Bakıda “Microsoft Azərbaycan” şirkətinin təşkilatçılığı ilə “Bulud üzərində təhsil” mövzusunda seminar keçirilib. “Microsoft Azərbaycan” şirkətindən bildiriblər ki, tədbirdə ali və orta təhsil müəssisələrinin nümayəndələri, şagird və tələbələr, həmçinin şirkətin yerli tərəfdaşları iştirak ediblər.
Seminarda “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə əməkdaşlıq” proqramının rəhbəri Emin Axundov Bulud texnologiyalarının informasiya texnologiyaları (İT) sahəsinin inkişafında əsas alətlərdən biri olduğunu diqqətə çatdıraraq bildirib ki, hazırda bu texnologiyalar təhsil sisteminə öz müsbət təsirini göstərir. Artıq Azərbaycanda bir çox sahələrdə Bulud texnologiyaları tətbiq olunur və “Microsoft Azərbaycan” şirkəti bu texnologiyaları təhsil sisteminə yönəltmək niyyətindədir. Bu texnologiyalar ölkədə fərdiləşmiş tədrisə kömək edə bilər. Tədbir zamanı Bulud həlləri ilə yanaşı, “Microsoft Virtual Academy” və “Microsoft İT Academy” proqramları haqqında da məlumat verilib. Qeyd olunmuşdur ki, Bulud texnologiyaları əsasında yaradılan bu proqramlar hər bir tələbəyə onlayn rejimdə, internet vasitəsilə əlavə təlimlər keçməyə və imtahan verərək sənaye sertifikatlarını almağa imkan yaradır. Seminarda, həmçinin “Microsoft”un yeni “Office” proqramlar dəsti və bu dəstin təhsildə geniş istifadə imkanlarına da toxunulub. Bildirilib ki, bu proqramlar müəllim-tələbə qarşılıqlı əlaqəsini daha da yaxşılaşdırır.
|