“Rəqabətədavamlı gənc kadrlar hazırlanmalıdır”
Tarix: 13.09.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Kulturoloq Vüsalə Məmmədzadə: “Gənc olmasına baxmayaraq artıq Azərbaycan Turizm İnstitutu ali təhsil ocaqları arasında fərqlənməyə nail olub”

Ölkədə həyata keçirilən gənclər siyasətində bir sıra istiqamətlər öz əksini tapıb. Bu siyasətin reallaşmasında, gənc kadrların hazırlanmasında ali təhsil müəssisələrinin də mühüm rolu var. Müsahibimiz bu gün ölkədə prioritet sahələrdən olan turizm sektoru üçün gənc kadrların hazırlanmasında mühüm rolu olan Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının baş müəllimi, kulturoloq Vüsalə Məmmədzadədir:
- Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir. Məhz bunun nəticəsidir ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir.
Yeni mərhələdə gerçəkləşdirilən siyasət isə ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Təsadüfi deyil ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz dövlətin diqqəti və qayğısı nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Onu da qeyd edək ki, gəncliyin inkişafı ilə əlaqədar ölkəmizdə bir sıra vacib sənədlər, dövlət proqramları qəbul edilərək icra olunur. Xatırladaq ki, Prezident İlham Əliyev 2005-ci il avqust ayının 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncam gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədini daşıyırdı. 2005-2009-cu illəri əhatə edən bu proqramda gənclərin və yeniyetmələrin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, social problemlərinin həlli, o cümlədən, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və s. məsələlər əksini tapırdı. Vurğulamaq yerinə düşər ki, həmin proqramın tələblərinə uyğun olaraq bu istiqamətdə qarşıda duran bütün vəzifələrin dəqiqliklə həyata keçirilməsində uğurlu addımlar atılıb. Eyni zamanda, 2007-ci ilin ölkəmizdə “Gənclər ili” kimi qeyd edilməsi dövlətimizin gənclərə olan münasibətinin bariz ifadəsidir.
- Gənclərin məşğulluq məsələlərinin həlli məqsədilə təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Heydər Əliyevin başçılığı ilə 1969-82-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi. Məktəbəqədər tərbiyə müəssisələrinin, orta və orta ixtisas məktəblərinin, ali təhsil ocaqlarının sayı, təlim-tərbiyə işinin keyfiyyəti yeni mərhələyə daxil oldu. Təhsildə qabaqcıl texnologiya-linqafon kabinələri və digər texniki vasitələrin tətbiqi genişləndi. Bu dövrdə ölkədə Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu və yeni pedaqoji institutlar açıldı. Azərbaycan gənclərinin SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa qabaqcıl ali məktəblərində təhsil almasının təşkilinə xüsusi önəm verildi. 1969-cu ildə Azərbaycandan kənarda təhsil almağa göndərilən, əsasən də qeyri-azərbaycanlılardan ibarət olan tələbələrin sayı cəmi 47 nəfər idisə, 1980-ci ilin əvvəlllərində əksəriyyətini Azərbaycanlılar təşkil edən tələbələrin sayı 3500 nəfərə çatmışdı. 1972-ci ildən etibarən Azərbaycandan SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə 300-400 nəfər göndərilirdisə, 1980-ci illərin əvvəllərində 800-1000 nəfər idi. Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci il iyunun 20-də azərbaycanlı gənclərdən zabit kadrları hazırlanmasında böyük rolu olan Bakıda C.Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış internat məktəbi açıldı. Bu, böyük tarixi uzaqgörənlik, zamanı və vaxtı qabaqlamaq idi. Həmin siyasət bu gün də davam etdirilir. Belə ki, təhsilin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirlir. Bunlardan biri kimi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi bütün təbəqədən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkan yarandı. Bunun ardınca isə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı sərəncam imzalandı. Bu sərəncamdan bir neçə ay sonra - 2011-ci il iyulun 7-də isə ölkə başçısı bu Dövlət Proqramını təsdiq edib. Qeyd edək ki, bu sənəd bir sıra əsas vəzifələrin həllini nəzərdə tutur. Belə ki, gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi, onların məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması bu vəzifələrin sırasındadır. Eyni zamanda, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, gənc ailə institutunun möhkəmləndirilməsi kimi vacib məsələlərə dövlət tərəfindən daha da diqqət artırılır.
- Bu gün gənc kadrların hazırlanması prioritetdir. Məhz bu istiqamətdə ATİ-də həyata keçirilən tədbirlərlə bağlı nə deyərdiniz?
- Bəli, bizim institutda əsasən təcrübəli, yaşlı kadrlarla bərabər gənc, savadlı, intellektual kadrlar işə cəlb olunur. Bunu da cox müsbət qarşılayıram. Çünki kollektivimizdəki gənc kadrların əksəriyyəti xarici dövlətlərin ən nüfuzlu ali məktəblərində təhsil alıblar.
ATİ özünün beynəlxalq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. 4 iyul 2007-ci il tarixdə Mədəniyyət və Turizm Nazirliyi və ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə şərtlərinə əsasən I kursun sonunda IELTS proqramı üzrə 6 baldan yuxarı nəticə göstərən tələbələr 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edirlər. İki diplom almış tələbələr IMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər dünyanın istənilən ölkəsində işlə təmin olunmaq imkanı əldə edirlər. Moskva Dövlət Humanitar Universiteti, Almaniyanın Oldenburq Tətbiqi Elmlər Universiteti, Şimali Kipr Girne Amerika Universiteti, Şimali Kipr Doğu Akdeniz Universiteti, ABŞ-ın Havay Universiteti kimi ali təhsil müəssisələri, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəxalq Assosiasiya (IAEA), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ), USAİD, İUCN, İnWent, Almaniyanın Ekologiya Nazirliyi və UMİD kimi təşkilatlarla da sıx əməkdaşlıq edilir. Azərbaycan Turizm İnstitutu təhsillə yanaşı turizm sahəsinin tədqiqinə də xüsusi diqqət ayırır. 2007-ci ildə BMTİP-in “Ölkə daxili turizmin inkişafına kömək etməklə Azərbaycanda yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” layihəsi çərçivəsində yaradılmış Tədqiqat və İnkişaf Mərkəzi bu istiqamətdə fəaliyyət göstərir.
ATİ elmi və ictimai fəaliyyətində gənc olduğu qədər də aktivdir. İstər ölkə, istərsə də beynəlxalq səviyyədə bir çox konfransların iştirakçısı və təşkilatçısı olub. Tələbələrin fəal tələbə həyatı yaşaması üçün hər cür şərait yaradılıb. Məlumat üçün onu da qeyd edə bilərəm ki, 2013-2014 cü tədris ili qəbul planı üçün elan verilmiş bütün yerlər dolub. Bu da onu göstərir ki, Azərbaycan Turizm İnstitutuna maraq böyukdur. Gənc olmasına baxmayaraq artıq Azərbaycan Turizm İnstitutu Azərbaycanın ali təhsil ocaqları arasında öz adı-ATİ brendi ilə fərqlənməyə nail olub. Yeni tədris ilində institutumuz yeni fakultələri və ixtisasları ilə tələbələrini qarşılayacaq. Belə ki, bu il yeni açılmış Xidmət mühəndisliyi, Turizm qonaqpərvərliyi, Menecment və Marketinq fakültələri var. Gündən-günə inkişaf edən ATİ turizm sahəsində təkcə Azərbaycanın yox, bütün regionun öncül təhsil, təlim və tədqiqat mərkəzi olmağı özünə hədəf seçib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info