“Korrupsiya halları nəzərəçarpacaq dərəcədə azalıb, bu sahədə yeni mərhələ başlanıb”
Tarix: 01.10.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Rauf Zeyni: “Beynəlxalq qurumlar obyektiv olaraq hesabatlarında Azərbaycanın bu sahədə müsbət nəticələrinə yüksək qiymət verirlər”

Xəbər verildiyi kimi, 2013-cü il sentyabr ayının 23-25-də Paris şəhərində OECD təşkilatının (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilib.

Hesabatda Azərbaycanda korrupsiyaya qarış mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilmiş və bu sahədə əldə edilmiş nailiyyətlər vurgulanıb. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilib. Prezidentin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları, Prezidentin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən “ASAN - xidmət” mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar bu sahədə ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi kimi göstərilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi bildirilir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və ona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi mütərəqqi təcrübə kimi göstərilir.
Şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) aktiv iştirakı xüsusilə qeyd edilir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin hazırlanması, icrası və monitorinqinə vətəndaş cəmiyyəti üzvlərinin cəlb edilməsi və bu əməkdaşlığın daha da möhkəmlənməsini nəzərdə tutan “Vətəndaş İştirakçılğı haqqında” qanun layihəsinin parlamentdə iki oxunuşdan keçməsi müsbət hal kimi qeyd edilir.
Hesabatda həmçinin müxtəlif sahələr üzrə tövsiyələr də müəyyən edilib. Bu tövsiyələr korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin araşdırma və sorğuların aparılması və sair məsələləri əhatə edir.

“Bu barədə müxaliflərin söylədikləri fakta söykənmədiyi üçün kimsə tərəfindən qəbul edilməyəcək və onlara heç bir fayda gətirməyəcək. Çünki beynəlxalq qurumların hesabatları da onların dediklərini açıq-aşkar təkzib edir”

OECD-nin Baş Qərargahında keçirilən iclasda OECD-nin rəhbər heyəti ilə yanaşı, OECD üzv ölkələrinin və ATƏT, Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Bundan əlavə, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya bildirir ki, bu il iyulun 9-da “Transparency İnternational” təşkilatının açıqladığı “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı da Azərbaycanda Korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını təsdiq edib. Belə ki, hesabata əsasən demək olar ki, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalıb. Azərbaycanda respondentlərin 73%-i hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb. 68% respondent isə hesab edir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə hesabatda qeyd edilən dünya ölkələri üzrə müəyyən edilmiş 22% orta göstəricisindən 3 dəfə artıqdır.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər davam etdiriləcək və ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Beləliklə, OECD-nin hesabatı və “Transparency İnternational” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı Azərbaycanda korrupsiya ilə mübarizənin kifayət qədər səmərəli mübarizə mexanizminin formalaşdırıldığını təsdiq edir. Bir daha sübut olunur ki, Azərbaycan iqtidarı ölkədə korrupsiyanın qarşısının alınması, onun səviyyəsinin əsaslı şəkildə aşağı salınması üçün ortaya ciddi siyasi iradə qoyub. Korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik təkmilləşdirilir, müvafiq proqramlar təsdiq olunur və uğurla həyata keçirilir, korrupsiya və rüşvətxorluğun qarşısını alacaq yeni mexanizmlər işə salınır (“ASAN xidmət”, “elektron hökumət” və s.), cəza tədbirləri gücləndirilir.
Sistem xarakterli tədbirlər, institusional islahatlar, cəza tədbirləri və s. bir daha təsdiq edir ki, bu gün Azərbaycanda korrupsiya və digər neqativ hallara qarşı əsaslı mübarizə aparılır və cəmiyyət, beynəlxalq aləm real nəticələri artıq hiss etməkdədir.
“Palitra”ya bu mövzuda fikirlərini bildirən Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd etdi ki, bu sahədə şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin aparılması istiqamətində forum olaraq, üzv təşkilatların da iştirakı ilə bu istiqamətdə bir çox layihələr, tədbirlər həyata keçirirlər: “Ölkə Prezidentinin bir neçə il bundan öncə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar sərəncamı bu baxımdan böyük önəm kəsb edir. Bu sərəncama biz forum olaraq dəstək bəyanatı vermişdik. İndi də ölkə daxilində bu sahədə aparılan islahatları və görülən tədbirləri dəstəkləyirik. Bizim də ictimai sektor olaraq bu yöndə tədbirlərimiz, töhfələrimiz var. Beynəlxalq təşkilatların, qurumların Azərbaycanda bu sahədə də islahatların aparılması, korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, Prezidentin bu barədə sərəncamlarından irəli gələn tədbirlərin həyata keçirilməsi, bunun üçün dövlət səviyyəsində komissiyanın yaradılması və sair məsələlərə müsbət münasibət bildirmələri də real əsaslardan irəli gəlir. Biz də bunu forum olaraq çox yüksək dəyərləndiririk və təşkilatlarımız bu yöndə aktivlik sərgiləyirlər. Aparılan işlərin nəticəsində ölkədə korrupsiya halları nəzərəçarpacaq dərəcədə azalıb, bu sahədə yeni mərhələ başlanıb”.
Beynəlxalq qurumların Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlərə müsbət yanaşdığı ilə bağlı fikirlərini davam etdirən R.Zeyni dedi ki, hələ 8 il bundan öncə Britaniyada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan dördüncü ölkə Azərbaycan olmuşdu: “Biz daim bu sahədə tədbirlərin, dövlət və ictimai nəzarətin gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə bütün diqqətimizi və səylərimizi artırmışıq. Buna görə də beynəlxalq qurumlar obyektiv olaraq Azərbaycanın bu tədbirlərinə və onların müsbət nəticələrinə yüksək qiymət verirlər. Bu günlərdə də bir çox təşkilatlar öz müsbət mövqelərini bununla bağlı hesabatlarda açıqlayırlar. Bu da ondan irəli gəlir ki, Azərbaycanda korrupsiya hallarının aradan qaldırılması üçün ciddi mübarizə aparılır, bununla bağlı effektiv nəticələr əldə edilib. Bütün bunlar bizim dövlət kimi güclü inkişafımız və tərəqqimiz deməkdir”.
Qeyd etmək lazımdır ki, yalnız dağıdıcı müxalifət, onun formalaşdırdığı “milli şura” adlanan qurum tam inkarçılıq mövqeyi tutaraq bunun əksini iddia etməyə çalışır. “Milli şura”da təmsil olunan müxalifət özünün siyasi iddialarına uyğun olaraq hakimiyyəti qaralamaq üçün nə uydurmaq mümkündürsə, onu da dilinə gətirir, hansı qaranlıq mənbəyə istinad etmək mümkündürsə, ora da baş vurur. Ona görə də korrupsiya ilə bağlı fantastik rəqəmlər səsləndirir, heç kimin tanımadığı mənbələrin qondarma “araşdırmalarını” əlində bayraq edir. Cəmiyyət isə korrupsiya, rüşvətxorluq və digər neqativ hallarla mübarizənin gücləndirildiyini, artıq ortada ciddi nəticələr olduğunu görür, bunu təqdir edir və dağıdıcı müxalifətin iddialarını rədd edir. R.Zeyni bu məqamla bağlı dedi ki, bu gün seçki ərəfəsində müxalif qüvvələr populist çıxışlarla seçici diqqəti cəlb etməyə çalışırlar: “Onlar guya ölkədə güclü korrupsiya halları olması barədə spekulyasiyalara varırlar, əsaslandırılmamış fikirlər bildirirlər, heç bir real əsası olmayan fantastik rəqəmlər dilə gətirirlər. Amma bu qüvvələrin bu cür iddiaları onların qeyri-ciddiliyini dərhal üzə çıxarır. Çünki dediklərinin heç biri fakta, əsasa söykənmir. Onların dedikləri yalnız seçki gününə qədər olacaq, spekulyasiyaları bu vaxta qədər davam edəcək. Təbii ki, bu barədə müxaliflərin söylədikləri fakta söykənmədiyi üçün kimsə tərəfindən qəbul edilməyəcək və onlara heç bir fayda gətirməyəcək. Çünki beynəlxalq qurumların hesabatları da onların dediklərini açıq-aşkar təkzib edir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
“Avro 2020”: Bu gün 11-ci tur çərçivəsində səkkiz qarşılaşma oynanılacaq
15.11.2019
Müxalifətin “miqrant alveri“ cəmiyyət qarşısında ifşa edildi
15.11.2019
Türkiyə HHQ İraqın şimalında 6 PKK terrorçusunu məhv edib
15.11.2019
“Facebook Messenger“in işində qüsurlar yaranıb
15.11.2019
Azərbaycan Prezidenti İlham Əliyevin adından Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info