“Dağlıq Qarabağ məsələsi Türkiyə üçün ən vacib məsələlərdən biridir”
Tarix: 08.10.2013 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Müsahibimiz Türkiyə Radio Televiziya Qurumunun (TRT) rəhbəri İbrahim Şahindir. İbrahim Şahinin qəzetimizə eksklüziv müsahibəsini təqdim edirik:
-Azərbaycan-Türkiyə münasibətləri son illərdə daha da möhkəmlənib. Siz bu münasibətləri necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycanla Türkiyə arasında münasibətlər uğurla inkişaf edir. Dövlət başçıları və nazirlərin iştirakı ilə strateji iclaslar keçirilir, mühüm sənədlər imzalanır. Biz Türkiyə olaraq, Azərbaycan-Türkiyə münasibətlərindən çox razıyıq. Türkiyə iş adamları, inşaatçılar Azərbaycana gəlir və burada bir sıra layihələr həyata keçirirlər. Həmçinin Azərbaycan şirkətləri də Türkiyəyə gələrək iqtisadi cəhətdən iş əlaqələri qururlar. Bu çox təqdirəlayiq haldır. Bunun üçün də Türkiyə-Azərbaycan əlaqələri dostluq əlaqələrindən daha irəlidədir. Bu, əlbəttə ki, qürurvericidir. Biz də informasiya sektorunun təmsilçiləri olaraq, dövlətlərimizin nümunəvi münasibətlərini bütün dünyaya qüsursuz şəkildə bəyan edirik.
- TRT - Türkiyə Radio Televiziya Qurumu ərəb dilində telekanal, erməni dilində radio yayımlayır. İnşallah, gələcək zamanlarda ingilis dilində yeni kanal açılacaq. Bu yolla siz Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsini asanlıqla dünyaya çatdıra bilirsinizmi?
- Şübhəsiz. Bu məsələ Türkiyə dövləti üçün ən vacib məsələlərdən biridir. Ya Türkiyədən biri Dağlıq Qarabağ problemini dünyaya eşitdirir və yaxud Azərbaycandan bu məsələni bəyan edən birini efirə çıxarıb, onun səsini dünyaya eşitdirərik. Çünki, sizin probleminiz bizim problemimizdir. Biz bu məsələyə fərqli baxmırıq. Fərqli yanaşmırıq. Qarabağ məsələsini kim daha yaxşı başa salsa, biz onu qonaq edib danışdırarıq.
- TRT kanalında “Bir zamanlar Osmanlı” serialı yayımlanırdı. Çox gözəl tarixi bir serial idi və Azərbaycanda da izlənirdi. Bundan başqa TRT kanalında tarixi serialların hazırlanma proyekti varmı?
- Bəli. Hal-hazırda Ərtoğrula aid bir serial üzərində çalışırıq. Serialın adı da “Ərtoğrul” olacaq. Bu serial Osmanlı dövlətinin quruluş dövründən bəhs edəcək. İnşallah, çox gözəl bir serial olacaq. Çəkilişlərə başlayanda mətbuat konfransı ilə bunu bildirəcəyik.
- May ayında Bakıda “Şah İsmayıl - Sultan Səlim” simpoziumu keçirildi. Bu mövzu ilə əlaqədar TRT kanalı hansı işləri görmək istəyir?
- Bəhs etdiyiniz mövzu Türkiyədə də yanlış anlaşılmalara meydan yarada biləcək bir məsələ olduğu üçün çalışdığımız qədər uzaq olduq. Qanuni Sultan Süleyman haqqında serial çəkildiyi üçün, Sultan Yavuz Səlim haqqında da bir serialın çəkilməsini istərdik. Amma bu mövzuya çox toxunmadıq. Çünki Türkiyədə yaşayan şiə təriqətinə mənsub türk vətəndaşları səhv başa düşə bilərlər, ya da kimsə tarixi həqiqətləri istismar edə bilər. Ona görə hazırlamadıq. Yəni Səfəviləri və Osmanlıları qarşı-qarşıya gətirməkdənsə, başqa mövzulardan serialların və filmlərin çəkilişi üçün rahatlıqla istifadə etmək olar.
- Simpoziumda tarixçilərimiz söyləyirdilər ki, dünya siyasətində iki qardaş ölkəni ayırmaq istəyirdilər. Səfəvi-Osmanlı məsələsini ortaya qoymaqla, səhv fikirlərlə bizim tariximizi, siyasətimizi ayırmaq istəyirdilər. Ancaq biz bunlara aldanmadıq. Bu sahədə bizim addımlarımız nə ola bilər?
- Bunun üçün çox şeylər sərf etməyə ehtiyac yoxdur. Sadəcə, gənclərimizə tariximizi, həqiqətlərimizi düzgün oxumağı öyrətmək lazımdır. Bu mövzuda cəmiyyəti mümkün olduğu qədər həqiqətlərlə maarifləndirməliyik. Məsələn, “Möhtəşəm yüz il” hal-hazırda ən çox baxılan serialdır və dünyanın 82 ölkəsinə satılıb. Fikrimcə, bu kifayət etmir. Çünki, bizim tariximiz böyükdür. Daha böyük filmlərin ekranlaşdırılması lazımdır.
Məsələn, bizi bir-birimizə düşmən edə biləcək bir neçə filmlər çəkildi. Amma heç biri uğur qazana bilmədi. Deməli, biz könlümüzə, qardaşlıq dünyamıza bağlı olan bir millətik. Dövlətlərimiz ayrı olsa belə. Qardaşlıq tariximiz haqqında bu gün daha böyük işlər görmək, gələcəyimizə, şübhəsiz, işıq saçacaq.
- Azərbaycan haqqında hisslərinizi bilmək istərdik...
- Mən Azərbaycana tez-tez gəlirəm və hər gəlişimdə təəccüblənirəm. Çünki, burada tikilən müasir binalar və otellər Azərbaycanın, xüsusən də Bakının sürətli inkişafından xəbər verir. Təbii ki, qardaşlıq və dostluq münasibətləri də hər keçən gün bir az da zirvəyə qalxar. Əsas odur ki, qardaş olaraq hər zaman arxa-arxaya dayanaq.
Xəyalə GÜNƏŞ





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info