“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
Tarix: 05.12.2019 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar. Bu barədə məlumat Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunur. Bildirilir ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər.

Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov, Endryu Şofer və Stefan Viskonti, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak ediblər .
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib ki, bu, kifayət qədər çətin müzakirələr idi (APA). O bildirib ki, qarşıda hələ də həllini tapmayan məsələlər var.
“Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mərhələli həll yollarını müzakirə edirik. Təbii ki, ilk növbədə konfliktin nəticələri aradan qaldırılmalı, erməni silahlı bölmələri BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Bu, bizə danışıqlarda növbəti mərhələyə keçməyə imkan verəcək. Hansı ki, burada ərazinin statusu məsələsini müzakirə edə bilərik”, - deyə E. Məmmədyarov qeyd edib.
Azərbaycan XİN başçısı regiondakı münaqişənin həllinin vacibliyini vurğulayan bütün nümayəndələrə təşəkkür edib.
“Bizim yaydığımız bəyanat mənim ölkəmin mövqeyini əks etdirir. Düşünürəm ki, mənim ölkəmin mövqeyi dəyişməyib, eynidir. Erməni həmkarımın çıxışından sonra işim daha asandır. Erməni həmkarıma məsləhətim budur ki, o, Helsinki Yekun Aktını bir daha oxusun”, - deyə E. Məmmədyarov vurğulayıb.
Xatırladaq ki. Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helsinki Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi isə öz müqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.

ATƏT sədri:
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyası üçün real risk mövcuddur”
Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak isə ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyası üçün real risk mövcuddur.
O bildirib ki, Slovakiya il boyu ATƏT-in Minsk qrupu prosesi çərçivəsində etimadın qurulması, gərginliyin azaldılması və dialoqu davam etdirmək istiqamətində işlər görüb.
“Əgər biz münaqişələri həll etmək istəyiriksə, əvvəlcədən etimad qurma və təhlükəsizlik mühiti yaratma tədbirlərindən başlamalıyıq”, - deyə ATƏT sədri vurğulayıb.
M. Layçak ölkəsinin ATƏT-ə inandığını və bu qurumun regionu hələ də təhlükəsiz bölgəyə çevirə biləcəyini qeyd edib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə iclasda çıxışı zamanı deyib ki, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həlli tapılmalıdır. Türkiyə XİN başçısı Gürcüstan, Moldova və Azərbaycanda dondurulmuş münaqişələrin hələ də həll olunmamış qaldığını diqqətə çatdırıb. O qeyd edib ki, dondurulmuş münaqişələr beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq həll olunmalıdır.
Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borell isə iclasda çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in prinsipləri əsasında həll oluna bilər: “Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində çalışmağa davam etməliyik. “Biz Gürcüstandakı münaqişələrin və Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində çalışmağa davam etməliyik. Bu, ATƏT-in əsas mandatıdır”, - deyə Finlandiya XİN başçısının müavini qeyd edib.
ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Giorgi Tsereteli isə ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var. O bildirib ki, ATƏT məkanında mövcud olan münaqişələr təhlükəsiz Avropa baxışına təhlükə törədir.
“Xüsusilə də Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması baxımından bizim daha optimist işarələrə ehtiyacımız var. Təhlükəsiz Avropa baxışı üçün təhlükə törədən böyük ayrılıqların həllində çoxtərəflilik önəmli vasitədir”, - deyə G. Tsereteli qeyd edib.

Armavirdə Njdenin xatirə lövhəsinin sökülməsi Ermənistanın terrorçu siyasətinə zərbədir
Yerigəlmişkən qeyd edək ki, Armavirdəki erməni kilsəsinin həyətində Njdeyə xatirə lövhəsinin qoyulması və beləliklə də faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Buna baxmayaraq, bu məsələ ümumi sözlərlə müzakirə kontekstindən kənara çıxmırdı. Bəzi hallarda reaksiyalar sərtləşsə də, lövhə yerində qalırdı. Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Əlbəttə ki, haqlı narazılıqdan doğan bu hərəkət çarəsizlikdən edilsə də həlledici deyildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında bu məsələni qaldıraraq, sözün əsl mənasında, dünya ictimaiyyətinin diqqətini faşist cəlladı Qaregin Njde mövzusuna yönəltdi. Dövlətimizin başçısı Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulduğunu qeyd etdi. Beləliklə, geniş ictimaiyyətin diqqətindən kənarda qalan bu məsələ təcavüzkar Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoydu.
Ermənistanın keçmiş prezidentləri - Petrosyan, Köçəryan və Sarkisyan Azərbaycan ərazisinin iyirmi faizinin işğalı prosesində iştirak ediblər. Onların hər biri dinc azərbaycanlı əhaliyə qarşı silahlı hücumların təşkilinin və icrasının birbaşa iştirakçısıdır. Sarkisyan Xocalı soyqırımının törədilməsində iştirak etməkdən qürur duyduğunu söyləyib. O, Türkiyə ərazisində yerləşən Ağrı dağını işğal etmək üçün erməni gənclərə çağırış edib. Petrosyan 1993-cü ildə məşhur terrorçu Monte Melkonyanın dəfn mərasiminə şəxsən qatılıb. 1981-ci ildə Türkiyənin Parisdəki səfirliyinə hücumun təşkilatçısı olan terrorçu Vazqen Sislyan Dağlıq Qarabağda azərbaycanlılara divan tutduğu üçün eks-prezident Köçəryan tərəfindən “Qarabağ müharibəsinin qəhrəmanı” adı ilə təltif olunub. Bu siyahını daha da uzada bilərik...
Qayıdaq Njde mövzusuna. Bu erməni terrorçu-faşistin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Azərbaycan isə sülhsevər dünya ictimaiyyətinin tələblərini irəli sürür: terrorçu, nasist tərəfdarı, faşistlərin dostu və silahdaşı, hərbi cinayətkar, ümumiyyətlə, insanlıq əleyhinə fəaliyyəti olan şəxslər heç bir yerdə qəhrəmanlaşdırıla bilməz. Belə şəxslərin fəaliyyətinin təbliğ olunması beynəlxalq hüquq normalarına zidd və təhdiddir.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
09.01.2020
ATƏT sədri: “Minsk qrupunun səylərini dəstəkləyəcəyik”
07.01.2020
“Münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir”
26.12.2019
“Ermənistan Azərbaycanın ərazilərinə qarşı əsassız iddialardan əl çəkməlidir”
24.12.2019
“Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı”
23.12.2019
Səfir: “Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info