Turizm obyektlərinə lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaq
Tarix: 16.09.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda (ATİ) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, institutun müəllim və tələbə heyətinin də iştirak etdiyi tədbirdə çıxış edən ATİ-nin rektoru, professor Cəfər Cəfərov bildirdi ki, artıq turizm sənayesində ATİ-nin 725 məzunu çalışmaqdadır.

ATİ-yə 600-dən artıq bal toplayan tələbələrin daxil olması turizm sənayesini dəyərləndirməyə əsas verir

Rektorun sözlərinə görə, 80-ə yaxın ATİ və Avstriyanın Tətbiqi-Elmlər Universitetinin diplomunu almış məzunlar bu sənayedə önəmli yer tutmaqdadırlar: “Tələbələr burada oxuduğu müddətdə həm keyfiyyətli bilik alacaqlar, həm də zəruri peşə vərdişlərinə yiyələnəcəklər. ATİ 7 illik fəaliyyəti dövründə ölkənin ali təhsil ocaqları sırasında bir sıra yeniliklərə ilk imza atanlardan sayılır. İnstitutumuzun məzunları ilk dəfə olaraq bakalavr pilləsində ikili diplom, həm ATİ, həm də IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını alıblar. 2013/2014 tədris ilində ikili diplom alanlar arasında magistr pilləsini bitirən məzunlarımız da olacaq. Bu tədris ilində ATİ-yə 11 ixtisas üzrə 375 tələbə qəbul olunub. Onlardan 369 nəfər qeydiyyatdan keçib. ATİ-yə qəbul olan tələbələrdən 218-i dövlət sifarişi əsasında, 151 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Bu ildən turizm və otelçilik ixtisası üzrə ingilis dilində təhsil alacaq xüsusi qrup təşkil olunub ki, onların sayı 20 nəfərdir. ATİ-nin tələbəsi adını qazananlardan 4 nəfər 600-dən artıq bal toplayıb”.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkədə bütün sahələrin inkişaf etdiyini, ölkəmizin beynəlxalq səviyyədə öz nüfuzunu təsdiq etdiyini bildirdi: “Azərbaycan regionun lider ölkəsinə çevrilib. Bu güclənmə prosesində həm mədəniyyətimizin, həm də turizmin xüsusi bir çəkisi və rolu var. Azərbaycan turizm sənayesi bu gün dünyada öz nüfuzunu sübut edir. Azərbaycan ÜTT-nin İcraiyyə Komitəsinin üzvüdür, maraqlı məqam odur ki, ölkəmiz cəmi 12 il bundan öncə ÜTT-yə daxil olub. Bu isə son illər ölkəmizin turizmdə əldə etdiyi nailiyyətlərdir. Prezident İlham Əliyev regionlara səfəri zamanı dəfələrlə qeyd edib ki, Azərbaycanda turizm sənayesi inkişafı prioritet və həlledici itiqamətlərdən biridir”. Hər il ölkədə onlarla yeni otel tikildiyini deyən nazirin sözlərinə görə, yalnız bu ilin yarım ilinin nəticələri onu göstərir ki, Azərbaycana gələn əcnəbilərin sayı 10 faizdən çox artıb: “Dünyada isə bu rəqəm cəmi 4 fazdir. Bu gün turizm dünyanın ən böyük sənayesidir. Milyonlarla insanlar çalışır və insanlar bir yerdən başqa yerə gedirlər. Sözsüz ki, hər ölkənin tarixi, mədəniyyəti, qonaqpərvərliyi təqdim edilməlidir. Məhz bu baxımdan da ölkəmizdə fəaliyyət göstərən ATİ mühüm rol oynayır. Bu gün ATİ təhsil sistemində qabaqcıl ali təhsil ocaqlarından biridir. Yeganə ali təhsil məktəbidir ki, ən yaxşı tələbələrə hətta iki diplom təqdim edir ki, bu diplomların ikisi də dünyanın nüfuzlu şirkətlərində çalışmağa imkan verəcək. Azərbaycan turizm sənayesində böyük bir ordu çalışır. Biz ümid edirik ki, bu ordunun qabaqcıl qüvvəsini ATİ-nin məzunları təşkil edirlər”.
Bundan sonra da ölkəmizdə təşkil olunacaq beynəlxalq tədbirlər zamanı ATİ-nin ən yaxşı tələbələri bu tədbirlərin uğurla keçirilməsinə öz dəyərli töhfələrini verəcəyini deyən nazir qeyd etdi ki, bundan sonra da ölkəmizi beynəlxalq tədbirlər gözləyir: “Ölkəmizdə keçiriləcək Avropa Olimpiya Oyunlarının hazırlığına başlamışıq. Orada da ATİ tələbələri çox fəal iştirak etməlidir, qonaqları ölkəmizlə tanış etməlidirlər. Biz fəxr edirik ki, ATİ-nin qəbul planı tam dolur və nəinki dolur, hətta 500-600-dən artıq bal toplayan tələbələr var. Bu, turizm sənayesini, real olaraq turizmin rolunu dəyərləndirməyə əsas verir. Odur ki, bu biliyin genişləndirilməsi, öz Vətəni üçün böyük töhfələr verə biləcək qabiliyyətdə olan mütəxəssislərin hazırlanması prosesi gedəcək”.
ATİ-də yeni fəaliyyətə başlayan, alman dili müəllimi kimi çalışacaq Anna Bauman isə Bakıda belə bir imkan qazandığına görə çox şad olduğunu bildirdi: “Əsas məqsədlərdən biri alman dilini inkişaf etdirmək və tələbələrin bunu mənimsəməsidir. Bununla yanaşı, məqsədimiz Almaniya ilə Azərbaycan arasında sosial-iqtisadi inkişafa yardım etməkdən ibarətdir”.

Turizm obyektlərində qiymətlər aşağı salınacaq, bəzi hotellərin lisenziyası ləğv ediləcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirdi. Bu il turizmlə bağlı ölkəmiz üçün uğurlu il olduğunu deyən nazir bildirdi ki, həm nailiyyətlərimiz, həm apardığımız işlər onu sübut edir ki, Azərbaycan turizm sənayesi geniş inkişaf yolundadır: “Prezidentin apardığı beynəlxalq siyasətin nəticəsində, Azərbaycan beynəlxalq, nüfuzlu təşkilatlarda öz mövqeyini möhkəmləndirməkdədir. Avropa ölkələri arasında ən yüksək səslə ölkəmiz ÜTT İcraiyyə Komitəsinə seçilib. Həmçinin Azərbaycan Turizm Assosiasiyasının ÜTT-yə qoşulmuş üzvləri arasında Avropa üzrə sədrin müavini seçildi. Bu da onu göstərir ki, beynəlxalq qurumlarda Azərbaycanın mövqeyi olduqca güclənib. Eyni zamanda ölkə daxilində turizm infrastrukturu genişlənib və ölkə başçısı regionlara səfəri zamanı bir neçə otelin açılışında iştirak etdi. Bildirdi ki, regional inkişaf vacib məsələdir. Xüsusilə də bir neçə regionu, Qəbələ, Şahdağ, Naftalan, Lənkəran, Şəmkiri qeyd etdi. Biz çalışacağıq ki, inkişaf tempini azaltmayaq.
Eyni zamanda bizim keçirdiyimiz monitorinq onu göstərdi ki, yay mövsümündə bir neçə hoteldə istədiyimiz səviyyədə xidmətlər təqdim olunmayıb, bəzi narazılıqlar, hadisələr olub. Odur ki, Mədəniyyət və Turizm Nazirliyinin işçı qrupu müvafiq dövlət qurumları ilə işləyir. Yəqin ki, bu ay müddətində bir neçə hotelin lisenziyasının ləğv olunması barədə qərar qəbul olunacaq. Onlara vaxt veriləcək və lisenziyanın alınması üçün müvafiq sənədləri hələ hazırlamayan hotellərin fəaliyyəti məhdudlaşdırılacaq. Artıq biz imkan verməməliyik ki, lisenziya üzərində çalışan təşkilatlar, qurumlar səviyyəsiz xidmətlər təqdim etsinlər. Ona görə də məhz ATİ-nin fəaliyyəti ilə olduqca vacib və bilikli, savadlı, peşəkar mütəxəssislər buraxmalıyıq ki, onlar sənayeyə daxil olaraq daha mükəmməl şəkildə turizm sənayesinin qurulmasına köməklik etsinlər. İnanıram ki, ölkə başçısının bu cür dəstəyi nəticəsində, onun turizm sənayesinin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində bu sahə dərin şəkildə öz köklərini yerlərdə də inkişaf etdirəcək”. Nazirin sözlərinə görə, ötən il turizm obyektlərində qiymətlərin təxminən 20 faizə qədər aşağı salınmasına nail olunub, qiymətlər hələ ki müəyyən yerlərdə daha yüksəkdir: “Amma nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycanda hazırda tikilib istifadəyə verilmiş hotellərin böyük əksəriyyəti lüks hotellərdir və onlar istər-istəməz öz qiymətlərini yüksək tutmalıdırlar. Hazırda Prezidentin göstərdiyi istiqamət Azərbaycanda üçulduzlu hotellərin tikilməsi, orta təbəqənin imkanlarına uyğun olaraq qiymət siyasətinin tətbiq olunmasıdır və son nəticədə hotellərin sayı və onlar arasında rəqabət sözsüz ki, bu qiymətlərin aşağı düşməsinə şərait yaradacaq”.
Nazir bildirdi ki, Azərbaycanda yeni turizm qanunu qəbul olunduqdan sonra lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaq. Onun sözlərinə görə, turizm haqqında qanunun hazırlanması artıq tamamlanmaq üzrədir, beynəlxalq təşkilatlar da ona rəy bildiriblər: “Biz onun üzərində artıq geniş layihə proqramı formalaşdırmışıq. Yəni, qanunvericilik çərçivəsində normativ-hüquqi bazanı təkmilləşdirmişik, artıq beynəlxalq təcrübəyə əsaslanan bir sənəd qəbul olunacaq. Düşünürəm ki, bunun nəticəsində lisenziyanın verilmə qaydalarına, orada olan şərtlərə dəyişiklik ediləcək, o cümlədən turizm müəssisələrində, hotellərdə çalışan mütəxəssislərin daha çox olmasına xüsusi önəm veriləcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info