Dünya birliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i heç bir halda tanımadığını bəyan etdi
Tarix: 06.04.2020 | Saat: 13:35:00 | E-mail | Çapa göndər



Otuza yaxın dövlət və beynəlxalq təşkilat Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”lə bağlı mövqe bildirib. Həmin dövlətlər və təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, ATƏT Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM seçkilərin qeyri-qanuni və qeyri-legitim hesab olunduğunu bildirdilər.
Dünya birliyi bəyan etdi ki, seçkiləri heç bir halda tanımır. Bu qondarma “seçkilər” Dağlıq Qarabağ münaqişəsinin həllinin nəticələrini müəyyən edə bilməz. Hətta Kanada və Avstraliya kimi dövlətlər mövqe ifadə edərək “seçkilər”i tanımamaqla bərabər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bununla da Ermənistanın növbəti seçki şousu yenidən iflas oldu.

Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır

Qeyd edək ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində təşkil olunmuş qondarma “seçkilər”lə bağlı açıqlama yayıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, BMT-dən sonra ikinci ən böyük siyasi platforma olan və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib. Bununla əlaqədar olaraq, Qoşulmama Hərəkatının üzv ölkələri martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”i tanımadıqlarını və qanunsuz hesab etdiklərini bildiriblər. Sonda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Bakı Zirvə Görüşünün Yekun sənədinin 662-ci paraqrafına istinad edərək, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə, Ermənistan və Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstəyini bir daha ifadə edib.

Rəsmi Sarayevo beynəlxalq hüququn norma və prinsiplərinin hər hansı bir şəkildə pozulmasını qınayıb

Bu arada onu da qeyd edək ki, Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirməsi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib. AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər”in ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında münaqişənin sülh yolu ilə həllini dəstəkləyən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarına zidd olduğunu hesab edir. Rəsmi Sarayevo beynəlxalq hüququn norma və prinsiplərinin hər hansı bir şəkildə pozulmasını qınayır.

AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a açıqlamasında bildirib ki, hazırkı dövrdə hamımız üçün beynəlxalq əlaqələrin həyata keçirilməsi o qədər də asan deyil: “Çünki dünyada baş verən hadisələr, xüsusilə koronavirus pandemiyası ilə əlaqədar həyat tərzimizin dəyişməsi tamamilə yeni reallıqların gündəmə gətirilməsini şərtləndirib. Bu nöqteyi-nəzərdən, beynəlxalq təşkilatlar da kənarda qalmayıb. Bildiyiniz kimi, beynəlxalq təşkilatların bir qismi artıq fəaliyyətlərini tam, bəziləri isə qismən dayandırıb. Beynəlxalq təşkilatlarda işin nə vaxt normal şəkildə bərpa olunacağı hələ bilinmir. Ancaq buna baxmayaraq, bizim üçün Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqi, xüsusilə də xarici siyasətin aparılması prinsipləri ilə bağlı fikirləri əsasdır”. Səməd Seyidov deyib: “Beynəlxalq münasibətlərin faktiki onlayn rejimə keçdiyi indiki vəziyyətdə də biz öz fəaliyyətimizi davam etdiririk. Xüsusilə bu fəaliyyət ona görə vacibdir ki, bəzi qüvvələr hətta belə bir vəziyyətdən istifadə edə və Azərbaycana qarşı hər hansı təxribatla məşğul ola bilərlər. Bildiyiniz kimi, bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin subyektivliklə dolu və əməkdaşlıqdan uzaq mövqeyi ilə əlaqədar AŞPA-nın prezidentinə və həmməruzəçilərin özlərinə kəskin məktub göndərmişdik. Məktubda qeyd edilib ki, bu cür əməkdaşlıq mümkün deyil, ikitərəfli əlaqələr, ilk növbədə, bir-birimizlə məsləhətləşmə, fikir mübadiləsi, dialoq yaradan addımlarla müşayiət olunmalıdır. Xüsusilə vurğulanıb ki, baxmayaraq ki, AŞPA Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa məşğul olmur və bu mandat ATƏT-in Minsk qrupundadır, Avropa Şurası və onun Parlament Assambleyası bu məsələ ilə bağlı münasibəti 2005-ci ildə qəbul etdiyi 1416 nömrəli qətnamədə birmənalı şəkildə bildirib”. Avropa Şurası Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Rocer Qeyldən məktub aldığını diqqətə çatdıran Səməd Seyidov deyib ki, həmin məktubda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilmiş qondarma “seçkilər”lə bağlı həmməruzəçilərin bəyanatı əks olunub. Bəyanatda həmməruzəçilər AŞPA-nın 1416 saylı qətnaməsini tam şəkildə dəstəkləyir və eyni mövqedən çıxış edərək Dağlıq Qarabağ kimi qeyri-qanuni bir qurumu tanımadıqlarını bildirirlər. Bundan başqa, həmməruzəçilər ATƏT-in Minsk qrupunun 31 mart tarixli bəyanatını tam şəkildə dəstəklədiklərini vurğulayaraq ona qoşulduqlarını bildirirlər. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağda keçirilmiş “seçkilər”in tanınmaması və həmin seçkilərin ümumi regiona xələl gətirməsi ilə bağlı bəyanat yaydılar. Milli Məclisin komitə sədri deyib ki, AŞPA Monitorinq komitəsinin belə bir bəyanatı bizim üçün vacibdir: “Çünki bir çox hallarda biz görürük ki, bəzən bu məruzəçilər insan haqları ilə bağlı məsələləri qaldırırlar, ancaq Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün insan haqlarının pozulması məsələsində hansısa bəhanələr ortaya qoyaraq fikir bildirmirlər. Hesab edirəm ki, Azərbaycanın konkret və açıq münasibəti, dövlətimizin başçısı tərəfindən bizə tövsiyə olunduğu kimi, milli maraqlarımıza uyğun siyasətin yürüdülməsi, eləcə də bizim AŞPA prezidentinə ünvanladığımız məktubda əks olunan fikirlər məhz həmməruzəçilərin belə bir reaksiyasına əsas yaratdı. İkincisi, AŞPA-nın prezidenti də bizə bu yaxınlarda ünvanladığı məktubda məruzəçilərin Azərbaycan nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə əməkdaşlığının konstruktiv şəkil təşkil olunmasını əlaqələrin inkişafı üçün ən əsas məqamlardan biri kimi qiymətləndirib. Hesab edirəm ki, AŞPA-nın yeni prezidentinin bu fikri dəstəklənməlidir. Bir sözlə, Azərbaycan üzrə həmməruzəçilərin göndərdikləri məktub, həmin məktubda Dağlıq Qarabağın müstəqil qurum kimi tanınmaması, işğalçı rejimin qeyri-legitim olması, ATƏT-in Minsk qrupunun bəyanatına tam dəstək verilməsi ilə bağlı ifadə olunan mövqe bizim konkret, açıq, səmimi və sərt mövqeyimizin nəticəsidir”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info