Kriminal xəbərlərin geniş təbliğinin mənfi təsirləri, statistika, rəsmi münasibət və çıxış yolları
Tarix: 25.09.2013 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Son zamanlar Azərbaycanın kütləvi informasiya vasitələrində, eləcə də "Facebook" səhifələrində kriminal xəbərlər adı ilə zorakılıqla, xüsusən də seksual xarakterli zorakılıqla bağlı yer alan informasiyaların, ölən adamların eybəcər hala salınmış simalarının və bədən üzvlərinin yaxın planda çəkilmiş foto və video görüntülərinin sayı artıb.
Zorakılıq və zorlama ilə bağlı xəbərlərin psixoloji təsirinin nəticələri
Mövzu ilə bağlı Trend-ə açıqlamasında Psixologiya və Konsultasiya Mərkəzinin direktoru, psixoloq Elnur Rüstəmov bildirib ki, KİV-də belə məlumatların çoxalması və çılpaq şəkildə təqdim edilməsi cəmiyyətdə zorakılığa meyilləri artırmaqla yanaşı oxucu və ya tamaşaçılarda müəyyən psixoloji xəstəliklər də yaradır: "Bəzən avtomobil qəzasında insan vəfat edir, onun ölüm prosesini və ya cəsədini yaxın planda göstərirlər. Axı onu göstərməmək də olar. Çünki ona baxan insan psixi travma alır, müxtəlif fobiyalar (qorxular) yaranır. Məsələn, ölüm qorxusu, avtomobilə minmək, yola çıxmaq, televiziyaya baxmaq, xəbər oxumaq və sair yüzlərlə belə qorxular yarana bilər. Bu məqamlara diqqət etmək lazımdır. Görünür, jurnalistikanın da müəyyən çatışmazlıqları var. Bəzən görürsən ki, elə başlıq qoyurlar ki, insan elə bilir ki, burada söhbət Azərbaycandakı hansısa hadisədən gedir. Lakin bəlli olur ki, bu tamam başqa ölkədə olub. Hələ onu da bilmək olmaz ki, o hadisə həmin ölkədə də olub ya yox. Məsələ burasıdır ki, burada daha çox əziyyət çəkənlər tamaşaçılar və oxucular, xüsusən də yeniyetmələrdir. Çünki informasiya açıqdır və hər kəs onu oxuya və ya izləyə bilər."
Psixoloqun fikrincə, belə xəbərlərin çoxalması elə zorakılığın təbliği deməkdir: "Buna şüuraltı infeksiya deyilir. İnsan zaman-zaman o yola getməyə başlayır. Zorakılıqlarla bağlı məlumatları mütəmadi yaymaqla əslində biz insanları həmin yola sürükləyirik. Bu zəhərlənmə isə günlərin birində mütləq öz acı fəsadlarını göstərir. Məsələn, rəsmi məlumatlara görə, son zamanlar Azərbaycanda ailədaxili münaqişələrin sayı artıb. Ağır cinayətlər də əsasən ailədaxili münaqişələr zamanı baş verir. Bunlar heç də təsadüfi deyil."
Mərkəzin direktoru hesab edir ki, vəziyyətdən çıxış yolu insanları maarifləndirmək və zorakılıqla bağlı məlumatlar xəbər kimi təqdim edilməməlidir: "İnsanlar mümkün qədər maarifləndirilməlidir. Burada inzibati tədbirlərlə çox az şeyə nail olmaq olar. Yaxşı olardı ki, televiziyalarda gecə saatlarında kriminal xəbərlər göstərilməsin. Axı ona baxan insan sonra yatmalıdır. Bunlar nəzərə alınmalıdır. Yaxşı olardı ki, həm intihar, həm də cinayət hadisələri xəbər kimi yox, təhlil kimi, ən yaxşı halda isə kriminal xronika kimi verilsin. Daha yaxşı olardı ki, mütəxəssislərlə birgə araşdırmalar aparılsın, həmin hadisələrin hansı mühitdə və hansı səbəblərdən baş verməsi dərindən araşdırılsın və təhlil edilərək cəmiyyətə təqdim edilsin. İstər televiziyalarda, istərsə də internet portallarında hər kəs fərdi məsuliyyətini anlasa, düşünürəm ki, vəziyyət müəyyən qədər tənzimlənər."
Daxili İşlər Nazirliyinin mövqeyi
Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadənin sözlərinə görə, kriminal mövzuda olan yazılar əhali tərəfindən həqiqətən çox oxunur. Bəzi kütləvi informasiya vasitələri bundan istifadə edərək zorakılığı təbliğ edən məlumatlara da xüsusi yer ayırır: "Biz kriminal xarakterli xəbərlər yayan kütləvi informasiya vasitələrini yaxından izləyirik. Bəzən bir neçə dəqiqə ərzində digərini qabaqlamaq xatirinə yoxlanılmamış informasiya yayırlar. Saytlar var ki, gün ərzində xəbər sıralamasında 3-4 kriminal xəbər verməlidirlərsə, 15-20 xəbər verirlər ki, onların arasında zorakılığı təbliğ edən, mental dəyərlərimizə, yüzillər ərzində yaranmış milli xüsusiyyətlərimizə, eləcə də qanunvericiliyin tələblərinə zidd faktlar da geniş yer alır. Həmin məlumatların böyük bir qisminin isə ümumiyyətlə Azərbaycana aidiyyatı olmur. Məsələn, "Polis filankəsi döydü" kimi cəlbedici başlıq qoyulur. Amma oxuyanda görürsən ki, söhbət tamam başqa ölkədən - ABŞ-da, Rusiyada, yaxud başqa bir dövlətdə baş verən hadisədən gedir. Bunlar da bəzi xəbər agentliklərinin, portalların ucuz sensasiya dalınca qaçmaq, reytinq yığmaq, gündəmdə olmaq, geniş oxucu auditoriyası qazanmaq istəyindən irəli gəlir. Ancaq bu, yalnış tendensiyadır. Onlar xəbərin təqdimatından əlavə, yazıları hansı yaş qruplarına aid olan şəxslərin oxumalarının fərqinə varmalı, bu məlumatların cəmiyyətə verə biləcək zərəri nəzərə almalıdırlar. Zorlama hadisələri barədə xəbərləri yeniyetmələr və azyaşlılar da oxuyur. Zorakılığı təbliğ edən məlumatların çoxluğu onların psixikasına, davranış tərzinə, tərbiyəsinə istər-istəməz mənfi təsir edir. Xəstələrin, uşaqların, ahıl insanların, qocaların olduğunu və belə şeylərin onlara pis təsir etdiyini nəzərə almaq lazımdır. Bütün hallarda psixoloji məqamlar, o cümlədən cinayət qanunverciliyinin tələbləri nəzərə alınmalıdır."
Şöbə rəisinin fikrincə, bütün hallarda cinayətin qurbanı olmuş, o cümlədən yol-nəqliyyat hadisələri zamanı ölən insanların simalarının, bədənlərinin video və foto görüntülərinin iri planda, geniş şəkildə cəmiyyətə təqdim olunması da düzgün deyil. Əgər bu, cinayətin açılmasına, istintaq və ya təhqiqat üçün maraq kəsb edəcək müəyyən qaranlıq məsələlərin üzə çıxarılmasına kömək edəcəksə, o zaman bunu qanun çərçivəsində, yalnız zərərçəkmiş insanların yaxın qohumlarının və ya işi araşdıran müstəntiqlərın (təhqiqatçıların) icazəsi ilə etmək olar.
Qanunverici orqanın münasibəti
Problemlə bağlı əməkdar jurnalist, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova Trend-ə bildirib ki, Azərbaycanda məişət zəminində zorakılıq hallarının artması böyük narahatlıq doğurur. Bu məsələdə KİV-in də müəyyən rol oynadığı istisna deyil: "Görüşüb danışdığım hüquq mühafizə orqanlarının rəhbərləri də təsdiq edirlər ki, son illər məişət zorakılığı, xüsusən qohumlar arasında zorakılıq aktları, ailə münaqişəsi zəminində yaralanma, sui-qəsd, ölüm halları artıb. Bu narahatedici bir məsələdir. Mənim fikrimcə, məişət zorakılığı aktlarına görə Cinayət Məcəlləsinə yenidən baxılmalı və bu cinayətlərə görə cəzaları sərtləşdirməliyik. Digər tərəfədən də bizim kütləvi informasiya vasitələri buna həddən artıq diqqət yetirir və qabardırlar. Mənə yaxın olan bir-iki tanınmış saytın rəhbərlərinə müraciət edərək onlardan soruşmuşam ki, niyə birinci səhifəyə, yəni ən çox oxunan yerə "Filankəs filankəsin başını kəsib" adlı yazını qoyursan? Bu məgər informasiyadır?! Bu məgər xəbərdir?! Bu kriminal xronikadır və hardasa aşağı yerlərdə yerləşdirilməlidir. Bəzən saytları açan kimi oxuyursan ki, kimsə kimisə bıçaqladı, zorladı. Bəzən Hindistanda, Misirdə və s. ölkələrdə baş verən və Azərbaycana qətiyyən aidiyyatı olmayan faktları bizim cəmiyyətə sırımaq istəyirlər. Zorakılıq onsuz da artıb və geniş vüsət alıb. Bunu əlavə təbliğ etmək və ön cərgələrə çıxarmaq isə vəziyyəti daha da pisləşdirir. Bununla mübarizə aparmaq lazımdır. Mən söz verirəm ki, Milli Məclisin sessiyalarının birində bununla bağlı mütləq müraciətlə çıxış edəcəyəm."
Millət vəkili hesab edir ki, KİV zorakılığı reklam etməkdənsə, psixoloqlar, seksopatoloqlar və digər mütəxəssislərlə birgə onların səbəblərini, belə hallarla mübarizə yollarını, görülə biləcək qabaqlayıcı tədbirləri araşdırmalı, profilaktik materiallar yaymalıdır: "Açığını deyim ki, indi jurnalistlər öz üzərində işləmək, tədqiqat, araşdırma aparmaq istəmirlər. Hardansa materialı götürüb hazır köçürürlər. Bununla da iş bitir. Daha onun mahiyyətinə varmırlar. Bu, əslində daxili senzura və daxili məsuliyyət məsələsidir. Dövlətə məxsus KİV-də nəzarət var, ona görə burada belə şeylərə rast gəlmək olmur. Amma internet saytlarında belə bir nəzarət yoxdur. Burada da yalnız daxili senzura, ictimai nəzarət və vicdan məsələsindən söhbət gedə bilər."
Zorakılıq cinayətləri ilə bağlı rəsmi statistika
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2013-cü ilin birinci yarısı ərzində məişət zəminində baş verən cinayətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə, konkret olaraq şəxsiyyət əleyhinə olan cinayətlərin sayı isə 48,3 faiz, yəni təxminən yarıbayarı azalıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, son illər Azərbaycanda zorlama və ya zorlamaya cəhlərlə bağlı cinayətlərin statistikasında azalma müşahidə edilir. Belə ki, zorlama və ya zorlamaya cəhlərlə bağlı 2005-ci ildə 44, 2009-cu ildə 35, 2011-ci ildə 28, ötən il isə 19 fakt qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info