“Dövlət dəstəyi sahibkarlığın inkişafında önəmli rol oynayır”
Tarix: 10.02.2020 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Ev tekstili sahəsində ilk Azərbaycan brendini yaradan sahibkar Vəfa Muradzadə: “Çox sevinirəm ki, “Made in Azerbaijan” brendinin təşviqinə öz töhfəmizi verdik, Azərbaycanımızı tanıtmaq üçün çıxdığımız yolda böyük uğurlar qazandıq”

Ölkədə sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə daha əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Son illər ölkənin dinamik inkişafında iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Ölkədə sahibkarlığın inkişafı istiqamətində strateji xətt uğurla davam etdirilir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur: “Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilib. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır. Çünki aparılan təhlil göstərir ki, hər bir iş yerinin yaradılması üçün kifayət qədər böyük vəsait xərclənir. Əvvəlki illərdə üstünlük daha çox iri layihələrə verilirdi, bu da təbii idi. Çünki bu aqroparkların və digər iri sənaye müəssisələrinin yaradılması hesab edirəm ki, zəruri idi. Ancaq hazırda daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Çünki biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulu böyük dərəcədə kiçik və orta sahibkarlıq tərəfindən formalaşır. Biz də bu yolla getməliyik. Xüsusilə nəzərə alsaq ki, bizim iqtisadiyyatımızın aparıcı hissəsi neft-qaz sənayesidir. Ona görə bu il güzəştli biznes-kreditlərinin tərkibində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır”.
Konfransda tanınmış iş adamı “Vəfa Collection” şirkətinin prezidenti, “İş Qadınlarına Dəstək” İctimai Birliyinin sədri, ilk Azərbaycan brendi - “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikinin qurucusu Vəfa Muradzadə də iştirak edib. V.Muradzadə 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Qeyd edək ki, şirkət Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda da fəaliyyət göstərir. İstehsal fabriki və 26 firma mağazası var.

- Vəfa xanım bu gün ölkədə sahibkarlığın inkişafını necə qiymətləndirirsiniz?

- Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyasını uğurla həyata keçirir. Uğurlar çoxdur. Bütün bu uğurlar barədə bugünlərdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident daha geniş məlumat verdi. Prezident həmin konfransda qeyd etdi: “...bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb”. Azərbaycanın 2019-cu il üçün “Doing Business” hesabatında 20 ən islahatçı ölkə sırasına daxil edilməsi də biznes mühitinin yaxşılaşmasının əyani sübutudur. Vergi və gömrük inzibatçılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi sahibkarlığın inkişafında önəmli rol oynayır. Prezident İlham Əliyev çıxışlarının birində yerli sahibkarlara müraciətində belə deyib: “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Biz sahibkarlar olaraq bunu öz gündəlik işimizdə hiss edirik. Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırılıb. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilib. Lisenziyanın verilməsinə görə dövlət rüsumları Bakıda 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb. Sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədləri verilməsinə başlanıb. İnvestisiya təşviqi mexanizminin tətbiqindən sonra icra edilən layihələr 21 mindən çox yeni iş yeri yaradılmasına şərait yaradıb. Dövlət başçısının Fərmanı ilə ölkədə mikro, kiçik və orta biznesin inkişafına dəstək olmaq, biznes mühitinin yaxşılaşdırılması, biznesə dövlət xidmətlərinin yaxşılaşdırılmaq məqsədi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasında Sahibkarlar Günü” təsis edilib.

“Əsas məqsədimiz qadın sahibkarlar arasında qarşılıqlı və faydalı əməkdaşlığa nail olmaq, onların fəaliyyətinə beynəlxalq diqqət çəkmək və ölkədə həyata keçirilən iqtisadi islahatlara dəstək verməkdir”

- Sahibkarlıq fəaliyyətiniz barədə nə deyərdiniz?

- Mən ilk Azərbaycan brendi - “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikini təsis etdim. Bu fabrikin ərsəyə gəlməsi əvvəlindən sonuna qədər 29 gün müddəti əhatə etdi. Bu müddətdə yer icarə etdim, dərzi axtarışı elanı verdim, müraciət edən dərziləri sınaqdan keçirmək üçün peşəkar dərzi cəlb etdim, avadanlıqlar, parçalar aldım və beləcə işə başladım. Bir sirr açım ki, mən bu işi açarkən öz şəxsi mənzilimi bankda kredit qoymuşdum. Bir müddət sonra anladım ki, korporativ müştəriləri cəlb etmədən bu işi davam etdirmək çətin olacaq və artıq otellərlə danışıqlar aparmağa başladım. Münasib qiymətə onlara keyfiyyətli məhsullar təklif etdim və bu bazarda önəmli pay sahiblərindən oldum. Ardınca işçi geyimləri və məktəbli formaları istehsal etməyə başladım. Təsəvvür edin ki, o zamanlar il ərzində 700 min məktəbli forması istehsal edirdik. Günümüz işdə və xarici səfərlərdə keçirdi. Təsadüfi deyil ki, vahid məktəbli geyimlərinin qəbulu ilə bağlı qərarın qəbul olunmasında bizim ozamankı fəaliyyətimizin xüsusi rolu olub. Biz daim öz üzərimizdə işləyir və əsas təcrübəni xaricdən əldə edirdik. Cəmaləddin Sarar və digər ünlü tekstilçilərdən çox şeylər öyrəndik. Vaxtaşırı sərgilərə qatılırdıq. Bir müddət sonra Ticarət Palatası məni çağırdı və bildirdi ki, sentyabr ayında yerli istehsallar sərgisi olacaq və sizin də orada iştirakınızı arzu edirik. Bu sərgidə yeganə tekstil fabriki olaraq biz təmsil olunduq.
Prezident İlham Əliyev bizim sərgiyə təşrif buyurdu və istehsal etdiyimiz məhsullara xüsusi maraq göstərdi. Bizim məhsullarımız o qədər xoşuna gəldi ki, əli ilə toxunur, xüsusi razılıq ifadə edirdi. Prezident də açıq şəkildə bildirdi ki, əgər bu gün Azərbaycanda iqtisadiyyatın bu sahəsində inkişaf varsa, demək yerli istehsal inkişaf edir. Bundan sonra mən bütün rəsmi səfərlərdə və sərgilərdə iştirak etməyə başladım. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı Rusiyanın böyük bir holdinqi ilə memorandum imzaladıq. Daha sonra Qətərdə sərgimiz keçirildi və bu sərgi nəinki Qətər dövlətinin, bütün ərəb dünyasının marağına səbəb oldu. Çox sevinirəm ki, “Made in Azerbaijan” brendinin təşviqinə öz töhfəmizi verdik, Azərbaycanımızı tanıtmaq üçün çıxdığımız yolda böyük uğurlar qazandıq.

- “İş Qadınlarına Dəstək” İctimai Birliyi hansı zərurətdən yaranıb?

- Biz o zaman fəaliyyətə başlayanda çox sayda çətinliklərimiz var idi. Qərara gəldik ki, qadın sahibkarlığını stimullaşdırmaq üçün yeni bir qurumu - “İş Qadınlarına Dəstək” İctimai Birliyini ərsəyə gətirək. Bu qurumda Azərbaycandan olan sahibkar xanımlarla yanaşı əcnəbi xanımlar da təmsil olunur. Əsas məqsədimiz qadın sahibkarlar arasında qarşılıqlı və faydalı əməkdaşlığa nail olmaq, onların fəaliyyətinə beynəlxalq diqqət çəkmək və ölkədə həyata keçirilən iqtisadi islahatlara dəstək verməkdir. Məşhur Amerika yazarı Sidne Şeldonun əsərləri həmişə mənim üçün yol xəritəsi olub. Bilirsiniz ki, o, qadınları ictimai həyata cəlb etmək və stimullaşdırmaq üçün çoxlu maraqlı əsərlər yaradıb. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, çox dinamik insanam və həyatın bütün sınaqlarından üzüağ çıxmağı bacarıram. Məhz bu keyfiyyətlər mənim istər ictimai işlərdə, istərsə də biznesdə uğur qazanmağıma yardımçı olub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
25.03.2020
Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq
24.03.2020
Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info