“COVİD-19 pandemiyasından sonra peyvənd olunmaq məsələsi çox ciddiləşəcək”
Tarix: 24.04.2020 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Telman Aytayev: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, 2007-2025-cillər arasında dünyada 716 mln. 6 aylıq uşaqlara peyvənd edilərsə, infeksiyaya yoluxmuş 2,4 mln. uşaq ölümdən qurtulacaq, 93 mln. xəstəxanada müalicə alacaq, 500 milyon dollar tibbi qazanc əldə ediləcək”

Hazırda bütün dünyanı görünməmiş sürətlə cənginə alan yeni koronavirus COVİD-19 infeksiyası ölkəmizdə də yayılmaqdadır. İnfeksiyaya yoluxmanın sayını azaltmaq məqsədilə dövlətimiz tərəfindən vaxtında həyata keçirilən zəruri tədbirlər nəticəsində xəstəliyin geniş yayılmasının qarşısı alınıb, belə ki, infeksiyaya yoluxanların sayı azalmış, sağalanların sayı artmaqdadır. Bəs virusdan necə qorunmalı, xəstəliyin qarşısını necə almalı, bu infeksiyanın törətdiyi xəstəliyə qarşı peyvənd mövcuddurmu və peyvəndlər vasitəsilə bu cür xəstəliklərin qarşısını almaq olarmı? Mövzunun aktuallığını nəzərə alaraq və izləyiciləri maraqlandıran bu və digər sualları müsahibimiz - Mərkəzi Gömrük Hospitalının Neonatologiya və reanimasiya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloq Dr.Telman Aytayevə ünvanladıq.
-Doktor, son günlərdə önəminə diqqət çəkilən peyvəndlər insan həyatında nə qədər əhəmiyyətlidir?
- Mən söhbətimizə Amerikada ömrünün bir hissəsini peyvəndlərin tapılmasına həsr etmiş alim, peyvəndlərin “xaç atası” adı ilə məşhurlaşan doktor Stenli Plotkinin sözləri ilə başlamaq istərdim. O, peyvəndlərin əhəmiyyətindən danışanda qeyd edirdi ki, “insanların ölümünün qarşısını almaqdan ötrü peyvəndlərin tapılması heç bir tibbi prosedurdan az əhəmiyyətli deyil”. Yəni, hazırda mövcud olan bütün modern sistemlər: əməliyyatlar, xəstəxanalar, xərçənglə bağlı müalicə prosedurlarınınn heç biri insan ölümünə bu cür pozitiv təsir göstərməmişdir. Belə ki, tuberkulyoz, poliomielit, difteriya, quduzluq və günümüzdə olan ən böyük problemlərdən olan qrip kimi xəstəliklərin hamısına peyvəndin minimum təsiri 80%-dir. Bir çox xəstəliklərin insanlar üçün öldürücü təsirinin aradan qaldırılması, tamamilə yox olması məhz peyvəndlər sayəsində mümkün olmuşdur.
Qeyd etmək istərdim ki, tibbi prosedurlar 2 cürdür: xəstələnəndən sonra müalicəvi prosedurlar və qoruyucu prosedurlar, yəni xəstəlik olmadan o mikrobun öldürülmüş parçalarını bədənə yeritməklə infeksiyaya qarşı immunitet yaratmaq və həmin xəstəliyin mikrobu ilə qarşılaşdığımız zaman o xəstəliyi keçirməmək, təsirini üstümüzdə görməməkdir.
-COVİD-19 pandemiaysı zamanı təqvim peyvəndləri uşaqlara vurulmalıdırmı?

-Əlbəttə vurulmalıdır. Elə bu günlərdə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalayıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır. Əmrdə 2020-ci ilin aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili nəzərdə tutulub.
Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb. Bir həkim kimi mən bunu alqışlayıram və ümid edirəm ki, vaksinasiyadan kənarda bir uşaq belə qalmayacaq. Sağlam gələcəyimiz, uşaqlarımızın sağlam böyüməsi üçün bu, çox vacib və təxirəsalınmaz addımlardan biridir.
-İnsanlarda peyvəndlərə qarşı antipatiya var. Bu nə dərəcədə doğrudur? Qızılcaya qarşı peyvənd həqiqətən otizm yaradırmı?
-Peyvəndin yan təsiri olduğuna inanmaq - günümüzdə təzə problem deyil. Hələ 1900-cü illərin əvvəllərində elə qurumlar, təşkilatlar olub ki, onlar peyvəndlərə qarşı güclü təbliğat aparıblar.
Ötən əsrdə vaksinlər on milyonlarla insanın həyatını xilas edib. Amma bu gün bir çox ölkələrin ekspertləri vaksinasiyadan imtina meylini müşahidə edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu vəziyyətdən o qədər narahatdır ki, bu problemi 2019-cu ildə dünya səhiyyəsinə 10 ciddi təhlükə siyahısına almışdır.
İndi də koronavirus pandemiyasından əvvəl bəlli qurumlar tərəfindən ciddi kampaniyalar yaradıldı, peyvəndlərin vurulmamasına görə çoxlu pullar ayrıldı. İnsanların peyvəndlərdən qorxma səbəbləri kimi: otizm yarada bilər, uşaq ağıldan geri qala bilər, inkişafında problem yarana bilər, bədənində şok yarada bilər, hətta dini inanclara görə peyvəndin sonsuzluq yarada biləcəyini düşünənlər var. Bunu ciddi şəkildə təbliğ edən böyük qurumlar mövcuddur. Lakin bütün bu mülahizələrin heç bir elmi qaynağı, elmi əsası yoxdur, heç sübutu da yoxdur. Peyvənd indi bütün dünyada tətbiq edilir, belə ki, faydası dəqiqləşdirildikdən sonra qəbul olunub. İnsanlar mütləq Ümümdünya Səhiyyə Təşkilatı, dünya ölkələrinin səhiyyə nazirlikləri kimi daha ciddi qurumların dediklərinə riayət etməlidirlər. Qızılca peyvəndi zamanı otizm yaranması barədə bir həkim nüfuzlu“Lanset” jurnalında məlumat yayımlamışdı, sonra aşkar oldu ki, otizmlə peyvənd arasında heç bir əlaqə yoxdur. Həmin həkim haqqında hökm çıxarıldı, diplomu əlindən alındı, jurnal isə öz yazdığını təkzib etdi.
- Qripə qarşı peyvənd məcburi peyvənd deyil. Onun əhəmiyyətindən nə deyə bilərsiniz?
-Bəli, qripə qarşı peyvənd bir çox ölkələrdə məcburi deyil. Qrip dedikdə, İnfluenza A, H1N1- donuz qripi, ispan qripi və s. nəzərdə tutulur. Məsələn, ispan qripi 50 milyon insanın ölümünə səbəb olan bir qripdir. İnkişaf etmiş ölkələrin çoxunda qripə qarşı olan bu peyvənd tamamilə ödənişsizdir. Çünki, bu peyvənd çox önəmlidir, xüsusilə də, 6 ayla 5 yaş arasında olan uşaqlara, hamilə qadınlara, yaşlı insanlara, xroniki xəstəlikləri olan insanlara tövsiyə olunur. Hər il 300 mindən 650 minə qədər insanın ölümünə səbəb bu qripdir. Qripə yoluxmuş insanlarda bu peyvənd ölüm riskini 60-80% azaltdığı üçün biz bu peyvəndlərin vurulmasını məsləhət görürük.
-Azərbaycan səhiyyə proqramında peyvənd təqvimi yetərlidirmi?
- Bəli, əslində yetərlidir. Sadəcə bizdə bəzi peyvəndlər var ki, bu təqvimə daxil deyil. Məsələn,su çiçəyi bəzən problem yarada bilər, məsələn, hamilə qadınlarda. Bu səbəbdən Azərbaycan səhiyyə proqramında peyvənd şkalası əlavə olunması məsləhətdir. Hepatit A 2 yaşından sonra artıq bir sıra ölkələrdə rutinləşib, - o peyvəndin də bizim şkalaya əlavə olunması yaxşı fikir ola bilər. Dünyanın 93-94 ölkəsində artıq rutinləşmiş və hər il 250 min uşağın ölümünə səbəb olan Rotavirus infeksiyasını götürək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, 2007-2025-cillər arasında dünyada 716 mln. 6 aylıq uşaqlara peyvənd edilərsə, infeksiyaya yoluxmuş 2,4 mln. uşaq ölümdən qurtulacaq, 93 mln. xəstəxanada müalicə alacaq, 500 milyon dollar tibbi qazanc əldə ediləcək.
Bizim şkalamıza gəldikdə, bu infeksiyaya qarşı peyvənd rutin deyil, ona görə də, daxil olması yaxşı fikir ola bilər. Meninqokok D peyvəndi artıq Avropa ölkələrində rutinləşib. Nadir olmasına baxmayaraq, Avropanın bir sıra ölkələrində rutinləşdi, ölkəmizdə səhiyyə şkalasına daxil olması planlaşdırıla bilər.
- İnsanlar peyvəndlərin yan təsirindən necə qorunmalıdırlar?
-Bütün tibbi prosedurların yan təsirləri ola bilər. Məsələn, antibiotik qəbul etmək məcburiyyətində qaldıqda da bunun yan təsiri ola bilər, ağrıkəsici qəbul etdikdə, peyvənddə də təbii ki, yabançı maddənin bədənə yeridilməsi ilə bağlı yan təsir ola bilər. Milyonda bir yan təsiri böyüdüb peyvənddən qaçmağımız daha böyük risklər yarada bilər. Ən çox rastlaşdığımız təsir 10 nəfərdən 2-3-də qızdırma və ya peyvənd yerində qızartı ola bilər. Çox nadir hallarda – milyonda bir halda peyvənd anafilaktik şok yarada bilər. Hər hansı bir qidanı qəbul etdikdə, və ya dərmanı qəbul etdikdə də bu yan təsirlər ola bilər. Həkimlik təcrübəmdə anafilaktik şokla qarşılaşmamışam. Peyvəndlərdən sonra uşaqlarda qızdırma və peyvənd yerlərində qızartılar olur və bu, 2-3 günə keçib gedir, əvəzində həmin uşaqlar artıq peyvəndlənmiş olur.
- Hansı hallarda peyvəndlər vurulmamalıdır?
-Bu sual bir çox valideynləri narahat edir. Valideynlərin peyvən vurdurmamaq səbəbləri daha çox bunlardır: “Uşağım balacadır, erkən doğulub və ya burnu axır, yaxud qızdırması var - ona peyvənd vurdurmaq olarmı?” Bütün uşaqlar yaşına görə uyğun şkala üzrə peyvənd olunmalıdır.
Bir çox valideynlər uşaqda yaranan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul etdikləri üçün peyvənddən imtina edir.
Ancaq uşaq xəstəliklərinin profilaktikasında önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Bəzi valideynlər gərəksiz səbəblərdən uşaqları peyvənddən qaçırır və həmin uşaqlar peyvənddən qalmış olurlar. Məsələn, erkən doğulmuş uşaqlar 2 kiloqramı keçdikdən sonra peyvənd olunmalıdır. Bəzi xəstəliklərdə, məsələn, allergiya, ürək xəstəliyi, xroniki ağciyər xəstəliyinin olması - bunların heç birində peyvənd əks göstəriş deyil. Ən çox rast gəlinən anadangəlmə immun çatışmazlığı xəstəliyi varsa, düzdür, bu xəstəliyə çox nadir hallarda rast gəlinir, amma bu vəziyyətdə də peyvəndlərə xüsusi diqqət yetirilməlidir.
Bəzən uşaqlarda çox zəif bir qrip müşahidə olunursa, bu da əks göstəriş deyil, qızdırması varsa, 1-2 gün gözlənməli, sonra peyvənd olunmalıdır. Peyvəndlərin vurulmasının yaz və ya yay mövsümündən asılı olması fikri də düzgün deyil. Peyvəndlərin vurulması bütün uşaqlara vacibdir. Heç bir peyvəndi saxlamağa ehtiyac yoxdur. Hazırda Azərbaycanda uşaqlara 11 adda infeksiyaya qarşı peyvənd vurulur.
- Bəs digər ölkələrdə peyvəndlərin edilməsi təcrübəsi nə deyir?
- Çox müsbət haldır ki, artıq bir çox ölkələrdə peyvənd məcburi hala gəlib. Məsələn, nümunə olaraq Türkiyəni misal çəkmək istərdim. Burada hər hansı uşaq peyvənd olunmadıqda onun valideynləri məsuliyyətə cəlb olunur. Almaniyada uşaqlar peyvənd olunmazsa, məktəbə, bağçaya gedə bilməz. Həmin uşaqlar toplumdan təcrid olunmuş sayılır. Bu ölkələrdə peyvəndsiz bir insan xəstəxanaya gələrkən, o xəstə təcrid olunmuş məcburiyyətində qalır. Düşünürəm ki, COVİD-19 pandemiyasından sonra peyvənd olunmaq məsələsi çox ciddiləşəcək. Peyvənd olunmamış insanlar bəzi ölkələrə gedib-gələ bilməyəcək. Məsələn, bildiyimə görə, daimi və ya müvəqqəti yaşamaq üçün Amerikaya gedən insanlar yalnız peyvənd olunduqdan sonra gedə bilirlər. İnsanların sistemdə peyvənd qeydiyyatı olacaq. Bu həm onların sağlamlığı, həm bütün insanların sağlamlığı üçün çox önəmlidir. Məsələn, qripə qarşı peyvənd ayrı-ayrı insanları 60% qoruyursa, hamının peyvənd olunması hər kəsi 100% bu xəstəlikdən qoruyacaq. Bu səbəbdən hər kəsin peyvənd olunması bütün xalqı bu xəstəlikdən qoruyacaq.
Misal üçün, bir vaxtlar çox yayılmış çiçək xəstəliyi – hamı peyvəndləndi və hazırda bu xəstəlik dünyada yoxdur. Hər il dünyada 100 mindən çox insan difteriyadan dünyasını dəyişirdi. Peyvənd sayəsində difteriya xəstəliyi hazırda demək olar ki, yox dərəcəsindədir. Yalnız Afrikada 2-3 ölkədə qalıb. Bu siyahını yenə də artırmaq olar, belə ki, yüzlərlə xəstəliyin qarşısını peyvəndlərlə almaq mümkündür. Elə bir neçə onillik əvvəl milyonlarla insan poliomielitin qurbanı olmuşdu – bu xəstəliyə tutulanlar ya dünyasını dəyişirdi, ya da ən yaxşı halda iflic olurdu... İndi vaksinlərin köməyi ilə bu xəstəlik tamamilə yox olub.
Sonda valideynlərə bir daha uşaqlarını peyvənd etdirməkdən çəkinməmələrini tövsiyə edirəm. Övladlarını infeksoin xəstəliklərə qurban verməsinlər, bunun üçün çox az şey – vaxtında peyvənd etdirmək tələb olunur. Bununla, sağlam nəslin böyüməsinə kömək etmiş olarsınız.
Sonda bir məlumatı da nəzərinizə çatdırım ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünya üzrə son bir neçə ildə tövsiyə olunan vaksinləri qəbul edən uşaqların sayı artmışdır və hazırda 85% təşkill edir. Təşkilatın ekspertlərinin fikrincə, peyvəndlər hər il ölümdən 2 milyondan 3 milyona qədər uşağı xilas edir.
-Maraqlı və ətraflı müsahibəyə görə sağ olun.
- Mən də sizə günümüzün çox aktual mövzusuna toxunduğunuz və insanları maarifləndirmək məqsədilə infeksion xəstəliklərlə mübarizəyə həsr olunan müsahibəni işıqlandırdığınız üçün təşəkkürümü bildirirəm.

Tural




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info