“İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox güclü və dayanıqlı iqtisadiyyat formalaşıb”
Tarix: 21.09.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Son illər iqtisadiyyatın sürətli inkişafı ölkədə həyata keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz faktıdır. Bütün sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də dinamik inkişaf yolunu tutan ölkəmiz bu istiqamətdə davamlı tədbirlər həyata keçirir. Müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyevdir:

-Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam deməklə” fəaliyyətə başlayan İlham Əliyev ötən illər ərzində öz praktiki fəaliyyətində, sözün əsl mənasında, hər bir kəsin Prezidenti olduğunu sübut edərək, ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən sabitliyin qorunub saxlanması, Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, sosial həyatın bütün sahələrin­də mütərəqqi islahatların aparılması istiqamətində çoxlu mühüm bənzərsiz və analoqu olmayan addımlar atıb. Ümummilli liderin iqtisadi strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı və davamlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və əldə edilən iqtisadi uğurları ilə dünyanın aparıcı dövlətinə, eləcə də beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilib. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Əlbəttə, bütün bunlar ölkə başçısının ardıcıl və qətiyyətli addımlarının real nəticəsidir. Hörmətli akademik Ramiz Mehdiyevin fikirləri ilə desək: “Tarixi təcrübə göstərir ki, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid qeyri-sabitliklə, qarşıdurma və iğtişaşlarla səciyyələnir. Məhz bu mərhələdə ölkənin, xalqın taleyində həlledici addımlar atılır, onun gələcək inkişaf perspektivləri təyin edilir. Buna görə də siyasi hakimiyyətin qətiyyəti, uzaqgörənliyi önəmli amil kimi nəzərdən keçirilir”. Məhz belə bir yolu keçən Azərbaycanda ümummilli lider tərəfindən atılmış qətiyyətli addımların, bünövrəsi qoyulmuş iqtisadi strategiyanın İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi ölkəmizin müasir davamlı və dinamik inkişafının əsasını təşkil edir.
Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır. 2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasına, bu sahədə artıq əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi və artırılmasına xidmət edib. Akademik Ramiz Mehdiyevin sözləri ilə ifadə etsək “Azərbaycanın keçid dövrünü uğurla başa vurması, yalnız zamanın tələblərinə uyğun həyata keçirilən çevik siyasət, vaxtında atılan addımlar, bu işləri görə bilmək üçün tələb olunan lider keyfiyyətləri sayəsində mümkün olub”. Ümumilikdə isə, İlham Əliyevin prezidentlik dövründə əldə edilmiş iqtisadi uğurlara makroiqtisadi sabitliyin qorunub saxlanılması və davamlı iqtisadi artımın təmin edilməsi, iqtisadi idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qeyri-neft sektorunda inkişafın sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və regionlarda sahibkarlığın, istehsal, sosial infrastrukturların inkişafı, bu sahədə stimullaşdırıcı addımların atılması, ölkədə yoxsulluğun səviyyəsinin əhəmiyyətli şəkildə azaldılması, məşğulluğun təmin edilməsi, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi və s. kimi məsələləri aid etmək olar.
- Son illər ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsində iqtisadiyyatın inkişaf rolunu necə qiymətləndirirsiniz?
- Bu il aprelin 7-8-də Davos İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın regionda aparıcı ölkə olduğunu bir daha təsdiqlədi. Davos Forumu ilk dəfə olaraq Xəzər sahillərinə gətirildi. Bu forumu təşkil etməklə ölkəmiz sadəcə regionun iqtisadi cəhətdən aparıcı ölkəsi olduğunu beynəlxalq arenada təsdiq etdirmədi, eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz ilə Orta Asiyanın inteqrasiyasında həlledici ölkə olduğunu göstərdi. Məhz, bu inteqrasiyanın əhəmiyyətini yüksək qiymətləndirən İlham Əliyev Forumun açılış mərasimində bildirdi ki, regionda müşahidə olunan əsas meyil inteqrasiya və əməkdaşlıqdır. Davos İqtisadi Forumu özü də Bakıda təşkil edilən tədbiri, məhz regionda, xüsusən də Azərbaycanda müşahidə edilən iqtisadi artım aspektindən xarakterizə edib. Forumun gəldiyi qənaət belədir ki, bu region dünya üzrə istifadə olunmamış ən böyük təbii ehtiyatlar rezervinə və kontinental tranzit yolu kimi strateji əhəmiyyətə malikdir. Bu inkişaf və artım potensialından maksimal dərəcədə yararlanmaq üçün regionun əsas ölkələri güclü iqtisadiyyatlarını qurmalı və onun uzunmüddətli perspektivdə davamlı inkişafını təmin etməlidir. Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi həm ölkənin regionda bu günə qədər əldə etdiyi iqtisadi irəliləyişlərinə bir beynəlxalq dəstəkdir, həm də gələcək strateji planlamada ölkənin mühüm rol oynayacağı deməkdir.
Təbii ki, ümumi iqtisadi inkişaf ayrı-ayrı sahələrin tərəqqisi əsasında əldə edilir. Neft və qaz hasilatı üzrə ölkəmizdə qazanılmış tarixi rekord nəticələr hər il təzələnməkdədir. Ötən ilin əhəmiyyətli iqtisadi uğurları sırasında İstanbulda Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı imzalanmış iki saziş xüsusi əhəmiyyətə malikdir. Hesab edirik ki, bu, Prezidentimizin Azərbaycan xalqına və gələcək nəsillərə töhvəsidir. Bunun müvəffəqiyyətli olacağına inanırıq.
-Ölkədə elmin və təhsilin inkişafına verilən dəstək gənclərin bacarıqlı kadr kimi yetişməsinə şərait yaradacaqmı?
- Bu gün elm və təhsil müəssisələrinin kompüterləşdirilməsi, beləliklə də gənclərin müasir texnologiyalardan istifadə vərdişlərinə yiyələnməsinə şərait yaradılması, onların virtual dünyaya çıxışının təmin edilməsi ölkədə müasir intellektual səviyyəyə malik gənclərin formalaşdırılması istiqamətində atılmış məqsədyönlü addımlardır. “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcək”-deyən ölkə başçısının əsas məqsədi “qara qızılı insan kapitalına çevirməklə” Azərbaycanda dayanıqlı və sabit sosial-iqtisadi inkişafa nail olmaqdan ibarətdir. Məhz bu baxımdan İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının da vurğuladığı kimi bu proqram 5, 10 ildən sonra, bəlkə də daha da gec bəhrə verəcək, amma intellektual gələcəyə yönəldilən investisiya kimi mütləq özünü doğruldacaq. Ali təhsilli kadrların hazırlanması istiqamətində atılan bu məqsədyönümlü addımlar, həm də elm sahəsində görülən işlərlə, həyata keçirilən islahatlarla müşayiət edilir. Məhz bunun bariz nümunəsidir ki, elmin inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və bu strategiyanın həyata keçirilməsi ilə bağlı proqram” qəbul edilib. Bu əsasda, 2009-cu ildə Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb. Fond elmin müxtəlif sahələri ilə bağlı qrant müsabiqələri keçirir ki, bu da ölkəmizdə elmin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, artıq İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşıb.
-Ölkənin gələcək inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- İstər ümumi iqtisadi göstəricilərdə, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə dair göstəricilərin dinamik formada dəyişməsi, ilbəil artması ölkəmizin iqtisadi qüdrətinin və inkişaf tempini xarakterizə edir. Təsadüfi deyil ki, artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə böhranının təsirini minimum həddə endirməyi bacaran Azərbaycanın uğurları bütün dünyada diqqətlə izlənilir və ölkəmizin inkişaf tempini təmin edən şərtlər geniş təhlil obyektinə çevrilir. Bunu son vaxtlar dünyanın aparıcı mətbu orqanlarında Azərbaycanın iqtisadi artımına dair dərc olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən də əyani görmək müm­kündür. Beləliklə, görülən işlərə nəzər yetirsək görərik ki, məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycan regionun ən aparıcı dövlətinə çevrilib. Belə ki, Azərbaycan hazırda regionun ümumidaxili məhsulun 80%-ə qədərini verir. Əsası ümummilli liderimiz H.Əliyev tərəfindən qoyulan özünəməxsus milli inkişaf modelimizi formalaşdırdı, onun elmi əsaslara söykənən milli, sosial-iqtisadi məzmunlu inkişaf modelini qurdu. Bu əsasda ölkədə enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin edildi. Azərbaycan transmilli layihələrin təşəbbüscüsü, icraçısı və maliyyələşdiricisi oldu. Ölkə başdan-başa yenidən qurularaq abadlaşdırıldı. Zəruri infrastrukturlar yaradıldı. Azərbaycan Cənubi Qafqasın ən güclü və modern dövlətinə çevrildi. 155 dövlətin dəstəyi ilə BMT təhlükəsizlik şurasının qeyri daimi üzvü seçildi. Ölkə iqtisadiyyatının həcmi 3 dəfə artıb. Azərbaycan ÜDM istehsalının illik artım tempinə görə, dünyanın lider dövlətləri sırasında yer alıb. Dövlət büdcəsi 17 dəfə artaraq 1,5 milyard dollara çatıb. Ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə artıb ki, hazırda valyuta ehtiyatlarımızın miqdarı 40 milyard dollara yaxındır. Yoxsulluq səviyyəsi 7 dəfə aşağı düşərək 59 faizdən 6 faizə çatıb. Son 3 ildə internet xidmətlərindən istifadə haqları 10 dəfədən çox aşağı salınıb. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. Hər il məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 300 milyon manat vəsait xərclənir. Qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına, əhalinin uçmuş evlərinin yenidən tikilərək özlərinə verilməsinə 300 milyon manat xərclənib. Prezidentin uzaqgörənliyi, düşüncəsi və yüksək idarəetmə qabiliyyəti nəticəsində ölkəmiz dünya maliyyə böhranından nəinki təsirləndi, hətta artımla çıxdı. İnvestisiya qoyulan ölkədən, investisiya qoyan ölkəyə çevrildi. Azərbaycanda sosial-iqtisadi, sosial inkişaf, sosial təminat, ordu quruculuğu baxımından quruculuq işləri gücləndirildi. Hazırda isə ölkə iqtisadiyyatının şaxələndirilməsi, biliklərə əsaslanan iqtisadiyyatın qurulması, innovasiya yönümlülüyü əsasında rəqabətqabiliyyətliliyin artırılması istiqamətləri üzrə işlər sürətlə getməkdədir. Nəinki müstəqilliyini yeni qazanmış MDB respublikalarında, hətta dünyanın uzun illər ərzində sürətlə inkişaf etmiş ölkələrində ciddi tənəzzülün baş verdiyi bir vaxtda milli iqtisadiyyatımız üçün nəzərəçarpacaq uğurlarla başa çatması, artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını, aparıcı dünya universitetlərinin iqtisadçı alimlərini təəccübləndirməkdədir. Artıq bu alimlər və təşkilatlar Prezident İlham Əliyev tərəfindən qurulmuş Azərbaycanın iqtisadi inkişaf modelini öyrənmək və digər ölkələrdə də tətbiq etmək istiqamətində düşünürlər. Bu prezidentimizin mahir idarəçilik bacarığının nəticəsidir. “Gələcəyə baxış 2020-inkişaf konsepsiyası”ndakı hədəfləri uğurla fəth etmək üçün belə işi görməkdə, bacarığı ilə dünyaya səs salan İlham Əliyevə çox ehtiyacımız var. Onu xalqımız sevir və uzun müddət ərzində prezident görmək istəyir. Hesab edirəm ki, bu obyektiv zərurətdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info