“Hər məsələdə ortaq hərəkət etməyimiz vacibdir”
Tarix: 19.09.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


İsmayıl Əhmədov: “Amerikada Azərbaycan lobbi fəaliyyətləri sadəcə diaspor təşkilatları ilə deyil, mövcud bölgələrdə yaşayan azərbaycanlılarla irəliyə doğru getməkdədir”

Azərbaycan mədəniyyətini Amerika Birləşmiş Ştatlarında tanıdan, ölkəmizi okeanın o tayında layiqincə təmsil edən diaspor təşkilatlarımızdan biri də Azərbaycan-Amerika Mədəniyyət Alyansıdır. 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Alyansı təkcə ölkəmizin mədəniyyətinin təbliği deyil, eləcə də Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının tanıdılması istiqamətində də işlər aparır. Alyansın sədri İsmayıl Əhmədov qəzetimizə verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun ölkəmizin təbliği istiqamətində gördüyü işlər, qarşıdakı planlar, eləcə də ABŞ-dakı Azərbaycan diasporunun hazırkı durumu barədə də məlumat verdi.
-Azərbaycan-Amerika Mədəniyyət Alyansı nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləriniz nədən ibarətdir?
-Əvvəla, bizə qiymət verib yada saldığınız üçün Azərbaycan-Amerika Mədəniyyət Alyansı adından öz dərin təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan-Amerika Mədəniyyət Alyansı 2009-cu ilin mart ayında ABŞ-ın Texas ştatının Hyuston şəhərində təsis edilib və həmin tarixdən indiyə qədər də öz fəaliyyətini aktiv şəkildə davam etdirməkdədir. Azərbaycan-Amerika Mədəniyyət Alyansının qurulma məqsədi Azərbaycan mədəniyyəti, incəsənəti, tarixini, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə amerikalılara ətraflı və dolğun məlumat çatdırmaqdır. Həmçinin məqsədimiz mədəni, rəsmi proqramlar şəklində, festivallar təşkil etməklə, digər dəyişik vasitələrlə Azərbaycanın problemlərini təkcə amerikalılara deyil, eləcə də burada olan digər millətlərin nümayəndələrinə tanıtmaqdır.
-Bu gün Birləşmiş Ştatlarda Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirərdiniz?
-Bildiyiniz kimi, ABŞ dövlətdən fərqli olaraq ştat olaraq da ayrıca milli məclislərə sahibdir. Hər ştatda belə bir dövlət strukturunun olması bizim daha fəal olmağımızı və bütün strukturlarda aktiv fəaliyyət göstərməyimizi vacib edir. Hal-hazırda hər ştatda ayrıca bir Azərbaycan diaspor təşkilatı olmasa da soydaşlarımız əksər regionlarda, bir çox ştatda fəaliyyət göstərməkdədirlər. Azərbaycan diaspor təşkilatları, ayrı-ayrı azərbaycanlılar olaraq hər kəs əlindən gələni etməyə çalışır. Mən hazırda Birləşmiş Ştatlarda Azərbaycan diasporunun vəziyyətini qiymətləndirərkən onu demək istərdim ki, Amerikada Azərbaycan lobbi fəaliyyətləri sadəcə diaspor təşkilatları ilə deyil, mövcud bölgələrdə yaşayan azərbaycanlılarla irəliyə doğru getməkdədir. Fürsətdən istifadə edərək Azərbaycan-Amerika Mədəniyyət Alyansı olaraq sadəcə Birləşmiş Ştatlarda deyil, dünyanın hər tərəfində az da olsa Azərbaycanı təmsil etməyə çalışan hər bir azərbaycanlıya təşəkkür edirik.
-ABŞ-da çoxsaylı Azərbaycan diaspor təşkilatları, cəmiyyət və mərkəzlər fəaliyyət göstərir. Həmin təşkilatlarla əməkdaşlığınız hansı səviyyədədir?
-Azərbaycan Amerika Mədəniyyət Alyansı olaraq, bütün təşkilatlarla əlaqəmizi inkişaf etdirməyə, onlarla bərabər proqramlar etməyə çalışırıq. Buna bir neçə örnək də göstərə bilərik. Alyans olaraq Azərbaycan Amerika Konsulu Təşkilatı ilə birgə Xocalı soyqırımı ilə bağlı tədbir, Azərbaycan Amerika Şəbəkəsi Təşkilatı ilə isə Müstəqillik Gününə həsr olunmuş mərasim keçirmişik. Bundan başqa digər təşkilatlarla da müəyyən planlarımız var. Hesab edirəm ki, bizim Birləşmiş Ştatlarda bir çox məsələlərdə ortaq hərəkət etməyimiz vacib məsələlərdən biridir.
-Rəhbərlik etdiyiniz təşkilat Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımların Amerika ictimaiyyətinə çatdırılması istiqamətində hansı tədbirləri görür?
-Azərbaycan-Amerika Mədəniyyət Alyansı olaraq Avrasiya və Amerika üzrə Türk Konsulu ilə bərabər rəsmi və mədəni proqramlar təşkil edirik. Həmin proqramlara gələn insanların sayı kifayət qədər çox olur. Bu proqramlar vasitəsilə əlimizdə olan mövcud kitabçalarla Azərbaycan mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsini onlara çatdırmağa çalışırıq. Bir məqamı da qeyd etmək istəyirəm ki, bu sahədə fəaliyyət göstərən istər dövlətə bağlı olan, istərsə də müstəqil fəaliyyət göstərən diaspor təşkilatlarının hamısının dövlətimizin mənəvi dəstəyinə ehtiyacı var. Çünki nəticədə hər kəs Azərbaycanın adını yüksəltməyə çalışır. Azərbaycan-Amerika Mədəniyyət Alyansı olaraq ABŞ-dakı türk diasporu ilə də yaxından əməkdaşlıq edirik. İstər Dağlıq Qarabağ problemi, istərsə də Türkiyəyə qarşı iddia edilən soyqırımı məsələsi olsun, bu kimi məsələlərdə türk diaspor təşkilatları ilə bərabər hərəkət edirik.
-Ümumilikdə, Amerikadakı Azərbaycan diasporunun Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının tanıdılması istiqamətindəki fəaliyyətini qənaətedici saymaq olarmı?
-Bu suala qısa olaraq cavab vermək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımının tanıdılması istiqamətində ABŞ-da fəaliyyət göstərən bütün diaspor təşkilatları əlindən gələni etməkdədirlər. Xüsusilə Amerika Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycan Şəbəkəsi, USAN, HBCSA və digər təşkilatların bu sahədə gördüyü işlər kifayət qədər böyükdür. Ancaq yenə də çox güclü şəkildə, planlı, fədakarcasına işləmək lazımdır. Yəni bundan sonra görüləcək çox işlər var.
-Sirr deyil ki, ABŞ ermənilərin çoxluq təşkil etdiyi ölkələr kimi xarakterizə edilir. Sizin Azərbaycanla bağlı keçirdiyiniz tədbirlərə ermənilər bu və ya digər dərəcədə mane olmağa çalışırlarmı?
-ABŞ ermənilərin çox yaşadığı ölkə kimi qələmə verilsə də, bunu bütün ştatlara şamil etmək olmaz. Bu sadəcə Kaliforniya ştatı üçün belə sayıla bilər. Etiraz məsələsinə gəldikdə isə onlar daim bizə qarşı olurlar. Bizim dövlət adına keçirdiyimiz hər bir tədbir, atdığımız hər addım ermənilər tərəfindən etiraza səbəb olur. Ancaq bir məqamı qeyd etmək istəyirəm ki, yaxın beş ildə erməni diasporu Azərbaycan və türk diasporunun önündə tab gətirə bilməyəcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info