“İndiki ifaçıların səviyyəsi qənaətbəxş deyil”
Tarix: 25.09.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Bəstəkar Rüfət Xəlilov: “Bəstəkarlıq elə bir sənətdir ki, ona yiyələndikcə yeniliklər aşkar edirsən”

Müsahibimiz bəstəkar Rüfət Xəlilovdur. Rüfət Xəlilov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. O, görkəmli bəstəkar İsmayıl Hacıbəyli sinifində dərs alıb. Alman Akademik Mübadilə Servisinin (DAAD) təqaüdü ilə Diter Makin sinfində təcrübəsini davam etdirib ( 2004-2005 ). Müxtəlif festival və müsabiqələrdə iştirak edib, xüsusən də, Amerika Birləşmiş Ştatlarında keçirilmiş “Music+Culture 2009” da 2-ci yerə layiq görülüb. “Heyratı” simfonik rapsodiyasının və bir sıra kamera əsərlərinin müəllifidir.
-Rüfət müəllim , bu yaxınlarda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Müasir musiqi” festivalında iştirak etmisiniz.. Yenicə Bakıya dönmüsünüz.. Keçirilən festival barədə təəssüratlarınızı bizimlə bölüşməyinizi istərdik...
- Mən bu tədbirdə iştirak etməyimə görə, Mədəniyət və Turizm Nazirliyinə, nazir Əbülfəs Qarayevə minnətdarlığımı bildirirəm ki, tədbirdə iştirak etməyimə dəstək olublar. Bu festivalın digər iştirak etdiyim tədbirlərdən fərqi onda idi ki, iştirakçılar tam sərbəst surətdə öz yaradıcı işlərini dinləyicilərə çatdıra bilirdilər. Fransa müasir musiqi assosiasiyasi olan “Tempora” bir neçə ildir ki yaranıb. “Tempora”- 2 söz birləşməsindən ibarətdir, italyancadan tərcüməsi “ vaxt-indi “ mənasını verir. İndiki aktual zamanda baş verən qlobal dəyişikliklərin musiqidə ifadəsinə xarakterikdir. Bu təşkilatın prezidenti Didier Marc və xanımı Aleksandra Foldur. Onların məqsədi dünyada, xüsusən də, Asiya ölkələrindən olan bəstəkar və ifaçıları ozünə cəlb etmək və hər il müxtəlif ölkələrdə keçirilən bu tədbirə dəvət etməkdir. Müxtəlif ölkələrdə keçirilməkdə məqsəd digər xalqların xalq çalğı alətlərini, folklor musiqisini təbliğ etməkdir. Qeyd edim ki, bir ildən bir bu tədbir Fransada keçirilir. Bu il əsasən Fransa, İspaniya, İtaliya,Yaponiya, Almaniyadan bəstəkar və ifaçılar iştrak edirdilər. Misal üçün “Parkensemblet Percussion”, norveçli fleytaçı İda Haydel, ABŞ-dan zərbçi Hansberi Aldric, Fransadan Rolin Etien maraqlı ideyalarla iştirak edirdilər. Rolin Etienin “Səs rəngləri” layihəsini xüsusi qeyd etmək istərdim. Belə ki, struktur cəhətdən improvizasiya janrında qurulmuş və teatrlaşdırılmış bu əsər bəşəriyyətlə kainatın abstrakt obrazlarının tam formalaşmağa yaxınlaşan bir təzahürü kimi ifadə olunub.Yaxud almaniyali Anya Tomas vokal janrda səs tembrlərinin söz hecaları ilə birləşməsindən yaranan akustik transformasiya misal ola bilər. Ümumiyyətlə, deyərdim ki, bu tədbirin əsas mahiyyətindən biri də ifaçı-bəstəkar arasında tədbir zamanı təcrübələr aparmaq idi. Lakin onlardan fərqli olaraq ilk dəfə iştrak etdiyimə görə, mən mühazirəni Azərbaycan musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə açdım. Bildiyiniz kimi, Azərbaycan xalqı bu il dahi Üzeyir bəy Hacıbəylinin 128 illiyinə həsr olunmuş möhtəşəm beynəlxalq festival keçirildi. Bununla bağlı mühazirə hazırladım. Mənə ayrılan 1 saat ərzində bəstəkarın “Cəngi” əsəri və bu nəslin nümayəndəsi bəstəkar İsmayıl Hacıbəylinin “Cəngi” fortepiano və orkestr üçün rapsodiyası haqqında video material şəklində təqdim etdim. İsmayıl Hacıbəylinin “Cəngi” rapsodiyası Üzeyir Hacıbəylinin mövzuları əsasında bəstələnib. Onu da qeyd edim ki, sənədli film Azərbaycan Dövlət Film Fondunda ingilis dilində olmadığı üçün, çox böyük çətinliklə Günay Xəlilova tərəfindən dublyaj və tərtib edilib. Festivalın sonuncu günü bütün tədbir iştirakçılarının əsərləri və ifasından ibarət Lyubomir Pipkov adına Musiqi Kollecının böyük salonunda konsert keçirildi. Bu konsertdə mən fortepiano üçün yazılmış “Sonatina”nı ifa etdim.
- Bu festival çərçivəsində Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqi dünyasının təbliği sizcə, kifayət qədər yüksək səviyyədə idi?
- Sərbəst olaraq hər bir iştirakçı- bəstəkar yaxud ifaçı olsun, bütün tədbirlərə dinləyici kimi gələ bilirdi. Düşünürəm ki, çıxış etdiyim zaman bütün iştirakçılarda olmasa da, ancaq müəyyən hissəsində Ü.Hacıbəyli və İ.Hacıbəyli haqqında mühazirəm maraq doğurdu. Belə ki, Azərbaycan bəstəkarlıq məktəbi və onun nümayəndələrinin fəaliyyəti, milli musiqi alətlərimiz və onlarla müxtəlif janrların eksperimentləri gələcəkdə bu layihələrdə özünü mütləq göstərməlidir. Assosiasiyanın prezidenti bəstəkar Didier Markla dəyirmi masa arxasında müzakirə zamanı bir neçə ildən sonra, bu tədbirin Bakıda keçirilməsi təklif olundu. Təbii ki, birmənalı olaraq belə bir layihənin Bakıda keçirilməsi bizim musiqi aləmi üçün maraqlı və hətta, mən deyərdim ki, yenilik olardı.
-Siz mühazirə və eksperimentlər haqqında danışdınız. Bəs əvvələr bu tipli təbdirlər necə keçirilirdi?
-Qeyd etdiyim kimi spesifik, orijinal, peşəkar musiqiçilərin biri-birini duyaraq , intuisiya qabiliyyəti ilə teatrallaşdırılmış üslubda əsər yaradıb, onu dinləyiciyə çatdırmaq xüsusi hazırlıq tələb edir. Mən ötən əsrin ortalarına qayıtmaq istərdim. 50-ci illərdən başlayaraq dünyanın müxtəlif ölkələrində-Polşada, Almaniyada, Fransada ,İtaliyada məşhur assosiasiyaların təşəbbüsü ilə festivallar, simpoziumlar keçirilirdi. Bura dünyanın müxtəlif ölkələrindən məşhur bəstəkarlar,ifaçılar dəvət olunurdular. Misal üçün 60-cı illərdə Polşada keçirilən “Warsaw Autumn” festivalında V.Lütoslavski, L Berio, Y.Ksenakis və sonralar L.Andressen kimi bəstəkarlar dəvət olunurdu. Yaxud Almaniyada keçirilən “International Summer Course for New Music Darmstadt”. Burada məşhur alman bəstəkarı, elektron musiqinin 60-cı illərdə yaradıcısı, Bulez, Ksenakislə birlikdə o dövrlərdə aktiv olan K.Ştokhauzen mühazirələr verib. Bakı Musiqi Akademiyasında 80-90-cı illərdə aparıcı müəllimlərdən olan professor İsmayıl Hacıbəyli bizə danışardı ki, 70-ci illərdə biz postsovet məkanında bəstəkarlar üçün yaradıcı guşələrdə tez-tez olurduq. Burada muxtəlif rus və Avropa bəstəkarları və onların əsərləri ilə tanış olurduq ki, bu da bizə yeni əsər yaratmağa bir növ stimul verirdi.
- Sənətdə müəlliminiz İsmayıl Hacıbəyli olub. Bəstəkarlığın bütün sirlərini ondan öyrənə bilmisinizmi?
-Yaradıcılıq sərhədsiz məkandır. Bəstəkarlıq da elə bir sənətdir ki, ona yiyələndikcə daima yeniliklər aşkar edirsən. Bizim müəllimimiz İ.Hacıbəyli tələbələri heç vaxt öz dəst-xətti ilə aparmırdı. O deyirdi “Musiqini siz yazırsınız, biz isə siz tələbələri sadəcə düzgün yola istiqamətləndiririk”.
Professional bəstəkarlıq 3 prinsipə ayrılır - ideya , ideyanın drammaturgiyasının və formasının quruluşu, onun nota fiksiyası. Bu prinsipləri İ.Hacıbəyli bizə öyrədirdi .O sinifdə rus bəstəkarı İqor Stravinskinin sözlərini xatırladırdı: “Yaxşı bəstəkar bənzətmir, oğurlayır”.
Kontrapunkt fənninin yüksək peşəkar bilicisi İ.Hacıbəyli, bəstəkarlara onun nə qədər əhəmiyyətli olduğunu və eyni zamanda sıx bağlılığını dərindən izah edirdi. Dahi Üzeyir bəy Hacıbəyli və Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin təməlini qoyub. Azərbaycan bəstəkarları xoşbəxtdirlər ki, onların Qara Qarayev kimi müəllimləri olub. Arif Məlikov, Fərəc Qarayev , İsmayıl Hacıbəyli kimi məşhur bəstəkarlar bu sinifi bitiriblər. Gənc nəsil də bu məktəbin yetirmələridir. İsmayıl Hacıbəyli xalqını, vətənini ürəkdən sevən vətəndaş idi. Azərbaycan musiqisində neoklassisim üslubunun banisidir. O, təbiətcə çox zarafatcıl eyni zamanda yaradıcılqda ciddi idi. Yüksək intellektə və dünyagörüşə malik olan İsmayıl Hacıbəyli dərs zamanı tələbələrə dərin məna ilə İ.Stravinskiy, D. Şostakoviç, U. Folkner, A.Kamu haqqında danışardı. Baxmayaraq ki,o tez dünyasını dəyişmişdi, məhz gənc yaşlarında dünyada tanınan “Cəngi Rapsodiyasi”,“Memorial “ kantatasını bəstələyib. Bəstəkarın əsərlərini indi də zəmanəmizin görkəmli pianoçusu Ülviyyə Hacıbəyova yüksək səviyyədə təblig edir.
Mən İ.Hacıbəylinin haqqında danışarkən onun 10 ildən çox üzərində işlədiyi Ü.Hacıbəylinin “Firuzə” ariyası əsasında yaratdığı operanı qeyd etmək istərdim. Bu opera (Libretto müəllifindir) üzərində ki, iş yüksək diqqətə layiqdir. O bütün qüvvəsi ilə işləyirdi. O çox arzu edirdi ki, tamaşaçılar bu əsərin premyerasını səhnəmizdə görsünlər. Onun vəfatından 7 il keçsə də opera hələ səhnələşdirilməyib. İnanıram ki, vaxt gələcək bu opera Azərbaycan musiqi mədəniyyəti tarixində çox dəyərli bir sənət əsəri kimi öz yerini tutacaq.
-Müasir akademik musiqinin inkişafını necə xarakterizə edirsiniz?
-Dünya sivilizasiyasında sürətli inkşaf dövrünü yaşayırıq. İndi- internet, mobil rabitə böyük infomasiya və əlaqə vasitəsidir. Əgər 60-70-ci illərdə bəstəkarlar hər hansi Avropa və ya Amerika bəstəkarlarının partituralarını yaxud lent yazısını çətinliklə tapırdılarsa, indi bunları əldə etmək asandır. Xatırlayıram müəllimlərimiz bizə danışırdılar ki, 70-ci illərdə Yeni Vyana məktəbinin nümayəndələri olan A. Şönberq, A.Berq, A .Veberninin əsərləri nadir tapılırdı və olanda da çox böyük həvəslə dinləyib ifa edirdik. Əvvəllər hətta kommunizm ideologiyasına cavab verən musiqi deyildisə , onu təbliğ etməyə qadağa qoyulurdu. XX əsrin əvvəllərinə baxsaq sovet imperiyasında, kommunizm quruluşunda baş verən böhranlar, qorxu içində yaşayan və yaradıcılıqla məşğul olan bəstəkarların həyatı daima təhlükə altinda idi. İndi isə təbii ki, tamam başqa prinsiplər özünü göstərir. Bu gün dəyərlərin yenidən qiymətləndirilməsi prosesi baş verir. Hal - hazırda bəstəkarlıq məktəbinin iflasa uğraması və gənc bəstəkarların Avropa, Amerikaya təhsil almaga getməsi bir misaldır. On il bundan əvvəl Bəstəkarlıq kafedrasında görkəmli bəstəkarlar çalışırdılar. Fərəc Qarayev, Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyli kimi peşəkar müəllimlər istedadlı tələbələr hazırlayırdılar. Ancaq təəssüflər olsun ki indi Bəstəkarlıq kafedrasında yeni struktur sistemi qura biləcək və bunun əsasında təhsil verə biləcək müəllimlər işləmir. Başqa bir problem də ondadır ki, indiki ifaçıların səviyyəsi qənaətbəxş deyil, müasir tələblərə cavab vermir. Bəstəkarlar ifaçılarla birlikdə daima yaradıcılıq münasibətində olmalıdırlar, hər hansı bir yeni əsər üzərində işləmək üçün buna vaxt tələb olunur. İndi ifaçılar müxtəlif yerlərdə maddi rifahın yaxşı olması üçün işləyirlər. Təbii ki, belə halda keyfiyyət və yaxud karyeradan söhbət gedə bilməz. İfaçılara təqaüd verilməlidir ki, onlar sırf yaradıcılıqla məşgul olsunlar. Müxtəlif müsabiqələr təşkil olunduqca yeni ifaçıların yaranma ehtimalı artacaq. Ansambl kollektivi yaratmaq üçün peşəkar musiqiçilər var, ancaq yenə də maddi dəstək olmalıdır. Avropa ölkələrində bunun üçün müxtəlif assosiasiyalar, təşkilatlar var ki, onlar konsertləri maliyyələşdirir. Fikrimi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin sitatı ilə tamamlamaq istərdim, “Hər bir millətdən dünyaya elə övladlar gəlir ki, onlar sanki özləri üçün anadan olmayıblar. Bəlkə də bütün xalqa, hətta ümum- insaniyyətə xeyir gətirmək və xalqın tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu insanlar nəinki sağlığında, hətta öləndən sonra da insanlara mənfəət veririlər.”
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info