“Bu günün gənc tamaşaçısını səhnədə aldatmaq olmur”
Tarix: 14.09.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Anar Heybətov: “Aktyorun inkişafında ilk növbədə yaxşı pyes və bacarıqlı rejissorun olması vacibdir”

Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətovdur:

- Bu gün teatrda aparıcı aktyorlardan birisiniz. Sizin bugünkü gənc nəsil aktyorların teatrda inkişafına münasibətiniz necədir?
- Ümumiyyətlə, bu sənətə həvəs göstərən istedadlı gənclərin bir-iki il ərzində teatrda fəaliyyətə başlayaraq inkişaf etmələri qeyri- mümkündür. Çünki öncə ali təhsil alırsan. Daha sonra sənət barədə müəyyən dərəcədə bilik bazan mövcud olur. Amma sənət təcrübəsi, böyük səhnələrə çıxmaq, inkişaf etmək- bunların hamısı uzun zaman tələb edir. Şübhəsiz ki, səni izləyən tamaşaçı da bütün bunları hiss edir.
Bu günləri teatrımızda çox istedadlı gənclər fəaliyyət göstərir. Onların arasında bir neçəsi inkişafa doğra gedir. Mən inanıram ki, istedadlı gənc aktyorlar bu sənətdə öz sözlərini deyəcəklər.
Bir aktyorun peşəkar kimi inkişafında təbii ki, yaxşı pyeslər, güclü rejissor heyətinin olması vacibdir. Məsələn, aktyor illərdir müxtəlif tamaşalarda rol alıb, amma bu günə qədər heç bir rolundan söz açmır. Çünki heç bir rolunda özünü göstərə bilməyib. Lakin bir rejissor yaxud mükəmməl bir pyes ola bilər ki, aktyor uzun illər boyu göstərə bilmədiyi imkanlarını o tamaşada büruzə verə bilər. Təbii ki, aktyorun inkişafında ilk növbədə yaxşı pyes və bacarıqlı rejissorun olması vacibdir.
- Səhnələşdirilən tamaşaların əsas məğzi nə ola bilər ki, bugünkü cəmiyyət üçün daha keyfiyyətli olar?
- Tamaşaların mövzuları müxtəlif olur. Ailə, məişət və tarixi mövzuda olan əsərlər səhnələşdirilir. Məsələn teatrda tarixi mövzuda əsərlərin səhnələşdirilməsini müsbət sayıram. Bizim zamanda da belə idi, elə indi də belədir, hər gənc tarixlə yaxından maraqlanmır. Kimdənsə eşidib, yaxud ekrandan məlumat alırıq. Amma teatra gəlib bir-iki saat ərzində tarixi tamaşaya baxan gəncin müəyyən qədər Azərbaycan tarixindən məlumatı olur. Bir çox gənc var ki, müxtəlif sahələrdə çalışır, lakin tarixi kitab oxumağa vaxtı olmur. Belə tamaşalar cəmiyyətdə gənclərin inkişafına və dünya görüşlərinin artmasına səbəb yaradır.
Yaxud tərbiyəvi əhəmiyyət daşıyan tamaşalarımızdan Əli Əmirlinin “Varlı qadın” tamaşası. Bu tamaşa komediya mövzusu olsa da, bir ailənin faciəsi idi. Tamaşada bir ailənin başına gələn hadisə real həyatda mövcud bir hadisədən bəhs edir. Lakin biz bu tamaşanı komedik janrda oynayırdıq. Bu tamaşada da tərbiyəvi əhəmiyyət daşıyan səhnələr var idi. Tamaşada ata rolunu mərhum sənətkarımız, Şəyavuş Aslan, ana rolunu Firəngiz Mütəllimova və oğulu mən ifa edirdim. Burada ataya qarşı böyük haqsızlıqların olunduğu görünsə də tamaşaçılar bunu yaxşı tərəfdən izləyib ibrət götürürdülər. Mən bu haqda tamaşaçılardan eşidirdim.
-Cəmiyyətdə gəncləri teatr mədəniyyətinə yönəltmək üçün hansı mövzulu əsərlər daha çox cəlbedici olur? Klassik, yaxud müasir əsərlərlə?
- Təbii ki, klassikanı bilmək lazımdır. Həm oxumaq, həm də klassik əsərlərin tamaşaya qoyulması vacibdir. Lakin müasirliyə də diqqət vermək lazımdır. İndi elə zəmanədə yaşayırıq ki, tamaşaçılarımız da o dövrün tamaşaçısı deyil. Zaman keşdikcə zövqlər, düşüncələr də dəyişir. Məcazi mənada desək, bu günün gənc tamaşaçısını səhnədə aldatmaq olmur. Üstəlik texnologiyanın inkişaf etdiyi dövrdə. Hər kəsin evində azı 50-60 tv kanal var və hər kəs gün ərzində bir çox dünya kanallarına baxırlar. Və teatr haqqında da məlumatları mütləq şəkildə olur. Zəif tamaşanı tamaşaçı dərhal görür və nöqsan tutur. Bunun üçün də biz çalışırıq ki, hansı mövzuda olur olsun tamaşaçının səhnə qarşısında zövqünü oxşayaq. Çünki bu gün tamaşaçı zövqü çox dəyişib.
Bu ayın 21-i Əli Əmirlinin əsərinin Azər Paşa Neymətovun quruluşunda “Şah Qacar” tamaşasının premyerası olacaq. Düşünürəm ki, bu tamaşa da çox böyük marağ və rəğbətlə qazanacaq.
-Teatrın repertuarında “Şah və Şair” tamaşası da var. Bu tamaşa tarixi mövzuda olsa da ssenari tam fərqli səpkidədir. Tamaşaçının bu tamaşaya münasibəti necə oldu?
- Mən bu tamaşa haqqında müxtəlif fikirlər eşitmişəm. Bu tamaşa bizim teatrın məhsuludur deyə, mən bu barədə heç bir rəy bildirmək istəməzdim. Əlbəttə siz bildirdiniz ki, burada rejissor bir fərqli yanaşıb. Bu tamaşada həm müasirlik, həm də rejissorun öz yanaşması və fikri var. Mən bu tamaşaya pis deyə bilmərəm. Çünki tamaşanın rejissoru Mikayıl xırda detala qədər həssaslıqla yanaşıb. Onun tamaşada zəhməti çox böyükdür.
- Aktyorluq sənəti Türkiyədə tam başqa səpkidədir. Orada aktyorlar teleserialların böyük həcmdə ekranlaşdırılmasına baxmayaraq, teatr həyatına üstünlük verirlər. Baxmayaraq Türkiyədə serial tələbatı və marağı daha böyükdür. Bəs sizin üçün necə, teatr yoxsa teleserial önəm daşıyır?
- Mən düşünürəm ki, bütün aktyorlar üçün fikir eynidir. İlk növbədə teatr. Aktyor teatrda yaradıcılığını hər zaman genişləndirməlidir. Serial bu gün baxılır, sabah unudulur. Ancaq teatra sevgi və maraq hər zaman yaddaşlarda həkk olunur. O heç zaman unudulmur. Misal üçün, mən bir mövsüm seriala çəkilim, beş mövsüm çəkilməyim. Ancaq teatr sənəti hər zaman var.
Birmənalı şəkildə deyə bilərəm ki, teatr filmdən çətindir. Səbəb... pərdə açıldı və biz səhnəyə çıxdıq. Burada tamaşaçı bizi görür və rollarımızı izləməyə hazırdır. Eyni zamanda biz də tam şəkildə hazır olmalıyıq. Çünki biz səhnədəyiksə, canlı şəkildə obrazı yaradırıq. Ekran deyil ki, səhv etdiyimiz anı bir daha təkrar edib lentə yazdıraq. Teatr canlı sənətdir. Səhnəyə çıxdın, sən obrazın sahibisən. Yaxud obraz sənə sahib olur.
-Dünya teatr səhnələrilə bizim teatr səhnəsi arasında müqayisələr olunur?
- Biz o qədər dünya teatr tamaşalarını mütamadi olaraq izləyə bilmirik. Lakin beynəlxalq festival zamanı möhtəşəm tamaşalara baxa bilirik. Biz də teatr ocağı olaraq ən yaxşı tamaşalarımızla dünya festivallarında iştirak edirik. Gördüyüm və müşahidə etdiyim qədər elə də böyük fərq görülmür. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bir çox festivallarda çıxış edib. 2001-ci ildə Türkiyənin Trabzon şəhərində keçirilən festivalda, “Hamlet” tamaşası ilə iştirak etdik. Həmin festivalda bizim oynadığımız tamaşa ən yaxşı tamaşa seçildi. Festivalda təxminən 10-15 ölkədən nümayəndə iştirak edirdi. Bu tamaşa da Azər Paşa müəllimin quruluşunda idi.
Sadəcə onu vurğulaya bilərəm ki, dünya ölkələrində tamaşaçının teatra diqqəti tamam başqadır. Tamaşaçının teatra qarşı mədəniyyəti tamam başqadır. Məsələn, Moskvada “Bolşoy teatr”da bir tamaşanın bileti 2-3 ay əvvəlcədən satılır. Ancaq mən teatrda fəaliyyət göstərdiyim gündən Azərbaycanda belə işlə qarşılaşmamışam. Bəlkə də bizdən qabaq olub. Ancaq çox arzu edirəm ki, elə tamaşalarımız olsun ki, ən azı tamaşaya 4-5 gün qalmış biletlər alınıb qutarsın.
Belə düşünürəm ki, yaxşı tamaşalarımız da olsa, onların reklam olunması ən vacib şərtlərdən biridir.
- Bundan sonrakı həyatınızda teatrın dəyərini necə ifadə edə bilərsiz?
- Düzü bilmirəm necə ifadə edim. Mən bir kəlmə də deyə bilərəm. Ancaq düşünürəm, o zaman da deyə bilmədiyim sözlərdə çox olar. Çünki bu gün sahibi olduğum bu sənətin böyük aşiqiyəm. Ali təhsilimi bitirdiyim ildən-1999-cı ildən burada çalışıram. Teatrın ay yarımlıq məzuniyyət vaxtında mənim üçün çox darıxdırıcı günlər olur. Çünki səhnə, tamaşa salonu və obrazlar mənim üçün həyatın özüdür. Ayrı qaldığım dövrdə sanki sıxıntılı günlər keçirirəm. Düşünürdüm ki, bəlkə də bu, yalnızca məndə mövcud olan bir hissdir. Lakin sənət dostlarımdan da bu cür sözlər eşidəndə bir qənaətə gəldim ki, əsl sənətə qiymət verən şəxs sənətdən ayrı qala bilmir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info