Nicat Hacızadə: Türkiyə-Azərbaycan xarici ticarət dövriyyəsi sürətlə böyüyəcək
Tarix: 26.02.2020 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyib Ərdoğanın səfəri çərçivəsində Azərbaycan Türkiyə əlaqələrini şərh edir:

Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyib Ərdoğan tərəfindən aparılan iqtisadi-siyasət hər iki ölkənin iqtisadi artım və inkişafına birbaşa təsir göstərmişdir. Habelə, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin dünya miqyasında güclü bir dövlətə çevrilməsi və regionda aparıcı rola malik olması ölkənin iqtisadi və siyasi gücünü daha da artırmışdır.
Türkiyə və Azərbaycanın iqtisadi münasibətlərinin inkişafında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi mühüm rol oynamışdır. Bu kəmər vasitəsilə dünya bazarlarına ixrac edilən neftdən əldə olunan gəlirlər hesabına Azərbaycanın makroiqtisadi dayanıqlığı güclənmiş, əhalinin gəlirlərində əhəmiyyətli artım müşahidə olunmuşdur. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi nəticəsində hər iki ölkə arasındakı xarici ticarət əlaqələri daha da genişlənmişdir. Bu dəmiryolu xətti ilə nəinki iki ölkə arasındakı iqtisadi əlaqələr güclənmişdir, həmçinin Azərbaycanın Mərkəzi Asiyadan gələn yüklərin Türkiyə vasitəsilə dünya bazarına keçidində də əhəmiyyətli rol oynamışdır. Son statistikalar göstərir ki, dəmiryolu xətti hər iki ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər qazandırır.
Statistik rəqəmlərin təhlili də göstərir ki, Türkiyə ilə Azərbaycanın iqtisadi münasibətləri ildən ilə inkişaf edir. 2019-cu ildə Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2018-ci illə müqayisədə 323 min və ya 11.4% artaraq tarixi rekorda - 3.2 milyon nəfərə çatıb. Ötən ildə ölkəmizə gələnlərin 10,0 faizi Türkiyə vətəndaşı olmuşdur. 2019-cu ildə Azərbaycana Türkiyədən gələnlərin sayı 8.6 faiz artaraq müvafiq olaraq 316 min nəfər təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5567,7 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 11,4 faizi Türkiyəyə getmişdir. Ötən il Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı 4,6 faiz artmışdır.
Hər iki ölkənin xarici ticarət münasibətlərində artım davam edir. İtaliyadan sonra Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı olan Türkiyə ilə xarici ticarət dövriyyəsi 2019-cı il üçün 33 faiz artaraq 4,5 mlrd ABŞ dollar təşkil etmişdir. Bu göstərici ilə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində Türkiyə 13,54 faizlə ikinci yerdə qərarlaşmışdır. İxrac statistikasına nəzər yetirsək ötən il Azərbaycanın ixrac artımında yüksək faiz artımı ilə fərqlənən ölkə qardaş Türkiyə olmuşdur. Belə ki, 2019-cu ildə Azərbaycanın sözügedən ölkəyə ixracı 2,9 mlrd ABŞ dolları təşkil etmişdir ki, bu da 36 faiz artım deməkdir. Qeyri-neft sektorunda müşahidə edilən artımda Türkiyəyə edilən ixrac mühüm rol oynayır. Artım Azərbaycanın ümumi ixrac payında da müşahidə edilir ki, bu 5,2 faiz artımla 14,58 faiz paya malikdir. Digər idxal əməliyyatlarında isə 2019-cu il Türkiyədən idxal 69,9 mln ABŞ dolları artaraq 1,6 mlrd ABŞ dolları təşkil etmişdir. Azərbaycan 2017-ci ildən bəri Türkiyə ilə xarici ticarət dövriyyəsində müsbət saldoya malikdir. Xüsusilə, 2019-ci ildə müsbət saldo 2018-ci illə müqayisədə 966,7 mln ABŞ dolları artaraq 1,2 mlrd ABŞ dolları təşkil etməsi, son illərin rekord göstəricisidir. 2019-cu ilin qeyri neft ixracında 401,8 mln ABŞ dolları ixracat həyata keçirilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə ixracda 16,5 faiz artım deməkdir. Qeyri-neft ixracında da Türkiyə Rusiya Federasiyasından sonra ikinci yerdədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalına daxil olan ixrac sifarişlərində Türkiyə ikinci sırada qərarlaşmışdır.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyib Ərdoğanın Bakıya səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” xarici ticarət dövriyyəsinin artırılması istiqamətində tarixi bir sazişdir. Azərbaycanın MDB ölkələri ilə də azad ticarət sazişləri mövcuddur ki, bu da yerli məhsulların sözügedən bazarlarda qiymət üstünlüyünə təsir edəcək amildir. Təsadüfi deyil ki, Rusiya Federasiyasına ixrac edən sahibkarlar azad ticarət sazişinin üstünlüklərindən istifadə edirlər. Türkiyənin də son üç ildə Azərbaycanın ixracında ikinci mövqedə qalması, bu ölkə bazarlarında imkanların mövcud olmasını göstərir. Bu baxımdan müəyyən edilmiş məhsullar üzrə preferensial müqavilə hər iki ölkə arasında idxal-ixrac əməliyyatlarını daha da artıracaqdır. Bundan əlavə, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Türkiyə Cümhuriyyəti ilə ticarət sazişinin bağlanması ilə bağlı müvafiq maddə qeyd edilmişdir.
Bundan əlavə, “2012-ci il sentyabrın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı” ticarət əməliyyatlarına ən yaxşı dəstək verəcək amildir. Fəaliyyət planının icrası nəticəsində hər iki ölkə məhsullarının texniki reqlamentləri və standartları uyğunlaşdırılacaq, mal və məhsul ticarətində mövcud sənədləşmənin sadələşdirilməsi ilə nəticələnəcək. Fəaliyyət planı həmçinin Türkiyə təcrübəsindən də geniş istifadəyə şərait yaradacaq. Avropa Birliyi ölkələri Türkiyənin ixracında önəmli pay tutur. Bunun bir səbəbi Türkiyənin “Avropa Gömrük Birliyi”ndə təmsil olunmasıdırsa, digər səbəbi Avropa Birliyi texniki reqlament və standartlarına uyğun mal və məhsul istehsal etməsidir. Bu baxımdan Türkiyənin bu sahə üzrə uzun illər formalaşmış təcrübəsi Azərbaycanın mal və məhsullarının Avropa Birliyi bazarlarına ixracına dəstək ola bilər.
İnvestisiya qoyuluşuna gəlincə Azərbaycan Türkiyəyə ən çox investisiya yatıran ölkədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanda hal-hazırda 4000-ə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və 300-ə yaxın layihələrdə 16 mlrd ABŞ dolları civarında işlər görülmüşdür. Bundan əlavə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan Türkiyə iqtisadiyyatına 18 mlrd ABŞ dolları, Türkiyə isə Aərbaycan iqtisadiyyatına 12,5 mlrd ABŞ dolları investisiya qoyulmuşdur.
Türkiyənin enerji təhlükəsizliyində başlıca rol oynayan Azərbaycan son illər bu istiqamətdə nəhəng layihələr icra etmişdir. Belə ki, iki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə - TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılmışdır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaqdır.
Beləliklə, Türkiyə Cümhuriyyəti Prezidentinin Bakıya səfəri iki ölkə arasındakı investisiya qoyuluşlarını və turizmin inkişafında yeni mərhələyə səbəb olacaqdır. Bu prosesə başlıca səbəb imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”idir. Bu saziş nəticəsində Türkiyəli investorların Azərbaycanda bazar araşdırılması üçün sərf etdiyi günlərdə limit olmayacaq və azad şəkildə investisiya fəaliyyətini apara biləcəklər. Bundan əlavə, viza ləğvi hər iki ölkə vətəndaşlarının qarşılıqlı turizm səfərlərinə əlavə stimul verəcək və bu təbii ki, hər iki ölkənin turizm sənayesinə töhfələrini göstərəcəkdir.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər
08.04.2020
Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxub
08.04.2020
Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı - FƏRMAN
08.04.2020
Samuxda 15 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM
07.04.2020
BERNAMA agentliyi Azərbaycanda tibbi maska istehsal edən müəssisədən yazır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
4 Azərbaycana gələn əcnəbilərin sayı artıb
5 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info