“Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlıq tezliklə aradan qaldırılmalıdır”
Tarix: 19.11.2019 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb

ABŞ-ın “The Press Herald” qəzetində oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın ABŞ-ın paytaxtı Vaşinqtona səfərinə etiraz edən Azərbaycan icmasının fəal üzvü Tərlan Əhmədovun müraciəti dərc olunub. Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edildiyi və Ermənistanın vassal dövlət olduğu bildirilir. Həmçinin qeyd olunur ki, Qarabağ müharibəsi vaxtı erməni silahlı qüvvələri hərbi cinayətlər törədiblər.
Qeyd edək ki, oktyabrın 30-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan, özünü “xarici işlər naziri” sayan Masis Mailiyan Ermənistan və erməni lobbisinin səyləri nəticəsində səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirib. Vaşinqtonun Azərbaycan icmasının üzvləri bina qarşısında etiraz aksiyası keçirmişdi.
Bundan əlavə, ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ qanunvericilərini və yerli mətbuat qurumlarını Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib. “The Press Herald” qəzetindəki material məlumatlandırma kampaniyası çərçivəsində dərc olunub.

“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib

Yeri gəlmişkən, Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayevin məqaləsi dərc edilib. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışına həsr edilmiş məqalədə müəllif yazır ki, noyabrın 15-də abidənin açılış mərasimində Azərbaycan hökumətinin və respublika ictimaiyyətinin, müxtəlif icma və təşkilatların nümayəndələri, o cümlədən Simon Vizental Mərkəzinin əməkdaşı, ravvin Avraam Kuper, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyasının rəhbəri və Xristian Liderlər Konqresinin prezidenti Conni Mur, İsrailin baş fəxri sefard ravvini Şvomo Amar, Avropa, ABŞ və Latın Amerikasından olan bir neçə ravvin, habelə Amerikanın qərb ştatlarından olan senatorlar iştirak ediblər.
Müəllif daha sonra Milli Qəhrəmanın həyatı barədə yazır. Yevdayev qeyd edir ki, əhalisinin 95 faizi müsəlmanlar olan, eyni zamanda, yəhudi icmasının inkişaf etdiyi Azərbaycanda Albert milli qürur rəmzidir. 1991-ci ildə SSRİ dağılandan sonra Albertin hərbi xidmətdən imtina etməyə və ya Azərbaycanı tərk etməyə tam hüququ vardı. Buna baxmayaraq, o, Ermənistanın Azərbaycan ərazisinə soxulduğu bir vaxtda könüllü olaraq Azərbaycan Ordusu sıralarına daxil oldu. Albert çox bacarıqlı tankçı idi. O, öz bilik və vərdişləri sayəsində bir gün ərzində ermənilərin 9 tankını və iki zirehli yük maşınını sıradan çıxara bilmişdi.
Albert Şuşada qətlə yetirilib. Son damla qanına qədər bu şəhəri müdafiə edən Aqarunov yaralı əsgər yoldaşlarını xilas etmək üçün öz tankından çıxan anda erməni snayperi onu nişan aldı. 1992-ci il mayın 8-də dünya yəhudiləri, Azərbaycan və bu ölkəni sevən hər kəs əsl qəhrəmanı itirdi. Albertin cəmi 23 yaşı vardı.
Bu abidə Albert Aqarunovun xatirəsinə ehtiramın ilk nümunəsi deyil. Albertin uşaqlıq illərinin keçdiyi evin divarında xatirə lövhəsi vurulub, vaxtilə təhsil aldığı məktəbə onun adı verilib. Albert Bakıda, Şəhidlər xiyabanında dəfn edilib. Keçən il Bakının ən gözəl küçələrindən birinə onun adı verilib. 1992-ci ilin iyun ayında Albert hərbi xidmətə görə ali mükafata – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Melih Yevdayev məqaləsinin sonunda yazır ki, Albert Aqarunov Azərbaycan və yəhudi xalqları arasında, bütövlükdə müsəlmanlarla yəhudilər arasında qardaşlıq və dostluq rəmzidir.

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Los Ancelesdə Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb
Bu arada Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti ABŞ-ın Los Anceles şəhərinə səfər çərçivəsində ABŞ-ın ən qədim yəhudi təşkilatı olan nüfuzlu Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles bölməsinin rəhbərliyi ilə görüşüb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, konsulluğun təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən AYK-nin Los Anceles bölməsinin prezidenti Skot Edelman hər kəsi salamlayaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyətini qəbul etməkdən şərəf duyduqlarını ifadə edib.
S.Edelman təmsil etdiyi təşkilat haqqında məlumat verərək, AYK-in nəinki yəhudi xalqı üçün, bütün insanlar üçün təhlükəsiz gələcək qurmaq istiqamətində çalışdıqlarını bildirib.
Daha sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın AYK ilə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışaraq, Ermənistanın təcavüzü nəticəsində nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz yurdlarından didərgin salındığını və AYK kimi təşkilatların bu ədalətsizliyə qarşı səslərini ucaltmasının vacibliyini vurğulayıb.
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışıb. T.Gəncəliyev bu qədər insanın əsrlər boyu yaşadıqları öz ana yurdlarından didərgin salınmasının böyük bir hüquq pozuntusu və ədalətsizlik adlandıraraq, Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlığın tezliklə aradan qaldırılmalı olduğunu dilə gətirib.
Nümayəndə heyətinin üzvləri Gülməmməd Məmmədov və Xocalı şahidi Dürdanə Ağayeva öz çıxışlarında Ermənistanın təcavüzü nəticəsində özlərinin və ailə üzvlərinin çəkdiyi iztirablardan danışaraq, öz həyat hekayələrini bölüşüblər.
Sonra AYK-in Los Anceles üzrə regional direktoru Riçard Hirşaut çıxış edərək, natiqlərin çıxışlarından çox təsirləndiklərini bildirib və bu faktları təşkilat üzvləri ilə bölüşdükləri üçün Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti həm gün ABŞ-ın ən nüfuzlu sinaqoqlarından olan Sinay Sinaqoqunun ravvini Deyvid Uolpi və sinaqoqun rəhbərliyi ilə də görüşüb. Qeyd edək ki, D.Uolpi “Newsweek” jurnalı tərəfindən ABŞ-ın ən nüfuzlu ravvini, “Jerusalem Post” qəzeti tərəfindən isə dünyanın ən nüfuzlu 50 yəhudisindən biri adlandrılıb. D.Uolpinin rəhbərliyi altında Sinay Sinaqoqunun 50 nəfərdən ibarət nümayəndə heyəti Baş Konsulluğun təşkilatçılığı ilə 2015-ci ildə Azərbaycanda səfərdə olub.
Sözügedən görüşdə Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğalın acı nəticələri, günahsız insanların öz yurdlarından zorla çıxarılması, işğal olunmuş ərazilərimizdə tarixi, dini və mədəniyyət abidələrimizin və qəbiristanlıqların tamamilə məhv edilməsi və ya alçaldılması kimi vəhşiliklər barədə ətraflı məlumat verilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
“Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır“
10.12.2019
“Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qınamaq üçün vahid bir yanaşma yoxdur”
09.12.2019
Erməni işğalı BMT-də ifşa edilib
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info