Litvalı deputat: “Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”
Tarix: 10.02.2020 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Parlament seçkiləri ilə bağlı ölməzdə müşahidəçilik edən əcnəbi ekspertlə Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı açıqlama veriblər. Belə ki, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Valeriyus Simulik deyib ki, Litva GUAM-a üzv ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. “Biz vəziyyəti çox yaxşı bilirik. Bildiyiniz kimi, mən bir müddət Baltik Şurası Parlament Assambleyasının sədri olmuşam. GUAM-a üzv ölkələrin ərazi bütövlüyü ilə bağlı problemlərinin olduğunu bilirik və bununla bağlı bəyanat qəbul etmişik. GUAM-a üzv ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Bu problemlərin günahkarının kim olduğunu da bilirik. Litva Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsini tanıyır. Litva parlamentində də Azərbaycanın ərazi bütövlüyünə dəstək verən sənəd qəbul olunub. Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Ümid edirəm ki, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunacaq”, - deyə litvalı deputat qeyd edib.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin Ermənistanın təcavüzü nəticəsində ərazisi tamamilə, 3-nün isə qismən işğal edilmiş rayonlarda yerləşməsi səbəbindən həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə boyu 523 seçki məntəqəsi yaradılıb. Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının 2020-ci il 29 yanvar tarixli aralıq hesabatında əks olunub. Azərbaycanın işğal altındakı ərazilərindən qovulan və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlərimiz öz səsvermə hüquqlarını onlar üçün təşkil edilmiş bu seçki məntəqələrində həyata keçiriblər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xankəndi və Şuşa seçki dairələri üzrə rəqabətli seçkilərdə iştirak edib və beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndələrini təşkil edir. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunublar”.

“Dağlıq Qarabağın taleyi necə olacaq?”

Bu arda İtaliyanın “Il Caffè Geopolitico” onlayn qəzetində jurnalist Kiara Soliqonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti təhrif edilmiş şəkildə təqdim olunan “Dağlıq Qarabağın taleyi necə olacaq?” adlı məqaləsi ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “Il Caffè Geopolitico” qəzetinin redaksiyasına cavab məktubu ünvanlayıb və məktub tam şəkildə dərc edilib.
Diplomat yazısında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri, ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsi tarixi, sovetlər dönəmində Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü və onun nəticəsi olaraq Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizinin işğalı barədə məlumat verir. Həmçinin işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizlənmə siyasətinin həyata keçirilməsindən, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən və işğal edilmiş ərazilərdə Azərbaycanın bütün tarixi abidələrinin dağıdılmasından, hərbi əməliyyatlar vaxtı Ermənistan ordusunun beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmasından və çoxsaylı müharibə cinayətləri, o cümlədən Xocalı soyqırımını törətməsindən bəhs edilir.
İşğal olunmuş ərazilərimizdə yaradılmış və "Artsax Respublikası" kimi təqdim olunan qondarma, qeyri-qanuni separatçı rejimlə bağlı müəllifin fikirlərinə münasibətdə diplomat qeyd edir ki, bu, əslində dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmayıb və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzü ört-basdır etmək üçün yaratdığı marionet bir rejimdir. Diplomat əlavə edir ki, məqalədə müəllifin işğal olunmuş ərazilərimizdə "seçkilər"ə və "referendum"a istinadları oxucuları aldatmaqdan başqa bir şey deyil və onların hamısı qeyri-qanuni şəkildə həyata keçirilib və beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid olunub.

“Ermənistan qonşularına qarşı düşmənçilik siyasəti və Azərbaycana qarşı hərbi təcavüzə görə bütün bu strateji layihələrdən kənarda qalıb”
Diplomat vurğulayır ki, münaqişəyə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda mühüm nəticələr əldə edib, regionda inkişaf, əməkdaşlıq və rifaha töhfə verən əhəmiyyətli strateji nəqliyyat və enerji layihələri həyata keçirib. Ermənistan isə qonşularına qarşı düşmənçilik siyasəti və Azərbaycana qarşı hərbi təcavüzə görə bütün bu strateji layihələrdən kənarda qalıb. Bu ölkə yoxsulluq və xaricdə normal həyat axtarışı səbəbindən vətəndaşlarının kütləvi şəkildə ölkəni tərk etməsi ilə üzləşib. Ermənistanda ağır sosial-iqtisadi vəziyyətlə əlaqədar kəskin etirazların nəticəsində hakimiyyətə gələn ölkənin yeni siyasi rəhbərliyindən münaqişə ilə bağlı əvvəlki hökumətdən fərqli olaraq müsbət davranış gözlənilsə də, bu gözləntilərdən fərqli olaraq, Ermənistanın hazırkı rəhbərliyi münaqişə ilə bağlı sülh prosesinə xələl gətirən və beynəlxalq birliyin böyük təəccübünə səbəb olan bir sıra ziddiyyətli açıqlamalar verdi. Səfir yazısında əlavə edir ki, Ermənistanda ciddi sosial-iqtisadi problemlərin həlli bu ölkənin hakimiyyətinin münaqişə ilə bağlı Azərbaycanla razılaşma əldə etməsindən asılıdır və bunun üçün isə Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zəruridir, çünki həmin ərazilərdə işğalçı qoşunların mövcudluğu sülh üçün əsas maneədir.
Diplomat yazısını bu fikirlərlə yekunlaşdırır: “Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərdən çıxarılmadan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü bərpa olunmadan və bölgədə münaqişədən əvvəlki demoqrafik vəziyyət təmin olunmadan, yəni, azərbaycanlı qaçqın və məcburi köçkünlər Dağlıq Qarabağ da daxil olmaqla öz ərazilərinə qayıtmadan münaqişəni həll etmək mümkün deyildir. Bu şərtlər beynəlxalq hüquqa, Helsinki Yekun Aktına və münaqişə ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı sənədlərinə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
03.09.2020
Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir
02.07.2020
“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info