Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişəcək
Tarix: 27.09.2013 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013/2014-cü tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası başa çatıb.
TQDK sədri Məleykə Abbaszadə dünən keçirdiyi yekun mətbuat konfransında bildirdi ki, bu il buraxılış imtahanlarında 9-cu siniflər üzrə 117275 nəfər, 11-ci siniflər üzrə 86632 nəfər iştirak edib. Buraxılış imtahanlarında 9-cu siniflər üzrə 68497 (58,141%), 11-ci siniflər üzrə isə 62494 (72,14%) hər iki fənn üzrə müvəffəq qiymət alıb. İmtahanlarda Ana dili fənni üzrə 9-cu siniflər 79583 nəfər(67,96%), 11-ci siniflər üzrə 69230 nəfər (80,10%), riyaziyyat fənni üzrə isə 9-cu siniflərdə 81970 nəfər (69,90%), 11-ci siniflərdə isə 69 315 nəfəri (80,01%) uğurlu nəticə göstərib. Ali məktəblərin bakalavriat səviyyəsinə tələbə qəbulu məsələsindən də danışan M.Abbaszadə qeyd etdi ki, abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə TQDK bu il qəbul imtahanlarını ölkənin 11 bölgə mərkəzində təşkil edib. Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrində keçirilən qəbul imtahanlarında 96 720 nəfər iştirak edib. Onlardan 42,98 faizi 0-100 bal, 21,99 faizi 100-200 bal, 13,84 faizi 200-300 bal, 15,65 faizi 300-500 bal, 5,55 faizi 500-700 bal toplayıb. Abituriyentlərdən 1617 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Yüksək bal toplayan abituriyentlər respublikanın demək olar ki, bütün rayon və şəhərlərini təmsil edirlər. Yüksək nəticə göstərən abituriyentlərin sayı I qrupda 365, II qrupda 301, III qrupda 495, IV qrupda 400 nəfərdir. 6 nəfər isə maksimal nəticə -700 bal əldə edib. Onlardan 4-ü III qrupun, 2-i IV qrupun abituriyentləridir. Bu il ali təhsil müəssisələri üçün ayrılmış 36484 plan yerinə 33878 nəfər qəbul olub. Ali məktəblərə qəbul planı 92,76 faiz dolub.
Ali məktəblərə qəbul kampaniyasında magistratura səviyyəsinə qəbul barədə də məlumat verən M. Abbaszadə qeyd etdi ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə qəbul imtahanının ilk mərhələsində 21078 nəfər bakalavr iştirak edib: “Onlardan 11 274 nəfəri bakalavr proqramı seçimində iştirak edərək II mərhələyə buraxılıb. Bu il magistraturaya qəbul üçün 6794 plan yeri ayrılıb. Həmin yerlərə 5432 nəfər bakalavr qəbul olub. Bu il magistraturaya qəbul planı 79,86 faiz dolub”.

Qəbul imtahanlarında əlaçıların 42 faizi öz nəticələrini təsdiqləyiblər

Bu ilki qəbul imtahanlarında orta məktəb əlaçılarının 42 faizi öz nəticələrini təsdiqləyiblər. TQDK sədri bildirdi ki, orta məktəb əlaçılarının 42%-i qəbul imtahanında 500-700 ballıq nəticə göstərib. M.Abbaszadənin sözlərinə görə, əlaçıların 0,9 faizi isə imtahanlarda 0-100 arası bal toplayıb. TQDK sədri məcburi köçkün abituriyentlərinin qəbul imtahanlarında qəbul olma göstəricilərini də açıqladı: “Qeyd edim ki, 2000-ci ildə ölkədə məcburi köçkün statusu olan 812 nəfər ali məktəbə qəbul olunmuşdu. Bu il isə onların sayı 3161 nəfər olub. Biz görürük ki, ildən-ilə bu nəticələr artır”.

Bu il qəbul imtahanında iştirak edən oğlanların sayı qızlarla müqayisədə çox olub
TQDK sədri onu da bildirdi ki, 1993-cü ildə keçirilən imtahanlarda 17 min oğlan, 33 min qız iştirak edirdisə, bu ilki qəbul imtahanlarında 51700 oğlan, 48992 qız abituriyent iştirak edib. M. Abbaszadənin sözlərinə görə, ali məktəblərə qəbul olunanların gender tərkibini müqayisə etdikdə məlum olur ki, onların 16465 nəfərini oğlanlar, 17411 nəfərini isə qızlar təşkil edir: “İmtahanda iştirak edən qızların sayının az olmasına baxmayaraq, onlar imtahanda daha yüksək nəticələr göstəriblər. Bu il ilk dəfə idi ki, 500-700 bal arasında nəticə göstərən abituriyentlər arasında oğlanların payı 4,64 faiz, qızların payı isə 6,51 faiz olub. Yəqin ki, biz artıq oğlanların intellektual səviyyəsini qorumaq şüarını səsləndirməliyik”.

Əsas ali məktəblərdə təhsil alanların çoxu qızlardır
TQDK sədri ölkənin əsas ali məktəblərində təhsil alan qızların sayını açıqladı. Bildirildi ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alanların 85%, Bakı Dövlət Universitetində 75%, Rəssamlıq Akademiyasında 80%, Naxçıvan Müəllim Universitetində 90%, Azərbaycan Dillər Universitetində 80%-dən çoxu, Azərbaycan Tibb Universitetində 65%-i qızlardır. M.Abbaszadə qeyd etdi ki, rezidenturaya qəbul olunanlar da əsasən qızlardır: “Bununla da Azərbaycanda tibb sahəsində oğlanların çatışmazlığı hiss olunur”. TQDK sədri qeyd etdi ki, Azərbaycanda ali məktəblər arasında ixtisas seçimində də oğlanlar və qızlar müxtəlif istəkləri nümayiş etdiriblər. Onun sözlərinə görə, Bakı Qızlar Universitetinə də yalnız qızlar daxil olub: “Təsadüfi olaraq, bir oğlan həmin universiteti ərizəsində yazıb və qəbul olunub. Lakin sonradan TQDK-nın apellyasiyasına müraciət edib ki, məni ora qəbul etmirlər. Komissiya da onu balına uyğun olaraq digər ali məktəbə yerləşdirib”.

2015-ci ildən orta məktəblərdə TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında fənlərin sayı artırılacaq
TQDK sədri onu da bildirdi ki, 2015-ci ildən etibarən Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişəcək: “Yeniliklər müzakirə olunduqdan və Ədliyyə Nazirliyində qeydiyyata götürüləndən sonra elan olunacaq”. O qeyd etdi ki, 2015-ci ildən etibarən Azərbaycanın orta məktəblərində TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. Onun sözlərinə görə, müəyyən fənlər əvvəldən elan ediləcək və şagirdlərin onlardan 2-3-nü seçmək imkanı olacaq: “Bununla da, şagirdlər 4-5 fəndən-imtahan verəcəklər. Bunlardan 2-si əvvəldən TQDK-nın müəyyənləşdirdiyi Ana dili və riyaziyyat olacaq, digər 2 və ya 3 fənni isə şagirdlər özləri seçəcək. Seçiləcək fənlərə Azərbaycan tarixi ,Azərbaycan coğrafiyası, biologiya, kimya, fizika, xarici dil daxil ediləcək. Artıq hüquqi müstəvidə fənlərin artırılması həll olunub”.
TQDK sədri qeyd etdi ki, gələn ildən etibarən ediləcək daha bir yeniliyə əsasən, 2014-cü ilin 9-cu sinif məzunları buraxılış imtahanlarının nəticələrinə görə, istəsələr 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olunacaqlar. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək.

Ali məktəblərə və rezidenturaya qəbul imtahanlarının vaxtında dəyişiklik edilib
M.Abbaszadə onu da bildirdi ki, gələn ildən etibarən Azərbaycanda ali təhsil müəssisələrinə və rezidenturaya qəbul imtahanlarının keçirilmə tarixlərində dəyişikliklər edilib. Bildirildi ki, 2014-cü tədris ilində əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında verəcək: “Biz nəzərdə tutmuşuq ki, əvvəlki illərin məzunları qəbul imtahanlarını yayda deyil, apreldə versinlər. Onların balları apreldə də məlum olacaq. Təbii ki, əvvəlki illərin məzunları müsabiqədə bu ilin məzunlar ilə birgə iştirak edəcəklər. Bu ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahanları yay prosesində daha çevik keçirə biləcəyik”. TQDK sədri qeyd etdi ki, üçüncü sınaq imtahanından sonra əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək. Bunların təşkilatçılıq nöqteyi-nəzərdən yeniliklər olduğunu deyən M. Abbaszadə bildirdi ki, yeniliklər elan olunur, hər kəs indidən öz planlarını qurmalıdır.
M. Abbaszadə Azərbaycanda rezidenturaya keçiriləcək qəbul imtahanının vaxtının dəyişiləcəyini də açıqladı: “Hazırda rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi ardıcıl şəkildə iki gün ərzində keçirilir. Səhiyyə Nazirliyinin razılığı ilə rezidenturanın birinci mərhələsinin də martda keçirilməsi, fevralda isə sənəd qəbulunun aparılması planlaşdırılır. Rezidenturanın ikinci mərhələsinin isə yay aylarında keçirilməsi nəzərdə tutulur. Rezidenturanın ilk mərhələsi baza fənləri üzrə keçirilir. Baza fənlərin tədrisi isə I, II və III kursda başa çatır. Ona görə də onların martda imtahan verməsində hansısa çətinliklər olmayacaq”.
Qeyd edək ki, mətbuat konfransında TQDK tərəfindən elan olunmuş müsabiqənin qalibi olmuş jurnalistlər mükafatlandırıldı. Müsabiqənin qalibləri sırasında qəzetimizin əməkdaşı da var.


Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info