Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
Tarix: 11.02.2020 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


“Bakı şəhərinin ekoloji vəziyyətinin daha da yaxşılaşması üçün gələcəkdə neftayırma zavodu və zibilliklərin yandırılması üçün tikilən zavodun şəhərdən kənara köçürülməsi daha məqsədəuyğun olardı”

Ətraf mühitin mühafizəsi, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir. Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranıb, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Hazırda iqtisadi inkişafla bərabər, ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşıb.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, ekoloji vəziyyətin yaxşılaşdırılması daim diqqət mərkəzindədir: “Bu istiqamətdə bir çox önəmli tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə çaylar boyu yerləşən bir çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılıb. Ağacəkmə prosesi davam etdiriləcək. Son illərdə isə əkilən ağacların sayı bəlkə də 10-20 milyonu ötüb. Bu, çox müsbət haldır. Xüsusilə təbiəti ağacla o qədər də zəngin olmayan bölgələrdə bu proses geniş vüsət alıbdır və almalıdır. Bakının havası da böyük dərəcədə təmizlənib. Bizim əsas diqqət mərkəzimiz məhz böyük şəhərlərdir, xüsusilə Abşeron yarımadası və sənaye müəssisələri olan şəhərlər. Azərbaycanın qalan yerlərində təbiət toxunulmazdır, biz bunu qorumalıyıq və bütün bölgələrdə təbiət qorunmalıdır. Çünki bu, bizim sərvətimizdir. Bəzi hallarda ağaclar qırılır, onların yerində binalar tikilir. Buna qətiyyən yol vermək olmaz. Müvafiq göstərişlər verilib. Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki bu, bizim ölkəmizdir, bizim həyatımızdır”.
Mütəxəssislərimiz də ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirilər. Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru, “Azərbaycan Ekologiya Standartları Monitorinq Fondu”nun prezidenti Rauf Sultanovdur:

- Ölkədə ekoloji vəziyyət və bu sahədə reallaşdırılan tədbirləri necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi bugünlərdə ölkə başçısının iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Hər 5 ildən bir ölkə başçısı regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramını təsdiq edir və ilin sonunda onun yekunları müzakirə edilir. Regionların sosial-iqtisadi inkişafı proqramında bütün bölgələrin həm kənd təsərrüfatı, həm sənayenin, eləcə də digər sahələrin hərtərəfli inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilir. Bu dövlət proqramının digər proqramlardan fərqi ondadır ki, dövlət vəsaiti qoyulur. Son konfransda isə ölkə başçısı digər sahələrlə yanaşı, ekologiyanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirib. Bunun əhəmiyyəti ondan ibarətdir ki, ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir. Ən böyük ekoloji problemlərdən biri əhalinin təmiz su ilə bağlı təmin olunmasıdır ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət vəsaiti ayrılıb və kəndlərdə modul tipli sutəmizləyici qurğular istifadəyə verilib. Ölkə başçısı da qeyd edib ki, müəyyən vəsait ayrılmasına baxmayaraq bu qurğuların bəziləri baxımsızlıq səbəbindən öz fəaliyyətini dayandırıb. Prezident diqqəti ona yönəldib ki, xüsusi monitorinqlər keçirilməli və bütün problemlər müəyyənləşdirilməli, tədbirlər görülməlidir.

- Konfransda çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası prosesi məsələsinə toxunulub. Ölkə başçısı bildirib ki, mövcud göllərin təmizlənməsi prosesi daha geniş vüsət almalıdır. Bu sahədə mövcud vəziyyətlə bağlı nə deyərdiniz?

- Bakı və Sumqayıt şəhərlərinin ətrafında çirklənmiş göllər var ki, bu göllərin təmizlənməsi üçün hər 5 ildən bir proqrama uyğun olaraq dövlət vəsaiti ayrılır və bu il də həmin istiqamətdə vəsait ayrılıb. Əvvəlki dövlət proqramlarına uyğun olaraq böyük göllərin təmizlənməsi işi tamamlanıb, ancaq su göllərinin miqdarı olduqca çoxdur və bu istiqamətdə də müəyyən işlərin görülməsi qarşıya məqsəd qoyulub. Çünki həmin göllərdə çirkab sular toplanır və orada xəstəliktörədən canlılar həm floraya, həm faunaya, canlı və cansız mühitə mənfi təsir göstərir. Bu istiqamətdə müəyyən işlərin görülməsi təbii ki, vacib işlərdən biridir.
Əlbəttə, yaşıllıqların qorunması, onların təhlükəsizliyinin təmin edilməsi Bakı şəhərində havanın keyfiyyətinin yaxşılaşmasına təsir göstərən əsas amillərdən biridir. Prezident eyni zamanda ölkədə yaşıllıqların qorunması ilə bağlı müəyyən tədbirlərin görülməsinə diqqəti yönəldib. Ötən il Nəsiminin 650 illiyi ilə əlaqədar ölkədə 650 min ağac əkilib. Bu, meşə fondunun artırılması, oksigenin yaranması istiqamətində həyata keçirilən mühüm tədbirdir. Xüsusilə Abşeron rayonunda bu sahədə genişmiqyaslı işlər aparılıb. Həmçinin ötən il olduğu kimi bu il də dövlət proqramına uyğun olaraq Bakı və Sumqayıt şəhərlərində dəniz ətrafında, məhəllələrdə yaşıllıq zonalarının, parkların salınmasına diqqət artırılır. Bunun üçün külli miqdarda vəsait tələb olunur və bu da dövlət tərəfindən təmin edilir. Yaşıllıqların salınması istiqamətində reallaşan tədbirləri hər bir sakin hiss edir və hətta bizim yaşadığımız ərazidə 2-3 park yaradılıb ki, sakinlər istədikləri zaman həmin parklarda dincəlirlər.

“2023-cü ildə dövlət proqramı başa çatdıqda Bakı şəhəri və digər bölgələrdə dövlətin qarşıya qoyduğu məqsəd nəticəsində ekoloji vəziyyət daha da yaxşılaşacaq”

- Bildirilib ki, havanı, ekologiyanı böyük dərəcədə çirkləndirən “Qara şəhər”in yerində hazırda “Ağ şəhər” yerləşir ki, bu da böyük şəhərsalma layihəsidir. Bu layihəni necə dəyərləndirirsiniz?

- Vaxtilə “Qaraşəhər” adlanan ərazidə atmosfer havası hədsiz dərəcədə çirklənirdi. Burada müəyyən zavodlar köçürülüb və “Qara şəhər”in yerinə “Ağ şəhər” yaradılıb ki, o da çox yaxşı layihələrdən biridir. Eləcə də dənizkənarı parkların ərazisinin genişlənməsi istiqamətində müəyyən işlər görülür. Bunun əhalinin sağlamlığında, havanın təmizlənməsində mühüm rolu var. Prezident bildirdi ki, “Ağ şəhər”də neftayırma zavodu var ki, onun da bu yaxınlarda köçürülməsi məqsədəuyğun hesab edilir. Burada atmosferin çirklənməsi üçün iki mənbə var. Birincisi, neftayırma zavodudur, ikincisi isə zibilliklərin yandırılması üçün tikilən zavoddur ki, orada fəaliyyət göstərərkən Bakının havasının çirklənməsinə səbəb olur. Ona görə də Bakı şəhərinin ekoloji vəziyyətinin daha da yaxşılaşması üçün gələcəkdə hər iki zavodun şəhərdən kənara köçürülməsi daha məqsədəuyğun olardı.
Sumqayıt şəhərinin havası Bakı ilə müqayisə etdikdə daha təmizdir, lakin orada da əhalinin sayını nəzərə alaraq yaşıllıqların, parkların daha çox salınması vacib məsələlərdən biridir. Bu gün yaşıllıqların, ağacların qırılmasının qarşısının alınması istiqamətində də bir sıra tədbirlər görülməlidir. Bir faktı da qeyd edib ki, Bakıda atmosferin çirklənməsinin 60 faizi nəqliyyatın payına düşür və bu istiqamətdə də müəyyən tədbirlərin görülməsi önəmli amillərdən biridir. Yəni, istifadə edilən avtomobillərin yanacağının oktan dərəcəsinin yüksəldilməsi, elektriklə işləyən avtomobillərin gətirilməsi daha yaxşı olardı. Məsələn, olduqca böyük vəsait tələb edən yeni avtobuslar gətirilib ki, bunlar paytaxtın havasının çirklənməsinin qarşısının alınmasında böyük rol oynayır. Ötən 5 illiklər ərzində bu istiqamətdə böyük layihələr reallaşmasına baxmayaraq, hələ də həllinin gözləyən məsələlər var və inanırıq ki, bunlar da öz həllini tapacaq.
2019-2023-cü illərlə bağlı dövlət proqramının yekununda cəmi bir il ərzində görülən işlər müzakirə edildi və bu müddətdə olduqca böyük işlər görülüb. Mənim fikrimcə, qarşıdan gələn 4 il ərzində, yəni 2023-cü ildə dövlət proqramı başa çatdıqda Bakı şəhəri və digər bölgələrdə dövlətin qarşıya qoyduğu məqsəd nəticəsində ekoloji vəziyyət daha da yaxşılaşacaq. Təbii ki, ictimai təşkilatlar, KİV -lər də buna dəstək olmalıdır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
25.03.2020
Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq
24.03.2020
Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info