“Çox istedadlı instrumental ifaçılarımız yetişir”
Tarix: 19.09.2013 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Professor Zamiq Əliyev: “Hər zaman tələbələrimə deyirəm ki, insanda zəhmət, iradə olmasa, heç vaxt irəli gedə bilməz”

Müsahibimiz Xalq artisti professor Zamiq Əliyevdir. Zamiq müəllim gənc xanəndələrin fəaliyyəti ilə bağlı açıqlama verdi.


- Bu gün Beynəlxalq Muğam müsabiqəsini bütün dünya izləyir. Siz müsabiqə iştirakçılarının sonrakı taleyi haqqında nə düşünürsünüz? Onların gələcəyini necə görürsünüz?
- Mən onlar haqqında çox yüksək fikirdəyəm. Düşünürəm ki, muğam bütün bəşəriyyətin musiqiləri arasında zirvədə olan bir musiqi janrıdır və bu gün muğam müsabiqəsini milyonlarla tamaşaçı böyük həvəslə izləyir. Çünki muğamımızda təkrarçılıq yoxdur və muğam bizə başucalığı gətirir. Bu müsabiqədə biz gənc istedadları üzə çıxarırıq. Əlbəttə ki, bu bizi sevindirir. Münsiflərin verdiyi tövsiyələrlə onlar bir məktəb keçirlər və 3-4 ay ərzində keçdikləri bu yol onlara çox böyük fayda verir. Buna görə, ilk növbədə təşkilatçılara minnətdarlıq bildirmək lazımdır. Əlbəttə ki, dövlət dəstəyinə, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Çünki muğamımızı dünya səviyyəsində ən yüksək zirvəyə qaldırdı. Bu gün istedadlı uşaqlar var və onlara dövlət qayğısı göstərilir. Onların arasında ən istedadlıları finala qalaraq, qran-pri mükafatına və yerlərə layiq görülürlər. Bundan sonra, onların taleyi öz əllərindədir. Onlar öz üzərində çalışsalar, bu sənətdə sözlərini deyə biləcəklər. Məsələn, Babək Niftəliyev öz istedadı ilə xalq arasında tanınır və sevilir. İlkin Əhmədov, Təyyar Bayramov, Ehtiram Hüseynov və başqaları artıq xalq arasında imic qazanıblar.
Məsələn, yadımdadır ki, I Muğam Müsabiqəsində Arzu Əliyeva ilk həftədən müsabiqəni tərk etdi. Amma bu gün o, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Yəni o, sənətə qədəm qoyduğu ilk gündən öz üzərində çalışdı. İndi isə bu məqama qədər yüksəlib. Bu çox təqdirəlayiq bir addımdır. Bu gün davam edən IV Muğam Müsabiqəsinin iştirakçıları da öz üzərlərində çalışsalar, əlbəttə ki, böyük nailiyyətlər qazanacaqlar.
“Eurovision 2013” mahnı müsabiqəsinin iştirakçısı Fərid Məmmədovun üzünə bütün qapılar açıqdır. Xaricdə belədir ki, gənc müğənnilərin menecerləri olur və onlar üçün məxsusi konsertlər təşkil edirlər ki, dünya arenasında onları tanısınlar. Ancaq bizdə bu imkanlar hələ yoxdur.
Çox təəssüf ki, bu gün Azərbaycan musiqisinə və gəncliyinə əsas meydan toy meydanıdır. Ancaq toy meydanında da tənbəlləşmə olur. Burada həm mənəvi, həm də maddi qazanc əldə edilir. Əvvəlki Abşeron toyları da yoxdur ki, orada gənc müğənnilər, musiqiçilər püxtələşsinlər. Bir vaxt toylarda tamaşaçı meydanı var idi ki, xanəndədən dəstgahlar, təsniflər ifa etmələrini xahiş edərdilər. Bu gün isə belə deyil. Şadlıq evləri var ki, orada ancaq qısa zaman çərçivəsində özünü göstərə bilirsən. Bu da sənətin zəifləməsinə səbəb olur. Yaxud da, bir-iki lent yazıları sənət fəaliyyəti demək deyil. Misal üçün dünya şöhrətli Alim Qasımovun sənət yoluna nəzər salaq. O da bir vaxtlar gənc olub. Sənət yoluna el şənliklərilə başlayıb. Burada o, böyük sənətkarlarla yanaşı oturur, onlarla birgə muğam və təsniflər ifa edirdi. Daha sonra Alim Qasımov öz sənət yolunu seçdi. Muğamımızı, sənətini dünya arenasına çıxardı. Nəzər etsək, bu gün xanəndə adı çəkiləndə ancaq deyirik ki, dünya şöhrətli Alim Qasımov. Çünki dünya arenasında onu tanıyırlar. Bu da bizim baş ucalığımızdır. Diqqət yetirsəniz artıq dünya arenasında ona tələbat var.
-Sovetlər dövründə incəsənət xadimləri dövlət tərəfindən qastrol səfərlərə, xarici ölkələrə göndərilirdilər. Bəlkə bu gün musiqiçilərimizin xarici ölkələrə səfərlərinin az olması onların sənətdə inkişaflarına mane olur?
- Bilirsiniz ki, mərhum musiqiçimiz Gülarə Əliyevanın “Dan ulduzu” ansamblı və böyük sənətkarımız Zeynəb Xanlarova və onun ansamblı ilə dünyanı səyahət etdik. Daha sonra muğam üçlükləri və demək olar ki, əksər xanəndələr ilə qastrol səfərlərində olduq. Hətta o zaman mənim yetirməm olan, bu gün isə xalq artisti Simarə İmanovanı ilk dəfə qastrol səfərinə Səmərqənd şəhərinə apardım. S. İmanova orada keçirilən “Şərq təranələri” festivalında üçlüklə qran-pri mükafatına layiq görüldü. Bu öz təsdiqini tapar ki, beynəlxalq müsabiqədə Simarə İmanovanın ilk uğuru başladı. Bəli, bu böyük baş ucalığı idi. O zaman istedadlı gənc bir qıza olan böyük dəstəyimiz, bu gün xalq artisti olmasına gətirib çıxardı. Hal-hazırda yetirməmlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çiyin-çiyinə çalışırıq.
Belə desək, bu gün böyük imkanlar var. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən o qədər xarici səfərlər olur ki, bizim vaxtımızda belə imkanlar yox idi. O dövrdə ancaq dünya səfərlərinə Rəşid Behbudov və Zeynəb Xanlarova gedirdi. Daha sonralar üçlüklə dünyaya qastrol səfərlərinə çıxdıq. Yəni ki, biz öz cığırımızı bu şəkildə apara bildik. Lakin bu günün gəncləri üçün Mədəniyyət və Turizm Nazirliyində o qədər imkanlar var ki, çox sevindirici haldır. İstedadlı gənclərimizi qastrol səfərlərinə göndərirlər. Ancaq bu kifayət etmir. Gərək insan yaradıcılığı üzərində özü də çalışmağı bacarsın. Əgər dövlət hazırladığı tədbirlərlə dünyaya səni tanıdırsa, gərək sən də özünü təkmilləşdirməyi biləsən. Bəziləri arxayın olurlar ki, onları tanıyan varsa bu kifayət edir. Lakin bu, belə deyil. İndi rəqabət böyükdür. Əvvəllər bir neçə sənət adamları var idisə, indi çoxluq təşkil edir. Məsələn, muğam müsabiqəsini götürsək, hər iki ildən bir bu müsabiqəyə 20 nəfər xanəndə gəlir. Burada rəqabət güclənir. Gərək çalışasan ki, sənətdə qalasan. Bu böyük prosesdir. Bir-iki günün işi deyil. İnsanda güclü iradə olmasa, bu meydanda dayanmaq olmaz.
Mən özüm 40 ildir ki, bu sənətdə yaşayıram. ADMİU-da dərs deyirəm. Həmin universitetin professoruyam. Bu günə qədər nail olduğum uğurlara boşuna sahib olmadım. Hər zaman tələbələrimə deyirəm: - əgər insanda zəhmət, iradə olmasa, heç vaxt irəli gedə bilməz. Bu sənətdə həm yıxıla, həm də büdrəyə bilərsən. Gərək sən bunlara qalib gəlməyi bacarasan. Bu mərhələlərdən sonra arzu etdiyin mərtəbəyə gəlib çıxacaqsan.
- Qeyd etdiniz ki, vaxtilə mərhum sənətkarımız Gülarə Əliyevanın “Dan ulduzu” ansamblında fəaliyyət göstərmisiniz. Bu gün adını daşıdığı ansamblın fəaliyyəti niyə efirlərdə görünmür?
- Mən Gülarə xanımın ansamblında fəaliyyət göstərəndə, tar-solist olmuşam. Bu ansamblın əsas mövzusu Şərq-Qərb alətlərinin sintezindən ifa olunan musiqi ansamblı idi. O zaman maestro Niyazi kimi sənətkarlar bu ansamblın fəaliyyətinə çox böyük qiymət verdilər. Bu ansamblın adını da şair Nəbi Xəzri vermişdi. G. Əliyevanın dünyadan vaxtsız getməsinə baxmayaraq, uzun illər bu kollektivi Həsənağa Qurbanov yaşatdı. Bu gündə ansambl fəaliyyət göstərir. Taryel müəllimin zəhməti nəticəsində ansambl fəaliyyətdədir.
-Yeni nəsil gənc musiqiçilərimiz haqqında düşüncələrinizi bilmək istərdik. Onların sənət addımları haqqında fikirləriniz...
- Bu günləri mən sevinirəm ki, çox istedadlı instrumental ifaçılarımız yetişir. Gənclərimiz var ki, çox böyük həvəslə bu aləmdə addım atırlar. Xalq çalğı alətləri sahəsində, gənclər yüksək dərəcədə inkişaf edir. Əgər bir musiqiçi yaxşı ifaçıdırsa, o musiqiçinin ifasının yanında hər hansı bir musiqi aciz qalır. Çünki mən bunu təcrübəmdən görmüşəm.

Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info