Gənclər sabitlik və davamlı inkişafı dəstəkləyir
Tarix: 12.09.2013 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


İsgəndər Ağayev: “Gənclərin idarəetmədə, vətəndaş cəmiyyətinin inkişafında iştirakı, gənc mütəxəssislərin işlə təminatı məsələləri həll edilir”

“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ümumazərbaycan qeyri - hökumət gənclər təşkilatıdır. Birliyin yaradılmasında məqsəd Azərbaycanın ictimai fəal gənclərini birləşdirərək, onların səylərini, bilik və bacarıqlarını sağlam, demokratik cəmiyyətin qurulmasına yönləndirmək, eləcə də cəmiyyətdə sosial və ekoloji problemlərin həllində yaxından iştirak etməkdən ibarətdir. Birliyin sədri İsgəndər Ağayev qəzetimizə müsahibəsində bildirdi ki, məqsədləri Azərbaycanda gənclərlə iş sahəsində fəaliyyət göstərən təşkilatların daha da sıx əməkdaşlıq etməsinə nail olmaqdır:
-Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2012-ci illərdə işə qəbul edilənlərin 60%-dən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28%-i (4303 nəfəri) gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. Eyni zamanda, hazırda gənclər sektorunun fəal nümayəndələrindən bir neçəsi Azərbaycan Respublikası Milli Məclisində millət vəkili olaraq qanun layihələrinin hazırlanmasında və müzakirəsində fəal iştirak edirlər. Bundan başqa, bir neçə dövlət orqanının tərkibində gənclərin nümayəndələri qanunvericiliyə uyğun olaraq rəsmən iştirak edirlər. 10 il əvvəllə müqayisədə Azərbaycanda gənclər siyasətinə ayrılan büdcə 100 dəfə artaraq 25 milyon manata çatıb. 2003-cü ildə Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə 245990 manat ayrılmışdısa, 2012-ci ildə bu rəqəm 25 milyon manat təşkil edib.
- Dövlət gənclər siyasətinin gənclərin hərtərəfli inkişafı üçün hansı köməkliyi var?
-Yuxarıda qeyd etdiyim kimi, bu dövlət gənclər siyasətinin yaratdığı şərait gənclərmizə cəmiyyətin bütün sahələrində özünü tapmağa imkan verir. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilməklə bərabər, həm də demokratikləşmə prosesində yüksək səviyyədə iştirak edərək, mədəniyyət, incəsənət, elm və digər sahələrdə də parlaq nailiyyətlər qazanıb, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq çox uğurla davam etdirilir.

“Bakıda “Sülh və təhlükəsizlik naminə gənclər fəaliyyəti” mövzusunda gənclərin BMT Modeli təşkil olunacaq”


Gənclər siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirərək, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib. Azərbaycanda gəncliyə dövlət qayğısı uğurlara hesablanan bir siyasətdir ki, bu siyasət nəticəsində də sağlam və intellektual nəslin formalaşmasının şahidi oluruq. Cəmiyyətin müxtəlif sahələri ilə bağlı bu sənədlərin hazırlanması, icrası və qiymətləndirilməsində gənclərin də iştirakı aydın şəkildə hiss olunmaqdadır. Nümunə üçün deyək ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması və müzakirəsində gənclər və onların təmsil etdikləri QHT-lər yaxından iştirak ediblər. Bu proqramların qəbul olunması ilə dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. Bu proses hal-hazırda da davam etməkdədir. Eyni zamanda 2011-ci ildə qəbul olunmuş dövlət gənclər proqramında gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması barədə xüsusi bənd mövcuddur. Qeyd edək ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının 56 üzvündən 19 nəfərini gənclər təşkil edir. Gənclərin təklifləri və təşəbbüslərinin müvafiq dövlət orqanları tərəfindən nəzərə alınması qeyd edə bilərik.“Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müzakirəsində gənclər və onların təmsil etdikləri QHT-lər yaxından iştirak edərək, bir sıra təkilf və təşəbbüslə çıxışlar etmişlər. Statistikaya görə, ötən ildə qəbul olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının geniş ictimai müzakirəsi və hazırlanması üçün gənclər və onların təmsil etdikləri QHT-lər tərəfindən 2000 - dən artıq əhəmiyyətli təkliflər verilib. Həmin təkliflərin əksəriyyəti proqramın işçi qrupu tərəfindən bəyənilmiş və proqramın qəbulunda öz əksini tapmışdır.
- Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
- Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. 6 aprel 2011-ci il tarixində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlandı ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaq.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
-Hesab edirəm ki, bu gün bu istiqamətdə kifayət qədər işlər görürlür. Amma görülən işlər haqqında ictimaiyyətin bütün təbəqələrinə, o cümlədən gənclərə vaxtında informasiyanın çatdırılması qarşıda duran əsas vəzifələrdən biri olmalıdır.
-“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi gənclərlə bağlı hansı layihələr həyata keçirir?
-Bizim təşkilatın əsas vəzifəsi gənclərin müxtəlif istiqamətlərdə maariflənməsi və ictmai fəallığın artırlımasıdır. Təşkilat olaraq yarandığı gündən bu günə kimi biz həm yerli, həm də beynəlxalq donorların dəstəyi ilə onlarla layihə icra etmişik. Məlumat üçün bildirmək istərdim ki, hal-hazırda “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sülh və təhlükəsizlik naminə gənclər fəaliyyəti” - BMT Modeli və Azərbaycan Gənclərinın BMT-yə mübadilə səfəri adlı layihə həyata keçirir. Layihənin məqsədi Azərbaycan və xarici ölkələrin iştirakı ilə Bakıda BMT Modelinin yaradılması, Azərbaycan gənclərinin ABŞ-ın Nyu-York şəhərinə mübadilə səfərini təşkil edərək BMT Baş Assambleyasının simulyasiyasında iştirak etmək və Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemini, o cümlədən Ermənistanın təcavüzkar siyasətini dünya ictimaiyyətinə çatdırmaqdır. Layihə “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən ABŞ-ın Yeni Meksika Dövlət Universitetinin BMT Modeli təşkilatı və Gürcüstanın“Ertoba” Gənclər Birliyi ilə əməkdaşlıq çərçivəsində 1 sentyabr 2013-cü il-30 aprel 2014-cü il tarixlərində həyata keçiriləcək. Layihə çərçivəsində 2014-cü ilin aprel ayında ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının simulyasiyasında iştirak etmək hüququ qazanmaq üçün Azərbaycanda BMT Modeli yaradılacaq. 2013-cü ilin dekabr ayında Bakıda azərbaycanlı gənclərin iştirakı ilə “Sülh və təhlükəsizlik naminə gənclər fəaliyəti” mövzusunda gənclərin BMT Modeli təşkil olunacaq. Modelin uğur qazanmasında fərqlənən 4 nəfər gənc 2014-cü ilin aprel ayında ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq BMT Baş Assambleyasının simulyasiyasında iştirak etmək şansı əldə edəcəklər. Onlar Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif fəaliyyətlərə cəlb olunacaq və BMT-nin Baş Assambleyasında təqdimatla çıxış edəcəklər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info