“Erməni lobbisi Aurelia Qriqoriuya təhdidləri dayandırmır”
Tarix: 14.09.2013 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Gülnarə Bağırova: “Bakıdan hər gün aldığı dəstək mesajlarının onu ruhlandırdığını qeyd edən ombudsman Azərbaycan xalqının yanında olmağı özü üçün qürur saydığını bildirdi”

Xəbər verildiyi kimi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) 5 nəfərlik nümayəndə heyəti Moldovada Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" Proqramı çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər. Səfər müddətində ADTGT təmsilçiləri Moldovanın Parlament Ombudsmanı Aurelia Qriqoriu ilə də görüşüblər. Nümayəndə heyətinin rəhbəri, ADTGT-in sədr müavini Gülnarə Bağırova iştirak etdikləri tədbir və xanım Aurelia ilə görüşü barədə təəssüratlarını eksklüzv olaraq qəzetimizə bildirib:


-Gülnarə xanım, iştirak etdiyiniz beynəlxalq tədbirin məqsədi nə idi?
-Kişinyovda keçirilən tədbir Avropa Komissiyasının "Youth in Action" Proqramı çərçivəsində Moldova Gənclər Hökuməti (MGH) tərəfindən təşkil olunmuşdu və gənclərin mübadiləsini, inteqrasiyasını nəzərdə tuturdu. Tədbir "Müxtəliflik-Tolerantlıq-Birlik" adlanırdı və təlim, işçi qruplar, dini və milli etnik qrupların festivalının, flaşmoblarının keçirilməsi formatında keçirildi. İki həftə bundan öncə layihənin işçi hazırlıq görüşü keçirildi. Layihədə 8 ölkə - Moldova, Azərbaycan, Latviya, Ukrayna, Rumıniya, Gürcüstan, Bolqarıstan və Belarus gəncləri və gənclər təşkilatları təmsil olunurlar. Azərbaycandan bu layihədə Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) böyük heyətlə iştirak edir. Hazırlıq görüşündə və mübadilə proqramında 6 gənc fəalımız iştirak edib. ADTGT Moldova Gənclər Hökuməti ilə çox sıx tərəfdaşlıq münasibətlərinə malikdir və bu əməkdaşlıq bu il təşkilatımızın Masallıda keçirtdiyi beynəlxalq tədbirdə rəsmi protokolla da əhatə olunub. ADTGT-nin dəvətilə 2012-2013-cü illərdə MGH-nin 10 funksioneri, o cümlədən, sədr və müavinləri Azərbaycanda olub və təşkilatımızın müxtəlif beynəlxalq layihələrində, xüsusilə də, təşkilatımız tərəfindən əsası qoyulan Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsinin işində fəal iştirak ediblər. Hal-hazırda isə ADTGT fəalları Moldovada əsas partnyor olaraq iştirak edirlər. Bu əməkdaşlıq yaxın dövrlərdə daha geniş layihə və proqramlarda davam edəcəkdir.
- Xanım Aurelia Qriqoriu də tədbirdə iştirak edirdi, yoxsa onunla başqa yerdə görüşdünüz?
-Onu qeyd edim xanım Aurelia ilə bizim 2 görüşümüz oldu. Bunlardan biri 2 həftə bundan öncə Kişinyovda keçirilən layihənin hazırlıq görüşü zamanı mənimlə təklikdə, digəri isə bu günlərdə ADTGT-nin 5 nəfərlik heyətinin mübadilə proqramında iştirakları zamanı. Hər iki görüş çox maraqlı, yaddaqalan və qarşılıqlı müzakirələr şəraitində oldu.

“Təəssüflər olsun ki, Moldovanın hakimiyyət strukturları buna biganə qalır və heç bir reaksiya vermirlər”


Onu qeyd edim xanım Aurelia hər iki görüşə çox böyük diqqət ayırdı, sadəliyi ilə bir daha seçilərək bizim Kişinyovda yerləşdiyimiz otelə özü şəxsən təşrif buyurdu. Bu cəsur, mübariz qadınla görüşdə onun kövrək hisslərini də unutmaq mümkün deyil. Azərbaycan, onun haqlı-ədalətli mövqeyi haqqında danışdıqca moldovalı ombudsman öz göz yaşlarını saxlaya bilmirdi. Bakıda olanda onunla demək olar ki, hər gün yazışır, danışırdıq və onun səhifəsində ermənilərin çirkin, qarayaxma və təhqirlərinə bizim verdiyimiz tutarlı cavabları yüksək qiymətləndirirdi. ADTGT-nin dəstəyindən məmnun qaldığını qeyd edən xanım ali komissar gənclərimizlə mehriban, çoxdan tanıdığı insanlar kimi söhbət edirdi.
- Ermənilər bu gün də ona təzyiqlər edirmi?
-Bəli, hətta deyərdim ki, bu təzyiqlər davam etməkdədir. Xüsusən də, Moldovada olan erməni lobbisi, onların təsiri altında olan qurumlar, şəxslər, KİV-lər xanım Aureliayaya təzyiq və təhdidlərini dayandırmırlar. Bu yaxınlarda Rusiya Erməni İttifaqının rəhbərliyi Kişinyovdakı əlaltılarına xüsusi tapşırıqlar verərək, moldovalı ombudsmanın fəaliyyətini pozmağa, onun nüfuzunun zədələnməsinə yönələn hərəkətlərə start verib. Xanım Aurelianın mətbuat konfransları ermənilər tərəfindən dəfələrlə pozulur və ona elementar fikir bildirmək imkanları məhdudlaşdırılır. Təəssüflər olsun ki, Moldovanın hakimiyyət strukturları buna biganə qalır və heç bir reaksiya vermirlər. Onun toxunulmazlığı belə təhlükə altındadır.
-Ümumiyyətlə, xanım Aurelia ermənilərin təzyiqləri haqda nə danışırdı?
-Ermənilərin təzyiqləri onun İrəvanda işğalçı ölkənin parlament tribunasından bütün avropalı və ermənistanlı iştirakçıların üzünə birbaşa işğal və onun törətdiyi fəsadlar haqqında açıq-aşkar fikr bildirməsindən dərhal sonra başlayıb və bu gün də davam etməkdədir. Bu gün Kişinyovda xanım Ombudsman öz normal fəaliyyətini qurmaqda belə ermənilərin təzyiqləri ilə üzləşir. Erməni təsiri altında olan QHT və KİV-lər onun haqqında hədə və təhqir dolu fəaliyyətlərini də davam etdirməkdədirlər. Burada da əsas məqsəd xanım Aurelianın ermənilərdən üzr istəməsinə nail olmaqdır. Təəssüf ki, Moldovanın hakimiyyət dairələri bu məsələlərə seyrçi qalmaqdadır. Onun və aparatının fəaliyyətini iflic etmək üçün süni şəkildə maliyyə ayırmaları dayandırılır, onu işinin öhdəsindən gələ bilməyən şəxs kimi təqdim etmək siyasəti aparılır. Bu gün fəaliyyəti ilə bağlı bəzi məsələləri özünün və həyat yoldaşının maliyyəsi və dəstəyi ilə həyata keçirməyə məcbur olub. Təhlükəsizliyi baxımından hər bir yerə həyat yoldaşı ilə getmək məcburiyyətində qalıb.
-Azərbaycanda ona olan dəstək və sevgidən xəbəri varmı?
-Azərbaycanın bütün ictimaiyyətinin ona olan dəstəyini, sevgisini hədsiz məhəbbətlə vurğulayan xanım Aurelia xalqımız haqqında ürək dolusu sözlərini saatlarla bizə çatdırdı. Bu yaxınlarda Heydər Əliyev medalı ilə təltif olunmağını böyük sevinclə qarşılayıb. Bakıdan hər gün aldığı dəstək mesajlarının onu ruhlandırdığını qeyd edən xanım ombudsman Azərbaycan xalqının yanında olmağı özü üçün qürur saydığını bildirdi. Azərbaycan KİV və QHT-lərinin onun müdafiəsindəki rolunu böyük coşğu ilə qeyd edən xanım Aurelia Bakıdan olan dəstəyin onu ruhlandırdığını və mübarizəsində mətin olmağına stimul yaratdığını bildirdi.
-Azərbaycana yenə də gəlmək planı varmı?
-Yaxın vaxtlarda, yəni bu ilin sonuna qədər Azərbaycana yenidən gələcəyini bildirdi və gözəl məmləkətimizə, xalqımıza olan isti münasibətinin daimi olduğunu bir daha vurğuladı. Azərbaycandan ona çoxsaylı dəvətlərin gəldiyini bildirən xanım Aurelia yaxın vaxtlarda Bakıya gələrək buradakı dostları ilə görüşüb, ətraflı müzakirələr aparmaq fikrindədir.
-Sizdən əvvəl də Azərbaycandan onunla gedib görüşən olubmu?
- Az da olsa, Azərbaycanın bir çox KİV və QHT təmsilçiləri onunla görüşüblər, müsahibə götürüblər, fikir mübadiləsi aparıblar. Amma əsasən Bakıdan onunla yazışmalar çox aparılıb, birbaşa ünsiyyət az olub. Hətta baxmayaraq ki, Kişinyovda Azərbaycan diasporu da güclüdür, onlar da onunla az ünsiyyətdə olublar. Halbuki, onun mətbuat konfransında jurnalistlərdən çox erməni diasporunun nümayəndələri iştirak edirdilər. Ümumiyyətlə, biz bu qadının mübariz və qorxmazlığına görə daim yanında olmalı, onu hər zaman dəstəkləməliyik.
-Ermənilərlə bağlı perspektiv işləri haqda nə dedi?
-Onun bir əsas məqsədi ermənilərin işğal faktlarını, beynəlxalq konvensiya və qətnamələri icra etməməsini avropalı parlamentarlara çatdırmaq və onları bu ədalətsizliyə qarşı öz etirazlarını bildirməyə çağırmaqdır. Artıq bu sahədə Avropa Parlamentinin bir neçə üzvü (Almaniya, Rumıniya və s.) öz kəskin etirazlarını bildiriblər və bu prosesin davamlı olacağını söylədi bizə xanım Aurelia. Yaxın perspektivdə bir neçə nüfuzlu beynəlxalq konfransa da dəvət aldığını və orada da bu məsələləri qaldıracağını və ölkəmizin haqlı işini daim müdafiə edəcəyini vurğuladı.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info