Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir
Tarix: 09.12.2019 | Saat: 20:05:00 | E-mail | Çapa göndər



Azər Badamov:
“Regionlarla bağlı proqramların icrasının davamlı olması ölkə iqtisadiyyatında regionların payını artıracaq”


Ölkədə aparılan sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də məhz regionların tarazlı və davamlı inkişafıdır. Əhalinin rifahının yüksəlməsinə yönəlmiş Dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişib. Bu gün regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır. Regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində də ciddi işlər aparılır. Elektrik, qaz təchizatı, yolların, xüsusilə kənd yollarının çəkilməsi və ümumiyyətlə, son illər ərzində bu istiqamətdə görülən işlər, doğrudan da regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsidir. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub, yeni xəstəxanalar tikilib istifadəyə verilib.
Son illər ərzində regionlarda kənd təsərrüfatında islahatlar sayəsində qida məhsullarının istehsalı sektoru artıb ki, bu da qida istehsalının təhlükəsizliyinin təmin olunmasını aktuallaşdırır. Təsadüfi deyil ki, Azərbaycan bu gün kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünyada aparıcı ölkələrdən biridir. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə Prezidentin fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Ölkə başçısı bildirib ki, bu ilin əvvəlində qəbul edilən regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı çox genişmiqyaslı proqramdır: “Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülüb, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılıb və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq”.


“Bu proqramların uğurlu icrası ölkəmizin bütün regionlarının simasını dəyişib”


Qeyd edək ki, bu günlərdə ölkə başçısı Şamaxıya səfəri zamanı bir sıra obyektlərin açılışında iştirak edib. Burada “ASAN Həyat” Mərkəzi açılışında iştirak edən ölkə başçısı bildirib ki, Şamaxı və Hacıqabul rayonlarının ərazisində ölkəmizin ən böyük aqroparkı salınır. O aqroparkın sahəsi 42 min hektardır və kənd təsərrüfatının inkişafına böyük dərəcədə təkan verəcək. Dövlət başçısı həmçinin Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən bu tədbirlər ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Millət vəkili Azər Badamov bildirdi ki, ölkə başçısı İlham Əliyevin Şamaxıya səfəri bu il ərzində sayca 3-cüdür: “Bir il ərzində 3 dəfə Şamaxıya səfəri rayonun həyatında sıçrayışlı inkişafa aparıb. Əgər, ilin əvvəlində Şamaxı sakinləri zəlzələ nəticəsində pis duruma düşmüşdüsə, indi artıq əziyyət çəkən bütün vətəndaşların yaşayışının yenidən qurulmasına şərait yaradılıb. Qəzalı bütün evlər yeniləri ilə əvəz olunur, 3 çoxmənzilli bina tikilib. Dünyada təbii fəlakətlər nəticəsində vətəndaşlara dəymiş mülkü ziyanları sığorta şirkətləri qarşıladığı halda, ölkəmizdə isə bütün fəsadların aradan qaldırılmasını dövlət öz üzərinə götürür. Bu, bir daha dövlətin həmişə vətəndaşın yanında olduğunun göstəricisidir. Bu, Prezidentimizin siyasətinin təməlində dayanır. Həyata keçirilən tədbirlərdən biri kimi rayona yeni yol salınıb. Şamaxıda ASAN Həyat kompleksi istifadəyə verildi. Qısa olaraq, Şamaxı Azərbaycanın qədim tarixini özündə əks etdirən şəhəri kimi yenidən öz tarixi ənənələrinə qayıtmasına imkanlar açıldı. Təbii ki, bütün bunlar Prezidentin və Birinci vitse-prezdentin Şamaxıya və Azərbaycanın qədim tarixinə verdiyi böyük dəyər kimi qiymətləndirirəm”.
Həyata keçirilən tədbirlərin regionların inkişafı üçün hansı imkanlar yaratdığına gəldikdə isə millət vəkili bildirdi ki, regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir: “Bu məqsədlə ölkə başçısının tapşırıqları və imzasıyla Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı icra olunub. Artıq 4-cü Dövlət Proqramının icrasına başlanılıb. Bu proqramların uğurlu icrası ölkəmizin bütün regionlarının simasını dəyişib. Demək olar ki, regionların bütün sosial infrastrukturu yenidən qurulub. İndi isə regionların iqtisadi potensialının artırılması məqsədilə böyük proqramlar icra edilir. Aqrar sahəsinin inkişafına yanaşma dəyişilib, dövlət dəstəyi artırılıb. Regionların sənayeləşməsi prosesinə başlanılıb. Artıq Sənaye Parkları və Sənaye Məhəllələri regionlarda görünməyə başlanılıb. Regionlarda yüngül, yeyinti və emal sənayesinin inkişafı istiqamətində müxtəlif layihələr icra olunur. Regionların iqtisadi potensialı çox genişdir və proqramların icrasının davamlı olması ölkə iqtisadiyyatında regionların payını artıracaq”.

“Bu gün regionlarda tikilən üç mindən artıq məktəbi, 600-dən çox xəstəxananı, 15 min km-dən artıq çəkilən yolu gizlətmək mümkün deyil”


Millət vəkili Tahir Rzayev qəzetimizə bildirdi ki, Prezident İlham Əliyev bütün yığıncaqlarda və beynəlxalq görüşlərdə xatırladıb ki, Azərbaycan inkişaf edən bir ölkədir: “Ölkə başçısı bu inkişafın səbəblərini də açıqlayıb ki, son vaxtlar ölkədə həyata keçirilən çox mühüm tədbirlər və eləcə də qəbul olunmuş dövlət proqramları, bir çox strateji yol xəritələri Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verib. Bu gün regionlarda aqrar sektorun inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər də göstərir ki, biz neftdən asılılığı aradan qaldırmalıyıq. İndi emal müəssisələrinin, sənaye parklarının, aqroparkların yaradılması əsas verir ki, Azərbaycanda sənaye istehsalı artsın və bu artımla əlaqədar biz həm də qeyri-neft sektorundan, digər sahələrdən asılı olmadan öz istehsalımızı artıraq, külli miqdarda vəsait əldə edək. Məsələn, pambıqçılıq, baramaçılıq, şərabçılıq, eləcə də digər sahələrin inkişafı, yerli məhsullarımızın xaricə ixracının sürətlənməsi gəlirlərin əldə edilməsi, valyutanın ölkəyə daxil olmasına imkan verir ki, bu da ölkədə sosial rifah halının yaxşılaşmasına şərait yaradan amillərdir. Əlbəttə ki, bütün bu inkişafın təməlində ölkə rəhbərinin siyasi iradəsi, hadisələrə real münasibət göstərməsi, nöqsanların tez bir vaxtda aşkar edilib aradan qaldırılması durur. Artıq elə bir sahə yoxdur ki, onunla bağlı mühüm dövlət proqramı olmasın. Bu dövlət proqramları illik, beşillik, onillik, eləsi var ki, uzunmüddətlidir və həmin sahələrin inkişafına yönəldilib. Digər tərəfdən strateji yol xəritələridir ki, burada inkişafın mühüm sahələri əks olunub, bunlar ayda, yaxud üç ayda bir dəfə müzakirə edilir və müəyyən çatışmazlıqlar, uyğunsuzluqlar varsa onun aradan qaldırılmasına nəzarət olunur, o sahədə müəyyən tədbirlərin həyata keçirilməsi sürətləndirilir. Hər Azərbaycan vətəndaşının da bu sahədə öz rolu olmalıdır. Bu gün regionlarda tikilən üç mindən artıq məktəbi, 600-dən çox xəstəxananı, 15 min km-dən artıq çəkilən yolu gizlətmək mümkün deyil. Eləcə də digər sosial obyektlər var ki, onları gizlətmək olmaz. Yaxud şəhid ailələrinə verilən mənzilləri, sosial müavinətlər, pensiyalar, digər güzəştləri gizlətmək mümkün deyil. Bunu Azərbaycana gələn xarici ekspertlər, qonaqlar da, turistlər də görür. Bu siyasət bu gün müvəffəqiyyətlə yerinə yetirilir və bundan sonra da iqtisadi nailiyyətlərimiz qat-qat yüksək olacaq”.
T.Rzayevin fikrincə, elə bir ölkə yoxdur ki, vətəndaşının ərzaq təhlükəsizliyini düşünməsin: “Hər bir təşkilat ölkənin ərzaq təhlükəsizliyini öz fəallığını ortaya qoymalıdır. Bizdə əvvəlki ilə nisbətən taxıl istehsalı qat-qat artıb. Çünki ərzaq təhlükəsizliyi üçün çox vacibdir. Digər kənd təsərrüfatı məhsulları var ki, o cümlədən heyvandarlıq məhsulları, ət, süd, yağ, yumurta onların da istehsalı artıb. Bizim ərzaq təhlükəsizliyimizin təmin edilməsi, birinci bizim insanların rahat yaşaması, sağlam böyüməsi üçün çox vacibdir. Ölkə başçısı da bütün yığıncaqlarda bunu qabardır, qarşıya qoyur ki, Azərbaycan öz daxili imkanları hesabına ərzaq təhlükəsizliyini təmin etməlidir. Yeri gəldikdə müəyyən məhsulları xaricə də ixrac etməliyik”.
Yekun olaraq qeyd edək ki, hazırda regionlarda fəaliyyətə başlayan sənaye mərkəzləri, həyata keçirilən abadlıq-quruculuq işləri, yeni məktəblərin, mədəniyyət ocaqlarının tikintisi, infrastruktur layihələrin icrası, həqiqətən də, ölkəmizin dinamik inkişafının göstəricisidir. Bu istiqamətində bundan sonra da reallaşacaq tədbirlər regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
19.01.2020
XİN: 20 Yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır
18.01.2020
20 Yanvar faciəsini törədənlərin heç biri bu günə qədər cəzalarını almayıb
18.01.2020
Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək
18.01.2020
Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir
18.01.2020
Mənzil və avtomobillə təmin edilən 20 Yanvar şəhid və əlil ailəsinin sayı açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info