“Moskva Kazan formulu əsasında hazırlanan sənədi imzalamaq üçün İrəvanı danışıqlar masasına oturda biləcək”
Tarix: 22.04.2020 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Sergey Markov: “Ermənistan XİN başçısının “Heç bir ərazi güzəştinə getmək fikrində deyilik“ bəyanatı Rusiya üçün gözlənilməz oldu”

"Rusiya Ermənistanı Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı tələsdirir”. Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.
Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planı ilə bağlı bəyanatına "Ermənistan heç bir ərazi güzəştinə getmək fikrində deyil" bəyanatı ilə cavab verməsini şərh edən rusiyalı siyasi ekspert bu bəyanatın Rusiya üçün gözlənilməz olduğunu söyləyib: "Bu nizamlanma modeli 10 ildən çoxdur ki, hazırlanıb. Bu, Kazan formuludur, hansı ki, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana geri qaytarmasını özündə ehtiva edir. Azərbaycan isə bunun qarşılığında Ermənistan və Dağlıq Qarabağ bölgəsinin iqtisadi blokadasını tam aradan qaldırır. Eyni vaxtda Qarabağın statusu ilə bağlı danışıqlar meydanı formalaşdırılır. Bununla bərabər, ona təhlükəsizlik zəmanəti verilir. Bu təhlükəsizlik zəmanəti Ermənistanla Dağlıq Qarabağ arasında iki dəhlizdən ibarət formadadır. Eləcə də, Azərbaycanla Dağlıq Qarabağın təmas əraziləri demilitarizasiya olunur. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması modelində əksini tapıb. Biz indi görürük ki, Ermənistan baş naziri Nikol Paşinyan bu nizamlanmaya necəsə getmək istəyir, necə ki, bundan öncə Serj Sarkisyan getmək istəyirdi. Lakin Paşinyan bu model nizamlanmaya razılıq verməkdən qorxur. O, Ermənistandakı radikallardan çəkinir. Qorxur ki, onu devirərlər. Ona görə də, bütün məsuliyyəti ilk növbədə Dağlıq Qarabağın erməni icmasının, xüsusi ilə də yeni "seçilən" rəhbərliyin üzərinə qoymaq istəyir.
Rusiya indiyə kimi Paşinyanın bu istəyinə anlayışla yanaşıb. Moskva gözləyirdi ki, nəhayət, Qarabağda "seçkilər" keçirilsin, Paşinyanın Qarabağda rəhbərlikdə olan adamları irəli addım atsınlar. Ona görə də, Ermənistan XİN başçısının "biz heç bir ərazi güzəştinə getmək fikrində deyilik" bəyanatı Rusiya üçün gözlənilməz idi".
S. Markov Ermənistan XİN rəhbərinin bu bəyanatının məqsədinin əslində başqa olduğunu vurğulayıb: "Onlar güzəştə getmək barədə bəyanatın İrəvan tərəfindən deyil, Dağlıq Qarabağ tərəfindən səslənməsini istəyirlər. Məncə, Dağlıq Qarabağ tərəfindən belə bir bəyanat əvvəl-axır səslənəcək və bu, guya Qarabağın erməni icmasının öz təşəbbüsü olacaq. Hesab edirəm ki, Ermənistan XİN başçısının məlum bəyanatı erməni tərəfinin son qərarı deyil. Moskva Kazan formulu əsasında hazırlanan sənədi imzalamaq üçün İrəvanı danışıqlar masasına oturda biləcək. Lakin bir maraqlı nüans da var. Paşinyan Moskvadan şübhələnir ki, Kreml onu bu güzəştə getməyə ona görə təkid edir ki, daha sonra Paşinyanın Qarabağ klanından olan rəqibləri, Respublikaçılar Partiyası onu devirsinlər. Paşinyan hesab edir ki, Qarabağ klanı və Respublikaçılar Partiyası Moskvaya yaxındır. Paşinyanın özünü isə Moskva sevmir. Düşünürəm ki, bu fikrin bir hissəsi düzdür. Moskva Paşinyana güvənmir. Həm də ona görə güvənmir ki, o, sözünün üstündə durmur".
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva isə bildirib ki, Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır: “Müasir dünya düzəni II Dünya müharibəsindən sonra formalaşdı və onun əsasları 1945-ci il BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası sənədlərində öz əksini tapdı: “Bütün bu fundamental sənədlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də xalqların öz müqəddəratı prinsiplərinə aydınlıq gətirilir. Azərbaycan kimi, Ermənistan da bu sənədlərin tamhüquqlu iştirakçısıdır və onlara birmənalı şəkildə riayət edilmək öhdəliyini öz üzərinə götürüb. Bir daha xatırladırıq ki, iştirakçı ölkələr digər ölkələrin ərazilərinin toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı güc istifadə etməkdən çəkinməlidirlər. Həmçinin növbəti dəfə vurğulayırıq ki, yuxarıda qeyd etdiyimiz Helsinki Yekun Aktında qeyd olduğu, daha sonradan isə Paris Xartiyasında bir daha təsdiq olunduğu kimi, öz müqəddəratını müəyyən etmə prinsipinə gəldikdə, iştirakçı ölkələr BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hərəkət etməlidirlər. Ermənistanla Azərbaycan arasındakı münaqişə halında, məhz Ermənistan Respublikası yuxarıda qeyd etdiyimiz öhdəliklərini pozaraq qonşu Azərbaycana qarşı hərbi gücdən istifadə etməklə onun beynəlxalq tanınmış torpaqlarının beşdə birini işğal edib və bu ərazilərdə yaşayan bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Belə bir vəziyyətdə işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır. Hərbi işğal şəraitində hansı təhlükəsizlikdən danışmaq olar? Bir ölkə tərəfindən digər ölkənin ərazilərinin işğalı faktının özü elə davamlı təhlükə mənbəyidir. Qarabağın əhalisinin üçdə birinin öz daimi yaşayış yerlərindən didərgin salındığı və 30 ilə yaxındır ki, evlərinə qayıtmaq imkanından və öz bölgələrinin gələcəyinə dair azad iradə nümayiş etdirilməsindən məhrum olduqları bir vaxtda, nə Qarabağ əhalisinin təhlükəsizliyi, nə də azad iradənin nümayiş etdirilməsindən danışmaq olmaz. Bu ilin 21 aprel tarixində Rusiya Federasyasının Xarici işlər naziri Serqey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi məlum şərhinə gəldikdə isə, bu yanaşmanın ATƏT-in Minsk qrupunun bütün həmsədrləri tərəfindən nümayiş etdirildiyini təsdiq edə bilərəm və bu mövqe onların özləri tərəfindən münaqişənin tənzimlənməsi prosesinin bütün mərhələlərində və bütün səviyyələrində dəfələrlə və ardıcıl olaraq səsləndirilib. Yadda saxlamaq lazımdır ki, işğal müvəqqətidir. Nə qədər tez Ermənistan bunu dərk edərsə və öz-özünü, xalqını aldatmağa, həmçinin beynəlxalq ictimaiyyəti yanıltmaq səylərinə son verərsə, qan tökülməsinin və onsuz da heç də yaxşı olmayan vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması üçün bir o qədər çox şansı olar”.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info