“Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı”
Tarix: 24.12.2019 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Rusiya xarici siyasəti üçün prioritet olmaqda davam edir”. APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Rusiya tərəflər üçün münasib variantlar əsasında Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllini tapmağa çalışan vasitəçidir”, - deyə səfir vurğulayıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev dekabrın 23-də bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibə verib. Prezident müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı suallara cavab verib. Dövlət başçısı deyib ki, 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il olubdur: “Bunun da yeganə səbəbi odur ki, Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər. Məhz buna görə 2019-cu ildə, deyə bilərəm ki, danışıqlar trekində hər hansı bir ciddi irəliləyiş əldə olunmayıb.
Eyni zamanda, Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini təkzib edən bəyanatları da əlbəttə ki, həm təəccüb, həm də təəssüf doğurur. Biz hamımız yaxşı xatırlayırıq ki, Ermənistanın yeni rəhbərliyi ilkin mərhələdə ortalığa belə bir məsələ atmışdı ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır, Dağlıq Qarabağ “müstəqil dövlətdir” və Ermənistan bu dırnaqarası müstəqil dövlətin işlərinə qarışa bilmir. Bunların hamısı cəfəng fikirlərdir. Çünki bu gün Dağlıq Qarabağda yerləşən hərbi birləşmənin 90 faizi Ermənistan vətəndaşlarından təşkil edilir. Hər il Ermənistan büdcəsindən Dağlıq Qarabağ büdcəsinə böyük vəsait transfert edilir. Ona görə buna müstəqil dövlət demək tam yalandır. Sadəcə olaraq, danışıqları uzatmaq, yaxud da ki, öz məsuliyyətini boynundan atmaq üçün belə ifadələr işlədilir”.

“Dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”
Prezident bildirib ki, bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı: “Hesab edirəm ki, bu, bizim diplomatik nailiyyətimizdir. Yəni, Ermənistan rəhbərliyinin cəhdləri və təklifləri qəbul edilmədi. Bunu təsdiqləyən həm də o amildir ki, mənim Ermənistanın baş naziri ilə görüşlərim olubdur. Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri görüşürlər, danışıqlar aparırlar. Sonuncu görüş bu ayın əvvəlində olmuşdur.
Digər tərəfdən, Azərbaycan dırnaqarası Dağlıq Qarabağ respublikası ilə danışıqlar aparmalıdır fikri baş tutmayandan sonra növbəti bir cəfəng tezis ortalığa atıldı, bunu indi hər kəs eşidib, - Ermənistanın baş naziri dedi ki, Qarabağ Ermənistandır və nöqtə. Yəni, bu, əvvəlki tezisi tam təkzib edir və bu, növbəti yalandır. Çünki Qarabağ nə müstəqil ölkədir, - bunu heç kim tanımır, heç bir ölkə tanımır, - və bayaq qeyd etdiyim məsələlər - böyük beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar və yekun bəyannamələr onu göstərir ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Qarabağ Ermənistan deyil və bunu sübut etmək üçün heç səy göstərmək də lazım deyil”.
Ona görə birinci dəfə də, ikinci dəfə də yalan söylənildi. Amma həqiqət ondan ibarətdir ki, - mən bunu canlı efirdə demişəm, - Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bizim danışıqlar prosesində mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Tarixi həqiqət bizim tərəfimizdədir. Biz bunu dünyaya sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb. Biz hamımız yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir, onlar çar Rusiyası tərəfindən XIX əsrdə Rusiya-İran müharibəsindən sonra bizim bölgəmizə köçürülüblər. Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə xristian əhalinin sayını çoxaltmaq üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə ermənilər Dağlıq Qarabağa köçürülmüşlər. Bunu təsdiqləyən çoxsaylı tarixi sənədlər, faktlar var. Bu, o qədər də uzaq tarix deyil. Yəni, ermənilər bizim tarixi torpaqlarımıza köçürülmüşlər, ona görə ki, burada xristian əhali çoxalmalı idi. Ona görə bu, bizim tarixi torpağımızdır və bunu indi bütün dünya bilir. Bu, birincisi.
İkincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, - Ermənistan həmişə buna istinad edir, - bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik”.


“Njde dinc Azərbaycan əhalisinə qarşı qəddarlıq, soyqırımı törətmişdir”
Prezident deyib ki, Njdenin cinayətləri təkcə İkinci Dünya müharibəsi illərində törətdiyi cinayətlərlə məhdudlaşmır: “O, dinc Azərbaycan əhalisinə qarşı qəddarlıq, soyqırımı törətmişdir, minlərlə günahsız azərbaycanlını qətlə yetirmişdir. Bütün bunlar tarixi faktlardır.
Əgər yadınızdadırsa, mən o çıxışda bildirdim ki, bunu Ermənistanın əvvəlki rəhbərliyi edib. Yəni, mən baş nazir Paşinyana bir növ imkan verdim ki, o, bu çirkin əməli öz boynuna almasın. Çünki onun bu abidənin ucaldılmasında iştirakı olmayıb. Ancaq əfsuslar olsun ki, düzgün yanaşma göstərməkdənsə, o, çox qeyri-adekvat bəyanatlarla Njdeyə bəraət qazandırmağa çalışdı. Arqumentlərin biri də o olmuşdur ki, - çünki mən dedim ki, o, “СМЕРШ” tərəfindən həbs olundu, “СМЕРШ” də abreviaturadır, “Смерть Шпионам” – “Casuslara ölüm”, - və 25 il müddətə məhkum edildi, öz həyatını Vladimir həbsxanasında bitirdi. Onun da arqumenti o oldu ki, Soljenitsın da sovet rejimi tərəfindən həbs olunmuşdur. Mən ondan sonra bir daha söz alıb dedim ki, cəlladı, faşisti Soljenitsın ilə eyniləşdirmək olmaz. Bu, qətiyyən qəbuledilməzdir.
Mən gözləyirdim ki, bundan sonra artıq sakit bir şəraitdə öz müşavirlərinin köməyi ilə Ermənistan bir çıxış yolu axtaracaq, hər hansı bir məqbul formada bunu təkzib edəcək. Amma biz bunun tam əksini gördük. Rusiyadan gəlmiş jurnalistlərlə görüşdə o, daha da uzağa getdi və dedi ki, nə olsun ki, Njde Hitlerlə görüşüb. Molotov da Hitlerlə görüşüb. Bilirsiniz, bunu şərh etmək üçün söz tapmıram. Çünki bu, o dərəcədə aşağı səviyyəli fərziyyədir ki, bunu şərh etmək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri idi. Molotov-Ribbentrop paktı 1939-cu ildə bağlanmışdı, ona görə ki, Sovet İttifaqı müharibəyə hazır deyildi və müharibənin mümkünlüyünü ertələmək üçün imzalanmışdır. Molotov Njde kimi Hitlerə qulluq etmirdi. Molotov Njde kimi faşist şüarları səsləndirmirdi. Njdenin məşhur şüarı o idi ki, “Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür”. Yəni, o, faşistdir və bunu İkinci Dünya müharibəsi zamanı demişdir. Ona görə əlbəttə ki, Ermənistan rəhbərliyinin belə cəfəng sözləri ciddi qəbul oluna bilməz.
Ancaq buna baxmayaraq, hesab edirəm ki, mənim Aşqabaddakı çıxışım burada həlledici rol oynamışdır, - bu cəllada Rusiyanın Armavir şəhərində qoyulmuş lövhə dağıdıldı, söküldü və məhv edildi. Bunu ermənilər özləri etdilər. Onları Armavir şəhər hakimiyyəti məcbur etdi. Əminəm ki, gün gələcək və ermənilər özləri İrəvanda bu faşistə ucaldılmış bu eybəcər abidəni özləri sökəcəklər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info