“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
Tarix: 19.03.2020 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan və erməni nümayəndə heyəti martın 9-11-də Serbiyada rəsmi səfərdə olub. Ermənilər iki ölkə arasındakı Parlamentlərarası İttifaqın 2-ci toplantısına qatılıblar. Keçirilən görüşlərdə, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin həm parlamentlərarası səviyyədə, həm də çoxtərəfli platformalarda daha da dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb Erməni mediasında yayımlanan xəbərlərə əsasən, hərbi sənaye sahəsində Serbiya ilə əməkdaşlıq məsələləri də müzakirə edilən mövzulardan biri olub.
Serbiyanın Ermənistanla hərbi sahədə mümkün əməkdaşlığı Azərbaycan iqtimiyyəti tərəfindən etirazla qarşılanıb. Belə ki, SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib ki, bu gün Serbiya dövləti ilə Azərbaycan arasında dostluq münasibətləri, iqtisadi, siyasi, diplomatik əlaqələr mövcuddur: “Amma bütün beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini üstün tutan Serbiya dövlətinin Azərbaycanın ərazi bütövlüyünü özümüqəddəratını təyin etmə prinsipi adı altına təcavüz edən bir dövlətlə hərbi-texniki sahədə əməkdaşlığı başadüşülməzdir". Onun sözlərinə görə, əməkdaşlıq Azərbaycan-Serbiya əlaqələrinin (iqtisadi, enerji və s. sahələrdə) ruhuna uyğun deyil: "Ermənistan Serbiyaya hər hansı iqtisadi fayda verməyəcək. Hələ 1941-45-ci illərdə Serbiyanın azad olunmasında 123-cü Azərbaycan diviziyasının xüsusi rolu olub. Vaxtilə bizim orada Azərbaycan əsgərləri vuruşublar və Serbiya dövlətini faşistlərdən azad ediblər. Amma bu gün Serbiya Respublikasının Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığını erməni faşizminə dəstək kimi də qiymətləndirmək olar. Bir sözlə, Serbiyanın bu addımı faşizmə, cinayətkara dəstək kimi qiymətləndirilməlidir. Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür, cəbhə xəttində müxtəlif təxribatlar törədir. Müharibə zonasına xarici dövlətlərin, beynəlxalq konvensiyaların silah-sursat ötürməsi, satması qəti qadağandır".

“Serbiya özü separatizmdən zərər çəkmiş, ərazi bütövlüyü parçalanmış dövlət olaraq Azərbaycanın həssaslığını nəzərə almalıdır”
Politoloq Nəzakət Məmmədova isə SİA-ya açıqlamasında deyib ki, Serbiyanın bir Balkan ölkəsi olaraq Ermənistanla əməkdaşlığa üstünlük verməsinin əsas səbəbi iqtisadi-ticarət maraqlarından çox, tarixi, geosiyasi amillərə söykənir: “Serblər də ermənilər kimi tarixən Osmanlı imperiyasının təbəəsi olmuş, türklərə qarşı daima üsyanlar qaldırmışlar. Doğrudur, ermənilər dövlətçiliyi olmayan xalq olduqlarından orta əsrlərdə bir çox ölkələrə səpələnərək, o cümlədən Serbiyada sənətkarlıqla məşğul olublar: “Digər bir tərəfdən, Serbiya Rusiyanın Balkanlardakı forpostu, Ermənistan isə Cənubi Qafqazdakı forpost ölkəsidir. Onların bağlayıcı həlqəsi Rusiyadır. Rusiya Cənubi Avropa və Cənubi Qafqazdakı tarixi-siyasi müttəfiqlərini daima bir arada tutmağa çalışaraq, özünün mərkəzi birləşdirici hegemon dövlət statusunu qorumağa çalışır. Buraya həmçinin Yunanıstan da daxildir”.
Politoloq söyləyib ki, Serbiya həm də Cənubi Avropadakı slavyan ölkəsi olaraq Rusiya ilə yaxın münasibətlərə malikdirsə, Yunanıstan pravoslav məzhəbi nöqteyi-nəzərdən Rusiya ilə sıx bağlıdır və hər iki ölkə - Serbiya və Yunanıstan Ermənistanla hərbi əməkdaşlıq münasibətlərinə malikdirlər: “Hətta 1992-ci ildə Serbiya Ermənistanın müstəqilliyini tanısa da, iki ölkə arasında diplomatik əlaqələr Yunanıstan səfirliyi vasitəsilə həyata keçirilib. Ermənistan Serbiya ilə olan yaxın münasibətlərinə görə Kosovonun müstəqilliyini tanımır. 2019-cu ildə Serbiya Ermənistanda öz səfirliyini açdı. Ermənistan prezidenti Armen Sarkisyanın Belqrada rəsmi səfərindən sonra Serbiya Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edərək, 90 gün müddətində onların Serbiya ərazisində qalmasına icazə verdi. Serbiyanın Novi Sad şəhərində serblərin EXIT və ermənilərin "Sevan startup" festivallarının paralel keçirilməsini hətta Ermənistan prezidenti Armen Sarkisyan Əbu Dabidə Serbiya bsş naziri Ano Brnabiçlə görüşdə məmnunluqla qeyd etmişdir. Ekologiya, informasiya və yüksək texnologiyalar, süni intellekt sahəsində iki ölkənin əməkdaşlıq perspektivləri müzakirə edilsə də, şübhəsiz ki, bizi narahat edən hərbi-texniki əməkdaşlıqdır”.
N. Məmmədova vurğulayıb ki, nə Serbiya, nə Ermənistan böyük hərbi gücü olan ölkələr deyil, onlar Rusiyanın yardımları sayəsində bu sahəni inkişaf etdirməyə çalışırlar: “Serbiya NATO qarşısında öhdəlikləri olan, lakin heç bir hüququ olmayan ölkədir. Ölkə Skupşinası - silahlı qüvvələrin statusuna dair SOFA adlanan məxfi əməkdaşlıq sənədini ratifikasiya etməklə Alyans qarşısında öhdəliklər götürmüşdür. Serbiya yerləşdiyi regionda ən böyük silah idxalatçısıdır və Avropada Rusiyadan ən çox silah alan dövlətdir. Lakin ötən ilin dekabrında Belarus prezidenti Aleksandr Lukaşenkonun Belqrada səfəri zamanı Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin ümumiyyətlə silah alışından imtina edəcəyini bəyan etmişdir. Bu, yəqin ki, Serbiya və Ermənistan hərbi əməkdaşlıq əlaqələrinə də təsir göstərə bilər. Təbii ki, Serbiya özü separatizmdən zərər çəkmiş, ərazi bütövlüyü parçalanmış dövlət olaraq Azərbaycanın həssaslığını nəzərə almalıdır. Lakin bu əməkdaşlığın geniş vüsət alması inandırıcı deyil, çünki ölkə de-yurye olmasa da, de-fakto NATO üzvü sayılır, hərçənd bu, rəsmiləşməyib. NATO qarşısında öhdəlikləri olan Serbiyanın Kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatının üzvü Ermənistanla hərbi əməkdaşlığı o qədər inkişaf edə bilər ki, buna Qərb icazə versin”.
O vurğulayıb ki, Serbiya həm də AB üzvlüyünə namizəddir və bunu nəzərə almalıdır: “Digər tərəfdən, Azərbaycan TANAP layihəsini Balkanlaradək genişləndirməyi bacarıb. Azərbaycan prezidenti İlham Əliyev Xorvatiyaya səfər edərək, Balkan yarımadasındakı Xorvatiyanın Cənub Qaz dəhlizində iştirakını təmin edərək, beləliklə müharibədən çıxmış yoxsul cənubi-şərqi Avropa ölkəsinin inkişafına dəstək göstərib. Belə olan halda, yoxsul Ermənistanla hərbi əməkdaşlıq Serbiyanın nüfuzunu daha da zəiflədə bilər"

Pakistanın aparıcı beyin mərkəzinin rəhbəri işğal olunmuş ərazilərimizdə keçiriləcək qanunsuz seçkiləri pisləyib
Yeri gəlmişkən, Pakistanın aparıcı beyin mərkəzi olan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi planlaşdırılan qanunsuz seçkiləri pisləyən bəyanat yayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xalid Taimur Akram Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ölkəmizin təhlükəsizliyi üçün nəzərəçarpan təhdidə səbəb olduğunu deyib.
O qeyd edib: “Azərbaycan regionda böyük əhəmiyyətə malik ölkədir. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər diqqət və vasitəçilik səylərinin göstərilməməsi bu iki ölkə arasında münaqişənin kəskinləşməsinə, bununla da Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməməsinə səbəb ola bilər”.
Mərkəzin rəhbəri Ermənistanı və onun müttəfiqlərini Dağlıq Qarabağda xaos yaratdıqları, minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə səbəb olduqları üçün sərt tənqid edib. Bildirib ki, Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməmişdən əvvəl Azərbaycanın çox yaxşı inkişaf etmiş regionlarından biri olub, lakin indi burada vəziyyət durğundur. “Qanunsuz nəzarət region üçün heç bir fayda verməyib. Mən beynəlxalq medianı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına və çox sayda azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə diqqət ayırmağa çağıram. Azərbaycan xalqının təhlükəsizliyinin və suverenliyinin təmin edilməsi üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən tez bir zamanda çıxarılmalıdır”, - deyə o əlavə edib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.06.2020
Azərbaycan “Tvinninq” layihəsinə görə liderdir
23.06.2020
“Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?”
22.06.2020
“Antisemitizm Ermənistanda, həmçinin dünyada mövcud olan erməni icmalarında geniş yayılan problemdir“
22.06.2020
“Ermənistan hələ də işğalçılıq siyasətindən əl çəkmir“
18.06.2020
Amerika ictimaiyyətini erməni təcavüzü barədə məlumatlandırma kampaniyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
2 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
3 Moskvada Qələbə paradı necə keçdi-VIDEO
4 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
5 “Koronavirus İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info