“Müxalifət bu seçkidəki qədər heç vaxt zəif olmamışdı”
Tarix: 03.10.2013 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Mais Səfərli: “Bunların xalqa deyə biləcəkləri heç nə qalmayıb. Ona görə də bu dərəcədə yox olmaq və siyasi arenadan tamam çıxmaq təhlükəsi ilə üzləşiblər”

Azərbaycanda seçki ərəfəsində baş verən siyasi proseslərin müşahidəsi göstərir ki, müxalifətin ənənəvi radikal qismi nə qədər cəhdlər göstərsələr də, bu seçkidə ən zəif dövrünü yaşayır. İstər 2003, istərsə də 2008-ci ilin prezident seçkiləri ilə müqayisə etdikdə, ən zəif durumdadır. Bunun əsas səbəbləri radikal müxalif başçıların illərdir şəxsi ambisiyalarına görə düşərgənin maraqlarını satmaları, tərəfdarlarını dəfələrlə aldatmaları, daxili ziddiyyət və parçalanmaların güclənmələri, gerilikçi, hadisələri proqnozlaşdıra bilməyən, radikal siyasi təfəkkür və sair amillərdir. Həmçinin iqtidarın olduqca güclənməsi, ölkənin sürətli inkişafı, sosial-iqtisadi nailiyyətlər və dövlətimizin beynəlxalq imicinin, Prezident İlham Əliyevin dünyada reytinqinin olduqca artması da müxalifəti cılızlaşdıran, xalq arasında onlara etimadsızlığı daha da dərinləşdirən səbəblər sırasında qeyd edilir.
Ötən saylarımızda da qeyd etmişdik ki, “milli şura”nın namizədi Cəmil Həsənlinin keçirdiyi görüşlərdə seçicilər iştirak etmirlər. Bu da müxalifətin real gücsüzlüyünü əyani göstərir. Məsələn, C.Həsənlinin keçirdiyi son görüşdə “milli şura”ya daxil olan partiyalardan yalnız müsavatçılar iştirakçı və təşkilatçı qismində gözə dəyirdilər. Əsasən, Müsavatın bir-iki funksioneri, gənclər təşkilatının üzvləri ilə bu görüşün təşkilatçıları və iştirakçıları məhdudlaşırdı. Maraqlı idi ki, AXCP-çilər tədbirdə gözə dəymirdilər. Ola bilsin ki, AXCP və Müsavat Cəmil Həsənlinin keçirəcəyi hər görüşü növbə ilə “yola vermək” barədə razılığa gəliblər. Belə ki, AXCP-çilər olan görüşdə müsavatçılar, müsavatçılar olan görüşdə isə AXCP-çilər iştirak etmirlər. Dəfələrlə şahidi olmuşuq ki, bu iki qurum istənilən mitinqdə ön sıraları tutmaq, daha “izdihamlı”, “mütəşəkkil” görünmək üstündə bir-biriləri ilə gərgin bəhsə girirlər və hətta tərəflər arasında qarşıdurma, itələşmələr baş verir. Görünür, tərəflər C.Həsənlinin görüşlərində də bu hallarla qarşılaşacaqlarını, yola getməyəcəklərini yaxşı biliblər. Ona görə də tədbirlərdə növbə ilə iştirak və təşkilatçılıq etməyə qərar veriblər... Hər halda, görünən o idi ki, görüşdə “seçici” adı ilə yalnız müxalifət partiyasının köhnə üzvləri iştirak edirdilər…
Həmçinin həmin “görüş”də təşkilatçılar qeyd etdilər ki, guya tədbir “Facebook” vasitəsilə edilən dəvət nəticəsində toplaşan iştirakçılardan ərsəyə gəlib və könüllülük prinsipi daşıyır. Halbuki qeyd etdik ki, orada yığışan iştirakçı kontingentinin əsas hissəsi tamam yaşlaşmış, köhnə müxalifət üzvlərindən ibarət idi. Əminliklə qeyd etmək olar ki, artıq çoxunun yaşı 60-ı, 70-i haqlamış bu müxalifət partiyalarının köhnə üzvləri nəinki “Facebook”, heç internetdən də istifadə etmirlər. Onlar hələ də Müsavat, AXCP kimi qurumların nəzarətlərində olan qəzetlər vasitəsilə dünyadan, proseslərdən xəbər tuturlar, buna görə də informasiyaları olduqca məhdud idi. Müsavatın gənclər təşkilatının beş-altı qollarını çırmalamış üzvünü çıxmaq şərtilə zalı tam doldura bilməyən iştirakçıların əksəriyyəti qeyd edilən köhnə kontingentdən ibarət idi. Məsələn, bu kontingentin ən “gənc” üzvü Yaşar Türkazər idi...
Bütün bunlar bir daha bu seçki ərəfəsində ənənəvi müxalifətin ötən seçkilərə nisbətən ən zəif durumda olduğunu bütün qabarıqlığı ilə ortaya qoyur.
“Palitra”ya bu barədə fikirlərini bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli qeyd etdi ki, ənənəvi müxalifətin bu seçkidə ən zəif durumda olması bir gerçəklikdir: “Ona görə də onlar bu seçkidə “vahid namizəd” adı altında Cəmil Həsənlini qabağa verdilər, nə Əli Kərimli, nə İsa Qəmbər, nə digərləri namizəd olmağa cürət etmədilər. Müxalifət bu seçkidəki qədər heç vaxt zəif olmamışdı. Çünki hər bir partiya hazırda ən zəif və böhranlı dövrünü yaşayır, ona görə də ayrılıqda onların gücsüzlüyü daha aşkar hiss olunacaqdı. Həm də indi özləri namizəd olsaydılar, uduzanda, bütün yalanları və paxırları üzə çıxacaqdı, partiyadaşları üstlərinə düşəcəkdi. Ona görə də Cəmil Həsənlinin arxasında gizlənməklə, gücsüzlüklərini və seçki uğursuzluqlarını da onun boynuna yıxmağa qərar veriblər. Onlar ayrı-ayrılıqda namizəd olsaydılar, bu seçki onlar üçün mütləq sonuncu seçki olacaqdı. Elə indi də belə olacaq. Çünki son nəticədə onlar da “milli şura”dadırlar və Cəmil Həsənlini dəstəkləyirlər. Onlar əvvəlcə İbrahimbəyovu dəstəkləyirdilər, bu alınmayandan sonra Həsənlini dəstəkləməyə keçdilər. Namizədləri isə zəif, nüfuzsuz, siyasət baxımından qeyri-peşəkardır. Ona görə ənənəvi müxalifət bu duruma düşdü ki,müxalifət başçıları bir-biriləri ilə kəskin və anormal rəqabətdədirlər. Partiyalarda islahatlar aparılmır. Müxalif başçıları hansı yolla olursa olsun, şəxsi varlanmaq, seçkidə pul qazanmaq düşündürür”. M.Səfərli qeyd etdi ki, radikallar nə qədər “vahid namizəd” məsələsində bir araya gəlsələr də, onların aksiyaları sönükdür və iştirakçı qıtlığı ilə çox ciddi şəkildə üzləşiblər: “Bunların xalqa deyə biləcəkləri heç nə qalmayıb. Ona görə də bu dərəcədə yox olmaq və siyasi arenadan tamam çıxmaq təhlükəsi ilə üzləşiblər”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info