədər işim olar. Amma hələ də özümü borclu sayıram. Çünki, həm mənim, həm də tarımın hələ də borcu qalıb. Bunun üçün gecə-gündüz Allaha dua edirəm ki, işğal altında olan torpaqlarımız azad olsun, mən və tarım o torpaqlarda mənəvi borcumuzu bütövlükdə ödəyək. Daha sonra Allahın yazdığı ömrü yaşayarıq.
Onu da qeyd etmək istərdim ki, tar aləti sirli bir aləmdir. Onun sehrinə hər kəs bələd ola bilməz. Bu yaxınlarda Qurban Pirimov haqqında müsahibə verəndə bildirdim ki, şəkillərinə diqqət yetirəndə belə, Qurban Pirimova ahıl yaşında da tar gözəl yaraşırdı. Əlbəttə, tar bizə məxsusdur-xalqımıza, millətimizə! Tar 5-10 yaşında da insana yaraşır, gəncliyində də, ortayaşlı olanda da. Gərək tarı sevməyi bacarasan. Tar özü sənə doğmalığı hiss etdirəcək. Tarın ululuğu bundadır.
-Gənc tarzənlər ustad tarzənlərin yolu ilə gedirlərmi?
- Əlbəttə, bu gün gənc tarzənlər tar sənətinə çox böyük qiymət verirlər. Onların fəaliyyətləri təqdirə layiqdir. Düşünürəm ki, bu günkü tarzənlər və gələcək tarzənlər milli sənətimizi dünyada layiqincə təmsil etməyə qadir sənətkar olacaqlar. Çünki, əsas səbəb təbliğat və dəyərləndirməkdir. Bu gün bizim xalq musiqisinə, muğama, milli musiqi alətlərinə verilən qiymət bu günkü nəslin gələcək həyatında mühim rol oynayır. Gənclərin milli dəyərlərə üstünlük vermələri həm kimliyimizi unutdurmayacaq, həm də gələcəkdə xalqımızın dünyada təbliğində müstəsna rol olacaq. Artıq tarı sevənlər daha da çoxalıb və gözəl tarzənlər ordusu yetişdirilir. Mənim oğlum Rüstəm Müslümov da tarzəndir. Belə düşünürəm ki, bizə ərmağan olunan ulu tarı, biz də könül rahatlığı ilə gələcək nəsillərə ötürə biləcəyik. Tar ehtibarlı əllərdədir.
Başqa millətlər də deyə bilməz ki, tar mənimdir. Ona asanlıqla sahib çıxa bilməzlər. Bunu bizim tar ifaçılarımız dünya səhnələrində çıxışları ilə sübut ediblər. Tar dünyanın ən böyük səhnələrində öz sözünü deyib.
-Tarın simlərində klassik və dünya musiqisinin səslənməsinə necə qiymət verirsiniz?
- Mən də muğamdan əvvəl xarici əsərlər ifa edirdim. İlk əvvəllər Qərb bəstəkarlarını, Şərq bəstəkarlarını, klassik milli əsərlərimizi ifa edirdim. Daha sonra sırf muğam ifa etdim. Bir neçə dəfə də Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin iki il bundan öncə yazdığı əsərləri Hyustonda Amerikanın ən böyük səhnəsi olan Qrand-operada Amerika musiqiçilərilə bir yerdə ifa etmişəm. Bu, tarın qələbəsidir! Məsələn, Amerikada konsertlərin birində cürbəcür alətlər ilə birgə biz də tarda, kamançada ifa edirdik. Konsert proqramında həm əsərlər, həm də muğam ifa olunurdu. Burada çox gözəl orkestrovka yarandı. Yəni ki, yüksək professional şəkildə. Mən bu cür işin tərəfdarıyam. Nə qədər çətin olsa da bu işin öhtəsindən gələ bilirik.
-Tarı sinənizə alanda könlünüzdən ilk hansı muğamı ifa etmək keçir?
- 7 əsas muğamımız var. Muğamlarımızın hamısı bizə əzizdir. Mən muğamları bir-birindən heç zaman ayırmıram. Təvazökarlıqdan uzaq olsa da, demək istərdim ki, mənim üçün qəliz,çətin ifa olunan muğam yoxdur. Çünki, mən artıq professoram, neçə illərdir ki, muğamı tədris edirəm. Mənə hər zaman deyirlər ki, sənin ürəyinə yaxın hansı muğamdır? Cavabımda “Segah” muğamıdır- deyirəm. Çünki, muğamlar Şərq dünyasında var. Amma ən güclü muğam Azərbaycana məxsusdur. “Segah”a olan sevgim isə, Şərq xalqlarının muğamında olmayan xüsusiyyətinin olmasıdır. Bizim xalq çox böyük xalqdır, başı zülmlər çəkmiş xalqdır. Amma nə qədər bəlalar çəksə də, hər zaman ayaqüstə dik durmağı bacaran xalq olub. Ona görə “Segah” muğamı bizim ifamızda çox gözəl alınır. Mən də bu muğam dəryasının kiçik bir liman sakiniyəm. Deyə bilmərəm ki, mən bu dəryanı üzüb keçmişəm. Çünki, buna insan ömrü çatmaz. Əgər bu dəryaya mən də düşmüşəmsə, özümü bu dəryada “Segah”la tapıram.
-Bu gün keçirilən “Muğam müsabiqəsi” festivalında iştirak edən gənclərin gələcəkdə ustad sənətkar olmaqlarına güman varmı?
- Bu müsabiqənin dünyanın heç bir yerində analoqu yoxdur. Çünki, bu səviyyədə belə müsabiqə görünməyib. İstedadlı və bacarıqlı gənclərimizi 3-4 ayın içində dünyaya tanıdırlar. I Muğam müsabiqəsində mən də münsiflər heyətində idim. O gündən bu günə qədər çox güclü ifaçılar yetişdi. Bugünkü müsabiqənin iştirakçılarına nəzər salsaq görərik ki, hələ çox gəncdirlər. Onlar da sənətdə öz sözlərini zamanla deyəcəklər. Bunun üçün yenə də öz dövlətimizə və Mehriban xanıma minnətdarıq. Əvvəllər Səmərqənd şəhərinə muğam simpozumları keçiriləndə, sözün yaxşı mənasında həsət aparardıq ki, nəyə görə orada beynəlxalq müsabiqələr, simpoziumlar keçirilir, amma muğamın beşiyi Azərbaycanda keçirilmir. Bir sənətkar kimi, ifaçı kimi dövlət səviyyəli tədbirlər hər zaman ürəyimizdə idi. Şükürlər olsun Allaha, bu istəyimizə də çatdıq. Artıq hər iki ildən bir Muğam müsabiqəsi keçirilir. Bütün dünyanın diqqət mərkəzi bura yönəlib.
- Pedaqoq kimi bu gün gənclərin dərs prosesləri, musiqini qavramaqları haqqında nə deyə bilərsiniz? Məsələn, tələbələr muğama, milli musiqiyə qulaq asdığı zaman diqqətini mobil telefona yönəldib.
- Bəli, belə hallar olur. Bəzən musiqiyə qulaq asdığın zaman kənardan bir çox səslər gələ bilər. Amma muğam çox müqəddəsdir. Muğam pirdi, ocaqdı. Muğamı dinləyəndə gərək sənin ruhun, fikrin, düşüncən yalnız ona bağlansın. Bunun üçün muğama hörmət olunmalıdır. Qeyd edə bilərəm ki, muğama yüksək səviyyədə dəyər verən gənclərimiz də var.
-Möhlət müəllim, sənət həyatınızda arzu etdikləriniz...
- Bir neçə il bundan öncə düşünürdüm ki, arzu etdiklərimə nail olmuşam, amma görürəm ki, görəcəyim işlər hələ qabaqdadır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info