Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov Prezidentə klinikanın fəaliyyəti və burada yaradılmış şərait haqqında məlumat verib. Bildirilib ki, klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir.
İl ərzində burada 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə tədrisi ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olacaq. Diqqətə çatdırıldı ki, klinikada üç min kvadratmetr ərazidə xüsusi cihazlar və simulyasiya aparatları ilə təchiz olunmuş tədris mərkəzi yaradılıb. Bu tibb ocağında həm diaqnostik müayinələr aparılacaq, həm də endoskopik əməliyyatlar icra ediləcək. Qeyd olunub ki, orijinal memarlıq üslubunda inşa edilən 13 mərtəbəli binanın həyətində geniş abadlıq-quruculuq işləri aparılıb. Klinikada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşüb. Universitetin rektoru Əhliman Əmiraslanov, kafedra müdiri Adilə Namazova, ikinci kurs tələbəsi Xatun Məmmədova Azərbaycanda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlıq ediblər. Sonra dövlətimizin başçısı və xanımı görüşün iştirakçıları ilə söhbət edbilər.
|