EnterpriseAzerbaijan portalı: yeni sərmaye imkanları
Tarix: 14.11.2019 | Saat: 13:18:00 | E-mail | Çapa göndər


Müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının inkişafında invesitisiya qoyuluşları mühüm əhəmiyyət kəsb edir. İnvestisiya qoyuluşu ölkənin biznes mühitini yaxşılaşdırır, kapital axınını təmin edir və nəticədə bu proses əhalinin sosial həyat səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Ölkəmizdə sahibkarlığa dövlət dəstəyi göstərilir, biznes və invesitisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür, müxtəlif layihələr reallaşdırılır. Sahibkarlığın inkişafının göstəricisi kimi ölkə iqtisadiyyatının 85%-i özəl sektor tərəfindən yaradılmasını göstərmək olar.
“Azərbaycan investisiya qoyuluşu üçün çox gözəl ölkəyə çevrilib və növbəti illərdə investisiya qoyuluşu davam edəcək” kimi fikirləri öz çıxışlarında rəhbər tutan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yürütdüyü siyasətdə də əməli olaraq həyata keçirir. Belə ki, Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi məqsədilə Prezidentin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Republikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrası ilə əlaqədar olaraq EnterpriseAzerbaijan.com internet portalı yaradılıb. 4-cü sənaye inqilabının çağırışlarına cavab vermək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Portalın missiyası hüquqi və fiziki şəxslər tərəfindən hazırlanan investisiya layihələri, aktivlər, təbii resurslar və investisiya imkanları haqqında məlumatların yerli və xarici investorlara təqdim edilməsidir. EnterpriseAzerbaijan ideya və layihəsi olan müəllif və təşəbbüskarlar ilə investisiya imkanları axtarışında olan investorları bir araya gətirən davamlı yenilənən, istifadəyə rahat, təhlükəsiz, əlçatan, sürətli və geniş əhatə dairəsi olan bir platformadır.
Azərbaycanın startap ekosistemi 12 innovasiya və akselerasiya mərkəzi, 10 co-working (günlük, həftəlik, aylıq və bir neçə aylıq müddətinə icarəyə verilən iş yeri) və 100-dən çox innovativ şirkətdən ibarətdir. Startap ekosisteminə dəstək məqsədilə EnterpriseAzerbaijan.com portalı biznesə başlama, startap şəhadətnaməsi, güzəştli vergi rejimi, inkubasiya və akselerasiya mərkəzləri və digər sahələrdə siyasət həyata keçirir.

Portalın funksionallığı

EnterpriseAzerbaijan invesitisiya sahəsində çoxşaxəli xidmətlər paketinə sahibdir. Portalın təqdim etdiyi xidmətlərdən biri investorlara Azərbaycanda ilk dəfə olaraq “Kraudfandinq” (Crowdfunding) fəaliyyətindən istifadə etmək imkanı yaratmasıdır. EnterpriseAzerbaijan portalı bu sahədə dünyanın bir çox məşhur portallarına inteqrasiya olunaraq layihələrin daha geniş kütləyə təqdim olunmasına şərait yaradır. Azərbaycanda ilk dəfə olaraq EnterpriseAzerbaijan portalı kreativ fikirləri olan yerli startapçılara məşhur Kickstarter portalı üzərindən dünya maliyyə bazarlarına çıxmaq imkanı yaradır. Portal, bundan başqa, istənilən növ layihələr üçün IndieGOGO, Onemission, Planeta.ru, sosial və tibbi layihələr üçün Youcaring, fərqli texnoloji ideyalar üçün Crowdsupply, vençur kapitalist maliyyələşməsi üçün Crowdfunder, elmi ideyalar üçün Experiment, sosial xarakterli layihələr üçün Chuffed ilə birgə əməkdaşlıq üçün danışıqlar aparır.
Portalda Azərbaycandakı investisiya və startap layihələri, ideya, əmlak, səhm və torpaq satışı, həmçinin digər aktivlər barədə məlumatlar mövcuddur. Bu məlumatlar potensial investorların diqqətinə müxtəlif meyarlar üzrə klassifikasiya olunmuş, filtrləmə yolu ilə səlis axtarış imkanı yaradan məlumat bazası şəklində təqdim olunur.
EnterpriseAzerbaijan layihələrin bütün mərhələlərində onlara dəstək vermək məqsədilə aşağıdakı ardıcıllıqla investorların cəlbini həyata keçirir:
 Toxum investor – layihənin ilkin mərhələsində onun bünövrəsini maliyyələşdirən və qarşılığında paya sahib olan investorlardır. Toxum investisiya növü ən riskli invesitisiya növüdür və ən etibarlı layihələrə təklif olunur.
 Mələk investor – Toxum mərhələsini keçmiş layihələrə nisbətən kiçik məbləğdə (1 mln-a qədər) və əsasən şəxsi vəsaitlərini ayıran investorlardır.

 Vençur investor – Layihə böyüdükdən və ilkin bazası formalaşdıqdan sonra layihəyə daha böyük məbləğ (1 mln-dan çox) yatıran investorlardır. Vençur investisiya yalnız çox böyük və riski çox aşağı olan layihələrə tətbiq olunur.
Portala yerləşdirilən layihələr kənd təsərrüfatı, sənaye, energetika, tikinti, nəqliyyat/logistika, telekommunikasiya, elm və texnologiya və s. kateqoriyalar olmaqla 12 sahəni əhatə edir.


Geoiqtisadi Xəritə

EnterpriseAzerbaijan portalının üstünlüklərindən biri də Azərbaycanda və postsovet məkanında öz məlumat zənginliyi ilə seçilən Geoiqtisadi xəritənin yaradılmasıdır. Portalda yerləşdirilən bu xəritədə nəqliyyat infrastrukturu, sənaye parkları, texnoparklar, biznes inkubatorlar, xidmət sektoru, elm və təhsil müəssisələri, təbii sərvətlər, şirkətlər və s. daxil olmaqla 1200 əsas obyekt, həmçinin inzibati və iqtisadi rayonlar haqda azərbaycan, ingilis və rus dilində olmaqla, 3 dildə məlumat yerləşdirilib.

Kreativ Qığılcım (Creative Spark)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi EnterpriseAzerbaijan portalı yarandığı gündən bəri əsasən xarici təcrübənin öyrənilməsi, beynəlxalq layihələrlə əməkdaşlığı fəaliyyətinin prioritet istiqaməti olaraq nəzərdə tutub.
Britaniya Şurası (British Council), İngiltərənin Newcastle Universiteti ilə birgə həyata keçirilən “Kreativ Qığılcım” (Creative Spark) layihəsi Portalın ən uğurlu layihəsidir.
Layihə gənclər arasında innovativ sahibkarlığı inkişaf etdirmək, müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsinə dəstək kimi 3 istiqamət üzrə şaxələnib. Layihə çərçivəsində “Big Idea Challange” adlı ideya və fikir yarışının yekunu olaraq Azərbaycanın 3 - Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimləri İngiltərənin Nyukasl (Newcastle) Universitetində Biznes Məktəbində təcrübə keçib, təlimlərdə iştirak ediblər. Bundan başqa Britaniya Şurasının (British Council) təşəbbüsü ilə tələbə və gənc startapçılar arasında həyata keçirilən yarışmanın qaliblərinə öz ideyalarını reallaşdırmaq üçün pul mükafatı, Birləşmiş Krallığa səfərlər və professional biznes dəstəyi təqdim edilib. Müsabiqədə İİTKM-in EnterpriseAzerbaijan.com portalına layihə daxil edən startapçılar və tələbələr iştirak edib. Ümumilikdə müsabiqəyə 50-dən artıq yerli layihə təqdim olunub və onlardan bir qismi “İdeation” və “Boot Camp”-a qatılmaq şansı qazanıblar.

EnterpriseAzerbaijanın əməkdaşlıq əlaqələri

2018-ci ilin Oktyabr ayının 2-də ictimaiyyətə təqdim olunan EnterpriseAzerbaijan internet portalı “EnterpriseEstonia” Sahibkarlığın İnkişafına Yardım Fondu ilə birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Fəaliyyət göstərdiyi bir il ərzində Portal Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İtaliya, Fransa, Rumıniya kimi ölkələrdə təqdim olunub.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” adlı tədbirdə EnterpriseAzerbaijan.com portalının funksionallığı və British Council ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən “Creative Spark” layihəsinin təqdimatı zamanı portala müraciət edən startap layihələri nümayiş olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Əqli Mülkiyyət Agentliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
EnterpriseAzerbaijan portalı 2019-cu mart ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə keçirdiyi “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda da təqdim olunub. Yerli və beynəlxalq qurumların rəhbər şəxslərinin iştirak etdiyi tədbir zamanı portalın fəaliyyəti startap layihələrinin canlı nümayişi böyük marağa səbəb olub.
EnterpriseAzerbaijan portalının ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər bununla bitmir. Portal Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə birgə Azərbaycanın 13 ali təhsil müəssisəsində “Startapa necə başlamalı: İqtisadi və Hüquqi Əsaslar” adlı təlim layihəsinə start verib. Ümumilikdə 2000-dən artıq tələbə və gənclər Portal üzərindən biznesə başlamanın üstünlükləri barədə məlumatlandırılıb. Bu tədbirlərin təşkilindən sonra Azərbaycan universitetlərindən onlarla startapçı tələbə öz layihəsini Portala yerləşdirib.
EnterpriseAzerbaijan portalı həmçinin “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forumda da təqdim olunub.
EnterpriseAzerbaijan portalına yerləşdirilən startap layihələri həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Məşğulluq Xidmətinə təqdim olunub. Xidmətin həyata keçirdiyi özünüməşğulluq və digər proqramlar çərçivəsində birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Nəticə

Beləliklə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalının əsas hədəfi ölkəmizin biznes mühitinin daim yaxşılaşdırılması, kreativ və innovativ ideyalı startapçı gənclərimizin dünya səviyyəsində tanınması, onların maliyyə mənbələrinə çıxış imkanlarını genişləndirmək, müxtəlif etaplarda onlara mentorluq və mütəxəssis dəstəyi göstərmək, xarici investorlar tərəfindən Azərbaycana kapital axınını çoxaltmağa müvəffəq olmaqdır və Portal bu istiqamətdə əlindən gələni edir. EnterpriseAzerbaijan portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzininin investisiya-biznes sahəsində yaratdığı ekosistemin bir parçasıdır. Belə ki, Portal parlaq ideya və startapları investorlara təqdim edərkən, Rəqəmsal Ticarət Qovşağı xarici investorların bu layihələrə investisiya qoyuluşunu e-rezident və m-rezidentlik, eləcə də, elektron sənədləşmə və köçürmələr vasitəsilə daha da asanlaşdırır, Azexport portalı isə istehsal olunmuş yerli məhsulların dünya bazarına çıxarılmasına öz töhfəsini verir.

Nərmin Rəhimli
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
“Biz onlara muxtar kürd dövləti qurmaları üçün yardım sözü vermədik“
13.12.2019
Borisov: Heç bir ölkə Türkiyəni əvəz edə bilməz
12.12.2019
Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur
12.12.2019
“Hər zaman ulu öndərin təhsil siyasətini əsas götürmüşəm”
12.12.2019
Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info