ABŞ mediasında erməni lobbisini dəstəkləyən qanunvericilər ifşa edilib
Tarix: 17.12.2019 | Saat: 19:35:00 | E-mail | Çapa göndər



Amerikada çıxan “The Daily Wire” qəzetində Haym Salomon Mərkəzinin prezidenti və icraçı direktoru cənab Pol Millerin məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, materialda ABŞ Konqresinin Prezident Donald Trampın impiçmentini reallaşdırmağa çalışan ermənipərəst üzvlərindən bəhs edilir.

Məqalədə uzun müddət erməni lobbisini dəstəkləyən qanunvericilərin ikili standartlar mövqeyi tutması ifşa edilir.
Nümayəndələr Palatasının üzvü Adam Şiff başda olmaqla Konqresdə Trampın impiçmenti üzrə işin araşdırılması ilə məşğul olan bir qrup qanunverici Amerika KİV-lərində Tramp administrasiyasının güman edilən korrupsiyasının və başqa dövlətin rəhbərliyinin ABŞ-da seçki prosesinə cəlb edilməsinin təhqiqatı bağlı “xəbərlər yaratmaqda” davam edir. Müəllif qeyd edir, Adam Şiff və onun həmkarları əvvəlcə “öz evlərində qayda yaratmalıdırlar”.
Belə adlandırılan Ümumerməni “Hayastan” fondu (“Ermənistan fondu”) yaxın vaxtlarda keçirdiyi illik telemarafon zamanı cəmi 10 milyon dollar yığıb. Xatırladaq ki, bir il bundan əvvəl fondun direktoru Ara Vardanyan ona etibar edilmiş maliyyə vəsaitlərindən qanunsuz istifadəyə pul vəsaitlərini israf etdiyinə görə ittiham üzrə həbs edilib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə həmin telemarafon zamanı 11,1 milyon dollar, 2017-ci ildə 12,5 milyon dollar, 2016-cı ildə 15,4 milyon dollar, 2008-ci ildə isə 35 milyon dollar yığılmışdı. Göründüyü kimi, məbləğ azalmaqda davam edir.
Miller vurğulayır ki, məsələn, demokratlar Adam Şiff, Ceki Şpeyer, Frenk Pallone, Tulsi Qabbard və Bred Şerman illər boyu bu “azalan fond”un tərəfdarları və telemarafonun qonağıdırlar. Onlar hamısı Trampın impiçmentinin qızğın tərəfdarlarıdır.
Müəllif yazır ki, bu demokratların belə fəal dəstəklədiyi “Ermənistan fondu”nun özünün ABŞ-ın daxili işlərinə xarici müdaxilədə əli var.
“Ermənistan Fondu”nun problemləri artıq onun yaradıldığı andan başlanıb. 1992-ci ildə Ermənistan prezidentinin fərmanı ilə yaradılmış və 1994-cü ildə Los-Ancelesdə fəaliyyətə başlamış fond özünü “Ermənistan Respublikasının və Arsax respublikasının ehtiyaclarına xidmət edən” və “erməni xalqı üçün daha yaxşı vətən yaratmaq məqsədilə Ermənistan xalqını bütün dünyada erməni diasporu ilə birləşdirmək missiyasını yerinə yetirən humanitar təşkilat” adlandırır. Miller qeyd edir ki, “Arsax” termini ermənilər tərəfindən Dağlıq Qarabağ - BMT-nin Ermənistanı pisləyən qətnamələrinə rəğmən erməni qoşunları tərəfindən işğal edilmiş Azərbaycan ərazisi barəsində istifadə olunur.
Ermənistan Fondu Konqresdə öz tərəfdarları üçün bir növ dilemma yaradır: demokratlar, bir tərəfdən, impiçment prosesi zamanı prezident Trampın tərəfdaşlarını qeydiyyatdan keçməmiş xarici agentlər kimi fəaliyyətinə görə ittiham etmək və eyni zamanda, bu fakta məhəl qoymamaq istəyirlər ki, xarici hökumət tərəfindən təsis edilmiş və idarə heyətinin sədri Ermənistanın keçmiş prezidenti olan fond özü də xarici agentlərin qeydiyyatı haqqında Qanuna uyğun olaraq qeydiyyatı alınmayıb?
Məqalənin sonunda müəllif yazır ki, bu qanunvericilər vəsait yığımı və lobbiçilik üzrə erməni-amerika aparatından uzaqlaşmasalar, onlar praktik olaraq xarici təsir və prezidentin impiçmenti haqqında müzakirələrdə cəmiyyətin etimadını qazana bilməyəcəklər.

Tarix İnstitutunun elmi dəstəyi ilə Ankarada Xocalı soyqırımı kompleksi yaradılır

Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri, türkiyəli iş adamı Əhməd Baba ilə görüş olub.
AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, tədbiri institutun direktoru, akademik Yaqub Mahmudov açaraq iştirakçıları salamlayıb. O, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: “Dostluq və qardaşlıq Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərini təşkil edir. Türkçülüyün vətəni Azərbaycandır. Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb”.
Daha sonra türkiyəli qonaq çıxışında deyib ki, Türkiyə və Azərbaycan ən ağır dönəmlərində bir-birlərinə dəstək olublar. Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünya üçün bir nümunədir.
Görüş çərçivəsində Ankara şəhərində tikintisi başlanan Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsi barədə məlumat verilib. Bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən universitet ərazisində fəaliyyət göstərəcək. Layihə Tarix İnstitutunun elmi dəstəyi ilə yaradılır.
Bildirilib ki, Ankaradakı Yıldırım Bəyazid Universitetində dünya ölkələrindən, o cümlədən türk respublikalarından olan tələbələr təhsil alır.
Əhməd Baba deyib ki, bu layihə Xocalı soyqırımının dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. 1,5 hektar ərazidə Xocalı şəhidlərinin sayına uyğun olaraq 613 ağac əkiləcək. Orada ilk ağaclar 2018-ci ilin fevralında Xocalı soyqırımının ildönümündə əkilib. Parkda sonsuzluq işarəsi formasında yaradılacaq abidə Azərbaycan-Türkiyə qardaşlığını, Türkiyənin bütün məsələlərdə olduğu kimi, Xocalı soyqırımı məsələsində də sonadək Azərbaycanla həmrəy olduğunu simvolizə edir. Kompleksin tikintisinin 2021-ci ildə başa çatdırılması planlaşdırılır. Esenboğa Hava Limanının yaxınlığında yaradılan kompleks enmə və qalxma zamanı təyyarələrdən aydın görünəcək. Kompleksdə Xocalı şəhidlərinin adlarının əks olunduğu qranit ulduzlar olacaq, həmçinin 16 türk imperiyalarının bayraqları da dalğalanacaq.
Sonda Yaqub Mahmudov Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinə Tarix İnstitutunun nəşrlərini təqdim edib.

“Lavrovun bəyanatında Azərbaycanın lehinə, Ermənistanın əleyhinə fərqli məqam var”

Bu arada politoloq Mübariz Əhmədoğlu SİA-ya açıqlamasında deyib ki, Azərbaycan Ermənistan münasibətlərinin 2019-cu ilin yekunlarında hansı şəkildə irəliləməsi ilə əlaqədar yekdil formada istinad edə biləcəyimiz çox ciddi bir mənbə var. “O da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Bratislavada ATƏT-in minsterialında ermənistanlı həmkarı ilə görüşlə bağlı verdiyi açıqlamadır”, deyə o əlavə edib.
Politoloq bildirib ki, bu görüş çərçivəsində çox vacib məqamlar var. Bu məqamlardan biri də ondan ibarətdir ki, 2009-cu ildən bu tərəfə danışıqlar yenilənmiş Madrid Prinsipləri əsasında aparılır: “Burada birinci maddə İşğal altında olan 7 rayonun Azərbaycan nəzarətinə qaytarılmasıdır. Eləcə də orada Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün Dağlıq Qarabağ azərbaycanlıları öz yurdlarına qayıtması hökmən qeyd edilir. Danışıqların bu prinsiplər üzərində getməsinə Ermənistan etiraz etmir. Lakin Ermənistan tərəfi onu da bildirir ki, hazırki vəziyyətdə münaqişə hər hansı konkret sənəd üzərində müzakirə olunmur”.
M.Əhmədoğlu qeyd edib ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun bəyanatında Azərbaycanın lehinə, Ermənistanın əleyhinə fərqli məqam var: “Bu da ondan ibarətdir ki, məhz görüşün getdiyi vaxtda Ermənistan tərəfi Lavrov planını ortaya atıb. Yəni, Lavrov planı ilə yenilənmiş Madrid prinsiplərindən fərqləri ondan ibarətdir ki, Madrid prinsiplərində qeyd olunur ki, orada tənzimləmə başlayanda Dağlıq Qarabağın statusu Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı ilə müəyyən olunmalıdır. Lavrov planı isə mərhələli həllə söykənir. Birinci mərhələdə 7 rayon Azərbaycana qaytarılır. Həmin rayonlardan olan məcburi köçkünlər öz yurdlarına qayıdır və yollar açılır. Dağlıq Qarabağın statusunun müəyyən olunması isə qeyri-müəyyən müddətət təxirə salınır. Belə demək olar ki, statusu müəyyən olunmur. Bu o deməkdir ki, ermənilər hazırda 2009-cu ildə qəbul edilmiş prinsiplərlə müzkirə edilən variantı daha təhlükəli hesab etdikləri üçün Lavrovun mərhələli vartiantını gündəmə gətirirlər. Azərbaycan da bunun əleyhinədir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info