“Ermənistanda növbəti spontan etirazların baş qaldıracağı istisna olunmur”
Tarix: 27.01.2020 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Ekspert Ehtiram Aşırlı: “Paşinyan konstitusiya islahatı aparmaqla hakimiyyəti əlində saxlaya bilməyəcək”

“Vaşinqton Ermənistanda vəziyyəti nəzarətdə saxlamaq üçün Paşinyana alternativ siyasi varis hazırlayıb”

Son vaxtlar erməni KİV-də Paşinyan hökumətinin mövqelərinin zəiflədiyini göstərən yazılar dərc olunur. Bu da siyasi elita daxilində rəqabətin güclənməsi ilə müşahidə olunur. 2018-ci illə müqayisədə baş nazir Nikol Paşinyanın reytinqi kifayət qədər aşağı düşüb. Paşinyanın “Məxməri inqilab” zamanı verdiyi vədləri yerinə yetirə bilməməsi ona inamın azalmasına gətirb çıxarıb. O, 2019-cu ili iqtisadi inqilab ili etsə də, bu dönüşü təmin edə bilmədi. Hökumət 2019-cu ildə Ermənistanda iqtisadi artımın 7,5-7,9 % arası təşkil etdiyini bildirir. Buna baxmayaraq, ölkədə işsizlik, immiqrasiya kimi problemlərin qalması sosial-iqtisadi sahələrdə mühüm islahatların aparılmadığından xəbər verir. Ekspert Ehtiram Aşırlı “Palitra”ya dəyərləndirməsində bildirib ki, Ermənistanda növbəti spontan etirazların baş qaldıracağı istisna olunmur: “Ermənistan mətbuatının yazdığına görə, Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlməsinin təşkilatçısı olan ABŞ Paşinyanın reytinqinin aşağı düşməsindən narahatlıq keçirir. Hətta ABŞ-ın İrəvandakı səfirliyi Paşinyanın reytinqini öyrənmək üçün hesabatlar hazırlayır. Çünki növbəti etiraz dalğası ABŞ üçün arzuolunmaz bir şəxsin Ermənistanda hakimiyyət başına gəlməsi ilə nəticələnə bilər.
Rəsmi Vaşinqton Ermənistanda vəziyyəti nəzarətdə saxlamaq üçün Paşinyana alternativ siyasi varis də hazırlayıb. Bu, baş nazirin müavini Tiqran Avinyandır. Xüsusilə, erməni mətbuatında T.Avinyanın digər baş nazir müavini Mher Qriqoryandan daha fəal olmasına dair xəbərlərin yayılması N.Paşinyanın narahatçılığına səbəb olmuşdu. Hətta, bir müddət aralarındakı münasibətlərin soyuq olduğuna və T.Avinyanın N.Paşinyanın yerində gözü olduğuna dair də yazılar dərc edilmişdi. Qeyd edək ki, T.Avinyan həm də “Soros Fondu”nun Ermənistandakı əsas koordinatorlarından biri sayılır. Nikol Paşinyanın konstitusiya islahatı keçirmək qərarına gəlməsi də baş nazirin zəifləmiş hakimiyyətini möhkəmlətmək niyyəti ilə izah edilir.
Xatırladaq ki, Ermənistan mediasında hələ bir neçə ay öncə Paşinyanın 2020-ci ildə konstitusiya referendum keçirəcəyi barədə məlumat yayılmışdı. Həmin məlumata görə, baş nazirin məqsədi yeni konstitusiyanın qəbulundan sonra ölkədə hakimiyyət bölgüsünü yenidən formalaşdırmaq və növbədənkənar prezident seçkiləri keçirməyi planlaşdırır. Bununla da N.Paşinyan Qarabağ klanının hakimiyyətdə qalmış yeganə nümayəndəsi olan Armen Sarqsyanı prezident postundan uzaqlaşdıraraq onun yerinə öz adamını gətirmək niyyətindədir. Eləcə də konstitusiyaya ediləcək əlavə və dəyişikliklər Nikol Paşinyana məhkəmə-hüquq sisteminə nəzarəti artırmaq imkanı yarada bilər. “Hraparak” qəzeti baş nazirin konstitusiyanı dəyişməklə özünə daha monolit hakimiyyət formalaşdırmağa hazırlaşdığını yazır. Referendum da əslində, Paşinyanın parlamenti buraxmasına xidmət edir. Qeyd edilir ki, Nikol Paşinyan bu yaxınlarda partiya üzvləri ilə məsafə də saxlayır. “Paşinyanı Yeni il münasibətilə təbrik etmək və onu hökumətə məxsus istirahət evində ziyarət etmək hüququna yalnız “seçilmişlər” - Ararat Mirzoyan, Lilit Makunts, Hakob Simidyan malik olub. Nikolun uzun müddətdir parlamenti buraxmaq istəyi son vaxtlar daha əsaslı olub. Fraksiya onu daim əvəz edir, Makunts və Simidyan isə bütün günü deputatlarla maarifləndirmə işi aparır. Əvvəllər Nikol fraksiyasından çıxan bir deputatın mandatını verməsi barədə xəbərdarlıq etsəydi, parlament dağılardı. İndi o, artıq partiyalar haqqında qanuna və Seçki Məcəlləsinə dəyişiklikləri gözləyir. Yeri gəlmişkən, o, 88 deputatın olmasına meyilli deyil və adekvat, səyyar komanda yaratmağa çalışacaq”.
Ekspert bildirib ki, Nikol Paşinyanın reytinqinin aşağı düşməsi hakimiyyət dəyişikliyini qaçılmaz edir: “Ona görə də yaxın vaxtlarda Ermənistan rəhbərliyinə yeni fiqur gələ bilər: Hətta bu yaxınlarda Ermənistan mətbuatında Paşinyanın psixoloji xəstəliyinin olması barədə məlumat yayılmışdı. Belə suallar səslənir ki, hökumət nə üçün bu problemin qarşısını almır. Hətta bir müddət öncə onun barəsində yayılmış videoda da göstərilirdi ki, Vanadzor şəhərinə səfəri zamanı həyat yoldaşı yaxınlaşıb Nikol Paşinyanın cibinə ağ kağıza bükülmüş nə isə qoyur. Həmin bükülünün ya narkotik, ya da psixotrop maddə olduğu iddia edilirdi. Ermənistanın ən populyar qəzetləri onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Robert Köçəryanın oğlanları tərəfindən planlar hazırlandığını yazır.
Mətbuat tez-tez “Paşinyanın növbəti yalanı” başlıqlı məqalələr dərc edir. Onun yerinə kimin gəlməsindən danışsaq, mənim fikrimcə, Paşinyanı əvəz edə biləcək ən real namizəd hazırda prezident Armen Sarqsyandır. Paşinyan bu prosesin qarşısını almaq və hakimiyyəti əlində cəmləşdirmək üçün ölkədə prezident üsul-idarəsini bərpa etməyə çalışır. Yəni özü prezident olmaq istəyir. Çünki Paşinyan özü də çox gözəl başa düşür ki, Ermənistan parlamentli respublika üsul-idarəsinə hazır deyildi. Ölkədə parlamentar sistem tamamilə çökmüş vəziyyətdədir. Bu baxımdan, konstitusiya referendumu keçirməkdə məqsəd də ölkədə parlamentar sistemdən prezidentli respublika üsul-idarəsinə qayıtmaqdır. Ancaq Paşinyanın buna nail olacağını söyləmək çətindir. Armen Sarqsyan vaxtilə Avropada yaşayıb fəaliyyət göstərdiyi üçün ermənilər onu mədəni-elitar təbəqənin nümayəndəsi kimi hakimiyyətdə saxlamaq istəyir. Hesab edirlər ki, Armen Sarkisyan hakimiyyətdə qalarsa, ermənilərin vəziyyəti hərtərəfli yaxşılaşar. Əlalxüsusda, son zamanlar erməni mediasında çıxan xəbərlərə görə xalqın rəğbətini qazanan prezident A.Sarqsyanın reytinqi durmadan artır. Erməni diasporasının prezident A.Sarqsyana dəstək verildiyi də bildirilir. Digər tərəfdən, Paşinyan da ifadə vermək üçün istintaqa çağırılması haqda məlumat və şəkillər paylaşmaqla reyitnqini artırmağa çalışır”.
Ehtiram Aşırlı qeyd edib ki, Xüsusi İstintaq Komitəsinə nə üçün çağırıldığını açıqlamasa da, Ermənistan tarixində ilk baş nazir kimi müstəntiqin kabinetinə gəldiyini yazıb: “Son vaxtlar onun qızının və həyat yoldaşının siyasətə müdaxilə etməsi də xalq arasında narazılıq yaradır. Hesab edirəm ki, Paşinyan konstitusiya islahatı aparmaqla hakimiyyəti əlində saxlaya bilməyəcək. Bir il bundan əvvəl Paşinyanı dəstəkləyən erməni xalqı artıq ona qarşı çıxır. Yerli əhali tez-tez hökümət binasının qarşısında etiraz aksiyaları keçirərək, Paşinyandan verdiyi sözləri əməl etməsini tələb edirlər. Xüsusilə də hərbçilərin ailələrini dolandıra bilməməsi, uşaqlarını xəstəxanaya aparacaq maddi imkanlarının olmaması Ermənistan ordusundakı dərin böhranın bariz nümunəsidir ki, hərbçilər xalqa müraciət edərək onlardan kömək istəyirlər. Göründüyü kimi bütün bunlar N.Paşinyanın xalqa vəd etdiyi çiçəklənən “yeni Ermənistan”dır”.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.02.2020
Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
23.02.2020
Hulusi Akar vǝ Sergey Şoyqu arasında telefon danışığı olub
21.02.2020
“Paşinyan beynəlxalq aləmdə Ermənistanı rüsvay edir”
21.02.2020
Moskvada 2,5 mindən artıq şəxs koronavirus şübhəsi ilə karantinə götürülüb
20.02.2020
«Qolos Armenii»: “Münxen görüşü göstərdi ki, Paşinyan beynəlxalq hüququ və diplomatiyanı bilmir”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info