Qadınları məcburi namizəd edək və ya Fransa niyə Mari Le Peni prezident seçmir?
Tarix: 17.09.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


ATƏT-in qərəzli aralıq hesabatı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının 9 oktyabr prezident seçkiləri ilə bağlı aralıq hesabatı yayılıb. Hesabatda seçkilərə hazırlığın gedişatına dair bir sıra fikirlər səsləndirilib. Hesabatda yer alan həmin fikirlər obyektivliyə əsaslanmayaraq özündə qərəz elementləri daşıyır. Avropa beynəlxalq institutlarının hesabatları əksər vaxt qərəzli olmaqla yanaşı, ikili standart xarakterli olur. Yəni, həmin hesabatların hazırlanmasının əsas məqsədi obyektiv mənzərəni təsvir etmək yox, gerçəkliyi təhrif etmək və bununla da müəyyən maraqları reallaşdırmaqdır.

Avropa ölkələrindən indiyədək qadın
dövlət başçısı olmayan çoxlu dövlət var


Hesabatda yer alan iradlardan biri qadın namizədlə bağlıdır. Elə bu iraddan görünür ki, hesabatı hazırlayanlar tənqid etməyə səbəb tapa bilmədiklərindən bəhanələr axtarırlar. Əvvəla gender bərabərliyi Azərbaycan Konstitusiyasının 25-ci maddəsi ilə təmin edilib. Qadınlar həm parlamentdə, həm də Azərbaycan hökumətinin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunublar. Bu seçkilərdə də qadınların passiv seçki hüququndan istifadə etmələri üçün hər cür şərait yaradılıb. Qadınların yaradılan bu imkanlardan istifadə etməmələrinin hesabatda vurğulanması ən azı anlaşılmazdır. Digər tərəfdən müxalifət düşərgəsinin cəmləşdiyi “mili şura” adlı qondarma qurumda Gültəkin Hacıbəylinin, Lalə Şövkətin adı namizədliklə bağlı hallansa da, onların heç biri bunu qəbul etmədi. Əgər qadın siyasətçi özü namizəd olmaq istəmirsə, bunun günahı dövlətdə, iqtidardadırmı? Hakimiyyət qadınlara namizədliklərini irəli sürmək üçün təzyiq etməlidirmi? Əgər siyasi cəhətdən fəal olan qadınlar hüquqlarından istifadə edərək namizəd olmaq istəmirlərsə, burada qanuna, Konstitusiyaya, Seçki Məcəlləsinə, beynəlxalq konvensiyalara, demokratiyaya zidd olan heç nə yoxdur. Əksinə kimisə namizəd olmağa vadar etmək qeyd edilən hüquqi sənədlərə ziddir. Digər tərəfdən Avropa ölkələrindən indiyədək qadın dövlət başçısı olmayan bir çox nümunələr göstərmək olar. Görəsən ATƏT onlara indiyə qədər bununla bağlı irad tutubmu? Məsələn, Fransada radikal sağçıların lideri olan xanım Mari Le Pen 2012-ci ildə keçirilən prezident seçkilərində iştirak edərək 17,9 faiz səs toplayaraq üçüncü oldu. İndi buna görə Fransa dövlətini və cəmiyyətini tənqid etmək lazımdır ki, nəyə görə xanım namizədə səs verib dövlət başçısı seçməyiblər?

Tövsiyələrin qəbul olunmadığını iddia
etmək ən azı məsuliyyətsizlik və qeyri-ciddilikdir


Hesabatda yer alan iradlardan digəri seçki komissiyalarının təşkili formulu ilə bağlıdır. Əvvəla, xatırladaq ki, Azərbaycan tarixində 2000-ci ildə ATƏT/DTİHB-nin tövsiyələrinə tam uyğun olaraq, parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyalarının paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları formalaşmışdı. İndiki müxalifətdə olan siyasi partiyalar bu paritetdən MSK-nın işini boykot etmək üçün istifadə etmişdilər. MSK-nın üzvləri qanunla tələb edilən kvorumun olmadığına görə qanunla müəyyən edilmiş müddətlərdə müvafiq qərarları qəbul edə bilməmiş və MSK iflic vəziyyətinə düşmüşdü. ATƏT/DTİHB-nin o vaxtkı direktoru Jerar Studmanın müxalifət liderlərinə konstruktiv mövqedən çıxış etmək çağırışları ilə məktubların göndərilməsinə baxmayaraq, boykot davam etmiş və Konstitusiya ilə müəyyən edilən müddətlərin pozulması təhlükəsi yaranmışdı. Seçki komissiyalarının təşkili formulu bundan sonra Milli Məclis tərəfindən təkmilləşdirilib. Beynəlxalq təşkilatlar dünyanın heç bir yerində seçki komissiyalarının formalaşdırılması işinə qarışmırlar. Bu məsələ istisnasız dövlətin daxili işidir. Amma Azərbaycan demokratiya yolunda inamla irəliləyən dövlət kimi beynəlxalq təcrübəni öyrənir, Seçki Məcəlləsini daimi şəkildə təkmilləşdirərək demokratiyaya nə qədər önəm verdiyini ortaya qoyur. Bu məsələ ilə bağlı Venesiya Komissiyası ilə aparılan danışıqlar, onların tövsiyələrinin nəzərə alınması da qeyd edilənləri təsdiqləyir. Hazırda qüvvədə olan Seçki Məcəlləsi də elə Venesiya Komissiyası tərəfindən bəyənilən formadır. Belə olan halda seçki komissiyaları ilə bağlı irad səsləndirmək hansı məntiqə uyğundur? Hesabatın ən qərəzli yeri 2010-cu il parlament seçkilərindən sonra ATƏT/ DTİHB-nin heç bir tövsiyəsinin (şikayətlərin baxılması dövrünün azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmaması ilə bağlıdır. Belə görünür ki, hesabatı hazırlayanların ya Azərbaycandan xəbəri yoxdur, ya da onlara gələn sifarişə əməl ediblər. Onların diqqətinə çatdırmaq lazımdır ki, 2010-cu ildə verilən 17 tövsiyədən 12-si qəbul edilib. Belə olan halda hesabatda tövsiyələrin qəbul olunmadığını yazmaq ən azı məsuliyyətsizlik və qeyri-ciddilikdir. Qalan 3 tövsiyə isə müstəqil dövlətə, suverenliyə müdaxilə olduğundan rəsmi Bakı tərəfindən qəbul edilməyib. Beynəlxalq qurumlarla əməkdaşlıq etmək o demək deyil ki, daxili işlərimizə müdaxilə hüququnu qarşı tərəfə veririk. Azərbaycanla bağlı belə sevdalara düşənlərin arzusu gözündə qalacaq.

Avropa ölkələrinin neçəsində dövlət
namizədlərə pulsuz efir vaxtı ayırır?


Bütün televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlı irada gəldikdə, seçkiləri müşahidə missiyasının nəzərində olsun ki, Azərbaycanda bir dövlət televiziya kanalı, bir ictimai televiziya kanalı və 33 özəl televiziya kanalı (5 ölkə səviyyəli, 14 regional və 14 kabel) fəaliyyət göstərir. Əgər hesabatı hazırlayanların bunun əksini sübut edəcək faktları varsa, buyurub təqdim etsinlər. ATƏT rəsmilərinin diqqətinə bir nüansı da çatdıraq. Azərbaycanda seçkidə iştirak edən namizədlərə dövlət tərəfindən İctimai kanalın və radionun efirində pulsuz efir vaxtı ayrılır. Niyə bunu hesabatınıza daxil etmirsiniz? Təmsil etdiyiniz Avropa ölkələrinin neçəsində dövlət namizədlərə pulsuz efir vaxtı ayırır?
Seçki prosesində qeydiyyatdançıxma vəsiqəsi seçicilərin səsvermə hüquqlarının təminatı üçün effektli vasitə hesab edilməlidir. Bu məqsədlə də MSK hesabatda qeyd edilən sayda qeydiyyatdançıxma vəsiqəsi çap etdirməklə seçicilər üçün geniş imkanlar yaradıb. Hesabat dərc edilən vaxt həmin vəsiqələrin az sayda seçicilər tərəfindən alınmasını yekun göstərici kimi qəbul etmək olmaz. Bu proses seçki gününə 3 gün qalmışadək davam edir və sonda istifadə edilməmiş qeydiyyatdançıxma vəsiqələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada müşahidə altında rəsmi olaraq ləğv edilir. ATƏT/DTİHB-nin aralıq hesabatında təəccübə səbəb olan anlaşılmazlıqlar seçkiləri müşahidə missiyasının bu istiqamətdə fəaliyyətinin (seçki günü aparılan müşahidə də daxil olmaqla) daha da şəffaf qurulmasına zərurətin olması təəssüratı yaradır. Müşahidəçilərin seçki gününə dair rəylərinin seçkilərdən dərhal sonra ayrı-ayrılıqda ATƏT-in internet saytında yerləşdirilməsi ilə bağlı cəmiyyətdə tez-tez səslənən təklifin nəzərə alınması missiyanın fəaliyyətinə ictimai etimadın artırılması baxımından faydalı olar.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info