Ahıl vətəndaşların pensiyaları 350 manata çatdırılacaq
Tarix: 02.10.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Səlim Müslümov:“Dövlət büdcəsindən alınan vəsait hesabına deyil, dövriyyədən toplanmış vəsait hesabına pensiyalar artır. Bu, ölkədə inflyasiya prosesinin baş verməməsinə imkan verir”

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatının və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Gününə həsr olunmuş “Ahıllar milli mənəvi dəyərlərimizin qızıl fondudur” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Veteranlar Şurasının Rəyasət Heyətinin üzvü İsmayıl İbrahimov, millət vəkili Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov iştirak edirdi.

Ahılların 95%-dən çoxu Dövlət Sosial Müdafiə Fondundan pensiya alır

Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova Beynəlxalq Ahıllar Gününün yaranma tarixi və əhəmiyyəti barədə danışaraq bildirdi ki, bu gün dövlətimiz milli mentalitetimizə, ənənələrimizə, dinimizə sadiq qalaraq ahıllarımıza yüksək diqqət və qayğı göstərir. Ombudsman aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Dövlət Sosial Müdafiə Fondunun xüsusi xidmətləri olduğunu bildirdi.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov respublikamızda son 10 ildə əldə olunan nailiyyətlərdən danışaraq bildirdi ki, bu gün ahılların 95 faizindən çoxu Dövlət Sosial Müdafiə Fondundan pensiya alır. Pensiyaçıların aldıqları vəsaitin onların gündəlik tələbatını ödəmək həddinə çatması dövlətin əsas məqsədi olduğunu deyən fondun sədri qeyd etdi ki, pensiya sistemində atılan addımlar bu sahədə müəyyən qədər uğurlar əldə edildiyini göstərir: “Ola bilsin ki, indi mənim deyəcəyim rəqəmlər insanları qane etməsin. Bu gün hər ay pensiyaçılara 221 milyon manat vəsait ödənilir. Halbuki 10 il əvvəl biz pensiyaçılara bu məbləği 1 ilə ödəyirdik. Hazırda 1273500 nəfər pensiyaçı qeydiyyatdadır. Bunlardan təqribən 792 min nəfəri yaşa görə pensiya alır, onların 40 faizi ahıl yaşdadır. Onlara verdiyimiz pensiyanın orta məbləği 190 manatdır. Müqayisə üçün demək istəyirəm ki, 10 il öncə bu rəqəm 18,50 manat idi. Bu müddət ərzində 10 dəfə pensiya təminatında irəliyə doğru addımlar atılıb”. S. Müslümov onu da qeyd etdi ki, bu gün əməkhaqqının orta aylıq məbləği 410 manata çatıb: “Biz əməkhaqqının sosial sığortasının 45 faizi həcmində orta aylıq pensiya məbləği təmin etmişik. Əmək haqlarının sürətlə artımı bizə imkan verir ki, pensiyaları da qaldıraq. Yəni dövlət büdcəsindən alınan vəsait hesabına deyil, dövriyyədən toplanmış vəsait hesabına pensiyalar artır. Bu ölkədə inflyasiya prosesinin baş verməməsinə imkan verir. Əmək haqlarının sosial sığorta haqqı qalxdıqca, pensiyalar da qalxır. Neft Fondundan gələn pulla pensiyanı artırsaq, bu, inflyasiyaya gətirib çıxarır və əlavə ödənilən vəsaitin dəyəri olmur. Ona görə də bu gün qeydiyyata düşən işləyənlərimizin ödədiyi sosial sığorta haqları, onların əməkhaqlarının leqallaşdırılması əsas problemlərdən biridir. Mən keçən il bu məsələ ilə bağlı ölkə başçısına məruzə etdim. O da bununla bağlı ciddi tapşırıqlar verdi. Bundan sonra keçən ilin sentyabrından bu ilin avqustuna qədər sosial sığorta haqqı ödəyən insanların sayı təqribən 600 min nəfər artdı. Bu gün bizim sistemdə 2 milyon 620 min nəfər vəsait ödəyən var ki, onların da ödədiyi vəsaitlə 1 272 500 nəfər pensiyaçının pensiyası maliyyələşdirilir”. S.Müslümovun sözlərinə görə, proqnozlara əsasən, 2020-ci ildə əmək pensiyalarının orta illik sayınını 1328 min nəfər və ya 2013-cü ilin orta illik gözlənilən sayından 49 min nəfər çox olacağı nəzərdə tutulur. 2020-ci ildə fondun xərcləri 4325 mln. manat proqnozlaşdırılır ki, bu da cari ildə proqnozlaşdırılandan 1,6 dəfə çoxdur. Gəlirlərin strukturunda sosial sığorta haqlarının xüsusi çəkisinin hazırkı 58 faizdən 73 faizə yüksələcəyi nəzərdə tutulur.

Ən çox ahıl pensiyaçı
Gədəbəydə yaşayır


S.Müslümov onu da bildirdi ki, bu gün ahılların yaşam şəraitinin yaxşılaşdırılmasında onların gəlirləri, xüsusən pensiya gəlirləri əsas rol oynayır: “Amma bununla yanaşı, bizim apardığımız araşdırmalar göstərir ki, ayrı-ayrı sosial-iqtisadi, ekoloji problemlər də insanların uzunömürlülüyünə və normal yaşamasına təsir edir. Ayrı-ayrı bölgələrimiz üzrə həyata keçirdiyimiz tədqiqatlarımızın nəticələri göstərir ki, ahıl pensiyaçıların ən çox yaşadığı rayon Gədəbəydir. Pensiyaçıların 40%-i 70 yaşdan yuxarıdır. İkinci və üçüncü yerləri Quba, Qusar və Qobustan rayonları tutur. Qubada 36, 4%, Qusar 36, 2%, Qobustanda isə 35 % göstəricilərdir. Burada ekoloji problemlər ən çox rol oynayan problemlər sırasındadır”. S. Müslümovun sözlərinə görə, ahıllarla bağlı az göstəricilər işğal olunmuş rayonlar üzrədir: “Xocalıdan olan pensiyaçıların yalnız 13 % ahıl yaşdadır, Cəbrayılda 18,6%, Şuşa, Xocavənddə onlardan fərqli olaraq 20 %-ə yaxın rəqəmdir. Daha sonra isə respublika tabeli şəhərlərdir - Naftalan (23,9%), Mingəçevir (21,4%), Lənkəran (25%). Ölkə üzrə bizim pensiyaçılarımızın 27-si %, yaşa görə pensiya alanlarımızın 40 %-i ahıl yaşda olanlardır”. Dövlət Sosial Müdafiə Fondunun sədri onu da qeyd etdi ki, fondun əldə etdiyi gəlirlər bu ilin 9 ayı içərisində proqnozla nəzərdə tutulandan təqribən 120 milyon manat çoxdur: “Bu da onu göstərir ki, bu gün artıq pensiyaların maliyyələşdirilməsi qrafiklə həyata keçirilir. Biz bütün pensiyaçıların pensiyalarını hər ay vaxtında ödəyirik. Bakı şəhərində hər ayın 10-a, qaçqın və məcburi köçkün rayonlarında 13-ə, digər tabeli şəhərlərdə 15-ə, digər yerlərdə 20-yə qədər ödəyə bilirik. Bütün pensiyaların ödənişini tamamilə avtomatlaşdırmışıq. Bütün pensiyaçılar plaktik kartla təmin olunublar. Yerlədə 701 ədəd artıq bankomat quraşdırılıb”. Həmçinin bildirildi ki, ölkə başçısının “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” 23 aprel 2013-cü il tarixli sərəncamına əsasən müavinətlər verilib. Beləliklə, ümumilikdə imtiyazlı kateqoriyadan olanlara 8479029.72 manat məbləğində müavinət ayrılıb.
Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Sağlamlıq uzunömürlülüyün qarantıdır” mövzusunda məruzə edərək bildirdi ki, dövlətimiz tərəfindən yaşlı vətəndaşların, tənha və kimsəsizlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Mərasimdə “Sağlamlıq zonası” poliklinikasının baş həkimi Məsməxanım Məmmədova, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri Gülsel Səfərova çıxış edərək beynəlxalq səviyyədə keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq, ahıllara diqqət və qayğının artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirdilər. Tədbirdə uşaqların və ahılların əl işlərindən ibarət fotosərgi nümayiş etdirildi. Sonra uşaqlar ahılları musiqi və şeirlə təbrik etdilər.
Səlim Müslümov DSMF-də bir qrup ahıl pensiyaçı ilə görüşdə bildirib ki, 2020-ci ilə qədər ölkədə orta aylıq əmək haqqının həcminin təxminən 700 manata, ahıl vətəndaşların pensiyalarının həcminin isə bunun 50%-nə çatdırılması nəzərdə tutulur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info