Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
Tarix: 28.03.2020 | Saat: 11:10:00 | E-mail | Çapa göndər


“Dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmaq hər birimizin vətəndaşlıq börcudur”

Bu gün bütün dünya ölkələrini təşvişə salan koronovirus epidemiyası getdikcə yayılmaqda, bu virusa yoluxanların və həyatını itirənlərin sayı getdikcə artmaqdadır. Bugünkü məlumata görə, ABŞ yeni koronavirüs (Kovid-19) epidemiyası ilə 82 bin 179 hadisə ilə dünya miqyasında Çin ve İtaliyanı geridə qoyaraq ilk sıraya yüksəlib. Kovid-19-un müşahidə edildiyi ölkə və bölgələrdəki yeni hadisələrlə bağlı "Worldometre" internet saytının məlumatına görə, ölkədə virüsun müşahidə edildiyi insan sayı son 6 saatda 12 min 982 artaraq 82 min 179-a, ölü sayı isə 131 nəfər artaraq 1177-yə çatıb. Beləliklə, yayılma miqyası getdikcə artan bu virusa qarşı tədbirlər görməyə çalışır. Ölkəmizdə də dövlət başçısının rəhbərliyi və nəzarəti ilə koronavirusla mübarizə istiqamətində mühüm sərəncamlar, qərarlar və tapşırıqlar verilir. Atılan addımların, görülən işlərin əsas məqsədi virusun yayılmasının qarşısının alınması, vətəndaşlarımızın sağlamlığının qorunmasıdır. Bu sahədə önəmli addımlardan biri də vətəndaşların bu hadisəyə qarşı psixoloji baxımdan hazırlıqlı olmasıdır. Bununla bağlı hazırda hər kəsin psixoloqların dəyərli fikirlərinə ehtiyacı var. Psixoloq Tünzalə Verdiyeva hazırkı vəziyyətlə bağlı fikirlərini "Palitra"ya bölüşdü:

- Bu gün bütün dünyanı təşvişə salan koronovirusla bağlı ölkəmizdə də bir çox tədbirlər görülür, o cümlədən əhalinin ciddi yanaşması tələb olunur. Lakin buna baxmayaraq, əhalinin bir qismi laqeyd yanaşır,sanki təhlükəni qəbul etmək istəmir. Bununla bağlı nə deyərdiniz?

- İnsanın təməl ehtiyaclarından biri onun özünü təhlükəsiz vəziyyətdə hiss etməsidir. Lakin bu gün təhlükənin müqyası həddindən artıq böyükdür. Yer üzündən insan növünün yox olması təhlükəsi ilə üz- üzə qalmışıq. Ölkəmizdə bəzi insanlar “Elnən gələn dərt, toy-bayram olar” fəlsəfəsi ilə yaşayaraq məsələyə çox səthi, etinasız və laqeyd yanaşaraq təkcə özləri üçün deyil, həm də öz ailələri və icmaları üçün, eləcə də ölkəmiz və nəhayətində dünyamız üçün təhlükə yaradırlar. Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir. Dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmaq hər birimizin vətəndaşlıq börcudur.

“Azərbaycan xalqı müdrik xalqdır. Qədim tarixə, zəngin mədəniyyətə sahibdir. Tarix boyu bir çox çətinliklərlə üzləşmiş öz varlığını, milli mənliyini qoruyub saxlamağı, müdafiyə və mühafizə etməyi bacarmışdır. Bu gün də növbəti sınaqdan öz ulu keçmişinə, möhtəşəm maddi və mənəvi mədəniyyətinə, adət-ənənəsinə söykənərək, qarşılıqlı sevgi, anlaşma, hörmət və dini inancına dayanaraq, səbr, təmkin və şərəflə çıxacaqdır”


- Bəzi insanlar isə ani bir ağrıdan panikaya qapılıb psixoloji gərginlik keçirir. Bununla bağlı hansı tövsiyələr verərdiniz?

- Bütün insanların sinir sistemi sakit və müvazinətli olmur. Bəzi arzuolunmaz hadisələr zamanı sinir sistemi zəif və müvazinətsiz (dözümsüz) olan insanlar böhran vəziyyətinə düşürlər və bu vəziyyətdən başqalarının köməyi və dəstəyi olmadan çıxa bilmirlər. Xəstəlik haqqında həddindən artıq informasiya insanda stress yaradır! Stress insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısında qaldıqda keçirdiyi psixi vəziyyətdir. Mahiyyətcə stress insanın keçirdiyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır. Belə ki, stress halı bəzi vaxtlarda insanın məqsədyönlü fəaliyyətinə pozucu təsir göstərir, bəzən isə əksinə qüvvə və enerjini artırır, fikrin cəmləşməsinə müsbət təsir göstərməklə, çətin məsələnin tez və asanlıqla həll olunmasına şərait yaradır. Bu mənada görkəmli Kanada fizioloqu H. Selye stressi “ümumi adaptasiya sindromu” adlandırıb və onun üç mərhələdən ibarət olduğunu göstərib:
- Həyəcanlanmaq,
- Müqavimət,
- Əldən düşmək və üzülmək.
Selye stressi hər hansı fövqəladə təsirə qarşı qeyri-spesifik müdafiə reaksiyası adlandırıb. Uzunmüddətli stress vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt, beyin insultu və s.) yaranmasına səbəb olur.
Psixoloji stressin iki növü vardır:
1. Emosional stress;
2. İnformasion stress.
Emosional stress – təhlükəli, çətin, qorxulu şəraitdə özünü biruzə verir. Belə olan halda psixi fəaliyyətin gedişində neqativ məzmunlu dəyişiklik təzahür edir.
İnformasion stress – informasiya yükünün həddən ziyadə çoxluğu nəticəsində özünü göstərir.
"Ölümə yaxın o adamdır ki, fikri ölümün yanındadır" ! Gəlin özümüzü bu fikirdən uzaqlaşdırmağa çalışaq. Bunun üçün bir neçə tapşırığı yerinə yetirmək Sizin köməyinizə gələcək. Seçdiyim tapşırıqları evdə, ailənizlə birlikdə yerinə yetirəcəksiniz.
Evdən çölə çıxmadan yerinə yetirilən, gərginliyi aradan qaldıran Relaksiya üçün tapşırıqlar:

Əllər üçün
• Barmaqları yumruqda birləşdirmək, açmaq.

• Barmaqları aralamaq və boşaltmaq.

Ayaqlar üçün
• Dabanı döşəməyə qoyub, pəncəni yuxarı qaldırmaq, sonra boşaltmaq.

• Ayaq barmaqlarını döşəməyə qoyub, dabanı mümkün qədər yuxarı qaldırmaq və boşaltmaq.

Sifət üçün
• Dodaqları bir nöqtədə yığmaq, saxlamaq, sonra boşaltmaq.
• gözləri möhkəm yummaq, saxlamaq, sonra boşaltmaq.

Kürək və çiyinlər üçün:
Çiyinləri bacardıqca yuxarı qaldırmaq, saxlamaq, sonra boşaltmaq.

Göz üçün tapşırıqlar
• Gözü yummaq , göz əzələlərini möhkəm sıxmaq , 4-ə qədər saymaq, gözü açmaq, göz əzələlərini boşaltmaq, 6 san uzağa baxmaq. 4-5 dəfə təkrar etmək.
• Burnun ucuna 4 san baxmaq. Gözü yormamaq. Sonra 6 san uzağa baxmaq. 4-5 dəfə təkrar etmək.
• Başı çevirmədən sağa baxmaq 4 san. Sonra 6 san uzağa baxmaq. Eyni lə sola, yuxarı, aşağı etmək hamısını 3-4 dəfə təkrar etmək.
• Nəzərləri diaqonal hərəkət etdirmək. Sağ yuxarı- sol aşağı və əksinə. Sonra 6 san uzağa baxmaq. 2 dəfə təkrarlamaq. 4-5 dəfə təkrar etmək.
Ardıcıl aparılan məşğələlər gözün görməsini yaxşılaşdırır və gərginliyi aradan qaldırır.
Gərginliyi aradan qaldırmağa kömək edən nəfəs texnikaları (bunlar əyani şəkildə youtube-da mövcuddur) və ya sakit, təhlükəsiz, arzu olunan məkanı xəyal edib bir neçə dəqiqəlik fikrən həmin məkana səyahət etməkdir.
Autogen məşq
Məşqlərdə aşağıdakı vəziyyətlərin hər hansı birindən istifadə etmək olar.
1. Oturaq vəziyyət. Kürsüdə elə oturmaq lazımdır ki, bel kürsünün arxasına söykənsin. Qollar sərbəst şəkildə diz oynağının üzərinə qoyulur, başı aşağı endirərək gözlər yumulur (faytonçu vəziyyəti).
2. Yarımoturaq vəziyyət. Söykənəcəyi hündür və ya başaltılı (təyyarə kreslosu kimi) kresloda rahat əyləşməli. Bədən sərbəst, qollar dirsək oynağında bükülmüş, əlin iç səthi budun üzərinə və ya kreslonun yan tutacağına qoyulur. Ayaqlara sərbəstlik verib gözlər yumulur (yuxu vəziyyəti).
3. Müntəzəm olaraq AM (Autogen məşq) ilə məğul olan şəxs tədricən diqqətini cəmləməyə, iradəsinə hakim olmağa özündə bir sıra halların (rahatlıq, əzələlərin boşalması, ağırlaşma, istilik və s.) yaranmasına səbəb olur. Onlar tənəffüslərini, nəbzini və s. tənzimləyə bilirlər. Bir neçə məşğələdən sonra daha mürəkkəb hallar: sərbəst şəkildə fikir və hisslərini idarə etmək imkanı əldə edirlər.

-Ümumiyyətlə, bu gün psixoloq fikirlərinə daha çox ehtiyac duyulur. Xalqımıza müraciətiniz nə olardı?

- Azərbaycan xalqı müdrik xalqdır. Qədim tarixə, zəngin mədəniyyətə sahibdir. Tarix boyu bir çox çətinliklərlə üzləşmiş öz varlığını, milli mənliyini qoruyub saxlamağı, müdafiyə və mühafizə etməyi bacarmışdır. Bu gün də növbəti sınaqdan öz ulu keçmişinə, möhtəşəm maddi və mənəvi mədəniyyətinə, adət-ənənəsinə söykənərək, qarşılıqlı sevgi, anlaşma, hörmət və dini inancına dayanaraq, səbr və təmkinlə və şərəflə çıxacaqdır. Odur ki, xalqımızın hər bir nümayəndəsinə, ətrafına böyük sevgi, qayğı, hörmət və anlayışla yanaşmağı, hər bir vəziyyətdə dözüm, səbr və təmkinini qorumağı tövsiyyə edirəm. İnsanları Sevin ki, insanlıq yaşasın! Bu son dərəcə həssas məqamda hər birimizin qayğıya, diqqətə, sevgiyə və mərhəmətə çox böyük ehtiyacı var. Gəlin bunları bir-birimizdən əsirgəməyək!

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
“Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar“
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”
19.05.2020
“Koronavirusla mübarizə birliyimizi göstərən əsaslı nümunədir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info