“Hər dəfə əməliyyata girəndə bütün insanlar kimi həyəcanlanıram”
Tarix: 04.02.2020 | Saat: 11:40:00 | E-mail | Çapa göndər


Mircəlal Kazımi: “Orqan transplantasiyası əməliyyatlarını icra edən cərrah bütün ən mürəkkəb cərrahi əməliyyatları bacara bilən cərrahdır”

Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu Mircəlal Kazımi ilə müsahibəni oxuculara təqdim edirik.
-2019-cu ildə siz öz komandanızla birlikdə “yubiley” - 500-cü böyrək köçürülməsi əməliyyatını həyata keçirmisiniz. Ötən il daha hansı hadisələrlə yadınızda qaldı?
-2019-cu il bizim üçün tibbi tərəfdən uğurlu bir il oldu və çox gərgin işlərimizlə yadda qaldı. Bildiyiniz kimi, 2019-cu ildə mənim rəhbərliyimlə 500-cü böyrək köçürülməsi əməliyyatı icra olundu. Tale elə gətirdi ki, bu “yubiley” əməliyyatı Mərkəzi Gömrük Hospitalında baş tutdu. Bu fakt həm ölkəmiz, həm mənim üçün, həm də kollektivimiz üçün böyük hadisədir. Yəqin ki, 2019-cu ilin ən əlamətdar və yadda qalan hadisəsi kimi də xatirimizdə qalacaq. Ötən il komandamız ciddi və gərgin şəkildə fəaliyyət göstərdi. Belə ki, il ərzində 107 nəfər xəstəyə orqan transplantasiyası əməliyyatı edilib, bunlardan 51 nəfərə qaraciyər transplantasiyası, 56 nəfərə isə böyrək transplantasiyası əməliyyatı etmişik. Çox ağır xəstələrimiz də oldu, amma müalicənin nəticələri olduqca qənaətbəxş oldu. İl ərzində 9 uşaq üzərində orqan transplantasiyası əməliyyatını müvəffəqiyyətlə icra etdik. 2019-u digər illərdən fərqləndirən cəhət ondan ibarət oldu ki, bu il daha çox əməliyyat icra etdik, daha çox insanı sağlamlığına qovuşdura bildik.
-İşiniz belədir ki, siz daim xilas olmaqdan əllərini üzən insanların ümidləndiyi vəziyyətlərlə qarşılaşırsınız. Bu emosiyalarınızı necə idarə edirsiniz? Transplantoloq olmaq nə dərəcədə çətindir?
-Mən hər şeydən əvvəl, cərraham. Hər gün onlarla xəstə ilə qarşılaşıram.
Hər kliniki hadisə bizim üçün xüsusidir, hər bir xəstə bizim üçün önəmlidir, onların hər birinə biz fərdi yanaşmağa çalışırıq. Hər dəfə əməliyyata girəndə bütün insanlar kimi həyəcanlanıram. Necə deyərlər, insanlara xas olan insanlıq bizə də yad deyil. Yəni, təbii olaraq mən də bütün cərrahlar kimi hər əməliyyatdan qabaq həyəcanlı oluram.
Mən sizə bir hadisəni danışım... Bir xəstəm vardı, 11 yaşlı uşaq. Qaraciyər sirrozundan əziyyət çəkirdi. Onun üzərində anasının donorluğu ilə qaraciyər transplantasiyası əməliyyatı icra etdik. Etiraf edim ki, çox ciddi və mürəkkəb əməliyyat idi. Əməliyyatdan sonra tez-tez ona baş çəkirdim. Hiss edirdim ki, mənə inanır, sağalmağa can atır. Ötən ilin iyul ayı idi, artıq onu evə buraxmaq qərarı vermişdik. Yanına gəldim, evə hazırlaşırdı. Hal-əhval tutdum, xeyli söhbət etdik və sonda ondan soruşdum ki, mənə sözün varmı? Balaca heç nə deməyib boynuma sarıldı! O an mənim nələr keçirdiyimi təsəvvür edin... Bu nə demək idi? Bəlkə də həyatım boyu mənə və zəhmətimə verilən qiymətin, dəyərin, edilən təşəkkürlərin, “sağ ol”ların ən şirini, ən səmimisi, ən doğması idi!
Transplantoloq kimi isə deyə bilərəm ki, transplantologiya hələlik səhiyyədə insan həyatını xilas etməyin ən çətin və mürəkkəb yollarından biridir. Əvvəllər ancaq elmi-fantastik kitablarda oxuduğumuz hadisələr indi reallığa çevrilir. Hər il dünyada minlərlə insan məhz transplantoloqlar tərəfindən həyata qaytarılır. Bu, dünya səhiyyəsinin ən gözəl nailiyyətlərindən biridir. Mən də fəxr edirəm ki, bu nəcib işin öhdəsindən gəlmək mənə də nəsib olub.
Pasiyentlərimizin hər biri bizim üçün individualdır, hər birinə bağlılığımız var, hər birinə fərdi yanaşırıq.
- Ötən il sizin fəaliyyətinizdə ilklər olubmu? Olubsa, bu barədə bir qədər məlumat verərdiniz.
- Ötən il fəaliyyətimizdə bir ilkə imza atdıq. Bu, tək bizim Hospitalın kollektivinin deyil, bu səhiyyəmizin bir ilki idi. Belə ki, 5 yaşlı uşaq üzərində ciddi əməliyyat həyata keçirdik. Bu əməliyyata qərar verməyin özü də asan deyildi. Valideynləri bizə müraciət etdiyi uşaq qaraciyər çatışmazlığından əziyyət çəkirdi. Xəstənin diaqnozu hiperlipidemiya idi. Müayinələr edildikdən sonra bəlli oldu ki, qanda lipidlərin artması nəticəsində xəstənin ana damarları, xüsusilə də ürəyini qidalandıran tac damarlar tıxanıb və 90%-ə yaxın bir darlıq yaranıb. Bu, ürək damarları üçün çox kritik bir darlıqdır. Hər an uşağın həyatına son qoyula bilərdi. Ürək cərrahları ilə məsləhətləşdik və belə qərara gəldik ki, bu xəstəmizə eyni seansda həm ürək damarlarında aorta koronar şuntlama, yəni ürəyin tac damarının şuntlanması və qaraciyər transplantasiyası əməliyyatı edək. Ölkəmizdə tanınmış ürək cərrahı Dr.Rəşad Mahmudov və onun rəhbərliyi altında komanda ilə ilk dəfə - uşaq ürəyi üzərində tac damarların “by pass” əməliyyatı etdik. Bu, bizim ölkəmizdə bir yenilik idi. Bu, eyni zamanda süni qan dövranı aparatına girmədən icra olunan əməliyyat oldu. Əməliyyat nə qədər riskli, ciddi olsa da, müvəffəqiyyətlə bitdi. Bu əməliyyatın ardınca biz, doktor Kamran Beydullayevin əmisindən əməliyyat yolu ilə çıxardığı qaraciyər sol payını 5 yaşlı körpəyə transplantasiya etdik. Artıq bu xəstənin əməliyyatından bir neçə ay keçib. O, normal vəziyyətdədir, öz həmyaşıdları ilə oynaya bilir, yaxın gələcəkdə təhsil almaq üçün məktəbə hazırlaşır.

- Peşənizdə hansı çətinliklərin öhdəsindən gəlmək lazım olur?

- 2019-cu ildə icra etdiyimiz əməliyyatlar arasında qaraciyər və böyrək transplantasiyaları əməliyyatlarından başqa digər mürəkkəb ümumi cərrahi əməliyyatlar da icra etmişik. Belə ki, mən Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 5 il ümumi cərrahiyyə təhsili, 3 il orqan transplantasiyası təhsili almışam. Orqan transplantasiyası əməliyyatlarını icra edən cərrah bütün ən mürəkkəb cərrahi əməliyyatları icra edə bilən cərrahdır. Dediyim kimi, bu ötən il ərzində 107 orqan transplantasiyası əməliyyatından (bunlardan 51-i qaraciyər, 56 böyrək transplantasiyası əməliyyatı) əlavə olaraq, mürəkkəb ümumi cərrahi əməliyyatlar, qaraciyər rezeksiyası, mədə altı vəzi əməliyyatları, öd kisəsi və öd yolları üzərindəki mürəkkəb əməliyyatlar tərəfimizdən 2019-cu ildə icra olundu. Çətinliklərə gəldikdə isə, hər bir peşənin öz çətinlikləri var. Bizim peşə bilavasitə insanlarla, onların həyatı ilə bağlıdır. Mənim ən zəif yerim, deyərdim ki, uşaqlardır – balaca pasiyentlər. Onların həyatını xilas edəndə çox sevinirəm, öz insanlıq borcumu yerinə yetirmiş oluram.

- Hansı yeni zirvələri fəth etməyə hazırlaşırsınız? 2020-ci il sizə nələri vəd edir?
- Təbabət elmi inkişaf edir, sabit qalmır, səhiyyə dayanmadan inkişafdadır. Biz də bu inkişaf etmiş sahələri tutmağa çalışırıq. Gələcək planlarımız içərisində istər orqan transplantasiyası, istər ümumi cərrahiyyədə yeniliklərə imza atıb insanların sağlamlığının keşiyində durmağı xəyal edirik. Mərkəzi Gömrük Hospitalının bütün kollektivi insanlarımızın xidmətindədir. Mərkəzi Gömrük Hospitalı multidistiplinar xəstəxanadır, bütün profillərdə yüksək səviyyədə xidmət göstərir və ona görə də, 2020-ci ildə daha gözəl nailiyyətlər əldə etməyi hədəfləyirik.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
25.03.2020
Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq
24.03.2020
Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info