“The USA Tribune”: “BMT qətnamələri Ermənistanın öz qoşunlarını işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edir”
Tarix: 17.02.2020 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


“Söz dueli Paşinyan üçün uğursuz başa çatdı, belə ki, o, Əliyevin bəyanatlarından ciddi “yaralar” və faktlara söykənən arqumentləri təqdim etmək bacarıqsızlığı ucbatından böyük zərbə aldı”

“Rəsmi Yerevan tərəfindən Xankəndidə qurulmuş erməni hərbi rejiminin heç bir legitimliyi yoxdur, çünki onlar müharibə vaxtı Qarabağın azərbaycanlı icmasına qarşı etnik təmizləmə həyata keçiriblər. Paşinyan özü də bunu dərk etmədən təsdiq etdi ki, Ermənistanın hərbi qulluqçuları Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edirlər”

ABŞ-ın “The USA Tribune” qəzetində siyasi icmalçı Robert Qorovitsin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə həsr olunmuş “Münxendə söz dueli və onun qalib “revolveri” sərlövhəli məqaləsi dərc olunub. Müəllif yazır ki, tarix dərsliklərindən və Avropa ədəbiyyatından qarşı tərəflərin öz şərəf və ləyaqətini qorumaq məqsədilə keçirilən silahlı qarşıdurma – duellərin zəruriliyi hamıya məlumdur. Bir ekspozisiya forması kimi duel bir çox mədəniyyətlərdə, o cümlədən Amerika qitəsinin Vəhşi Qərbində də öz yerini tapıb. Müasir dünyada duel beynəlxalq münasibətlərdə təzahür edir, hərçənd özünü silahlı deyil, söz mübadiləsi formasında göstərir. Bu isə daha güclü bir amildir. Söz dueli üçün müasir dünyada ən yaxşı meydan BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası, Davos forumu, Münxen konfransı və ölkələrin liderlərinin öz mövqelərini və üstünlüklərini nümayiş etdirdikləri digər platformalardır. Münxen Təhlükəsizlik Konfransı son 60 ildə mütəmadi keçirilən beynəlxalq təhlükəsizlik siyasəti üzrə tədbirdir. Bu il fevralın 14-16-da keçirilən Təhlükəsizlik Konfransı keçmiş Sovet İttifaqından olan icmalçılar üçün maraqlı oldu. Belə ki, təhlükəsizlik məsələləri, ələlxüsus postsovet məkanında uzun sürən münaqişələr diqqət mərkəzində idi. Konfransın kuluarlarında baş verən mühüm hadisələrdən biri də “Dağlıq Qarabağ münaqişəsinin həllində inkişaf” diskussiyası oldu. Ermənistan və Azərbaycanın liderləri Cənubi Qafqazda 30 ildir davam edən münaqişəni müzakirə etmək üçün səhnəyə çıxdılar. Müəllif qeyd edir ki, iki ölkənin liderləri auditoriyaya Qarabağın tarixinə dair öz versiyalarını təqdim etdilər. O vurğulayır: “Erməni lider nala-mıxa döyürdü, artıq tükənmiş arqumentləri təkrar edirdi, ermənilərin guya Cənubi Qafqazın yerli sakinləri və Qarabağın tarixən Ermənistanın bir hissəsi olduğunu söyləyirdi”. Paşinyanın əsas arqumenti ondan ibarətdir ki, guya Dağlıq Qarabağ ilkin olaraq Qafqaz Bürosu tərəfindən 1921-ci ildə Ermənistana verilib, lakin bu qərar İosif Stalin tərəfindən Azərbaycanın xeyrinə ləğv edilib. Erməni lider iddia edir ki, guya Stalin Lenin və Atatürklə Qarabağın Azərbaycana verilməsi ilə bağlı sövdələşib. Müəllif vurğulayır ki, etnik ermənilərin çoxluq təşkil etdiyi Qafqaz Bürosunda həqiqətən Dağlıq Qarabağı əvvəlcə Ermənistana vermək istəyiblər, lakin bu ərazinin Ermənistandan daha çox Azərbaycana bağlı olduğunu nəzərə alaraq, 1921-ci il iyulun 5-də həmin qərar ləğv edilib. Faktiki olaraq, qərarın mətnində Qarabağ və Azərbaycana münasibətdə “saxlanılsın” sözü işlənilir: “Müsəlmanlar və ermənilər arasında sülhün zəruriliyini və dağlıq və aran Qarabağ arasında iqtisadi əlaqələri nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, ona muxtar vilayətin tərkibinə daxil edilən Şuşa şəhəri paytaxt olmaqla geniş vilayət muxtariyyəti verilsin”. Bu, o deməkdir ki, Qarabağ artıq Azərbaycanın bir hissəsi idi və Qafqaz Bürosu sadəcə onu Ermənistana verməyərək, Azərbaycanın hüdudları daxilində saxlamağa qərar verib.
Qorovits sonra qeyd edir ki, Paşinyan heç bir anlayışı olmadığı beynəlxalq hüquq barəsində mülahizələr yürütməyə başladı. Erməni lider bəyan etdi ki, əgər Azərbaycan Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etsəydi, o, müstəqil dövlət olmazdı. Əgər Azərbaycan bunu edibsə, onda Dağlıq Qarabağın öz müqəddəratını həll etməsinə də hörmətlə yanaşmalıdır, çünki erməni liderin fikrincə, Dağlıq Qarabağ erməniləri azərbaycanlıların da istifadə etdikləri hüququ həyata keçiriblər - SSRİ ilə vidalaşıblar. Lakin siyasi icmalçının vurğuladığına görə, erməni baş nazirin beynəlxalq hüquq sahəsində bilikləri o qədər azdır ki, o, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkib hissəsi olduğunu və sovet Konstitusiyasına əsasən respublikanın tərkibindən çıxmaq, Dağlıq Qarabağın müstəqil və ya Ermənistanın tərkibində olması üçün hər bir addımın istər Azərbaycan SSR, istərsə də SSRİ Konstitusiyasına uyğun şəkildə həyata keçirilməsinin zəruriliyini başa düşmür. Lakin bu, baş vermədi. Belə ki, SSRİ və Azərbaycan SSR-in qanunverici orqanları Dağlıq Qarabağın Ermənistana verilməsini rədd etdilər. Müəllif sonra yazır ki, Paşinyan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsini müzakirə edərkən uğursuz seçim edib. Erməni lider iddia edib ki, guya BMT TŞ dərhal və qeyd-şərtsiz atəşkəs rejiminin tətbiqini tələb edib, belə ki, Azərbaycan bu qaydaları pozub və ərazilərini itirib. Əslində isə, İlham Əliyevin də qeyd etdiyi kimi, BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü dayandırmasını və öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını, həmçinin bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına şərait yaradılmasını tələb edib. Prezident Əliyev beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk qrupunu Ermənistana özünün qeyri-konstruktiv mövqeyindən imtina etmək üçün təzyiqi gücləndirməyə çağırıb. Məqalədə o da qeyd olunur ki, Paşinyan işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistanın yaratdığı oyuncaq rejimin danışıqlarda iştirakını arzuladığını bildirib. O, özünün bu təklifini hətta “mikroinqilab” adlandıraraq, onu auditoriyaya hansısa yenilik kimi təqdim edib. Əslində, erməni separatçılarını danışıqlar masası arxasına oturtmaq Ermənistanın son 20 ildə ardıcıl olaraq göstərdiyi səylərdir. Lakin Azərbaycan üçtərəfli formatı sadəcə ona görə rədd edir ki, bu formatın özü münaqişənin iki əsas tərəfinin (Ermənistan və Azərbaycan) formuluna söykənir və burada iki maraqlı tərəf - Dağlıq Qarabağın erməni və azərbaycanlı icması var. Qeyd olunur ki, rəsmi Yerevan tərəfindən Xankəndidə (Stepanakert) qurulmuş erməni hərbi rejiminin heç bir legitimliyi yoxdur, çünki onlar müharibə vaxtı Qarabağın azərbaycanlı icmasına qarşı etnik təmizləmə həyata keçiriblər. Müəllif yazır ki, Paşinyan özü də bunu dərk etmədən təsdiq etdi ki, Ermənistanın hərbi qulluqçuları Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edirlər. O, açıq şəkildə bəyan etdi ki, oğlu Dağlıq Qarabağda hərbi xidmətdədir və bununla da erməni təbliğatının Qarabağ ermənilərinin “özünümüdafiə ordusu” ilə təhlükəsizliklərini təmin etdikləri barədə iddiaları ifşa edib. Məqalənin sonunda Qorovits yazır: “Söz dueli Paşinyan üçün uğursuz başa çatdı, belə ki, o, Əliyevin bəyanatlarından ciddi “yaralar” və faktlara söykənən arqumentləri təqdim etmək bacarıqsızlığı ucbatından böyük zərbə aldı”.

Türkiyəli hüquqşünas: “Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa təhdiddir”
Bu məsələ ilə bağlı Türkiyənin Hacettepe Universitetinin beynəlxalq hüquq üzrə müəllimi, hüquq elmləri doktoru Bahadır Bumin Özarslan AZƏRTAC-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə sübut etdi ki, Ermənistan tərəfi beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Artıq heç kimə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfinin mövqeyi beynəlxalq hüquqa təhdiddir. Siyasət və hüququn ziddiyyətli fikirləri heç zaman qəbul etmədiyini vurğulayan B.Özarslan deyib: “Ermənistanın baş naziri iddia edir ki, guya Dağlıq Qarabağ Ermənistan ordusu tərəfindən deyil, bölgədəki erməni silahlı birləşmələri tərəfindən zəbt olunub. Elədirsə, o zaman uzun illərdən bəri Ermənistan rəhbərliyi bu müzakirələrdə niyə iştirak edib? Azərbaycan hələ çox-çox əvvəl bəyan etmişdi ki, Azərbaycan tərəfi Dağlıq Qarabağa ən yüksək muxtar idarəetmə statusu verməyə hazırdır. Əgər işğalçı Ermənistan tərəfi deyilsə, o zaman bir tərəfə çəkilsinlər Azərbaycan tərəfi öz vətəndaşı olan Dağlıq Qarabağ erməniləri ilə məsələni həll edib sülh şəraitində yaşasınlar. İkinci, əgər Ermənistan işğalçı deyilsə, onda nə üçün baş nazirin oğlu bu bölgədə hərbi xidmət keçir? Təkcə bu iki fakt Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etdiyini təsdiq edir. Bu münaqişədən doğan bütün faciə və fəsadların, eləcə də hər an baş verə biləcək risklərin məsuliyyətini beynəlxalq hüquq qarşısında Ermənistan daşıyır”. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını xatırladan hüquqşünas diqqətə çatdırıb ki, bu qərar Azərbaycanın Laçın rayonundan zorla qovulmuş altı Azərbaycan vətəndaşı tərəfindən 2005-ci il aprelin 6-da Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistan Respublikasına qarşı qaldırılmış iddia müraciətinə əsaslanır. Mahiyyət etibarilə, məhkəməyə iddia müraciəti irəli sürən şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalının davam etdirilməsi ilə əlaqədar Laçın rayonunda öz evlərinə qayıtmaqdan məhrum edilib və beləliklə, onlar orada yerləşən mülkiyyətlərindən istifadə edə bilməyiblər. Ermənistan tərəfi unutmamalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin sözügedən qərarı mənəvi baxımdan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını itirən bütün azərbaycanlıların hüquqlarına aid olan məsələdir.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info