“Müxalif başçılar uğursuzluqları və ittihamları Cəmil Həsənliyə yükləyəcəklər”
Tarix: 24.09.2013 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Tahir Kərimli: “Radikalizm və şüarbazlıq onları gülüş hədəfinə çevirib”

Uzun müddət “milli şura”nın prezidentliyə namizədi kimi təqdim olunan qurumun sədri Rüstəm İbrahimbəyovun perspektivsiz və ümumiyyətlə, siyasətə layiq biri olmadığı bəlli oldu. Bundan sonra xalq arasında qara qəpik qədər hörmətləri qalmayan müxalif qüvvələr ziyalı obrazı arxasında gizlənməyə çalışdılar. Onların cəmiyyətdə hörmət və rəğbətlərinin olmadıqları hər kəsə gün kimi aydın idi. Bəs ortalığa atılan yeni namizəd Cəmil Həsənli necə? Cəmil Həsənlinin ətrafında cərəyan edən son siyasi proseslər də göstərdi ki, indiyə qədər ziyalı adlandırılan bu şəxsə də xalq güvənmir və onun ardınca getmir.
Bir zamanlar radikal müxalifət liderləri ilə bir cəbhədə olmuş və onların çirkin əməllərinə şahidlik etmiş Vəhdət Partiyasının sədri Tahir Kərimli “Palitra”ya verdiyi açıqlamada Cəmil Həsənlini xalqın dəstəkləməməsinin təbii hal olduğunu söylədi. O, sözügedən şəxsin seçkilərə hansı komanda ilə getməsinin də bu məsələdə önəmli rol oynadığını vurğuladı: “Milli şura” ideyasının ortaya atılması və onun reallaşdırılması kökündən yanlış bir addım idi. Bünövrənin səhv qoyulması da bu qurumun perspektivini heçə endirdi. Nə idi bu səhvlər? Birincisi, “milli şura” tarixi bənzərliklə yaradılmışdı ki, əvvəlki “milli şura”larda səlahiyyətli dövlət adamları da var idi. Bu “milli şura” isə onlara bənzəmədi. Əsas şərt tikmək istədiyin binanın bünövrəsidir ki, burada da sadaladığım amilə görə bünövrə səhv qoyuldu. Dövlət səlahiyyətlərini apara bilən tarixi “milli şura” ictimai bir “milli şura” ilə əvəz olundu ki, bu da heç vaxt o funksiyaları yerinə yetirə bilməzdi. İkincisi, “milli şura” yaranan zaman qarşısına elə məqsədlər qoydu ki, onlar Konstitusiyada nəzərdə tutulmurdu. Vaxtından əvvəl parlament seçkiləri və s. məsələlər birbaşa qanunlarımıza zidd idi və reallaşdırılması da görünmürdü. Qısası, ideoloji səhvi burada da buraxdılar.
Üçüncüsü, “milli şura” yaradılan zaman bir-birinə hədsiz dərəcədə antaqonist ziddiyyətdə olan, kəskin ideoloji çalarları olan müxtəlif təşkilatlar və liderlər ora gəldi ki, bu da qurumu içəridən dağıtdı, ona monolit formaya düşməyə imkan vermədi. Dördüncü məqam odur ki, onlar seçimlərdə böyük yanlışlıqlar etdilər. Əgər müxalifətin gücü olsaydı, özlərinə rəhbər kimi ziyalılardan istifadə edib “milli şura”nın başında heç vaxt olmamış, bu düşərgəyə həqarətlə baxmış onu həmişə aşağılayan bir şəxsi seçməzdi. Belə bir liderin rəhbər seçildiyi “milli şura” formasında birləşməyin də axırı belə olmalı idi. Yəni, bu, müxalifət partiyaları və onların liderlərinin zəifliyinin acı etirafı idi”.
Tahir Kərimli deyir ki, “milli şura”dakılar özlərinin öhdəsindən gələ bilmədiyi, müxalifət funksiyasının yerinə yetirə bilmədiyi hakimiyyətə gəlmə modelinin ortaya qoya bilmədiyi məsələləri başqa şəxsin üzərinə atmağa çalışırlar. “Milli şura”nın yaranması isə xalqın və ictimaiyyətin aktiv müdafiəsini qazana bilməməsinə rəğmən xaricə görsəniş idi ki, bu da xarici dövlətlərdə müxalifətin formal birliyinin nümayişi üçün zahiri bir parıltı yaratdı: “Bu qurum tamamilə özlərinin ənənəvi müxalifətçilik ideologiyasının əleyhinə olan qərbyönümlülüyün inkarı və Rusiyanın istəyi, modelinə uyğun biçilmiş bir forma idi. Bu biçimdə güman olunurdu ki, bu ölkədəki bəzi dairələr İbrahimbəyovu müdafiə edəcək və bununla da müxalifət bundan yararlanacaqdı. Bu isə Putinin Bakı səfərindən sonra sabun köpüyü kimi partladı. Məlum oldu ki, hər iki dövlət arasında olan münasibətlər ən yüksək həddə imiş. İndi daha artıq az qala mifə çevrilmiş “Milyarderlər ittifaqı”, “AzerRos”un bəyanatları və s. yoxdur. Yəni, bütün bu baza və prinsiplər də təbii ki, “milli şura”nın monolitliyini aradan qaldırırdı və qurumun mahiyyət, deklarativ elanına uyğun gəlməyən zəif potensialını ortaya qoydu. Nəticədə belə oldu ki, İbrahimbəyov vahid namizəd qalası olmadı və onu başqa biri ilə əvəz etdilər. Qaçılmaz məğlubiyyəti nə Əli Kərimli, nə də İsa Qəmbər öz üzərinə götürə bilməzdi. Gələcək uğursuzluğu elə bir adamın boynuna atmaq lazım idi ki, o, ittihamlara da cavab verə bilməsin. Bu da Cəmil Həsənli oldu. Özləri bir qədər tənqidlərdən kənarda qalmaq üçün belə bir modeli seçdilər. Baxmayaraq ki, İsa Qəmbər əvvəldən özünün namizədlik modelini də ortaya qoymuşdu, o düşdüyü bataqlığı anlayıb ehtiyatlı davranmağa çalışdı və belə seçim etdi. Bütün bunlar tam iflas vəziyyətində oldu və hazırda liderlər kənarda qalıblar. Təsadüfi deyil ki, “milli şura”nın 130 nəfərə yaxın üzvü heç vaxt tam şəkildə toplaşıb müşavirə də keçirə bilmir”.
Vəhdət Partiyası sədrinin sözlərinə görə, indi Cəmil Həsənlini ortaya daşımağa ona görə çalışırlar ki, o, radikal siyasətlə məşğul olmayıb və bəlkə buna görə də buna qarşı ittihamlar az olar. Əlbəttə ki, bir insan namizədliyini irəli sürüb ittihamlarla çıxış edirsə, gərək öz keçmişinə də nəzər yetirsin: “Axı o bilməli idi ki, on il parlamentdə oturub hakimiyyətin gördüyü işləri də təqdir edib. Onu Xalq Cəbhəsindən istefa verməyə də məcbur ediblər və o, partiyanın siyasətinə qarşı gedib. Tarix kitabları yazmısan, Heydər Əliyev və hətta hazırkı Prezident İlham Əliyev haqqında da təriflər bildirmisən. Hökuməti korrupsiyada necə ittiham edirsən ki, özün ən böyük korrupsioner olan Fərhad Əliyevi müdafiəyə qalxmışdın. Sən özün axı 5-10 il əvvəl fərqli olmusan. İndi nə oldu ki, 180 dərəcə dəyişdin? Radikallaşırsan və sənin qarşına qoyulan proqramlarla çıxış etməyə məcbursan. Debatda sənə qarşı ittihamlar səslənəndə də inciməməlisən. Çünki başa düşməlisən ki, qarşında ittiham etdiyin adamların da sənə qarşı əsaslı ittihamları olacaq. Ona görə də əgər səni Hafiz Hacıyev təhqir etsə belə, sən onun kimi qarşılıq da verməməli idin. Ziyalı, professor adını öz üzərinə götürmüsənsə, təhqirə təhqirlə cavab verməməlisən. Bir də ki, Azərbaycan Prezidentinin seçkidən əlavə, xüsusi qanunla özünün və ailəsinin şərəf və ləyaqəti qorunur. Bunu və digər etik məsələləri gərək nəzərə alaydın. Bütün bunlar da ona gətirdi ki, o, xalqın gözündən daha da düşdü. Əgər bir başqası etik çərçivədən çıxırsa, sən də ona qoşulmamalısan. Bir tarixi paralel də apara bilərəm ki, vaxtilə özüm də müxalifətdə aktiv olmuşam və radikal çıxışlarım da olub. Amma bir şeyə əmin olmuşam ki, nə qədər kəskin çıxışlar etsəm də, heç vaxt Azərbaycan qanunvericiliyini pozmamışam. Kimsə göstərə bilməz ki, etik çərçivədən də çıxam. Ən radikal sözümü desəm də, özümə arxayın olmuşam ki, qanunu pozan həddi aşmamışam. Ailə tərbiyəm də yol verməyib ki, tərbiyəsiz ifadələr işlədəm. Yəni, həmişə bu düsturu yerinə yetirmək lazımdır”.
Tahir Kərimlinin deməsinə görə, Cəmil Həsənli ittihamlar irəli sürən zaman təsdiq olunmayan mənbələrə də söykənir. Şayiələr və sairə arxayın olub, nə gəldi danışmaq olmaz: “Sən siyasətçisənsə, mətbuatda yazılan, şübhəli məsələləri ortaya daşıyıb ittiham formasına salmamalısan. Hüququn qızıl bir qanunu var. Şübhələr həmişə qarşı tərəfin xeyrinə həll olunur. Şübhə üzərində heç vaxt ittiham qurula bilməz. Bütün bunları ortaya gətirsək, deyərdim ki, “milli şura”, onun namizədi xalqdan dəstək almadıqları üçün pessimist olublar. Onların liderlərinin hər dəfə verdiyi vədlərlə xalqı aldatdıqları səbəbindən insanlar da onlara dəstək olmur. Düşünülmüş şəkildə ziyalını indi vahid namizəd qoymaqla heç nəyi dəyişmək olmayacaq. Təbii ki, bütün dünyada olduğu kimi, bizim ölkədə də narazı elektorat var. Amma dərd odur ki, bu narazılar da müxalifət və onun namizədinin arxasınca getmədi. “Milli şura”nın yalanları ilə seçkilərdə az səs belə toplamaq mümkün olmayacaq. Özünün acizlik və zəifliyindən doğan radikalizmlə, şüarbazlıqla qalib gəlmək iddiasında olub şanslı olduğunu demək və Cəmil Həsənlini artıq qalib elan eləmək onları gülüş hədəfinə çevirib. Ona görə də onlar özlərini də aldadırlar və seçkilər bitəndən sonra bu şəxslər dərin pərişanlıq içində olacaqlar. “Milli şura” qalsa belə, formal bir qurum olacaq və heç kimə gərək olmayacaq. Müxalifət liderləri xalqın yadında daha da zəifləmiş şəkildə qalacaqlar”.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info