Uşaq qidalarına nəzarət gücləndirilir
Tarix: 02.03.2020 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Pediatr Günay Rəsulova: “Bəzi istisnalar olmaqla uşaqların süni qida ilə qidalanmasının tamamilə əleyhinəyik, ilk 6 ay körpə yalnız ana südü ilə qidalanmalıdır”


Standartlara uyğun sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan edilib

Nazirlər Kabineti Körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsini nəzərdə tutan qərar qəbul edib. Bu Qərar bir neçə qanuna mühüm dəyişiklikləri nəzərdə tutur. Qərarda nəzərdə tutulmuş “Körpələrin və erkən yaşlı uşaqların qidalanması və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanunlarında edilmiş dəyişikliklər Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartlarını müəyyənləşdirdiyi üçün həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu Qərar Azərbaycanda süni qidanın istehsalı, idxalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq tənzimləyən normativ-texniki və hüquqi aspektləri müəyyənləşdirir. Belə ki, bu Qərarla müəyyənləşdirilmiş standartlara uyğun sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan edilir. Bu Qərarla müəyyənləşdirilən Sağlamlıq sertifikatı olmadan körpələr üçün nəzərdə tutulmuş süni qidalar həmçinin reklam oluna bilməz. Bu Qərara əsasən Sağlamlıq sertifikatına süni qidanı istehsal və idxal edən şirkətin haqqında bütün zəruri məlumatlar daxil edilməlidir. Qərar imkan verir ki, körpələr üçün nəzərdə tutulan süni qida məhsulları üzərində tam nəzarət formalaşdırılsın və bu istiqamətdə qida təhlükəsizliyi təmin edilsin.

Körpələr üçün süni qidanın yaranma səbəbləri

Körpələr üçün süni qida keçmişdə yaranmış çatışmazlıqlar səbəbiylə ana südünə alternativ olaraq alman kimyaçısı Justus Von Liebig tərəfindən hazırlanıb. Uzun illər keçməsinə baxmayaraq, bu gün dünyada süni qidalar hələ də gündəmdədir. Buna səbəb kimi işləyən qadınların sayının artması və işini itirmək təhlükəsi göstərilir. Almaniyanın Darmştadt şəhərində yaşayan Justus von Liebig, dünyada ilk dəfə uşaqlığından bəri körpələrin aclıqdan ölməsinin qarşısını almaq xəyalını gerçəkləşdirdi və ana südünə alternativ olaraq o, 1864-cü ildə süni qidanı icad etdi. 1865-ci ildə istehsalına başlanan Liebigin körpə qidası toz halında, inək südü, buğda unu, arpa və kalium bikarbonatından ibarət idi və ana südü ilə əvəz olunan ilk məhsul idi. O illərdə hər 100 doğuşda bir ana həyatını itirirdi. Xüsusilə kasıb ölkələrdə bu rəqəm hətta 10 faizə çatırdı. Liebigin süni körpə qidası əvvəllər yalnız varlı ailələrə “məxsus” idi və qadının çalışmasını demokratikləşdirdi. Lakin Liebig heç vaxt süni qidanın ana südündən daha yaxşı olduğunu iddia etməyib. Sadəcə ana südünə mümkün qədər yaxın bir formulun istehsal olunduğunu söyləyirdi.
Lakin digər qida istehsalçılar 1890-cı illərdən etibarən reklamlarda sini qidanı bir “sənət əsəri” kimi təqdim etdilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) süni körpə qidası reklamlarında riayət ediləcək beynəlxalq qaydalarla bağlı bir təlimat nəşr etdi. Lakin hələ də bir çox şirkətlər bu qaydalara riayət etmirlər. Bununla yanaşı, danılmaz faktdır ki, ana südü qidalanmada ilk seçim olmalıdır və bu ilk 6 ayda vacibdir.
Bu gün dünyada valideynlər demək olar ki, hər gün qida şirkətlərinin birbaşa və ya dolayı yolla reklamlarına və təbliğatlarına məruz qalırlar. İnternet isə onların ən çox məruz qaldığı mühitlərdən biridir. Virtual mühitdəki analar üçün veb saytlar, “Facebook”, “Twitter”, “Instagram” və blog yazıları qida şirkətlərinin birbaşa və ya bəzən dolayı mesajlarını verir. Ümumiyyətlə, müxtəlif məhsulların bir araya gətirilməsi ilə əldə edilən süni qidalar ana südünə bənzəməsi üçün beynəlxalq standartlarda müəyyən edilmiş nisbətlərdə qarışdırılır, sonda toz halına salınır və qablaşdırılır. Bir sıra kimyəvi, fiziki proseslər və çox sayda istehsal standartları mövcuddur. Nəticədə süni qidalar yüksək səviyyədə emal edilmiş qidalardır. Beləliklə, süni qidalar istehsalçı şirkətlərin, başda həkimlərin, daha sonra ictimaiyyətin intensiv marketinq səyləri ilə 1950-ci illərdə körpələrin qidalanmasının məşhur bir yolu idi. O zaman şirkətlər istehsal etdikləri qidaların ana südünə “demək olar ki” bərabər olduğunu iddia etdilər. Nəticədə, sənaye qidalarının geniş yayılması ilə 1970-ci illərdə bütün dünyada ana südü ilə qidalanma nisbəti kəskin şəkildə aşağı düşüb. Bu vəziyyətdən ən çox təsirlənən orta və aşağı gəlir qrupundakı ölkələr olub. Qərb ölkələrindəki kimi körpələri süni qida ilə qidalandırmağa həvəsin artması ana südü nisbətini ciddi şəkildə aşağı salıb. Təmiz suyun əldə edilməsinin məhdud olduğu və əmziklərin təmizlik şərtlərinin aşağı səviyyədə olduğu ölkələrdə süni qida istifadəsi ciddi şəkildə körpə ölümünə səbəb olduğu düşünülür. Əslində 1974-cü ildə yayımlanan "Baby killer " hesabatı bu mövzuda bir dönüş nöqtəsi oldu. Bu məsələyə Qərb ölkələri reaksiya verib və QHT-lərin dəstəyi ilə istehsalçı şirkətə qarşı (Nestle) qarşı boykot kampaniyası başlanılıb. Əlaqəli qida şirkəti bu məsələ ilə bağlı iddiaları rədd edib.
Bu dövrdə BMT-nin müvafiq qurumları, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) və qeyri-hökumət təşkilatı olan Beynəlxalq Körpə Qidalanması Hərəkatı (IBFAN) məsələnin ciddiliyini dərk edərək hərəkətə keçib. Qida şirkətləri və sənaye qida istehsalçılarının marketinq kampaniyalarını məhdudlaşdırmağa çalışan qeyri-hökumət təşkilatları ilə beynəlxalq qurumlar arasında mübarizə başlayıb. Uzun illər davam edən araşdırmalar və danışıqlar nəticəsində Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF-in təşəbbüsü ilə hazırlanan “Ana südünün marketinqi ilə bağlı beynəlxalq qanun”la süni qida firmalarının satış fəaliyyətinin hüdudları çəkilib və qanun 1981-ci ildə qüvvəyə minib. “WHO Code” və ya “Süni qida kodu”kimi tanınan bu qanun, körpələr üçün ana südünə alternativ olaraq istifadə edilən bütün məhsulları əhatə edir. Yəni, buraya sənaye üsulu ilə uşaq qidası, qida və içkilər, uşaq şüşələri, əmziklər və s. daxildir. Qanunda, sini qidaların ictimaiyyətə, analara və səhiyyə işçilərinə təbliğinə məhdudiyyətlər qoyulub. Beynəlxalq qanun qida istehsalını qadağan etmir və ya zəruri hallarda tibb işçiləri tərəfindən körpələrə tövsiyə edilməsinə mane olmur. Çünki ana südü ilə qidalanmanın mümkün olmadığı, ana südü mövcud olmadıqda və ya həqiqətən kifayət deyilsə, doğumun ilk ilində süni qida istifadə olunur. Qanunun qarşısını almağa çalışdığı şey süni qida şirkətlərinin etik olmayan marketinq üsullarıdır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qida şirkətləri bu qaydalardan yayınmağa çalışır, üstəlik sistematik olaraq pozurlar. Xüsusilə Asiya ölkələrində pozuntular güclənir, çünki Qərb ölkələrində qanunların icrası daha ciddidir.

Həkimlər süni qidanı tövsiyə edirmi?

Pediatr Günay Rəsulova bildirdi ki, süni qidalarla bağlı qəbul edilən Qərar çoxdan olmalı idi: “Süni qidanı tövsiyə etmirik. Belə ki, ilk seçim uşaq üçün hər zaman ana südüdür. Körpə dünyaya gəldiyi andan etibarən ana südü ilə qidalanmalıdır. Çünki ana südü uşaq üçün əvəzolunmaz bir qidadır. Həm həzm sistemi, həm fiziki, psixoloji, sinir-psixi inkişafı, həm gələcəkdə ürək-qan damar sistemi, allergik xəstəliklərinin qarşısının alınması üçün ana südü ilə qidalanma mühümdür. Lakin bəzi vəziyyətlərdə uşağın ana südü ilə qidalanması mümkünsüz olur və belə vəziyyətdə bizim köməyimizə süni qidalar gəlir. Süni qidalar donor südü olmadıqdan sonra əvəzsizdir, vacibdir”. Pediatr deyir ki, ana südü ilə qidalanmanın əks göstəriş vəziyyətlərində, bunlar –ana aktiv bir vərəm infeksiyası keçiribsə qısa müddətdə uşaq ana südündən kəsilməlidir, yaxud ana onkoloji xəstədirsə və kimyəvi şüa, preparatlar qəbul edirsə uşağa süd verməməlidir: “Həmçinin ana şizofreniya xəstəsidirsə ancaq südü sağılıb verilə bilər, özü əmizdirməməlidir, ana aktiv hepatit B xəstəsidirsə, yaxud gilə ucunda qanama varsa uşağa süd vermək olmaz. Bundan başqa ana HİV, qazanılmış immun çatışmazlığı sindromu ilə xəstədirsə uşağa süd vermək olmaz. Yəni daha çox bu hallarda ana südü ilə qidalanmaq əks göstərişdir. Geri qalan heç bir vəziyyət uşağı ana südündən kənarlaşdıra bilməz. Çox az hallarda uşağa ana südü yetməzliyi olur. Psixoloji olaraq özünü südünün olmamasına inandırır, kənardan südün azdır, uşaq çəki almır kimi psixoloji təzyiqlər vardır. Belə vəziyyətlərdə çox təəssüf ki, analar evə hazır süni qida ilə gedir. Ona görə əmizdirmək cəhdləri yetərli olmur. Beləliklə, laktasiya zəifləyir, uşaq təəssüf ki, tamamilə süni qida ilə qidalanmağa keçir. Ona görə biz bu adıçəkilən hallar istisna olmaqla uşaqların süni qida ilə qidalanmasının tamamilə əleyhinəyik, ilk 6 ay körpə yalnız ana südü ilə qidalanmalıdır. Sonra əlavə qida rasiona daxil edilməlidir”. Pediatrın sözlərinə görə, yersiz, gərəksiz süni qida istifadəsindən qaçılmalıdır: “Uşaqların hədsiz ağır çəkili olmasına meylli olan valideynlər var ki, onlar uşağın çəkisindən hər zaman qeyri-məmnun qalırlar, ona görə də onları çox qidalandırırlar, kilo almasına şərait yaradırlar ki, bu da çox zərərlidir. Bu uşağın gələcəkdə diabet, ürək, qan-damar, təzyiq, mədə-bağırsaq, allergiya riskinin yaranmasına səbəb olur”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
3 “Bizdən bunu etməyi gözləməyin!“
4 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
5 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info