“Turizmin inkişafı həm valyuta axınını artıracaq, həm də turizm ölkəsi kimi tanınmağa imkan yaradacaq”
Tarix: 04.02.2020 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Ruslan Quliyev: “Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyondan artıq xarici qonaq ölkəmizə gəlib”

Ölkələrin tarixinin, mədəniyyətinin tanıdılmasında böyük rolu olan turizm inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə məşğulluğa və iqtisadiyyata təsiri baxımından ən təsirli vasitələrdən biridir. Ən önəmli məqamlardan biri də odur ki, turizm yalnız müəyyən bir dövr üçün deyil, bütün il boyu fəaliyyətdə olan sektordur. Müxtəlif sahələrdə bəzən problemlər yaransa da turizm hər zaman üçün bəhrəsini verəcək bir sektordur. Bu baxımdan həmin sektoru inkişaf etdirmək ölkəyə davamlı valyuta axınını təmin etmək deməkdir. Son illər dünyada insanların turizmə üstünlük verməsi onların səyahət imkanlarını daha da genişləndirib. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar sırasında turizmin mühüm rolu var. Ölkəmizə turist axını nəinki valyuta axınını təmin edir, eyni zamanda Azərbaycanın dünyada tanıdılmasında təsirli rol oynayır.

Keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev turizmin ölkəmiz üçün əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. Turizmi də ixrac növü hesab etdiyini deyən ölkə başçısı qeyd edib ki, keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər: “Yəni, əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir. Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim, son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır. Əminəm ki, bu, belə də davam edəcək. Ancaq hər şeyin vaxtı var. Misal üçün biz 10 il bundan əvvəl bu haqda fikirləşsəydik, bəlkə də düzgün olmazdı. Çünki turistlər hara gələcəkdilər – yol yox, işıq yox, otel yox. İndi isə hər şey var. Ən müasir nəqliyyat infrastrukturu – Heydər Əliyev Beynəlxalq Aeroportu, dediyim kimi, beşulduzlu aeroportdur. Bundan başqa turistlərin daha çox gəldikləri yerlərdə də 5 beynəlxalq aeroport var. Həmçinin gözəl otellər var. Azərbaycanda dünyanın bütün aparıcı otellərinin brendləri fəaliyyət göstərir. Onlar nəyə görə buraya gəliblər? Niyə başqa ölkələrə getmirlər? Çünki ölkəmizdə sabitlik var, inam var, vəziyyət proqnozlaşdırılandır və investisiya mühiti, kredit reytinqlərimiz yaxşıdır. “Doing Business”dəki yerimiz yaxşıdır. Onlar görür, arayışa baxır. Dünyanın aparıcı brendi kortəbii olaraq gəlib burada otel tikər? Əlbəttə ki, yox. İqlim gözəldir, 9 iqlim zonamız var, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, mətbəximiz və əlbəttə ki, sabitlik və təhlükəsizlik. Ona görə turizm sahəsində bu işlər görülür”. Ölkə başçısı onu da bildirib ki, keçən il UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib. Qobustan və İçərişəhərdən, Qız qalasından, Şirvanşahlar sarayından sonra bu, bizim növbəti böyük uğurumuzdur: “Harada ki, boşluqlar var, biz öz turizm imkanlarımızı gərək səfərbər edək. Məsələn, keçən il Yanardağ tamamilə yenidən quruldu, çox gözəl şərait yaradıldı və demək olar ki, Bakıya gələn turistlərin böyük əksəriyyəti oranı ziyarət edir. Bizim palçıq vulkanlarımız var. Amma oraya heç yol da yoxdur. Hətta yol olsa belə, oraya gedib, bir stəkan çay içmək üçün yer də tapmaq mümkün deyil. Ona görə göstəriş vermişəm ki, bizim Turizm Agentliyimiz bu il bu məsələ ilə ciddi məşğul olsun. Necə ki, bu gün Yanardağa, yaxud da ki, Qobustana hər kəs gedir, palçıq vulkanlarına da hər kəs gedəcək. Çünki biz palçıq vulkanlarının sayına görə dünyada birinci yerdəyik”.
Həmçinin vurğulanıb ki, bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır. Qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilib. Bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcıllıqla. İndi ancaq yanvar ayında 18 faiz. Ölkə başçısı qeyd edib ki, əgər keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək.

“Proqnozlar özünü doğruldur. Ölkəyə gələn turistlərin sayındakı artım bunun bariz göstəricisidir”

Ölkədə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən turizm sektorunun nümayəndələri də bu sahədə daha da irəliləyişlərin olacağını bildirirlər. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyasi(AHTTSA) prezidenti Ruslan Quliyev “Palitra”ya bildirdi ki, ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, turizmin inkişafı da Prezident İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən olunub: “Dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülür. Azərbaycanın coğrafi mövqeyi, təbiəti, iqlimi, tarixi abidələri, mətbəxi, xalqımızın zəngin mədəniyyəti və digər amillər turistlərin ölkəmizə böyük axınla səfər etməsinə geniş yol açıb. Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyondan artıq xarici qonaq ölkəmizə gəlib. Ümumiyyətlə, 1999-cu ildə “Turizm haqqında qanun” və 2002-ci ildə qəbul edilmiş “2002-2005-ci illərdə Azərbaycanda turizminin inkişafı Proqramı” sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafı üçün zəmin yaradıb. Ölkəmiz 2001-ci ildən etibarən Ümumdünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv qəbul edilib. Bu tarixi hadisədən sonra turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün lazımi şərait yaradılıb, sonrakı mərhələdə çoxsaylı addımlar atılacağı düşünülüb. Son illər bu sahənin inkişafı istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir”.
R.Quliyev onu da bildirdi ki, “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması və 2011-ci ilin “Turizm ili” elan edilməsi, əlbəttə, bu sahənin inkişafında mühüm nəticələr əldə olunmasına, Azərbaycanın qısa müddətdə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb: “2015-ci ildə bu sektorda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi, habelə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar. Səmərəli islahatların tərkib hissəsi sayılan Dövlət Turizm Agentliyinin yaradılmasından sonra turizm sənayesinin tərəqqi etməsi, daxili turizm potensialının dünya bazarına çıxarılması, eləcə də maddi-mədəni abidələrimizin turistlər üçün daha maraqlı məkana çevrilməsi istiqamətində genişmiqyaslı işlər görülməyə başlanılıb. Mən ölkə başçısının “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışını diqqətlə izlədim. Ölkə başçısı bütün toplantılarda, tədbirlərdə sistemli şəkildə turizmin inkişafı ilə bağlı fikirlərini bildirir. Bilirik ki, turizmin inkişafı prioritet istiqamətlərdən biridir və ölkə başçısı kompleks tədbirlər planının təşəbbüskarı olub. Proqnozlar da özünü doğruldur. Ölkəyə gələn turistlərin sayındakı artım bunun bariz göstəricisidir. Cərimələrin sayında, xərcləmələrin sayında artım var. Bizim imkanların genişlənməsi sövq edir edir ki, tanıtım fəaliyyətlərində, xidmətlərində addımlar atılsın. Təbii ki, burada kadr hazırlığı məsələsi də çox vacibdir. İnanırıq ki, turizm sektorunun davamlı inkişafı həm valyuta axınını artıracaq, həm də dünyada turizm ölkəsi kimi tanınmağa imkan yaradacaq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
20.03.2020
Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır - VİDEO
19.03.2020
Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
17.03.2020
Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
10.03.2020
“Gənclərimiz bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıdırlar”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info