Yanvar qırğını: Neftçalada əliyalın sakinlərə divan tutulub
Tarix: 25.01.2020 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


2 nəfər öldürülüb, 50-ə yaxın insan həbs edilib


1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə Cəlilabada, sonra Neftçalaya doğru hərəkət etdi. Digər rayonlarda olduğu kimi, Neftçalada da günahsız və əliyalın sakinlərə divan tutuldu, 2 nəfər öldürüldü, 50-ə yaxın insan həbs edildi.


AZƏRTAC xəbər verir ki, həmin gün – yanvarın 25-də Nurəddin Ağahüseynov Neftçalanın mərkəzində şəhid olur. Sovet əsgərləri tanklarla rayon mərkəzinə daxil olarkən, onunla üz-üzə gəlirlər və Nurəddini şəxsi avtomobilində güllələyirlər.
Şəhid Nurəddin Ağahüseynovun həyat yoldaşı, Şirmayı Ağahüseynova deyir: “Yoldaşım səhər işə getmişdi. Axşam saat 5-6 olardı. Qonşuda eşitdim ki, şəhərin mərkəzindən gurultulu səslər gəlir, atəş açılır. Uşaqlarımız körpə idi. Evimizin pəncərəsindən baxırdıq. Dedilər, atışmadır. Biz bilmirdik nə baş verir. Sonra qonşuya bir nəfər gəldi. Dedi, Nurəddini vurublar, xəstəxanaya aparılıb. Tələm-tələsik xəstəxanaya yollandım, gördüm ki, yoldaşımı başından və bədənindən güllələyiblər”.
Şəhidin bacısı Arifə Ağahüseynova isə o acı günləri belə xatırlayır: “Qardaşım axşam bizə gəlmişdi. Anam xəstə yatırdı o zaman. Dedi, ay bala, nə səsdir bu? Nurəddin dedi ki, ana, müharibədir deyəsən. Sovet ordusu insanları güllələyir. Sonra qucaqlaşdıq, qardaşım getdi. Dedi, bacı, darıxma, sabah gələcəyəm. Amma gəlmədi...”
Həmin gün sovet əsgərlərinin vəhşiliyinə qəhrəmanlıqla sinə gərib öldürülən oğullarımızdan biri də Əbülfəz Cəfərovdur. Əbülfəzin qardaşı və bacısı o dəhşətli günlərdən danışır.

Şəhidin qardaşı Müşfiq Cəfərov: “Hər şeydə birinci idi. Özünü qabağa verərdi, qonşuda hər bir işdə yaxından iştirak edərdi, köməyini əsirgəməzdi. Həmin hadisələrdə də çox insanları xilas etdi. Yaralıları sovet əsgərlərinin pəncəsindən alıb kənara aparırdı. Amma özü nə qədər döyüşsə də sağ qalmadı. İşgəncələrə baxmayaraq bir neçə zabiti döyüb qəhrəmancasına şəhid oldu. Əbülfəz Vətən üçün, torpaq üçün yaşadı, son nəfəsində də Vətən “sağ olsun” dedi.”
Müşfiq Cəfərovun bacısı Gülnaz Cəfərova: “13 güllə yarası almışdı. Başında, sinəsində süngünün, bıçaqların yeri var idi. Ayaqları, boynu sındırılmışdı, barmağı kəsilmişdi. Qardaşım nişanlı idi. Sovet əsgərləri barmağını kəsib nişan üzüyünü aparmışdılar...”
Günün ikinci yarısında Neftçala rayonunun mərkəzinə girən əsgərlər heç nəyə məhəl qoymadan öz azadlıqları uğrunda mübarizəyə qalxan əliyalın insanlara atəş açıb, onları güllə yağışına tutublar. O dəhşətli günlərin şahidi olan və güllə yarası alan Fərman Hüseynov deyir ki, həmin gün Neftçala oğulları qəhrəmanlıqları ilə tarix yazdılar: “Divarlarda gördüyünüz o güllə yerləri 1990-cı ilin 25 yanvar hadisələrindən qalıb. Həmin gün dayandığımız bu yerdə sovet əsgərlərinin qərargahı yerləşirdi və gözlənilmədən, xəbərdarlıq etmədən tanklarla, BTR-lərlə, hərbi maşınlarla dolu əsgərlər bu əraziyə gəldilər, dörd tərəfi güllə atəşinə tutdular, yoldan keçənləri güllələdilər, döydülər, əzdilər, vurdular”.
Fərman Hüseynov bildirir ki, sovet qoşunları bununla kifayətlənməyib 40 nəfərdən çox insanı Bankə qəsəbəsindəki hərbi hissənin hamamına aparıb. Əliyalın insanlara xüsusi qəddarlıqla işgəncələr veriblər. Hətta sovet əsgərləri Neftçala şəhərinin mərkəzində 20 Yanvar şəhidlərinin yas mərasimini də güllə yağışına tutmaqdan çəkinməyiblər.
Hər il Neftçalada bu tarix həm də fəxarət hissi ilə yad edilir. Nurəddin Ağahüseynov, Əbülfəz Cəfərov, Şəmsəddin Orucov kimi şəhid qəhrəmanların ruhu uca tutulur.
Qeyd edək ki, Neftçala sakini Şəmsəddin Orucov Bakıda 20 Yanvar hadisələrində şəhid olub.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Masallı Rayon İcra Hakimiyyəti başçısının Tüklə kəndi ərazisində səyyar görüş-qəbulu
27.02.2020
Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər
26.02.2020
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
26.02.2020
Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
26.02.2020
Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Referendum Paşinyanın sonu ola bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info