Gülnar Nəzərova: “ASAN xidmət” vətəndaşa bir mərkəzdə rahat və şəffaf xidmət təqdim edir”
Tarix: 17.02.2020 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


“ASAN xidmət”də könüllü olaraq fəaliyyət göstərən gənclər təcrübə və sertifikat əldə edirlər. Bu məsələnin praktik tərəfini təşkil edir. Məsələnin digər tərəfi isə onlar bilik-bacarıqlarını təqdim etmək, fərqli insanlar tanımaq, beləliklə yeni bir şəbəkə qurmaq imkanı əldə edirlər”

Bu gün ölkədə modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində həyata keçirilən layihənin bariz nümunəsi olaraq “ASAN xidmət”in fəaliyyətini göstərmək olar. Fəaliyyətə başladığı vaxtdan “ASAN xidmət” mərkəzlərinə müraciətlərin sayı getdikcə artıb və vətəndaşlar tərəfindən bəyənilmə əmsalı daha da yüksəlir ki, bu 2019-cu ildə 99,3 faiz təşkil edib. İndiyədək “ASAN xidmət”in “Çağrı” mərkəzinə 3 milyon 942 min 141 müraciət daxil olub. Ötən il isə həmin müraciətlərin sayı 1 milyon 110 min 961-ə bərabər olub. Bu günə qədər 21 mindən artıq gənc "ASAN"da könüllü kimi fəaliyyət göstərib. Həmin könüllülər 550-dən artıq sosial layihə həyata keçiriblər. "ASAN Kadr" isə "ASAN"da olan könüllülərin sonradan iş tapması üçün platformadır. Burada həm şirkətlər, həm də iş axtaran könüllülər qeydiyyatdan keçir. "ASAN Kadr" sayəsində 1362 könüllü işlə təmin olunub. Onlardan 439-u "ASAN xidmət" mərkəzlərində işlə təmin olunub, digərləri isə ayrı-ayrı özək şirkətlər və dövlət qurumlarında işə götürülüblər. Ən böyük sosial layihələrdən biri olan ABAD-çılar ABAD vasitəsilə 2 milyon manatdan yuxarı vəsait əldə ediblər. Bu da xüsusilə aztəminatlı ailələrin sosial rifahının artırılmasında ciddi faktorlardan biridir. Bu il 6 "ASAN Xidmət" və bir "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir. Bakıda iki "ASAN xidmət" və bir "ASAN Kommunal", eyni zamanda Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında "ASAN xidmət" mərkəzlərinin mərkəzlərinin açılması nəzərdə tutulub. Eləcə də Qubada "ABAD" qablaşdırma fabriki açılacaq.
Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışı olub. Ölkə başçısı “ASAN xidmət”lə bağlı fikirlərini bildirib: “Əslində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi. Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə “ASAN xidmət” mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur. “ASAN xidmət” mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı. Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi”.
Ölkədə son illərin ən uğurlu layihələrindən biri olan “ASAN xidmət”in fəaliyyətini mütəxəssislər də yüksək qiymətləndirirlər. Müsahibimiz sosioloq Gülnar Nəzərovadır:

- Son illər ölkədə reallaşan uğurlu layihələrdən biri kimi "Asan xidmət"mərkəzlərinin fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilib. Bu layihə ilə bağlı fikirlərinizi bilmək istərdik...

- “ASAN xidmət”in yaradılması vətəndaşların işini sözün əsl mənasında asanlaşdırmaq baxımından ən uğurlu fəaliyyətlərdən hesab oluna bilər. Xidmət həm peşəkarlıq baxımından, həm də bir neçə xidməti mərkəzləşdirilmiş qaydada təqdim etməkdə üstünlüyə malikdir. Növbəlilik prinsipi və onlayn xidmətlər isə vaxt itkisinin qarşısının alınmasında olduqca effektivdir. Eləcə də onlayn xidmətlər, xüsusilə onlayn viza xidməti Azərbaycana səfər etmək istəyən xarici ölkə vətəndaşlarının işini asanlaşdırır.

-Artıq bir sıra bölgələrdə “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir. Bu günlərdə Kürdəmirdə “ASAN xidmət”in açılışı oldu. Yerlərdə əhalinin problemlərinin həllində bu mərkəzin rolunu necə qiymətləndirirsiniz?

- Xidmət rüsumlarından məlumatsız olan vətəndaşların digər qurumlarda aldanma ehtimalları olsa da “ASAN xidmət” bu problemi aradan qaldırdı. Belə ki, ödənilən rüsum müqabilində “ASAN xidmət” tərəfindən qəbz təqdim edilir və vətəndaş ödədiyi məbləğ barəsində düzgün məlumat aldığından əmin olur. Eləcə də vətəndaş ödəniş müqabilində qəbz tələb etməyin vacibliyini də anlamış olur. Bütün bu asan proseslərin nəticəsində isə insanlar öz problemlərinin asanlıqla həllinə nail olurlar.

“Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur. “ASAN xidmət” mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı. Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi”

“ASAN xidmət” mərkəzləri Bakı şəhərində fəaliyyətə başlasa da regionlarda yaşayan vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə yerlərdə mərkəzlər yaradıldı və “Səyyar Asan xidmət” bütün ölkəni əhatə etməyə çalışdı. Düzdür, yerlərdə xidmətlərin bir çoxunu təqdim edən qurumlar fəaliyyət göstərir. “ASAN xidmət” isə regionlarda yaşayan insanlara eyni mərkəzdən müxtəlif xidmətlərin istifadəsinə imkan yaratdı ki, bu da daha uzaq məsafədə, xüsusilə kəndlərdə yaşayanların işini asanlaşdırdı. Bütün mərkəzlərdə olduğu kimi “Səyyar ASAN xidmət” də növbəlilik prinsipi ilə həyata keçirilir və qəbz təqdim edilir. Növbəlilik prinsipinin mahiyyətini anlayan vətəndaş bu prinsipi digər müvafiq yerlərdə də tətbiq edəcək və bu mədəniyyətin cəmiyyətdə inkişafına müsbət təsir edəcək. Bu baxımdan xidmətin müsbət təsirini davamlı hesab etmək olar. Göründüyü kimi istər Bakı şəhərində və yerlərdə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri, istərsə də “Səyyar ASAN xidmət” şəffaflıq, təhlükəsizlik, məsafə və vaxta qənaət baxımından vətəndaşa müsbət imkanlar təqdim edir.

-Bildiyiniz kimi gənclər könüllü olaraq “ASAN xidmət”in fəaliyyətində mühüm rol oynayırlar. Bu gənclərimiz üçün hansı imkanlar yaradır?

- Bu xidmətin gənclər üçün təqdim etdiyi digər imkan isə könüllülük prinsipi ilə fəaliyyətdir. Ölkə başçısının da qeyd etdiyi kimi “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, könüllülər hərəkatına da təkan verib. Ancaq ondan sonra könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət alıb və ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynayıblar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstəriblər. İndi könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır.
Tələbələr, xüsusilə regionda təhsil alan gənclərin təcrübə imkanları hər zaman olmur. Müəyyən şirkətlər isə işə qəbul prosesində təcrübəli şəxslərə daha çox önəm verir. “ASAN xidmət”də könüllü olaraq fəaliyyət göstərən gənclər təcrübə və sertifikat əldə edirlər. Bu məsələnin praktik tərəfini təşkil edir. Məsələnin digər tərəfi isə onlar bilik-bacarıqlarını təqdim etmək, fərqli insanlar tanımaq, beləliklə yeni bir şəbəkə qurmaq imkanı əldə edirlər. Bu cür könüllü fəaliyyətlər gələcəkdə gənclərə yeni perspektiv imkanlar verir. Hesab edirəm ki, bu cür fəaliyyətlərin genişlənməsi ölkədə bu istiqamətdə olan problemlərin həllində böyük töhfələr verə bilər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
25.03.2020
Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq
24.03.2020
Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info