“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha səmərəli işləməlidir”
Tarix: 02.03.2020 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Türkiyəyə səfər ediblər. AZƏRTAC xəbər verir ki, həmsədrlərlə və A.Kaspşiklə görüş zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha səmərəli işləməyə çağırıb. Bildirib ki, bu problem Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində olmalıdır.
Yeri gəlmişkən, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkildə davamlı olaraq pozulması halları intensivləşib.
Dövlət Sərhəd Xidmətinin (DSX) və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat mərkəzlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki DSX-nin sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb. Ciddi döyüş itkiləri vermiş düşmən geri çəkilməyə məcbur olub. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.
Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxınlığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK markalı pulemyot üçün 100 gülləlik lent, partlamamış “RQ-42” əl qumbarası, 7,62 millimetrlik 66 giliz, kəşfiyyat-diversiya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.
Fakt üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci, 29,120.2.4-cü, 29,120.2.7-ci və 29,120.2.12-ci maddələri ilə cinayət işi başlanılıb, prosessual hərəkətlər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluqçularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunub və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhədçilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltifləndiriliblər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınan və bu cəhdlər zamanı ciddi döyüş itkiləri verən Ermənistan silahlı qüvvələrinin bölmələri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər. Martın 1-də DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə dərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quşçu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqələri iri çaplı silahlardan intensiv atəşə tutulub, cavab atəşi ilə düşmənin döyüş mövqeləri susdurulub.
Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməllərinin qarşısının alınması və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlər görüləcək.


İvona Alışkova:
“Xocalı kimi faciələr işıqlandırılmalıdır ki, bir daha təkrarlanmasın”
Bəzən çox danışılır, ancaq heç bir addım atılmır. Bu tədbir çərçivəsində nümayiş etdirilən sənədli film mənə çox təsir etdi. Bu sənədli filmdə qadınların üzləşdiyi işgəncələri görəndə göz yaşlarımı saxlaya bilmədim. Hər kəs bilməlidir ki, dünyanın gələcəyini, davamlılığını qadınlar təmin edir. Onların sayəsində nəsillər artır, inkişaf edir.
Bu fikirləri isə AZƏRTAC-a müsahibəsində Fransada “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda keçirilən tədbirin iştirakçısı İvona Alışkova deyib.
Bildirib ki, qadınlara qarşı olan qeyri-insanı münasibətlər qəbuledilməzdir. Onlara qarşı törədilən qəbuledilməz hərəkətlər bəşəriyyətə qarşı cinayətdir. Mülki əhaliyə qarşı belə qəbuledilməz davranışlar cəzalandırılmalıdır.
“Bu filmdə silahlı münaqişədən ən çox qadınların, uşaqların və ahılların əzab–əziyyət çəkdiyinin şahidi olduq. Belə faciələr işıqlandırılmalıdır ki, bir daha təkrarlanmasın”,-deyə İ. Alışkova qeyd edib.
Bruklin meri Xocalı soyqırımının tanınmasına dair bəyannamə imzalayıb
Yeri gəlmişkən, ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunun yerli hakimiyyəti Xocalı soyqırımının tanınmasına dair rəsmi bəyannamə imzalayıb. Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bruklin meri Erik Adamsın imzaladığı 26 fevral 2020-ci il tarixli bəyannamə Azərbaycan-Amerika Qadınlar Assosiasiyasına təqdim edilib.
Qeyd edək ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb.
Xatırladaq ki, Azərbaycan şəhəri olan Xocalının dinc sakinlərinin erməni silahlı birləşmələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi ən qanlı faciə kimi tarixə düşüb. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın ağır texnikasının və şəxsi heyətinin köməyilə Xocalı şəhərini işğal ediblər. İşğal nəticəsində qadınlar, qocalar və uşaqlar da daxil olmaqla yüzlərlə dinc sakin həlak olub.
Rusiyanın Stavropol vilayətinin Pyatiqorsk şəhərində Xocalının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Öncə səhər saatlarında şəhər məscidində faciə qurbanlarının ruhuna dualar oxunub. “Araz” Azərbaycan cəmiyyətinin təşkilatı dəstəyilə M.Qorki adına mərkəzi kitabxanada baş tutan mərasimdə Pyatiqorsk, Yessentuki, Jeleznovodsk, Mineralnıy Vodı şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər. Tədbir gənclərin “Xocalını unutmuruq” fləşmobu ilə başlayıb.
Sonra vilayətin diaspor təşkilatlarının rəhbərləri Təhmasib Zeynalov, Qurban Əsədov, Namiq Məmmədov, “Ümumdünya Azərbaycan Mədəniyyəti Fondu”nun mətbuat xidmətinin rəhbəri Anar Həsənov, yazıçı və teoloq İlqar Kamil çıxış ediblər.
Onlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin 366-cı motoatıcı diviziyanın zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalıya hücum etdikləri, dinc azərbaycanlıları xüsusi qəddarlıqla qətlə yetirdikləri, yaraladıqları və əsir götürdükləri, Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış soyqırımı aktını törətdikləri barədə ətraflı məlumat veriblər. Xocalı soyqırımını törədən cinayətkarların cəzasız qalmasının, Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmasının yolverilməz olduğu vurğulanıb. Tədbir Xocalı soyqırımına həsr olunmuş video-çarxın nümayişi ilə yekunlaşıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info