Mərkəzi Gömrük Hospitalının həkimləri Azərbaycanda daha bir ilkə imza atdılar
Tarix: 18.02.2020 | Saat: 12:59:00 | E-mail | Çapa göndər


Kamran Beydullayev: “Azərbaycanda ilk dəfə olaraq canlıdan qaraciyər transplantasiyası zamanı donor əməliyyatını tam laparoskopik üsulla icra etdik”

Bu günlərdə Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsində daha bir uğura imza atılıb. Orqan Transplantasiyası şöbəsinin həkimləri canlıdan-canlıya qaraciyər köçürülməsi zamanı icra edilən donor əməliyyatını tam laparoskopik üsulla icra ediblər. Mürəkkəb bir əməliyyatın laparoskopik icra edilməsi Azərbaycan üçün bir ilkdir. İcra edilən əməliyyat və orqan donorları haqqında transplant cərrah Kamran Beydullayevlə müzakirə etdik. Maraqlı müsahibəni oxuculara təqdim edirik:
-Kamran həkim, təqdim etdiyiniz əməliyyatın özəlliyi nədən ibarətdir?
-Biz Azərbaycanda ilk dəfə olaraq canlıdan qaraciyər transplantasiyası zamanı donor əməliyyatını tam laparoskopik üsulla icra etdik. Bu, texniki cəhətdən çox çətin və bilik, bacarıq tələb edən bir əməliyyatdır. Mərkəzi Gömrük Hospitalında bu cür əməliyyatın icra edilməsi böyük bir nailiyyət hesab edilə bilər. Donor əməliyyatının özünəməxsus xüsusiyyətləri var. Bu əməliyyat zamanı çıxarılan orqan parçası bütün əməliyyat boyu mexaniki, istilik və işemik zədələrdən qorunmalıdır. Orqana girən və çıxan damarlar əməliyyatın sonuna qədər kəsilməməlidir, orqanın damarları yetəri qədər uzun və tam sağlam şəkildə kəsilib çıxarılmalıdır ki, resipiyent tərəfdə əməliyyata texniki problem yaratmasın. Bütün bu hallarda donorun sağlamlığı öz prioritetliyini saxlamalıdır. Bu səbəbdən donor əməliyyatı eyni orqanın və ya orqan parçasının hər hansı bir patalogiyaya görə çıxarılmasından tam fərqli bir əməliyyatdır. Bu nüansları laparoskopik əməliyyat zamanı nəzərə almaq əlavə mürəkkəb texniki vərdişlər tələb edir. Laparoskopik əməliyyatın da özünün üstünlükləri var. Bu əməliyyatlar zamanı böyük kəsiklər olmur, orqan çıxartmaq üçün istifadə etdiyimiz kiçik kəsik də ən ağrısız, daha kosmetik yerdə aparılır. Xəstələr tez aktivləşir və yatış günləri qısalır, istifadə edilən ağrıkəsicilərin miqdarı az olur. Bütün bu üstünlükləri nəzərə alsaq, bu əməliyyat daha az ağırlaşması olan əməliyyat hesab edilir. Lakin laparoskopik əməliyyatlar açıq əməliyyatdan fərqli olaraq daha çox mürəkkəb texniki qabiliyyət tələb edir. Qaraciyər transplantasiyası əməliyyatlarında toplanmış təcrübəmiz imkan verdi ki, biz bu gün donor əməliyyatını tam laparoskopik icra edək. Bundan sonra qaraciyər donorları üçün də bu əməliyyatı requlyar şəkildə laparoskopik etməyi planlaşdırırıq. İndiyə qədər biz bütün böyrək transplantasiyası əməliyyatlarında donor əməliyyatını laparoskopik icra edirik. Bu bizim mərkəzin üstünlüyünü saxlayan bir texniki nailiyyətdir. Donorlarımız çox qısa zamanda sağalır və evə yazılır. Müqayisə üçün deyə bilərəm ki, qaraciyər transplantasiyası əməliyyatında donorun laparoskopik çıxarılması əməliyyatı Azərbaycanda ilk dəfədir və eyni əməliyyat böyük transplantasiya ənənəsi olan Türkiyədə bizdən cəmi 10 ay əvvəl icra edilib.
-Nə vaxtdan orqan transplantasiyası sahəsində çalışırsınız?
-Bildiyiniz kimi, Azərbaycanda qaraciyər transplantasiyası əməliyyatları ilk dəfə 2008-ci ildə tanınmış cərrah Dr. Mircəlal Kazımi tərəfindən mərkəzimizdə həyata keçirilməyə başlayıb. Eyni vaxtdan, demək olar ki, artıq 11 ildir mən də bu komandada çalışıram. İndiyə qədər 600-ə qədər böyrək və 200-ə qədər qaraciyər transplantasiyası əməliyyatları icra etmişik. Hazırda mən bu komandada donor əməliyyatlarına rəhbərlik edirəm.
-Belə böyük və çətin əməliyyatların Azərbaycanda icra edilməsi təqdirəlayiqdir. Bəs insanların bu əməliyyatlar üçün etimadını qazanmaq çətin olmur ki?
-Belə bir çətinliklər 10 il əvvəl var idi. Davamlı fəaliyyətimiz və toplanan təcrübəmiz artıq bu problemi çoxdan geridə qoyub. İnsanlar artıq transplantasiya üçün heç bir xarici ölkəyə getməyə üstünlük vermir və bizim transplantasiya mərkəzində əməliyyat olunmağa üstünlük verirlər. Uğurlu nəticələr təkcə tibb personalımızın ağır zəhməti nəticəsində başa gəlmir. Burada həm də transplantasiya mərkəzimizin fəaliyyət göstərdiyi Mərkəzi Gömrük Hospitalının ən son avadanlıqlarla təhciz olunmuş maddi-texniki bazasının rolu var, həm də xəstəxana rəhbərliyinin bütün bu uğurların qazanılmasında komandaya böyük bir mənəvi dəstək olması və hər cür çətinliklərin aradan qaldırılmasına yüksək həssaslıqla yanaşması də səbəb olur. Yəqin ki, bütün bu sadaladıqlarım bir yerdə olmasa idi, nə nəticələr uğurlu olardı, nə də insanların inamını qazana bilərdik...
-Zəhmət olmasa, bir qədər donor əməliyyatları haqqında danışardınız.
-Transplantasiya iki ayrı-ayrı əməliyyatdan ibarətdir: donor əməliyyatı və resipiyent əməliyyatı. Bu əməliyyatlar ayrı komandalar tərəfindən ayrı otaqlarda icra edilir. Hər bir əməliyyatın özünün çətinlikləri və özəllikləri var. Donorlar əməliyyatdan əvvəl detallı müayinə olunurlar, əməliyyata əks göstəriş ola biləcək vəziyyətlər aşkar edilir, əməliyyat üçün yararlı olmaları müəyyənləşir. Böyrək donorlarını birmənalı laparoskopik icra edirik. Əməliyyat 1 -1,5 saat çəkir. Qaraciyər donorlarında isə əməliyyat 3 cür ola bilir. Böyüklərə qaraciyərin sağ payını çıxardırıq, yeniyetmələr və çəkisi az olan xəstələrə adətən sol pay yetərli olur.

“Müqayisə üçün deyə bilərəm ki, qaraciyər transplantasiyası əməliyyatında donorun laparoskopik çıxarılması əməliyyatı Azərbaycanda ilk dəfədir və eyni əməliyyat böyük transplantasiya ənənəsi olan Türkiyədə bizdən cəmi 10 ay əvvəl icra edilib”



Kiçik uşaqlarda isə sol lateral sektor dediyimiz 20%-ə qədər qaraciyər parçası yetərli olur. Biz təqdim etdiyimiz xəstədə qaraciyərin sol lateral payını laparoskopik icra etdik və bu əməliyyatı davamlı laparoskopik icra etməyi planlaşdırırıq. Donor əməliyyatları zamanı prioritet - donorlar tərəfdədir. Hətta əməliyyat zamanı mübahisəli bir situasiya yaranarsa, bu vəziyyət həmişə donorun xeyrinə həll edilməlidir. Lakin bununla bərabər, çıxarılan orqan yetərincə keyfiyyətli və resipiyent üçün yararlı olmalıdır. Bu səbəbdən də donor əməliyyatı çox səliqəli və tam anatomik incəliklərlə icra edilməlidir. Laparoskopik əməliyyatların tətbiq edilməsi donorların əməliyatlardan sonra daha tez aktivləşməsinə və əməliyyatdan sonrakı dövrü daha rahat keçirməsinə səbəb olur. Əməliyyat və sonrakı dövr normal gedən zaman donor ömrünün qalan hissəsində donor olduğu üçün heç bir problem yaşamır, donorluq onun ömrünün uzunluğuna təsir etmir və heç bir şikəstlik qalmır. Lakin bu da bir əməliyyat olduğundan, müəyyən risklər daşıyır. İndiyə qədər əməliyyat etdiyimiz bütün donorlar normal sağlamlıqdadırlar. Əməliyyatətrafı dövrdə ağırlaşmaları olan donorlarımız olub ki, onları da əlavə səylərlə qaydasına qoymuşuq. Nəticələrimizi müxtəlif beynəlxalq və yerli jurnal və konfranslarda göstərmişik.
-Yeri gəlmişkən, Azərbaycanda orqan çatışmazlığı problemi varmı?
-Təkcə Azərbaycanda deyil, bütün dünyada orqan qıtlığı var. Əslində canlı donordan orqan transplantasiyası elə orqan qıtlığını aradan qaldırmaq üçün alternativ variant kimi meydana gəlib. Qərb ölkələrində bu problem daha çox meyitdən götürülən orqanlar hesabına həll olunur. Azərbaycanda hazırda bu istiqamətdə işlər gedir və ümüd edirik ki, icbari tibbi sığortanın tətbiqindən sonra bu proses daha da sürətlənəcək. Canlıdan alınan orqanla meyitdən alınan orqanların hər birinin özünün üstün və mənfi tərəfləri var. Qısa şəkildə demək istəyirəm ki, Azərbaycanda meyitdən orqan transplantasiyası proqramının inkişaf etdirilməsi çox zəruridir və bu gün bunun üçün hər bir şərait yetişib.

Tural




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
“Koronavirusla bağlı dövlət tərəfindən atılan addımlara xalqımız evdə qalmaqla dəstək olmalıdır”
31.03.2020
Əfsanə Şükürova: “Yeni qadağalar insanların təhlükəsizliyini gücləndirmək üçündür”
31.03.2020
“Koronavirus infeksiyası hava-damcı yolu ilə yoluxduğundan kütləvi yerlərdən uzaq olmaq lazımdır“
30.03.2020
“Çox sağ olun, əziz müəllimlərimiz”
29.03.2020
Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info