Ermənistan parlamentinin deputatı Zauri Postancyan İrəvan aeroportunda bayraqlar, güllər və alqışlarla qarşılanıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumat üçün bildirək ki, o, oktyabrın 2-də keçirilən AŞPA-nın sessiyasında prezident Serj Sarkisyana “Avropa kazinolarından birində uduzulmuş 70 milyon avronu kim ödəyəcək?” sualı ilə müraciət edib.
O, bu barədə jurnalistlərə açıqlama verərkən “mən öz vətəndaşlıq borcumu yerinə yetirdim”,- deyə bildirib. Agentliklərə verdiyi müsahibədə özünə qarşı olan hiddətli tənqidlərə cavab olaraq bildirib ki, heç nə onu yolundan döndərə bilməz: “Mənim bütün dediklərim həqiqətdir. Heç bir tənqid və təhdid məni yolumdan döndərə bilməz”.
Ermənistan hökumətinin başçısına verilən bu xoşagəlməz sual nə hakimiyyət başında duranları, nə də müxalifəti rahat qoyub. Serj Sarkisyan özü isə bu qalmaqalla bağlı hələ ki, laqeydlik nümayiş etdirir. Ermənistan mətbuatının yazdığına görə, bu məsələyə nöqtə qoymaq üçün hələ tezdir. “Amma aydın olan bir şey var: bu hadisə keçmiş Qarabağ döyüşçüsünün nüfuzuna, açıq-aydın mənfi təsir edəcək”-deyə erməni mətbuatı yazır.
Tural
|