Perm vilayətində deputat seçilən ilk azərbaycanlı: “Vətənimizi, xalqımızı, mədəniyyətimizi layiqincə təmsil etməliyik”
Tarix: 09.01.2020 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Vasib Kazımov: “Azərbaycandan gedəndə müəyyən tarixi materialları, bayrağımızı aparıb orada muzeyə vermişəm ki, orda qalsın, tarixə düşsün. Rəhbər işlərdə bizim xalqımızın nümayəndələri olduqda ilk növbədə diasporumuz özünü güclü sayır”

“Mənim oğlumun bu yaxınlarda ilk kitabı çap olunub. Məhəmməd 4-cü sinifdən axtarışlar aparır. O Azərbaycana gələrkən buradan aparıb öz siniflərində limon ağacı əkdi və onunla bağlı araşdırma aparmışdı. Sonralar tarixlə maraqlanmağa başladı və Rusiyada bir neçə yarışlarda iştirak edib, iki dəfə qızıl medal qazanıb”



Xaricdə yaşayan soydaşlarımız diaspor fəaliyyəti ilə yanaşı, artıq bir sıra ölkələrdə müxtəlif dövlət qurumlarında təmsil olunurlar. Diasporumuzun daha sıx məskunlaşdığı ölkələrdən biri də Rusiyadır. Burada yaşayan soydaşlarımızdan biri, Azərbaycan diaspor təşkilatının rəhbəri Vasib Kazımov da yalnız diaspor rəhbəri kimi deyil, eyni zamanda bir neçə dəfə deputat seçilməklə ölkəmizin tanıdılması istiqamətində uğurlu fəaliyyət göstərib. Redaksiyamızın qonağı olan həmyerlimiz görülən işlərlə bağlı fikirlərini bizimlə bölüşdü:


- Mən Rusiyanın Perm vilayətinin Dobryanka şəhərində 2011-ci ildən fəaliyyət göstərən Azərbaycan diasporuna rəhbərlik edirəm. İki dəfə şəhərin deputatı olmuşam. Oradakı diasporumuzun fəaliyyətini çox yaxşı qiymətləndirirəm. 2011-2013-cü illərdə Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini alqışlayırdım. Sonradan nədənsə zəiflədi. Hazırda Rusiyada hər bir balaca şəhərdə diaspor təşkilatı var və onların fəaliyyətlərindən razı deyiləm. Yəni, biz diaspor olaraq Vətənimizi, xalqımızı, mədəniyyətimizi layiqincə təmsil etməliyik. Bizim süfrə mədəniyyətimiz dünyada birinci yerdə duran mədəniyyətlərdəndir. Böyüklərə hörmətimizlə də seçilən xalqıq. Biz bunları göstərməliyik ki, nəyə qadirik. Xalqımızı layiqincə işıqlandırmalıyıq, göstərməliyik ki, biz kimik. Heç bir xalqın nə Dədə Qorqudu, nə Koroğlusu olmayıb, axı biz niyə çəkinməliyik? Biz elə xalqıq ki, dahi Nizamimiz, Füzulimiz var, niyə axı geri qalmalıyıq. Hətta bizim üzdəniraq qonşularımızla görüşdükdə sual verirəm ki, deyirsiniz güclü ordumuz olub, siz elə bir saray göstərə bilərsinizmi bu orda toplaşsın. Hansı şəxsiyyətləriniz olub ki, bizimlə müqayisə etmək istəyirsiniz? Ancaq bizim hər zaman qəhrəmanlarımız, güclü ordumuz, mədəniyyətimiz olub.
- Ölkəmizlə bağlı diaspor təşkilatı olaraq tədbirlər təşkil edirsinizmi?
- Bizim şəhər balacadır. Orada yaşayan azərbaycanlılar mehribandırlar. Mən istəyərəm ki, bundan da güclü olsunlar. Tədbirlərə gəldikdə isə gücüm çatdığı qədər təşkil edirik. 20 Yanvar, Xocalı soyqırımı, eləcə də Novruz bayramı ilə bağlı tədbirlər keçiririk. Şəhərin hansısa tədbiri olursa, biz orda iştirak edirik. Hətta 9 May Qələbə günündə bizim kimi heç bir icma iştirak etmir. Xalqımıza münasibət isə bizdən asılıdır. Özümüzü göstərməliyik, layiqincə təmsil olunmalıyıq.
Eləcə də diasporla bağlı Azərbaycanda təşkil olunan tədbirlər bizdə ruh yüksəkliyi yaradır. Yadımdadır, Rusiyada bir yazı dərc edilmişdi, hansı xalqın nümayəndələri bu ölkəyə necə düşüb. Xalq artisti Müslüm Maqomayev bütün dünyaya tanıtdı SSRİ-ni, yaxud məşhur azərbaycanlı geoloq Fərman Salmanov, tarixçilərimiz, ulu öndərimiz Heydər Əliyev sovet ölkələri üçün azmı iş görüb? Heydər Əliyev məhz diasporla bağlı təşkilatı yaratdı.

- Siz orada deputat seçilmisiniz. Yerli əhalinin sizə münasibəti necədir?

- Mən bu dəfə deputat seçilməmişəm. Ancaq yenə də mənim qəbuluma gəlirlər. Deyirlər “siz bizim hər zaman deputatımızsınız. Sizə ümid bağlamışıq. Bilirik ki, siz bütün işləri yerinə yetirirsiniz. Sizinlə çalışmaq bizə çox xoşdur”. Mənə çox hörmət göstərirlər. Ümumiyyətlə, mən 1995-ci ildən ictimai işlərin içindəyəm. Mən neçə il o şəhərdə olmuşamsa ermənilərin orada heç bir fəaliyyəti olmayıb. Orada eşidilməyib ki, belə bir xalq var. Son dəfə mən seçilməmişəm, onlar göbələk kimi hər yerdə özlərini göstərməyə çalışırlar.
- Bizim oradakı diasporumuzun hansısa vəzifədə təmsil olunmasının və yaxud deputat seçilməsinin hansı üstünlükləri var?
- Birincisi, tanıtdırırıq ki, biz də varıq, olmuşuq və olacağıq. Mən Perm vilayətində deputat seçilən ilk azərbaycanlı olmuşam, namizədlər olub, ancaq keçməyiblər. Bir azərbaycanlının seçilməsi mühüm hadisə idi. Azərbaycandan gedəndə müəyyən tarixi materialları, bayrağımızı aparıb orada muzeyə vermişəm ki, orda qalsın, tarixə düşsün. Rəhbər işlərdə bizim xalqımızın nümayəndələri olduqda ilk növbədə diasporumuz özünü güclü sayır. Evdə böyük qardaşımıza güvəndiyimiz kimi, orada da bir iş olan kimi gəlirlər ki, nə məsləhət görürsünüz. Bu, çox yaxşıdır.

- Orada azərbaycanlı gənclər təhsilə üstünlük verirlərmi? Yeri gəlmişkən, sizin övladınızın da hələ kiçik yaşda olmasına baxmayaraq bir sıra uğurları var. Bu barədə nə deyərdiniz?

- Rusiyada bizim savadlı gənclər çoxdur. Elə valideynləri də sağ olsunlar ki, onları təhsilə yönəldirlər. Biz ailədə 3 nəfərik. Mənim oğlumun bu yaxınlarda ilk kitabı çap olunub. Məhəmməd 4-cü sinifdən axtarışlar aparır. O Azərbaycana gələrkən buradan aparıb öz siniflərində limon ağacı əkdi və onunla bağlı araşdırma aparmışdı. Sonralar tarixlə maraqlanmağa başladı və Rusiyada bir neçə yarışlarda iştirak edib, iki dəfə qızıl medal qazanıb. Davamlı araşdırma aparır, boş vaxtı olan kimi arxivlərdə çalışır. Çətin olsa da dərslərini də çatdırır. Özünün məqsədi böyüyəndə diplomat olmaqdır. Birinci dəfə onunla bağlı bu barədə danışdıqda dedi ki, mən diplomat olsam, çətindirmi bu iş? Dedim həyatda heç bir çətin iş yoxdur. Dedim bəs, sən haradan bilirsən diplomatiya nədir. Dedi internetdə, kitablarda baxıram, mənim üçün maraqlıdır. Soruşdum ki, məsələn, Rusiyada millətlərarası münaqişə baş versə, sən hansı tərəfə üstünlük verərsən? Dedi yaxşı diplomat olan yerdə münaqişə olmaz. Elə o vaxtdan mən ona mane olmamışam, bu işi davam etdirir. O fikirdədir ki, diplomat olaram, xalqıma hansısa bir xeyir gətirərəm. Azərbaycanlı uşaqlarla çox gözəl ünsiyyəti var. Harada bir azərbaycanlı uşaq görürsə, onunla əlaqə yaradır, görüşür. Azərbaycanla bağlı tədqiqatlar aparır. Hətta orada keçirilən müsabiqələrdə valideynlər mənə deyir ki, onsuz da birinci yer sizindir. Araşdırmalarında göstərir ki, Azərbaycan xalqı necə qonaqpərvərdir.
- Gələcəkdə hansı planlarınız var?
- Azərbaycanla bağlı tədbirləri yenə keçirəcəyəm. Mən belə tərbiyə almışam. Hazırda mənə təkliflər var. Vilayət səviyyəsində 2021-ci ildə namizədliyimi verməyimi istəyirlər. Fikirləşirəm, zaman göstərər. Mən fərq qoymuram, gücüm çatdığı qədər hər kəsə dəstək olmağa çalışıram. Məsələn, hansısa bir azərbaycanlı gənc işlə bağlı müraciət edirsə, gücüm çatan qədər kömək edirəm, bunun bizə ancaq xeyri ola bilər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
25.03.2020
Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq
24.03.2020
Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info