Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən ağrılı faciəsidir
Tarix: 25.02.2020 | Saat: 19:49:00 | E-mail | Çapa göndər



Dənizli şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbirlərə Türk Egitim Vəqfi Anadolu Liseyində keçirilən anım mərasimi ilə start verilib


Dənizli şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbirlərə Türk Egitim Vəqfi Anadolu Liseyində keçirilən anım mərasimi ilə start verilib. Mərasimdən öncə bu təhsil ocağının foyesində Xocalı soyqırımından bəhs edələn fotoşəkillər, o cümlədən Azərbaycanda nəşr edilən, Xocalı soyqırımı və erməni terroru haqqında həqiqətlərin əks olunduğu, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumatların əks olunduğu kitablar sərgilənib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra anım mərasimini giriş sözü ilə açan liseyin tarix müəllimi, uzun illər Xocalı soyqırımı haqqında həqiqətlərin Türkiyə ictimaiyyətinə çatdırlması istiqamətində fəaliyyət göstərən Sedat Sərdaroğlu geniş məruzə ilə çıxış edib.
"Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən ağrılı faciəsidir" deyən S.Sərdaroğlu faciə haqqqında həqiqətlərin dənizlililərə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, məhz S.Sərdaroğlunun təşəbbüsü ilə bu təhsil ocağının şagirdlərindən ibarət "Xocalı çalışma qrupu" adlı dərnək yaradılıb. Əvvəllər dərnək üzvləri Xocalı soyqırımı ilə bağlı lisey səviyyəsində tədbirlər keçirsələr də, sonradan bu işlər daha geniş miqyasda davam etdirilib: "Mən harada işləmişəmsə, Türk dünyasının başına gətirilən facilər, o cümlədən Xocalı soyqırımı haqqında gələcək nəsillərin daha çox bilik əldə etməsinə çalışmışam. Biz türklər düşmənlərimizi yaxşı tanımalıyıq ki, gələcəkdə təkrar faciələrə tuş gəlməyək. Bu dərnəyi də məhz həmin məqsədlə yaratmışıq. Əvvəl lisey daxilində fəaliyyətlə kifayətlənirdik. Amma Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində şəhərimizdə abidə ucaldılması ilə bağlı Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanına məktub yazdıq və təklifimiz müsbət qarşılandı".
Elə abidənin eskizi də Sədat Sərdaroğlu, liseyin rəsm müəllimi Feriştah Selcen və şagirdlər tərəfindən hazırlanıb. Eyni zamanda, faciəyə həsr olunmuş fotosərgi, konfrans keçirilib və şagirdlər "25-ci ilində Xocalı soyqırımı" adlı xüsusi qəzet buraxıblar. Faciənin 25-ci ildönümünə bir həftə qalmış isə dərnək üzvləri Türkiyədə fəaliyyət göstərən bütün xarici ölkələrin səfirliklərinə soyqırımı haqqında məlumatın əks olunduğu elektron müraciət ünvanlayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət! " kampaniyasına dəstək xarakteri daşıyan bu aksiya sonrakı illərdə də davam etdirilib: "Hazırda da "Facebook" və "Tvitterdə" "Xocalı çalışma qrupu" adlı səhifələrimiz var. Fəaliyyətimiz davam edir. Həmin vaxt F.Selcenin çəkdiyi, Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri isə hazırda liseyin birinci mərtəbəsinin foyesində yerləşdirilib".
Sonra çıxış edən tanınmış yazar Hasan Kallimçi Türk dünyasının zaman-zaman bu cür faciələrlə baş-başa qaldığını, xüsusilə gənc nəslin bu faciələr barədə məlumatlı olmaları üçün təbliğat işinin davam etdirilməsinin vacib olduğunu bildirib.
1956-cı ildə İğdırda anadan olan, hazırda isə Dənizlidə yaşayan əslən azərbaycanlı İslam Günəş bu cür tədbirlırin keçirilməsinin, atılan digər addımların "Bir millət iki dövlət olan" Azərbaycanla Türkiyə arasındakı əlaqələri daha da möhkəmləndirdiyini deyib.
Anım mərasimində çıxış edən hazırda Dənizlidə təhsil alan, Pamukkale Universitetinin Egitim fakültəsinin Rəhbərlik və psixoloji danışmanlıq bölümünün birinci kurs tələbəsi Şəmsiyə İsmayıllı öncə bu cür tədbirlərin keçirilməsinə, həmçinin Xocalı faciəsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşıldığına görə Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan başda olmaqla bütün Dənizli ictimaiyyətinə minnətdarlıq edib.
Sonra faciə haqqında ətraflı məlumat verən S.İsmayıllı deyib ki, Prezident İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Həmçinin Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində anım və tanıtım tədbirləri keçirilir. Bildirilib ki, Bu faciə dünyanın 10-dan çox ölkəsi və ABŞ-ın 20-dən çox ştatı tərəfindən soyqırımı kimi tanınır.

İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Qeyd edək ki, Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin təşkilatçılığı ”Azərbaycan-Türk Mədəniyyət Assosasiyası”, “Azərbaycanın Dostları” və “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” diaspor təşkilatları ilə birlikdə İsveçrədəki diasporumuzun sıx məskunlaşdığı Soloturn şəhərində fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova çıxışını Ümummilli Lideri Heydər Əliyevin: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözləri ilə başlayıb. Səfir daha sonra Xocalı faciəsinin səbəbi və nəticələri barədə geniş məlumat verib, Xocalı qətliamının Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu söyləyib. Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanıdılması istiqamətində Azərbaycan dövləti və diasporu tərəfindən görülən işlərə toxunan X.İbrahimova bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası barədə danışıb və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması sahəsində əldə edilmiş nailiyyətləri sadalayıb. Səfir çıxışının sonunda ölkə rəhbərimiz bütün səfərlərində ermənilərin həyata keçirtdiyi bu qanlı faciə ilə bağlı faktları daim həmsöhbətlərinə çatdırdığını qeyd edib. Səfir son olaraq cari ilin fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutan panel müzakirələrində ölkə rəhbərimiz Ermənistanın işğalçı dövlət olmasını bir daha dünya birliyinin diqqətinə çatdırmasını, ermənilər tərəfindən xalqımıza, o cümlədən mədəniyyətimizə qarşı törədilmiş soyqırımlar barədə məlumat verməsini və beynəlxalq ictimaiyyəti təcavüzkar Ermənistan dövlətinə qarşı lazımi tədbirlər görməyə çağırması barəsində məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra ”Azərbaycan-Türk Mədəniyyət Assosasiyası”nın rəhbəri Cəvzət Aras qonaqları salamlamış və Xocalı faciəsinin erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu bildirib və Azərbaycanın ümummilli maraqlarının müdafiəsi məsələsində azərbaycanlıları bir olmağa çağırıb. Çıxışlardan sonra “613” adlı sənədli film nümayiş olunub. Eləcə də səfirlik tərəfindən tədbir iştirakçılarına Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən sərgi nümayiş olunub və Xocalı soyqırımına eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair əyani vəsaitlər təqdim edilib.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
03.09.2020
Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir
02.07.2020
“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Narşərab salatı
2 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
3 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
4 Xudatda əsgər ailələrinə yardım paylanılıb
5 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info