“Cəmil Həsənli çıxışı ilə “ziyalılığını” dəfn etdi”
Tarix: 20.09.2013 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Cümşüd Nuriyev: “O, davranışı ilə professor adına qara ləkə yaxdı”

Prezidentliyə namizədlərin İctimai Televiziyada növbəti teledebatında gərginlik yaşandı. Buna səbəb isə “milli şura”nın namizədi olan Cəmil Həsənlinin Seçki Məcəlləsinin müddəalarını kobud şəkildə pozaraq seçki təbliğatından kənar ifadələr işlətməsi, əsassız, təhqiramiz ittihamlar səsləndirməsi oldu. Bu da öz növbəsində debatda xoşagəlməz hallara yol açdı ki, ölkə ictimaiyyəti də bundan narahatlıq keçirdi.
Əslində isə "milli şura"nın irəli sürdüyü prezidentliyə namizəd Cəmil Həsənlinin bu hərəkəti təəccüb doğurmamalı idi. Toxunulmazlıq statusundan istifadə etməklə Cəmil Həsənli qaydaları kobud surətdə pozaraq süni gərginlik yaratmağa çalışdı. Bu isə radikal düşərgəyə xas olan bir addımdır. Özünü ziyalı sayan bu şəxs digər namizədlərin şəxsiyyətinə toxunmağa cəhd edərək təhqiramiz ifadələr işlətdi və bu da azmış kimi o, reqlamenti dəfələrlə pozdu. Onun hərəkətləri dəyirmi masanın müəyyən müddətə işinin pozulmasına da gətirib çıxardı.
Siyasi şərhçi Cümşüd Nuriyev “Palitra”ya baş verənləri şərh edərək Cəmil Həsənlinin “cığallıq” etməsini təbii hal saydı. O, “milli şura”nın namizədinin ziyalıya yaraşmayan təhqiramiz fikirlər səsləndirməsi və debatda özünü itirərək siyasətdən başqa nə gəldi danışmasını onun arxasında duran komandaya xas xüsusiyyət kimi dəyərləndirdi: “Öncə onu bildirim ki, ilk dəfədir ki, Azərbaycanda prezidentliyə namizədlər daha çox başqalarından danışmağa başlayıblar. Əslində bu belə olmamalıdır. Çünki müstəqillik qazandığımızdan bu yana Azərbaycan 6-cı dəfədir ki, prezident seçkisi keçirir. Belə bir təcrübədə 6-cı dəfə keçirilən prezident seçkilərində namizədlərin başqalarının bostanına daş atmaqla məşğul olması təəssüf doğurur. Bu biabırçılıq nəinki MDB məkanında, heç Avropada da olmamışdı. Bunu edən isə təbii ki, daha çox müxalifətin namizədi oldu. Özünü müxalifətin namizədi adlandıran şəxslər telekanallardakı debatlarda bu cür davranmamalı idilər. Təhqiramiz səviyyəyə enmək onların, konkret olaraq Cəmil Həsənlinin özünün əleyhinə işləyən amil oldu”.
Cümşüd Nuriyev debatda baş verən olayda Hafiz Hacıyevin böyük rol oynaması ilə bağlı iddialarını da düzgün saymadı. O, Cəmil Həsənlinin qıcıq yaradan çıxışlar etməsini buna səbəb saydı: “Bu gün Cəmil Həsənlinin tərəfdarları daha çox Hafiz Hacıyevi qınaq obyekti ediblər ki, onun efirə buraxılması düzgün deyildi və bu adam hər şeyi alt-üst etməklə məşğul oldu. Amma bu bəyənmədiyiniz şəxs də sizin içinizdən çıxıb axı. O da sizin naziriniz olub, indiki iqtidarın məmuru olmayıb... Yəni, özünü ziyalı adlandıran bir şəxsin bu səviyyəyə düşməsi Azərbaycan ziyalısına da zərər vurdu. Bu, həm də Azərbaycan müxalifətinin faciəsidir. Hafiz Hacıyevin hansı xarakterli siyasətçi olduğunu bilirik. Amma Cəmil Həsənlinin də bu cür yanlış addım atması artıq böyük fəlakətdir. Elmlər doktoru olasan, universitetdə dərs deyib parlamentdə oturmuş olasan və özünü ziyalı sayasan, amma sonda hamısını qaldırıb yerə çırpasan. Bizim ən böyük faciəmiz odur ki, biz belə insanları layiq olmadığı yerə qaldırmışıq. Alim kimi pis alim olmaya bilərdi. Amma onun əxlaq məsələsində özünü tam çılpaqlığı ilə ortaya qoyması onun alimliyinin də üstündən xətt çəkmiş oldu. Əslində Hafiz Hacıyevin çıxışını da qəbul etmirəm ki, o, ailə məsələlərini gündəmə daşıdı. Amma eyni şeyi radikal müxalifətin namizədinin də etməsi artıq səviyyə fərqinin olmamasını göstərmiş oldu. Hətta müxalifət olmur, kim olur olsun, bu tip məsələlərdən uzaq durmaq lazımdır. Cəmil Həsənli onsuz da indiki prezidentə alternativ ola bilməz. Amma özünü İlham Əliyevə alternativ görürsənsə, belə olan təqdirdə sən Prezident İlham Əliyevin siyasəti ilə razılaşmaya bilərsən. Amma bu razılaşmamaq sözlə yox, konkret olaraq arqumentlərlə olmalıdır ki, Prezident bunu edə bilmədi, amma mən həmin məsələni həll edə biləcəm. Bunun yolunu da göstərmək, inandırmaq lazımdır. Azərbaycan xalqı kifayət qədər intellekti olan bir xalqdır. Burada hamı hər şeyi çox gözəl anlayır. Amma sən get, debatda bəyənmədiyin Hafiz Hacıyevin səviyəsindən də aşağı düş və seçkidə siyasətdən deyil, şəxsi məsələlərdən danış, bu artıq özünəqəsddir. Hafiz Hacıyev nə elmlər doktoru idi, nə də hansısa birliyin namizədi idi. Sən fərqi göstərməli idin, amma fərq də saxlamadın. Neçə aydır dəm-dəstgahla, səs-küylə gəlirdilər ki, belə bir böyük birliyik, səviyyəmiz ortada, seçdiyimiz namizədsə çox ziyalıdır. Hanı bəs o səviyyə, hanı o ziyalılıq? Ziyalı da gəlib axırda belə bir biabırçı vəziyyətə düşdü. O, bu addımı ilə professor adına bir qara ləkə yaxdı. Şəxsən mən də bir elmlər doktoru kimi bundan sonra utanacam ki, belə bir elmlər doktorumuz var”.
Siyasi şərhçi Cəmil Həsənlini aqressiv görünməsinin də özəl səbəblərinin olduğunu vurğuladı: “Belə biabırçılıq olmaz. Adamın ünvanına ittihamlar da deyərlər hətta təhqirlər də deyib yazarlar. Amma sən ziyalısansa, buna eyni tərzdə cavab verməməlisən. Bu “milli şura”nın xəstəliyidir. Eyni şeyi Eldəniz Quliyev də mətbuatda mənim üçün etdi. O, ünvanıma elə təhqirlər yazdı ki, sözlə deyiləsi deyildi. Amma mən o səviyyəyə düşmədim ki, o Eldənizdir, qoy o səviyyəsində qalsın. Cəmil müəllim isə canlı yayımda gedib ondan da aşağı səviyyəyə düşməsi ilə özünə qarşı olan az hörməti də yerə çırpmış oldu. Belə hadisələrin, təhqirin olacağını gözləmirdim. Amma bunu proqnozlaşdırmışdım. Çünki “milli şura” və orada olanlar daim dözümsüzlükləri ilə tanınıblar. Cəmil Həsənliyə müraciət edirəm ki, get “milli şura”dan istefa ver və namizədliyini də geri götür. Çünki sənin sözünün çəkisi daha ziyalı sözünün çəkisində deyil. Əgər o bu şəkildə davam edəcəksə, ümumilikdə seçkilərə biabırçılıq gətirmiş olacaq. Belə biabırçılıq isə əslində xalqa təhqir sayılmalıdır. Hər ölkədə müxalifətin xüsusi çəkisi olur. Biz də isə bu çəki artıq yoxdur. Xalqın seçim etməsində onsuz da problemi yox idi. Amma bunlar bir nifrət mənbəyinə çevrilmiş oldular”.
Politoloq deyir ki, əslində Cəmil Həsənli düşdüyü çirkabı tam anlamır. Onu bu oyuna salanlar isə istədiklərinə nail ola bilməyəcəklər: “Cəmil Həsənlinin ilk debatından sonra Əli Kərimli demişdi ki, “o özünü oda atdı”. Halbuki, Cəmil müəllimi namizəd seçməklə Əli Kərimli özü onu oda atmışdı. Məlum oldu ki, bu bədbəxt hələ on il də parlamentdə oturub otuz il də elmlə məşğul olsa, elə çayxana səviyyəsində qalacaq. Bunun elə ancaq diplomu var imiş. Bir çoxunun elmlər doktoru diplomu var. Amma heç olmasa onlar demirlər, bunu qabartmırlar. Özlərini normal aparmağa çalışırlar. Amma Cəmil Həsənlini bəh-bəhlə təqdim edib sonda belə biabırçılıq etmək ölkədə ziyalılara hörmətsizlik idi. İTV-də Cəmil Həsənli Azərbaycan ziyalılığını asdı və ozünü intihar etdi. Ortalıqda olan meyidini kim basdıracaqsa bilmirəm. İstənilən halda ziyalılarımız çox çətinlik çəkəcək ki, yenidən ziyalının çəkisini, imicini bərpa etsinlər”.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info