Ağdamda şəhid Səməndər Quliyevin xatirəsi anılıb
Tarix: 03.02.2020 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Səməndər Quliyevin xatirəsi anılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, mədəniyyət işçilərinin və məktəblilərin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Zəngişalı kənd Mədəniyyət Evinin müdiri Fikrət Əliyev, şəhidin qardaşı Teymur Quliyev, sinif yoldaşları və müharibə veteranları çıxış edərək onun həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Quliyev Səməndər Rəsul oğlu 1964-cü il fevralın 3-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1982-1984-cü illərdə keçmiş sovet ordusunda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə qayıdaraq kolxozda traktorçu işləyib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda Səməndər Quliyev də könüllü olaraq Vətənimizin müdafiəsinə qalxıb və Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak edib. Onun son döyüşü 1994-cü il fevralın 1-də Ağdam rayonunun Novruzlu kəndində olub. Həmin döyüşdə düşmən tankını qumbara ilə partladan Səməndər bir yaralı əsgərimizi də döyüş meydanından çıxararaq xilas edib, özü isə güllə yarası alaraq şəhidlik zirvəsinə ucalıb. Mərasim iştirakçıları şəhid Səməndər Quliyev haqqında hazırlanmış videoslaydı izləyib, məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.

Ordu quruculuğu siyasəti uğurla davam etdirilir
Yeri gəlmişkən qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev müşavirəni açıq elan etdikdən sonra muxtar respublikada ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş olunub. Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev 2019-cu tədris ilində qoşunlarda döyüş hazırlığının, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətini təhlil edərək bildirilib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində müdafiə qüdrəti durmadan artan muxtar respublikada hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur.
General-leytenant Kərəm Mustafayev vurğulayıb ki, 2019-cu ildə döyüş hazırlığında əsas diqqət şəxsi heyətin hərbi-peşəkarlıq səviyyəsinin, əməliyyat və döyüş hazırlığı tədbirlərinin effektivliyinin artırılmasına, idarəetmə orqanlarının və qoşunların peşəkar hərbi kadrlarla komplektləşməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilib.
“Qoşunların bir mərkəzdən idarə olunmasının təkmilləşdirilməsi və uzlaşmış fəaliyyətə nail olunması məqsədi ilə ötən tədris ilində bir neçə dəfə Naxçıvan Qarnizonu Qoşunlarının birgə təlimləri keçirilib. Aprelin 18-də “Naxçıvan Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşma planı” üzrə görülən işlərin nəticələrinə həsr olunmuş müşavirədə Ali Məclisin Sədri qarnizonun birləşmə və hissələrinin qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirib”, - deyən Naxçıvan Qarnizonunun rəisi bildirib ki, ötən il Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə iki əməliyyat taktiki təlimi keçirilib. Bunlardan biri Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Qış-2019” beynəlxalq təlimi, digəri isə Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2019” təlimi olub. Naxçıvanda keçirilən təlimi Ali Məclisin Sədri, Türkiyə Respublikasının Milli Müdafiə naziri və Azərbaycan Respublikasının Müdafiə naziri izləyiblər. Bundan başqa, Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimində də Naxçıvan Qarnizonu Qoşunları yüksək peşəkarlıq nümayiş etdiriblər. Diqqətə çatdırılıb ki, 2019-cu ildə Naxçıvan Qarnizonu qoşunlarının “Culfa” Təlim Mərkəzinin, Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 5 mərtəbəli, 44 mənzilli yaşayış binasının və istirahət parkının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binasının, Naxçıvan hərbi şəhərciyində 220 yerlik zabit yataqxanasının istifadəyə verilməsi muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır. Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev vurğulayıb ki, ümumilikdə, ötən il ərzində keçirilən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu təsdiq edib. Qarnizonun “Bir nəfər hamı, hamı bir nəfər üçün” şüarı əməldə özünü göstərib. Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayevin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyevin, Hərbi Məhkəmənin sədri Polad Həsənovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimovun, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyevin, Hərbi Prokurorun müavini, ədliyyə polkovnik-leytenantı Rəşad İsmayılovun, Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Ramin Əhmədovun 2019-cu tədris ilində görülmüş işlər və 2020-ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təklifləri dinlənilib. Müşavirəyə Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev yekun vuraraq 2020-ci tədris ilində döyüş və ictimai-siyasi hazırlıq üzrə fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis Sədrinin tapşırıqlarını diqqətə çatdırıb. Bildirilib ki, muxtar respublikanın müdafiəsinin daha etibarlı və tam zəmanətlə təmin edilməsi, Naxçıvan Qarnizonu Qoşunlarının qarşılıqlı əlaqəsinin koordinasiyası məqsədi ilə Ali Məclis Sədri tərəfindən təsdiq edilən “Naxçıvan Qarnizonu qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı” dürüst və dəqiq yerinə yetiriləcək. Yeni tədris ilində Naxçıvan Qarnizonu qoşunlarının əsas səyləri qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə, səfərbərlik, əməliyyat və döyüş hazırlığının düzgün təşkilinə, tabelikdəki qoşunların hazırlıq prosesinə ciddi nəzarət olunmasına və köməkliyin göstərilməsinə, real vəziyyətin daim dərindən öyrənilməsinə və qoşunların hazırlığının təkmilləşdirilməsinə yönəldiləcək. Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçuya “Şücaətə görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı, qiymətli hədiyyə və fəxri fərman təqdim olunub.

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il fevralın 3-dək 107 milyon 345 min 468,57 manat, 213 min 577,88 ABŞ dolları, 17 min 566 avro və 5000 rubl vəsait yığılıb. Bu barədə “Palitra”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info