“Gec-tez Ermənistan işğal etdiyi torpaqları azad etməyə məcbur qalacaq”
Tarix: 03.02.2020 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


“Ermənistanın ağız dolusu danışdığı Su-30 qırıcı təyyarələri heç də şişirdiləcək qədər döyüş imkanlarına malik deyil”

Yanvarın 27-də Əlcəzairin şimal-şərqindəki Umm əl-Buaqi vilayətində Rusiya istehsalı olan Su-30SM qırıcı təyyarəsinin naməlum səbəbdən qəzaya uğraması barədə xəbər bu tipli aviasiya vasitələrinin təhlükəsizliyinin şübhə doğurduğu barədə mülahizələri növbəti dəfə gündəmə gətirdi. KİV-də yayılan məlumata görə, qırıcı təyyarənin hər iki pilotu katapult edə bilmədən həlak olublar. Ermənistanın Rusiyadan əldə etdiyi Su-30 nəslindən olan qırıcı təyyarələrin müxtəlif modifikasiyalarının qəzaya uğraması barədə bu günə kimi iyirmidən artıq statistik məlumat var.

Bunu Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş imkanlarının hesablanması üzrə mütəxəssisi, ehtiyatda olan polkovnik Oqtay Bədəlov “Palitra”ya açıqlamasında bildirib.
O.Bədəlov qeyd edib ki, Su-30 qırıcılarının qəzaya uğraması hallarının artmasından əlavə, onların döyüş keyfiyyətlərinin köhnəliyi və müasir standartlara cavab verməməsi də diqqət çəkir: “Maraqlı bir faktı açıqlayım. Məsələn, keçən əsrin 90-cı illərindən Su-30MKİ qırıcıları Hindistan HHQ-nin silahlanmasında əsas yerlərdən birini tutur. Hindistanda Su-30MKİ qırıcılarının iştirakı ilə baş verən aviasiya qəzaları və insidentlərin 10 faizindən çoxu məhz bu tip təyyarələrin quş sürüsü ilə toqquşması nəticəsində baş verib. Müasir dövrdə baş verən silahlı münaqişələrdə istifadəsi çətin və təhlükələrə qarşı perspektivsiz olan Su-30 təyyarələrinin istismarı çox baha başa gəlir. Belə ki, bu təyyarələrin bir saatlıq uçuşuna sərf olunan məbləğ təqribən 50 min ABŞ dollarından artıqdır. Manevr imkanlarının məhdud və istismarının bahalı olması cari ilin martından “Hindustan Aeronautics” şirkətinin bu tip təyyarələrin istehsalını dayandırması barədə qərar qəbul etməsinə səbəb olub.
Bundan başqa, Malayziya Hərbi Hava Qüvvələrinin silahlanmasındakı Su-30 tipli 28 təyyarədən yalnız 4-ü döyüş qabiliyyətlidir. Digərləri isə bərpa məqsədilə uzun müddətdir təmir zavodlarında saxlanılır”.
Ekspertin fikrincə, bu günə qədər baş vermiş qəzalar bir daha göstərir ki, Ermənistanın ağız dolusu danışdığı Su-30 qırıcı təyyarələri heç də şişirdiləcək qədər döyüş imkanlarına malik deyil. Bu səbəbdən Su-30 təyyarələri ilə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi fikirlər erməni ictimaiyyətində mənəvi-psixoloji baxımdan tamamilə çökmüş ordunun nüfuzunun artırılması istiqamətində atılan addım olaraq qiymətləndirilməlidir.
“Ermənistan tərəfi elə bilir ki, danışıqlar prosesini uzatmaqla vaxt udur”
Politoloq Qabil Hüseynli isə SİA-ya deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində erməni tərəfinin mövqeyi, həmsədrlərin bu məsələyə biganə, seyrçi münasibəti və həmsədr dövlətlərin Ermənistana ciddi təzyiqlər göstərməməsi, xüsusilə BMT-nin bu məsələyə diqqət ayırmaması ikili standartlardan, erməni maraqlarından çıxış etmək deməkdir. Onun sözlərinə görə, bununla yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə müəyyən dinamizm verən qüvvədir: “Yəni tərəfləri görüşdürür, danışıqlarda təkliflər irəli sürür. Təkliflər beynəlxalq hüquq prinsiplərinə uyğun olmasa da hər halda danışıqlar prosesinin hərəkətdə olduğunu diqqətə gətirir. Ermənistan tərəfi elə bilir ki, danışıqlar prosesini uzatmaqla vaxt udur. Amma Azərbaycana tərəfi buna seyrçi qala bilməz. Ordumuz nəhayət hərəkətə keçib, işğal altında olan torpaqlarımızı azad edəcək. Dünyada da gedən proseslər xüsusilə, Rusiya-ABŞ gərginliyi və Rusiyanın digər dövlətlərlə olan gərginlikləri bu ölkənin mövqeyini zəiflədir. Onsuz da gec-tez Ermənistan işğal etdiyi torpaqları azad etməyə məcbur qalacaq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə gəlincə isə ümid edirəm ki, həmsədrlərin münaqişənin həlli istiqamətində fəaliyyəti daha kəskin, daha prinsipial olacaq”.


“Dağlıq Qarabağ separatçıları münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyillər”


Politoloq Elxan Şahinoğlunun fikrincə isə, Ermənistan hakimiyyəti, Dağlıq Qarabağ separatçıları münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyillər. "Onlar Azərbaycan torpaqlarını geri qaytarmaq istəmirlər və hər dəfə də təxribat törədirlər. İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilən zaman Ermənistan Baş naziri Nikol Paşinyan qondarma “DQR”-na səfər edib və Kəlbəcərə gedib. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan işğaldan imtina etmək istəmir. Bu uyğunsuzluq məhz bununla bağlıdır. Ona görə biz danışıqlarda heç bir nəticə əldə edə bilmirik. Dünya ictimaiyyəti üçün isə Qarabağ məsələsi 20-30-cu bəlkə də 50-ci məsələdir. Biz bəzən elə bilirik ki, dünya bizim mərkəzimizdə fırlanır. Amma bu heç də elə deyil. Qarabağ onları heç maraqlandırmır da. Bu bizi narahat etməlidir və biz artıq anlamalıyıq ki, heç kim bu məsələdə bizə kömək etmir"-deyə, politoloq fikrini tamamlayıb.

“Təcavüzkar ölkə 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayır”

Politoloq İlqar Vəlizadə isə deyib ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda dediyi kimi, Azərbaycan digər ölkələrlə münasibətində əməkdaşlığa hər zaman açıqdır: “Ölkəmiz rəqib sayılan enerji layihələrinin həyata keçirilməsində çalışır ki, münasibətləri elə tənzimləsin ki, rəqabət əməkdaşlığa çevrilsin. Dövlətimizin başçısının Davosda qaz infrastrukturu ilə bağlı səsləndirdiyi təklif böyük maraq doğurdu. Digər ölkələrə də qaz infrastrukturundan istifadə imkanının verilməsi onu göstərir ki, Azərbaycan bütün tərəfdaşları ilə bütün sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq etmək niyyətindədir. Təbii ki, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regionda geosiyasi gərginliyin azalmasına da zəmin yaratmış olur”.
Ermənistanın destruktiv siyasət apardığını və bunun regionda sabitliyin təmin olunmasına maneə yaratdığını bildirən politoloq qeyd edib ki, təcavüzkar ölkə 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bu, regionda həm iqtisadi, həm də siyasi risklər yaradır. Bununla belə, işğalçı ölkəyə beynəlxalq normalar çərçivəsində təzyiqlər göstərilmir.
“Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir və regionda təhlükəsizliyin, dayanıqlılığın təmin olunmasına çalışır”, - deyə politoloq fikrini tamamlayıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info